Страница 10 из 13 · 69%

Bu hadisədən Okabay qəmgin olan kimi göründüsə də, saray əhli arasında cinayətin Okabay tərəfindən yapılmasını açıqdan-açığa söyləyirdilər.

Məsələ məni maraqlandırdı.

Bir axşam sarayın bütün sirlərinə vaqif olan hərəm ağası ilə görüşdüm.

Qoca qadın simalı, zil səsli hərəm ağası mənə maraqlı sözlər söylədi:

– Bir məmləkət istila olunarkən, – dedi, – əsir götürülmüş qızlar xaqan və sərkərdələr arasında bölünər. Müvəffəqiyyətli müharibələr nəticəsində Okabayın hərəmində minə qədər qız toplanmış, hər gecə bir bakirə tələb olunar, təqdim edərəm. Okabay eyni qıza ikinci dəfə rast gəlmək istəməz. Adəti belədir. Dünyaya gələn çocuqlarından maraqlanmaz və mövcudiyyətindən belə xəbəri olmur.

Son zaman Okabay dəyişilən kimi olmuş. Bir həftə əvvəl bütün hərəmi gəzərək bir nəfər qız seçdi, çadırına apardı, indiyə qədər yanında saxlayır və “baş xatın” adlandırır. Övlada həvəsi olmayan Okabay “baş xatın”dan... övlad gözləyir.

Okabayın bu hərəkətini xaqanlıq eşqinə düşməsi ilə mərbut görürlər...

Runca xatının oğlunun ölməsi də maneədən xilas olmaq deməkdir.

Hərəm ağasının sözləri məni əndişəyə saldı; xaqanın yerində Okabay kimi qüvvətli bir simanın əyləşməsi cənub mədəniyyəti üçün daha təhlükəli ola bilərdi. Quzatayın ölməsi bütün məramlarımı pozdu.

Məqsədim qüvvətli sərkərdələri vuruşduraraq iskitləri qüvvədən salmaq idi. Halbuki indi qüvvət pozulmadan yenə bir ələ toplanırdı.

41

Gecə sabaha qədər yata bilməyib, daim bu məsələni fikrimdən keçirdim; həllindən aciz qaldım. Məsələni anlaşdıracaq yeganə amil hələlik xaqanla Okabayın vuruşmasından ibarət idi.

Hazırlıq qurtardı. Şimala tərəf çəkilən xaqan təqib olunmağa başladı. Üç gün sonra dağ keçidlərinin birisində xaqanın əsil qüvvəsinə rast gəlindi. Böyük bir vuruşma oldu. Okabay ordusunun bir hissəsi xaqan tərəfə keçdi. Bundan dolayı qəzəbə gələn Okabay, ordusundan minlərcə adam kor edib, xaqan tərəfə göndərdi və bir axşam mükəmməl hazırlıqdan sonra özü ön tərəfdə olmaq üzrə hücuma keçdi.

Sabaha qədər davam edən qanlı vuruşmadan sonra xaqan ordusuna çaxnaşıq düşdü, hərə bir tərəfə qaçmağa başladı.

Sabah xaqanın öldürülməsi xəbəri orduya yayıldı və bir-iki saat sonra bütün ailəsi və hərəmi dəbdəbəli bir surətdə Okabaya təslim edildi.

Xaqanın üzünün dərisi Okabayın cilovundan asıldı və kəlləsindən kasa yapılıb içində şərab içildi. Hədsiz düşmən başları əllərdə oynadı.

42

İgid sərkərdələr toya4yığılaraq Okabayı xaqan intixab etdilər.

Böyük bir ziyafət verildi, sonra cıdıra çıxdılar.

Üç günlük bir kefdən sonra xaqan ordu ilə məşğul olmağa başladı. Ordu öz qüvvətini qaib etmişdi. Vuruşmadan qurtaranları da ishal və qızdırma tələf etmədə idi. Bir gün xaqan məni yanına çağırdı.

– Qam, – dedi, – sənin bütün təsəvvürlərin doğru oldu. Qədərin açarı səndədir. İndi gələcəyin nə halda olacağını anlat.

– Şimal yolunu parlaq, cənub yolunu qaranlıq görürəm, – dedim.

Okabay cavab vermədi. Sükut bir müddət davam etdi. Sonra:

– Şimal – tanıdığımız şimaldır, – dedi. Okabayın cənuba səfər etmək meylində olduğu sözlərindən anlaşıldı.

– Şimalda davam edən uzun qış, – dedi, – ilxımızı ac buraxır, nəfərlər də yeməyə bir şey tapmır. Cənubda isə hər şey var.

– Cənub havasına alışmayan nəfərlər qızdırmadan və ishaldan ölürlər; gündə yüzə qədər adamımız dəfn olunur. Bir az da cənuba ensək, bizdən iz belə qalmaz.

Xaqanın sözlərimə inandığını duyurdum. Digər tərəfdən də İnsan və heyvanların mədə ehtiyacı cənub yollarını göstərirdi. Odur ki, çox düşünməyərək:

– Qış düşmədən isti yerlərə getməliyik, – dedi. Söhbətimiz bununla qurtardı, ayrıldıq.

Ondan sonra uzun müddət görüşmədik – gözündən düşən kimi olmuşdum.

43

Köhnə xaqanla yenisinin hərəmləri birləşdikdən sonra hərəm ağasının işi çoxalmışdı, görüşə bilmirdik.

Bir axşam yanıma gəldi; ay işığında çadırın önündə uzanmışdım. O da uzandı, nəşəsiz olduğu sezilirdi.

– Nə var? – dedim.

– Heç, nə olacaq!.. Dünya mənim üçün acılıqdan başqa bir şey deyil. Mən arzusu gözündə qalan bir tamaşaçı!..

Hərəm ağasının kədərli sözlərinin hankı mənbədən gəldiyini anlaya bilmədim. Sual nəzəri ilə onu süzdüm. Sanki dəruni atəşini bir az da alovlandırdım:

– Qılçalardan məhrum olmuş bir adam təsəvvür et, – dedi. – Yürümək arzusu var, yürüyə bilmir. Mən də elə... Xədimləri hissdən məhrum zənn edirlər. Bilsən, ürəyimdə nə böyük eşq atəşi var... Qam, məni dilləndirmə, əzablarımın hüdudu yoxdur!..

Hərəm ağası yerində ilan kimi qıvrıldı, gözlərindən yaş axdı.

– İnsan həşəratın ən zərərlisidir: ilan çalar, adam ölər qurtarar, İnsan İnsanı elə bir hala salar ki, ömrünün sonuna qədər əzab içində çırpınar.

– Ağa, – dedim, – indiyə qədər səndən belə şikayətlər eşitmədim.

İndi, yəqin bir səbəb var.

Hərəm ağası ah çəkərək:

– Qam, – dedi, – səbəbsiz deyil. Lakin... məni söylətmə, yaralarım təzələnər.

– Hər yaranın bir davası var. Qamdan gizli bir şey yoxdur. Eşqin var, görürəm. Anlat.

– Anlatmaqdan nə çıxar? Dərdlərim dərmansızdır...

Hərəm ağası uzun-uzadı danışdı, ağladı, ancaq səbəbin kim olduğunu açıb söyləmək istəmədi. Axırda israrım sayəsində köhnə xaqanın hərəmindən gəlmiş bir gözəl haqqında bəhs etdi:

– Bir gün nahardan sonra Okabay təzə hərəmi gəzməyə gəldi. Min nəfərdən artıq qızın içində nəzərini birisi cəlb etdi. Okabay dayandı və qeyri-şüuri bir halda əlini qızın çənəsinə uzatmaq istədi, qız buraxmadı.

Okabay qəzəbindən qızardısa da, müqavimətdən duyduğu həzz qəzəbini eşqə çevirdi.

Axşam qız tələb olundu. Çimmək üçün su və təzə paltar hazırlatdım. Qız təklifimi rədd etdi. Israr etdim, olmadı. Xaqanın təkrar tələbinə rəğmən qız getmədi. Məsələni cəlladın bıçağı həll edəcək, zənn etdim...

Nəhayət, xaqanın qəzəbi mərhəmətə çevrildi və əlavə olaraq qıza bir dəstə gül və bir çox altun zinətlər göndərildi.

Qız bunları da qəbul etmədi...

44

Hərəm ağası bir müddət susdu. Dilinin altına bir az nas atıb, ay və ulduzları seyr etməyə başladı. Sonra nası tüpürdü və sözlərinə davam etdi:

– Otuz ilin müddətində minlərcə qızlar idarə etmişdim, beləsinə rast gəlməmişdim. O gündən bəri qızın siması məni təqib etmədədir.

Haraya getsəm, qam, daim önümdədir... Bax, indi ayı seyr edərkən həp onu görürəm... Ulduzların arxasında gizlənir, arabir görsənir, təkrar gizlənir, mənimlə oynayır. Sanki mənə gülür... Nədən? – Bilməm!..

Hər sabah xidmətçi qızlarla çaya çimməyə gedər, mən də onları təşyi edərəm. Soyunar, çimər, min nazla geyinər..

Ürəyim çırpınmadan əl çəkər, nəfəsim tutular, üzərində oturduğum daş kimi, kainatın həyəcanına qarşı laqeyd bir vəziyyət alaram...

Ah, qam, dillətmə, biz İnsanların ən aciziyik...

– Ağa, acizlərin də yaşamaq ixtiyarı var, – dedim.

– Həqiqətdə isə?

– Yalnız zorlular yaşar. Bunun səbəbi də bizim özümüzük.

– Biz nə edə bilərik?

– Zülmə qarşı üsyan edərik!

– Sənin üsyanından bəlkə bir şey çıxsın. Mənimkindən?..

– Bir şey çıxmazmı, deyirsən?

– Xeyr, çünki dərdlərimin dərmanı göylərdir. Adi bir xədimin, axtalanmış bir İnsanın üsyanı həyatın gərdişini dəyişərmi?

– Məsələni göylərdə aramamalı. İnsanın dərdi yerdə olan kimi, dərmanı da yerdədir. İnsanın müqəddəratı öz əlindədir. Nə cür istəsə, elə yaşar. Yalnız dərdlilər birləşməli və hər bir fədakarlığa hazır olmalı.

– Qam, sözlərin çox haqlıdır. Bu fikirlər bəzən mənim də ağlıma gəlir. Özgələrin dərdini gördükdə öz dərdimi də unuduram. Nə üçün

İnsanın biri dünyanın bütün nemətlərindən bol-bol istifadə etsin də, o biri hər şeydən məhrum olsun, – deyə düşünürəm... Hərəm həyatından maraqlanaraq söhbəti o tərəfə çevirmək üçün soruşdum:

– Ağa, hərəmdə kədərlilər varmı?

– Ah, qam, hərəm kədərin mənbəyidir. Yalnız ildə bir, iki ildə bir eşq yatağına atıla bilən gənc qızlarda kədər olmazmı?.. Mən sabaha qədər əzabımdan yatağımda qıvrılan kimi, hərəmdə də yüzlərcə qızlar sabaha qədər uyumur: talesizlik əzabında çırpınırlar.

– Bu talesizliyin səbəbi kimdir?

Hərəm ağası o tərəf-bu tərəfə baxaraq, sözlərini çeynədi və cavab verə bilmədi.

– Bir adamdır, – dedim.

Hərəm ağası başını tərpətdi.

– Bəs bu müharibələrdə minlərcə adamların ölümünə səbəb kimdir?

Hərəm ağası başını tərpətdi. Mən yenə davam etdim:

– İshaldan və qızdırmadan tələf olunanların səbəbi kimdir?

– Xaqan! – deyə hərəm ağası cürətləndi.

– Deməli, ya minlərcə adamın səadəti, ya xaqan.

– Məsələ yalnız xaqanda deyil ki... – Okabay olmazsa o birisi olar.

– Xaqanlıqdan əl götürməli.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов