İkinci kitab, birinci hissə
Страница 2 из 11 · 9%
Orada-burada rus soldatları, hərbi məmurlar görünmədə idi. Brek sağ tərəfə çöndü. Küçənin iki yanındakı ev və dükanlar yanmışdı. Müharibə meydanına yaxın yerlərin xaraba olması o qədər təbii idi ki, bu yanıq evlər Çingizin nəzərini cəlb etmədi. Lakin şəhəri ona göstərən Rüstəmbəy bu evlərin yanından sükutla keçə bilmədi:
– Çingiz, – dedi, – buralar vaxtilə yəhudi məhəlləsi imiş. Ruslar hücum edərkən yəhudiləri talan etmişlər. Kazaklar burada çox adamlar qırmış, deyirlər.
Çingiz çöndü və yanmış məhəllələri maraqla gözdən keçirdi. Rüstəmbəy sözlərinə davam edirdi:
– İstila olunan torpaqlarda yəhudilərin yaşamasına imkan verməmək bu günkü siyasətin başlıca tələblərindəndir. Bu siyasəti müntəzəm surətdə həyata keçirilər...
– Axmaq siyasətdir! – deyə Çingiz gülümsədi. – Yəhudi də bildiyini eləyir: inqilab alovunu körükləndirənlərin ön sırasında gedir; dünya bankirləri arasında müəyyən mövqeyə malik olaraq Rusiyanın beynəlmiləl vəziyyətini pozur. Bu gün ruslar cəbhələrdə qırılarkən, yəhudilər əsgərlikdən boyun qaçırır və ticarət vasitəsilə dövlətin bütün faydalarını əlində toplayır... “Qədim millət”lə zarafat olmaz.
Brek kiçik bir qapı yanında dayandı: – Buyur! – deyə Rüstəmbəy Çingizi içəri dəvət etdi: – burada bir qəhvə içək.
6
Yanğından saxlanılmış, xırda təmiratla ala-yarımçıq süs verilmiş bir otağa girdilər. Bura zemstvo məmurları ilə dolu idi. Orada-burada şəfqət bacıları oturmuşdu. Qəhvəxana sahibi xanım polyaklara mənsub nəzakətlə masaları dolaşıb müştərilərlə danışır, onları məmnun etməyə çalışırdı. Rüstəmbəyi tanıyırdı, onu görcək yanaşdı, görüşüb yer göstərdi. Oturdular.
– Nə buyuracaqsınız? – deyə gülümsədi, rəngsiz dodaqlarını dili ilə isladıb, əskimiş üzünə təravət vermək istədi.
– Südlü qəhvə, pasta.
Xanım nəzakətlə baş endirib çəkildi.
Bir neçə dəqiqədən sonra qəhvə hazır oldu.
– Buyur, – deyə Rüstəmbəy sükutu pozdu. Qəhvə içməyə başladılar.
Rüstəmbəy sözlərində davam edirdi, – yoldaşlardan nə var? Mən hər kəslə əlaqəni kəsdim.
– Bir ay əvvəl Kiyevdə idim. Bəzilərinə rast gəldim. Qulu klinikada işləyir...
Rüstəmbəy:
– Yox əşi? – deyə onun sözlərini kəsdi. Çingiz vəziyyətini dəyişmədən:
– Nə yox, əşi? – Qulunu tanımırsanmı? O kişi zor adamdır!
Rüstəmbəy heyrətində davam edərək:
– Zor da olsa, axır klinikaya düşmək də çətin işdir. Bir çox namizədlər arasında müvəffəqiyyət qazanmaq böyük bir işdir... Deməli, müftə otaq da vermişlər.
– Təbii!.. Professor Petrovun əlinin altında işləyir və Petrovun vaxtı olmayanda onun xəstələrinə də baxır.
– Xülasə, yaxşı pul qazanır! – Hə, kefi kökdür.
– Xəlil oradadırmı?
– Oradadır. Qurtarır.
– Zemlyaçestvo dururmu?
– Varmış, dedilər. Amma fəaliyyəti görükmür. Nəşriyyat büsbütün durmuş...
Rüstəmbəy onun sözlərini kəsərək:
– Deməli, bütün fəaliyyət də bizimlə xitam buldu.
– Elə, elə! – deyə Çingiz papirosun tüstüsünü havaya sovurub sükuta daldı. Rüstəmbəy də pasta ilə qəhvəyə məşğul bir halda düşüncədə idi.
Birdən Rüstəmbəy fincanı nəlbəkiyə qoydu, gülümsəyib dedi:
– Fatma xanımla, təbii, məktublaşırsan.
Çingizin dodaqlarında şən bir təbəssüm oynadı:
– Hərdənbir yazır.
– Oxuyurmu?
– Heç bilmirəm necə oldu.
Rüstəmbəy maraqlı bir sima ilə:
– Vallah, – dedi, – toyunuzu eşitdim. Ancaq adresinizi bilmədiyim üçün daha təbrik məktubu yaza bilmədim. Amma çox sevindim. Gözəl və münəvvər bir ailə təşkil etdiniz... Toyunuz necə keçdi?
– Nə toy? Axşam tatar mollasının yanına getdik, oradan da Fatmanın çamadan və səbətini faytona qoyub bizə gəldik. Vəssalam!
– Daha nə olacaq – sadə və gözəl.
Rüstəmbəy məmnun bir halda qəhvəsini bitirib, sandalyanın arxasına söykənib oturdu. Mövzuları tükənmiş kimi görünürdü.
7
Rüstəmbəy Kiyevdəki həbsi xatırlayaraq:
– Çingiz, – dedi, – siz həbs edildikdən sonra mən Kiyevi tərk etmişdim. Yəqin, bilirsən. Siz buraxılanda da mən orada yox idim.
Qafqazda eşitdim, doğrusu çox da heyrət etdim; çünki əvvəl həbsinizə başqa rənglər verirdilər. Jandarm dustağı olduğunuz üçün vəkillər qəti bir söz deyə bilmirdilər. Qanunun üsuli-idarəyə qarşı maddələrinin tətbiqindən qorxurdular. Iş bu şəkildə olduğu bir halda necə oldu da sizi iki aydan sonra buraxıb, məktəbdən belə xaric etmədilər?
Çingiz düşünərək bir-iki dəfə adəti üzrə gözlərini qırpıb:
– Ortalıqda bir şey yoxdu, – dedi. – Bizi vaxtından əvvəl həbs etmələri işimizə yaradı. Qurultayda hələ heç bir qərar çıxarılmamışdı, ələ bir vəsiqə belə keçmədi. Bilirsən ki, qurultaya yenicə toplanmışdıq, polis gəldi.
Rüstəmbəy istehza ilə gülümsəyərək:
– Bir şeyi də yoxlamaq istəyirdim: deyirlər, istintaq zamanı bəzi yoldaşlar olduqca alçaq və lüzumsuz ifadədə bulunmuşlar. Biri hətta demiş: “Biz atababadan taxta qarşı sədaqət göstərmişik. Mən də müti olacağıma söz verirəm...”
Çingiz bunların vaqe olduğunu təsdiq edərək:
– Bunlar təbiidir, – dedi, – həyatında təşkilat görməyən, siyasi tərbiyəsi olmayan, işləyib bişməyən bir zümrədən nə gözləmək olardı?
Hamımız qorxu içində idik. Buna baxmayaraq, özünü itirməyənlər də az deyildi. Xəlil həbsin əvvəlindən axırına qədər soyuqqanlılıqla davrandı; Fatma xanımın cəsarəti jandarmları belə heyrətə salmışdı; Mircəfər kəskin lətifələri ilə müstəntiqlərin hiddətinə səbəb olmuşdu...
Bununla bərabər, Şirinin Qulamrzaya yazdığı bir məktubu gördüm: “Ayaqlarını qucaqlayıb öpürəm, nə edirsiniz edin, məni həbsdən qurtarın!” – deyə yazmışdı. – Çingiz güldü: – Zalım yaman darıxmışdı, – deyə əlavə etdi.
Rüstəmbəy də istehza ilə güldü və bir az düşünüb dedi:
– Amma tutulmayan tələbələrin sizə çox köməyi dəymişdi, eləmi?
Çingiz təşəkkür ifadə edən bir təbəssümlə:
– O! – dedi, – hər gün yeməyimiz, vaxtında camaşırımız gəlirdi.
Həbsdə heç bir korluq çəkmədik. Zemlyaçestvonun bütün pullarını bizə sərf etmişdilər...
Qəhvəxana xanımı Rüstəmbəyə yanaşıb:
– Yenə əmriniz varmı? – deyə sordu.
Rüstəmbəy:
– Yox, sağ olun! – deyə çıxarıb pul verdi.
Xanım nəzakətlə:
– Nə tələsirsiniz? Oturun! – dedi.
Çingiz Rüstəmbəyə:
– Sağ ol! – deyib qalxdı.
O axşamı brek Çingizi vağzala gətirdi.
8
Rüstəmbəyin köməkçisi bölükdən döndü. İçəri girdikdə Rüstəmbəyi səfər çarpayısının üstündə uzanmış gördü. Yanında bir çox paytaxt qəzetləri vardı.
Salamına cavab olaraq:
– Vah, Vanya, gəldin? – deyə qalxıb yastığa söykəndi, – yeni nə var?
Vanyanın gülər üzünə bir qat daha təbəssüm yayılaraq:
– Gözəllik! – dedi, – işlər yaxşıdır; sizi ikinci bölükdə gözləyirlər.
Zina gözəl düşbərə bişirmişdi. Araq da qayırdıq!..
Vanya sözlərinə dadlı qəhqəhə ilə xitam verdi, dolğun qırmızı dodaqları aralanaraq, qırxılmış bığları altından bir sıra parlaq dişlər göründü.
– Rüstəmbəy, sizdə nə var? – deyə dadlı bir əda ilə sordu. – Görürəm, çox qəzetiniz var.
– Heç... cəbhə arxasında işlər fənadır. Bəzi nazirlər çəkilmiş, yerinə yenisi gəlmişdir. Bu “yenilikdən” əfkari-ümumiyyə heç də razı deyil. Ərzaq böhranı günü-gündən şiddətlənir, dükanların qarşısında uzun növbələr əmələ gəlmiş, şəkəri bir çox yerlərdə kartla verirmişlər...
Xülasə, işlər fənadır!
– Bunlar, Rüstəmbəy, yeni xəbər deyil. Kabinetdə də bir nazirin gedib o birisinin gəlməsi ilə iş bitməyəcək... inqilab olacaq.
– İnqilabı hər kəs gözləyir, ancaq... zaman məsələsi var: indimi?
Düşmənə qələbə çaldıqdan sonramı?
Vanya hiddətlə əllərini çırpdı:
– Nə düşmən! Hər kəs zara gəlmiş-qoy nə olur, olsun! Fərqi yoxdur, biz müharibəni qazanmayacağıq.
Rüstəmbəy Vanya ilə yan-yana yaşayaraq, heç bir vaxt onunla dərin bir münaqişəyə girişmirdi. Vanya yaşca ondan kiçik, təhsilcə ondan aşağı (Vanya orta məktəbi belə ikmal etməmişdi), məsləkcə də bambaşqa bir adamdı. Rüstəmbəyin mülahizələri bəzən onun sinirlənməsinə səbəb olurdu. Bu dəfə də ümumin təkrar etdiyi “birinci vəzifə düşmən məhv etməkdir” – cümləsi ilə sözə xitam vermək istədi.
Lakin Vanya bu sözlərin doğruluğuna inanmayaraq:
– Yox. Rüstəmbəy, daxili düşməni məhv etməliyik, – dedi. Rüstəmbəy mövzunu dəyişdi:
– Borisin (bölük müdiri) atları necədir? Yenə manqo xəstəliyi varmı? – deyə sual verdi.
– Baytar gəlmiş də, iyirmi manqolu at ayırmış, sonra aparmaq istəmiş.
Lakin Boris verməmişdir, çünki, deyirlər, atları aparıb cəbhə arxasında satırmışlar. Boris atları ayrıca bağlatdırıb işə buraxmır. Sizdən əmr gözləyir.
Rüstəmbəy qəzetləri yerə qoydu və bir az heyrətlə:
– Nə əmr? Atları görmədən əmr verə bilərəmmi?
– İyirmi atı əldən vermək üçün baytarların mülahizəsini dinləməli.
– Elə isə sabah buradan baytar aparın!
– Mən də o fikirdəyəm, yoxsa biz məsul olarıq. Rüstəmbəy yataqdan qalxdı, gərnəşərək masaya yanaşdı:
– Bölük nərədə dayanmış? – deyə sordu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-studentler-ikinci-kitab-birinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
AĞI*Ölüyə ağı demək xalqlar tarixində ən qədim zamandan bəri davam edib gələn bir adətdir. Bir çox xalqların arasında ağıya cürbəcür oyunlar və rəqslər də əlavə olunarmış. Misir barelyeflərində (qabartma) əli qısa ağaclı rəqqaslar təsvir olunmuşdur, bunlar ağı ayinində iştirak edərmişlər. Qədim Roma qəbirlərindən maskalar və üzərində səhnə oyunları çəkilmiş vazlar tapılır. Bunlar ağıya tamaşa verildiyini göstərir. Herodotun rəvayətinə görə, qədim Misirdə adlı-sanlı bir adam öləndə, evin bütün qadınları başlarına örtü salıb sinələrini açarmışlar, bellərinə xüsusi bir kəmər bağlar və əqrəbaları ilə bərabər bütün şəhəri dolaşıb, sinələrinə vurarmışlar. Bir tərəfdən də kişilər bu hərəkəti edərmişlər. Sonra meyiti basdırılan yerə apararmışlar.
Folklor yolundaFOLKLOR YOLUNDA*Yazılı ədəbiyyatımızın realist dövrü rus ədəbiyyatı təsirində doğulduğu kimi, bizdə folklora oyanan rəğbət də şübhəsiz rus alim və redaktorlarını təqliddən alınmışdır. Əvvəllər bu sahədə rus müəllifləri yalnız başına qalmışlar, sonralar türklər də köməyə gəlmiş və bəziləri sərbəst təşəbbüslərdə də olmuşlar. 1882-ci ildə Tiflisdə nəşrə başlamış “Sbornik materialov dlya mestnostey plemen Kavkaza” adlı məcmuə türk folklorunun toplanması yolunda ilk addımlar atmışdır. Qori və Irəvan seminariyalarını bitirmiş müəllimlər eşidib öyrəndikləri xalq məhsulunu bu məcmuələr vasitəsilə nəşrə çalışmışlar. İlk toplayış təsadüfi olmuş, heç bir sistem və plana tabe olmamış, təbiidir ki, qüsurlardan da xilas ola bilməmişdir: toplanılan yer göstərilməmiş, yerli şivə saxlanılmamışdır...
Azərbaycanda Zərdüşti adətləriAZƏRBAYCANDA ZƏRDÜŞTİ ADƏTLƏRI NOVRUZ*“Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” adlı məqaləmdə zərdüştiliyin xalq ədəbiyyatında nə qədər əsaslı bir mövqe tutduğunu qeyd etmişdim.
Tariximiz haqqında Azərbaycan müəlliflərinin əsərləriTARİXİMİZ HAQQINDA AZƏRBAYCAN MÜƏLLİFLƏRİNİN ƏSƏRLƏRİ*Azərbaycan üç min sənəlik az-çox səhih bir tarixə malikdir. Bu məlumatımız yalnız siyasi cərəyan və yaxud əsgəri bir hərəkatdan ibarət deyil, biləks, siyasət və hərb daima Azərbaycanın xaricində qalmış hadisələrdir. Əsil Azərbaycanı orada aramamalıdır. Ölkəmizi aləmşümul edən, onu mədəniyyətin təməl daşı kimi tələqqi etdirən yalnız onun mənəvi tarixi, fəlsəfəsi və bu yolda olan mücadilə və yaxud sülhpərvər təlqinlərdir.