İkinci hissə
Страница 11 из 13 · 77%
– Sonrası?
– Sonrası xalqın özü, ümumi zəhmət, ümumi məhsul.
45
Mülahizələrim hərəm ağasının qarşısında yeni üfüqlər açırdı, mənimlə tez-tez görüşür, fikirlərimlə aşna olaraq, yeni intibalarla aralanırdı.
Yavaş-yavaş fikirlərimizi hərəm qadınları və qullar arasında yaymağa çalışdıq. Xaqanlıq quruluşunun daimi əzabına uğrayan bu zümrələr fikrimizə tamamilə şərik olur və çıxış yolu göstərilməsini tələb edirdilər.
Qızdırma və ishaldan tələf olan orduda da fikirlərimizə böyük bir meydan açılırdı. Bu əlverişli vəziyyətdən də lazımınca istifadə etməyə başladılar. Övladları müharibələrdə qırılmış qoca bir əsgər əldə edildi.
Hərəm ağası vasitəsilə bu adam hazırlandı. Fikirlərimizi tamamilə mənimsədikdən sonra orduya buraxıldı. Bütün xəstəliklərə qarşı yeganə əlac xaqan və sərkərdə qanı olduğuna dair şayiələr yaydıq. Bu şayiə avam arasında olduqca böyük təsir buraxdı.
Üsyan üçün zəmin hazır idi. Fürsəti qaçırmamaq üçün bir axşam hərəm ağası ilə oturub tövcü tökməyə başladıq.
Hərəm ağası:
– Xaqanın öldürülməsini mən üzərimə alıram, – dedi.
– Şəxsən özünmü, başqasının vasitəsiləmi?
– Başqasının vasitəsilə.
– O adamı görmək istərdim. Hərəm ağası bir az düşündü:
– Yaxşı, – dedi, – istərsən sabah axşam buraya gəlsin.
– Gecə yarısı gəlsə yaxşı olar.
– Gələr.
– Sərkərdələrə qarşı tədbirlərin varmı?
– Var.
– Nə kimi?
– Qoça əsgərin adamları var. Onlar tərəfdarları ilə bərabər hücuma hazırdırlar. Yalnız vaxt təyin etməli...
– Vaxt asandır. Ancaq saray müvəffəqiyyətini təmin edən bir adam olsa, başqa tərəflərdə işlər öz-özünə düzələr.
– Saray tərəfdən əmin ol!
Hərəm ağasının qəti sözləri məni arxayın etdisə də, müəyyən plan cızılmasını irəli sürdüm.
– Nə ilə öldürüləcək? – deyə hərəm ağasına sual verdim.
– Yatağanla, – dedi.
– Öldürə bilməzsə... sirlərimiz açılar, biz də məhv olarıq.
Hərəm ağasında bir tərəddüd göründü; şübhəmin yerli olduğunu duydu.
– Elə olduqda başqa bir çarə görməli.
– Başqa çarə mümkünmü?
– Çarə çoxdur, ancaq biri mümkündür – zəhər.
– Bu yaxşı fikirdir! – dedim. – Əvvəl xaqanın qımızına zəhər qatmalı.
Zəhərin təsiri az olsa – öldürməli!
Hərəm ağası fikrimi təsvib etdi.
46
Axşam hərəm ağası birisi ilə alaçığıma girdi. Ocağın qırağında uzanmışdım. Mürgülü gözlərim əvvəl bir şey dərk etmədi, sonra:
– Mərrixin mərhəməti, – deyə salam verən hərəm ağasının səsi məni ayıltdı.
– Sənə də! – deyə salamını aldım.
Qalxıb, başımın altına qoyduğum yəhərə söykəndim.
Qonaqlar oturdular. Yeni adam məni diqqətlə süzdükdə marağıma mucib oldu. Ötəri baxışla adi kişi libasında olan bu adamın Ərdicə olduğunu bildim. Gözlərimiz qarşı-qarşıya gəldikdə qığılcımlar parlayan kimi oldu, Ərdica qızararaq uzun kirpiklərini yerə dikdi.
– Ağa, – dedim, – tapşırığı yerinə yetirəcək adam bu gəncdirmi?
– Budur! – deyə hərəm ağası cavab verdi və diqqətlə üzümə baxdı.
Mənalı baxışına cavab olaraq:
– Yaxşı! – dedim.
– Söhbətimizin davamına ehtiyac varmı?
– Var! Təfsilatını danışıb, vaxt təyin etməliyik.
– Xaqan oyanarsa?
– Nə olacaq ki?..
– Onun bəzən gecə yarısı oyanıb, məni yanına çağırmaq adəti var.
Mənzilimdə olmasam şübhə doğar. Məni aradar, sonra...
– Sən gedə bilərsən!
– Bəs gənc?
– Gənc bir az qalsın.
Hərəm ağası duruxdu, razı olmayan kimi göründü; lakin bir şey demədən getdi.
Ərdica üzümə baxdı, rəngi qaçdı və burnunun tənələri tərpənməyə başladı. Biriki dəfə öskürdü. Həyəcanını duyaraq dedim:
– Ərdica, sən dəmi Okabayın hərəmindəsən?
– Elə, Mərrixin təqdiri bu imiş.
Qısqanclıq köksümü titrətdi. Sərzənişlə:
– Şübhəsiz ki, Okabayın ən çox sevdiklərindənsən? – dedim.
Ərdica sözlərimə cavab vermədi. Başını aşağı saldı və ocaqdan bir yanar talaşa götürüb, əlində oynatdı. Bir də göz yaşlarının solğun yanaqlarından aşağıya doğru axdığını gördüm.
Onu özümə tərəf cəlb etdim, öpmək istədim, buraxmadı.
– Yaralıyam, – dedi, – mənə toxunma. Hörmətlə geri çəkildim.
– Mərrixin sənə qarşı yapdıqlarını bilirəm, – dedim.
– Təfsilatını bilə bilməzsən... Ulu xaqan nəslindən dünyada yeganə nişan olaraq qalacağımı əvvəldən bilsəydim, beşiyimdə boğulardım.
– Həyat fikir eləməyə dəyməz! – deyə təsəlli vermək istədim.
– Biləks, – dedi, – fikir lazımdır. Məni bu axşam buraya gətirən də o fikirdir. Intiqam hissi ilə dolu köksümü düşmən qafasında partlatmaq istəyirəm.
– Bu intiqam hissi məndə də var. Lakin coşqun qanımızı soyutduqdan sonra intiqam almalıyıq, yoxsa...
– Onlar düşünülmüş... Bu əsnada hərəm ağası içəri girdi. Bizi sakit
bir halda danışan gördükdə həyəcanı susdu. Oturdu:
– Vaxt məlum oldumu? – dedi.
– Vaxt məlumdur! – deyə Ərdica cavab verdi.
Hərəm ağası heyrətlə:
– Bir həftə sonramı?
– Elə.
– Nədən bir həftə sonra? – deyə sordum. Hərəm ağası:
– Hərəmdə bir qız var, – dedi, – onu xaqan ələ gətirə bilmir. İndi “ya cəllad, ya yataq” deyə bir həftə möhlət vermiş. O qız... bu gəncin nişanlısıdır.
– Çox gözəl, – dedim. – Ancaq yatağan iş görə bilməzsə?
– Əvvəl zəhər veriləcək! – deyə hərəm ağası cavab verdi. Ərdica bu fikrə razı olmayan kimi:
– Zəhər vermək xainlikdir, – dedi. – Açıqdan-açığa yatağanla vurmalı.
– Okabay qüvvətli olarsa?
– Olmaz! İntiqam hissi hər şeydən qüvvətlidir! – deyə Ərdica qeyzlə cavab verdi.
47
Birinci xoruz banında Okabayın öldürülməsini hərəm ağası mənə xəbər verdi. Eyni zamanda orduya adamlar göndərildi. Orduda çarpışmalar olduğu bildirildi. Bəzi sərkərdələrin, tərəfdarları ilə bərabər müqavimət göstərdikləri meydana çıxdı. Yeni bir sərkərdə ordunu başına toplar deyə əndişəyə düşdüm. Haman, saraya getdim. Okabay qan içində yıxılmışdı. Meyitini bir xəndəyə atdırıb, torpaqla basdırtdım.
Çığırtı salan baş xatını da boğub ortadan qaldırdılar, beləliklə sarayda sakitlik əmələ gəldi.
Bu əsnada Ərdicanı xatırladım. Hərəm ağasından soruşduqda, işarə ilə öz çadırını göstərdi.
Yanına getdim.
Dodaqlarına və burnunun ucuna qan bulaşmışdı. Umuzlarına tökülən dağınıq saçları, dodaqlarındakı qan izi ilə bərabər yırtıcı aslanı andırdı.
Məni görcək boynuma sarıldı.
Yanaqlarımda odlu damğalar duydum.
Aralandıq.
– Atanın yerində oturmağa layiq olduğunu isbat etdin! – dedim.
– Taxta deyil, eşqinə layiq olmaq istərdim.
Cavab olaraq bütün qüvvətimlə Ərdicanı bağrıma basdım..
İşin gedişi başqa şeylər tələb etdiyi üçün dərhal çıxaraq, sarayın nüfuzlu adamlarını başqa bir çadıra dəvət etdim.
– Qədərin, – dedim, – sınağı bitdi. Okabay yapdığı xəyanəti əvəzində cəzasına çatdı. Qartal yuvası yenə qartal yavrusuna nəsib oldu.
İndi beyət hər kəsin borcu və baş vəzifəsidir...
Hamı sözlərimi kəsərək yerindən qalxdı, ayaqlarıma əl sürtərək öpdü. Davam etdim:
– Okabay kimi bir çoxları da ordu arasında tüğyana səbəb olurlar.
Xainlərin cəzası bu saat verilməlidir...
Hər kəs “ur!” – deyə bağırdı. Əllərimizdə məşəl, orduya yayıldıq.
Ur, ur, ur!
Xaqan qızı Ərdica
Xaqan taxtına oturmaq
İstəyir.
Toy toplansın,
Töycü töksün.
Azğın sərkərdələrin
Payını versin.
Ey, caramana car,
İskitə xəbər!..
– deyə hayqırdıq.
Fırtına yatdı, ordu sakit oldu. Müqavimət göstərən sərkərdələr əldə edilib haman boğduruldu.
İkinci xoruz banına qədər bu işləri görüb, Ərdicanın yanına qayıtdım.
48
Ərdicanın cülusu bir o qədər də təntənəli keçmədi: xalq yorulmuşdu. Saraya qarşı bir soyuqluq vücuda gəlmişdi.
O günü hərəmlər açıldı və yüzlərcə qız xalqa qarışdı. “Hər bir qız könlü istədiyi oğlanla evlənə bilər” – deyə elan edildi.
Ordu təşkilatında bəzi dəyişikliklər lazım idi. Haman tətbiq olundu: ayrı-ayrı dəstə və bölüklər qaldırıldı; cəngavərlik qabiliyyəti olanların hamısı tutulub, gizlicə tələf olundu. Xalq arasında müharibənin lüzumsuzluğu haqqında fikirlər nəşr edildi.
Qam paltarını geyib, ordunun arasına düşdüm; hər yerdə ayin yapdıqdan sonra sülhpərvər həyatın gözəlliyindən və vuruşmaların dəhşətindən bəhs etdim.
Bir gün ordu vəkillərindən ibarət bir dəstə ağsaqqal yanıma gəldi.
– Qədərimizdə nə var? – deyə sordu.
Bunlara tam bir nüfuz bağışlamaq üçün yanlarında ayin yapdım.
Dəfə vuraraq fırlandım, cəzb oldum.
Ayıldıqda:
– Sığırlarınız, – dedim, – kök, atlarınız qoşar olsun! Çağalarınız ağlamasın! Qədər sizinlədir. Önünüzdə sulu, meşəli torpaq görünür.
Otlağı çoxdur. Oturub, qadınınız, çocuğunuz, sığırlarınızla rahat yaşarsınız.
Ağsaqqallar məmnun oldular. Sonra birisi torpağın harada olduğunu sordu.
– Bir neçə gündən sonra, – dedim, – qədər göstərən tərəfə gedəcəyik.
Hazır olun!
49
Ərdica cənub səfərini lazımınca təsəvvür edə bilmirdi. Sarayda hökmran olan irsi bir zehniyyət hər bir səfəri hərb şəklində tələqqi etdiyi kimi, Ərdica da bu cür düşünürdü:
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-qizlar-bulagi-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kərbəlayı Həsən axşam bazardan qayıdanda paltarını soyunub, şəbkülahını geyinib, zircamədə gəldi süfrənin başında oturdu, və arvada tapşırdı ki, arvad, sən atayın goru bu gecə ölülər gələcək, elə dolanaq ki dava şava olmasın, bəlkə rəhmətliklərin ruhları şad qayıda gedə.Arvad ərinin cavabında başını aşağı salıb dinmədi və qaşlarını qovzuyub ağzını büzdü. Arvad elə bil bunun ilə onu demək istəyirdi: «Oyana get, ağrım sənin ürəyinə, mənim səndən zəhləm gedir».
1905-ci ilKöhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun bığlı və zəhimli bir baş çıxıb neçə dəfə «Alı, Alı!» deyib çağırdı, səsə artırmanın altında at axırlarının qabağında uzanan nökər Alı öz özünə belə cavab verdi:– Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən qədimki zaman kibi çağıranda səsinə baş üstə gələcəyəm?! Xeyir, o zaman getdi! İmdi bəyin sözünə bir qəpik verən yoxdur!
«Din ayrı qardaşlar»Qürbət bir şəhərin bazarında iki adam qabaq qabağa gəlib bir-birinə zənn ilə baxdılar. İkisi də əvvəl duruxdu, döyükdü və sonra nəfrət-əngiz bir heyrətdə dönüb qaldılar.– Pa, allah saxlasın, kəbla-Məhəmməd kirvə! Sən hara bura hara?
Məşədi və Kərbəlayı– Ə, Kərbəlayı, vallah elə vuraram ölərsən!– Vurmuyan çox pis adamdır!