İkinci kitab, ikinci hissə
Страница 8 из 8 · 88%
Cabbarın acı macəraları arasında təsadüfi bir eşq də parlayıb sönmüşdü.
Özü kimi alçaqboylu, çirkin üzlü, biçimsiz geyimli bir qıza rast gələrək tanış olmuş, evinə dəvət etmişdi. Əsəblərinin müvəqqəti müvazinəsindən istifadə edərək, bir yerdə keçirdikləri üç-dörd saat müddəti səmimi bir dillə bütün həyatını qıza anladıb, sonra; “Yeni və xoşbəxt bir həyat başlanğıcı namına əlimi sənə uzadıb eşqini diləyirəm”, – deyə sözlərinə xitam vermişdi. Cabbarın təklifi qıza o qədər səmimi görünmüşdü ki, haman razı olmuş və bir neçə dəqiqə sonra göz yaşları ilə sirab olan yanağını onun qara dodağına təslim vermişdi.
Lakin bu qara dodaqlar ehtirasla dolu eşq gecəsinin sabahından başlayaraq, qıza qarşı təhqiranə sözlər fırlatmaqdan çəkinməmişdi. Bir həftə sonra ayrılmışdılar.
Bu tez parlayıb tez də sönən eşq nəticəsi olaraq, Cabbarın bir oğlu var. Kənddə anasının yanındadır. Cabbar oğlunu görməmişsə də, fotosunu qoltuğunda saxlar, çocuğun dodaqları öz dodaqlarına bənzədiyi üçün sakin zamanları ona qarşı atalıq hissi duyar.
Cabbarın bir qardaşı da var. Cabbar onu çox sevər və dünyada ondan gözəl və ağıllı bir adam təsəvvür etməz. Kirayə etdiyi otaq sahibi xanıma qardaşının fəzayilindən o qədər söyləmiş ki, xanım onunla görüşməyi yaxın bir məfkurə kimi düşünərdi. Bir gün Cabbar xidmətindən evə döndükdə, xanım onu sevinclə qarşılayıb:
– Qardaşınız gəlmişdir, – deyə təbrik etdi. Cabbar xanımın xəbərini ürək çırpıntısı ilə dinləyib, hövləki soruşdu:
– Bəs necə oldu? Nə üçün qalmadı?
Xanım:
– Adresini qoyub getdi, – dedi. – Bessarabkada bir oteldə düşmüş.
Cabbar heç bir mühakimə yürütmədən Bessarabkaya doğru qoşdu.
Çirkli bir otelin üfunətli pilləkəni ilə dırmanıb, qaranlıq koridoru dolaşaraq, nömrələrdən birinin qapısını tıqqıldatdı. Qapı açıldı. Çopurdan gələ-götür olmuş pələ burunlu, qıvrım uzunsaçlı, kirliyanaqlı bir gənc görünərək:
– Yəqin, Cabbar qardaşsınız, – deyə onu mütəşəkkir baxışla süzdü.
Cabbar hövləki:
– Qardaşım burada deyilmi? – deyə sordu.
Cavabında gənc daha da yumşaq səslə:
– Zatən mən də sizin qardaşınız deyilmiyəm? – deyə gülümsədi.
Cabbar bu işin acı bir zarafat olduğunu duyaraq özündən çıxdı, dünyada nə qədər fəna söyüşlər varsa, bu gəncə qarşı yağdırıb geri döndü.
Bir gün sonra iş təfsilatı ilə Azərbaycan kolonisinə məlum oldu.
Bu gənc irani imiş. Səftərə müraciət edib, vətəninə getmək üçün yol kirayəsi istəmiş. O da sataşmaq üçün Cabbarın adresini verib, yanına göndərmişdi. Cabbar qardaşının fəzilətləri ilə ev xanımını maraqlandırdığı halda, eybəcər bir “qardaşın” gəlməsi onu xanımın yanında rüsvay etmişdi.
19
Rüstəmbəy Kiyevdəki baş idarələrindən bir telefonoqramma alıb, oraya getdi. Müdir onu həmişəkinə nisbətən soyuq qəbul edərək:
– Məzuniyyətinizin vaxtından tam bir ay keçir. Ya xidmətinizə dönün, ya gedib müfrizəni təslim verin, – dedi.
Rüstəmbəy təklifin haqlılığını etiraf edib, heç bir etirazda bulunmayaraq:
– Xəstə idim; bu yaxında gedib kimə desəniz təslim edərəm, – dedi. Bununla məsələ bitmiş hesab edilərək müdirlə Rüstəmbəy arasında başqa bir söhbət olmadı. Rüstəmbəy geri döndü. Opera teatrının qarşısında, Böyük Vladimir küçəsinin tininə çoxlu adam toplaşmışdı. Adamlar bir-birini basaraq restoranın pəncərəsinə boylanırdı. Rüstəmbəy də camaatın arxasında dayandı, Ukrayna məsələsi üçün
Kerenski, Sereteli və Tereşenkonun müşavirəyə gəldiklərini duydu. Bir də xaki frençli, bığ və saqqalı qırxıq, geniş alın, təlx sifət birisi masanın arxasından qalxıb, pəncərəyə doğru gəldi. İzdiham:
– Yaşasın Kerenski, yaşasın müvəqqəti hökumət! – deyə onu alqışladı.
Rüstəmbəy etirazedici bir sima ilə izdihamdan ayrıldı. Bir zaman “hürriyyət şairi” – deyə xalqın təqdis etdiyi bu adama o da tapınırdı.
Lakin milli hərəkətlərə-zidd, üsuli-idarədə mərkəziyyət tərəfdarlığı məlum olan, xarici siyasətdə çardan geri qalmayan bu adam indi artıq Rüstəmbəyin rəğbətini qazana bilməzdi. Zatən Kerenskinin ulduzu sönməkdə idi; onun populyarlığı xırda bir zümrə dairəsindən kənara çıxa bilmirdi. Rüstəmbəy Kreşşatikə enib, İmranla vidalaşmaq üçün “Qafqaz” mağazasına getmək istəyirdi. Təsadüfən yolda İmrana rast gəldi; görüşdülər:
– Sabah cəbhəyə gedirəm, mənə görə qulluq. İmran heyrətlə:
– Bəs bunu bir az əvvəl niyə demədin? – deyə sordu. Rüstəmbəy telefonoqrammanı anlatdı. İmran səmimi bir səslə:
– Sabah gedə bilməzsən, – dedi. – Sabah nahara bizdəsən, o biri gün gedərsən.
Rüstəmbəy bir az düşünüb, mütərəddid bir vəziyyət aldı. Onu duyan İmran təkidlə:
– Düşünmək yeri yoxdur, – dedi. Nə olar, bizim xatirəmiz üçün bir gün gec get.
Rüstəmbəy razı oldu. İmran təkrar:
– Səfərin uzunmu sürəcək? – deyə sordu.
– Yox, işləri təslim verib gəlirəm.
– Çox gözəl. Gəl, burada iş çoxdur.
20
O biri gün saat üçdə Rüstəmbəy, Xəlil və Səftər İmranın otağına toplaşmışdılar. Rüstəmbəy yemək masasının baş tərəfində, Xəlillə Səftər də yan tərəfində oturmuşdular. Ağ örtülü masanın üstə araq, şərab, konyak və əlvan məzələr qoyulmuşdu. Sağ tərəfdəki komodun üzərindəki vazlarda cürbəcür meyvələr vardı.
İmran girir-çıxır, arabir koridordan səsi eşidilirdi. Rüstəmbəy bu gün çox nəşəli idi. Xəlil “Müvəffəq olmadığımız eşq” deyə meydana bir mövzu atmış, hər kəs şəxsi macəralarından bir şey anladırdı. Növbə Rüstəmbəyə gəlmiş, bu da bir qızın ona aşiq olub onu izlədiyini, eşq dərsi dediyini anladıb hamını güldürürdü.
Yemək başlanıb sağlıqlar söylənməkdə idi. Bir də qapı açıldı, Cabbarın əsəbi siması hər kəsi heyrətə saldı: o buraya çağırılmamışdı.
Səftər gülə-gülə əyilib, “Zalım oğlu yeməyin iyini elə tez alır ki”, – deyə Rüstəmbəyin qulağına pıçıldadı. Sonra eyni tərzlə:
– Bah, “qardaş”, ya Allah. Buyur görək, – deyə istehza ilə güldü.
Cabbar “qardaş” sözündən son dərəcə pərt olaraq mırıldandı və sandalya alıb, masadan kənarda oturdu. İmran laübali bir halla:
– Ə, adam oğlusan, gəlmisən gəl otur, zəhrimarlan. Cabbar yenə cavab verməyərək, öz-özünə mırıldandı.
Bu dəfə İmran qalxıb onun sandalyasını masaya doğru sürüklədi.
Xəlil ciddi səslə:
– Təklifim var, – dedi. – Qədəhləri doldurun Cabbarın sağlığına içək.
Qədəhlər doldu, Xəlil sağlıq başladı:
– Bu gün, – burada müvəffəq olmadığımız eşqdən söylədiklərimiz bizim aciz olduğumuzu göstərdi. Halbuki gənc, gözəl və canımız sulu vaxtı müvəffəq olmasaq, bir az sonra lap avara qalasıyıq. Bu yolda Rüstəmbəyin geridə qalması məni büsbütün məyus edir. Bərəkətlər ki, Cabbar kimi alıcı quşların aramızda olması işləri tamamilə dəyişir.
Ovlamır, ovlamır, ovlayanda kəkliyi gözündən vurur...
– Heç cücə də vurmur.
– Aldığı arvadı gördük, yoluq qarğaya oxşayır, – deyə sözlər Xəlilin sağlığını kəsdi.
– Yoldaşlar, təvəqqə edirəm mane olmayın. Mən deyim qurtarım, siz də deyərsiniz... Məncə, Cabbar alıcı quşdur. Aldı da, kişi olduğunu da göstərdi; nər kimi bir oğul da qazandı...
– Özündən deyil!
– Görəsən hansı dalandardandır, – deyə eşidilən replikalar yenə
Xəlilin sözlərini kəsdi. Cabbar pərt oldusa da, acığını boşqablardakı məzələrdən alırdı. Yedikcə, otluğa buraxılmış camış kimi ağzı marçıldayırdı.
Nəhayət, uzun istehzalardan sonra qədəhlər qaldırıldı. Sonra məclisdəkilərin sağlığına birər qədəh içib, nitqlər söylədilər. Bilxassə Rüstəmbəyin səfəri münasibətilə onun şərəfinə badənuş olub, səmimi və həssas sözlər söyləndi. Axırda yenə Cabbarla əylənməyə və zarafata qalxışdılar.
Səftər söz aldı. Qaşlarını qaldırıb sərzənişlə:
– Cabbarın hər bir qabiliyyətindən danışıldı, amma ən böyüyü unuduldu, – dedi. Cabbar Səftərdən xeyirli söz baş verməyəcəyini duyub, əsəbi bir hal aldı; kirpiksiz gözlərini döyüb dişlərini qıcıdaraq, yanaqlarının arıq dərisini oynatmağa başladı. Səftər sözlərinə davam edirdi:
– Bunun iti bir burnu var, xörək iyini bir verstlikdən alar, o saat özünü yetirir...
– Ov tulası kimi, – deyə İmran fırlatdı.
– Yəni burnu elə məşhurdur? – deyə Xəlil əlavə etdi.
Cabbar yerindən qımıldanaraq:
– Ağzımı açdırmayın, paxırınızı açaram, – dedi, gözlərini bərəltdi və Səftərə tərəf yönələrək:
– Sən barı dinmə, səfarətxanada sülənirsən! Peşən rüşvət yeməkdir!..
Bir də şərabla dolu qədəh Cabbarın başına yamandı. Əlavə olaraq Səftər sıçrayıb Cabbarı yaxaladı. Hər kəs yerindən qalxıb bunları araladı.
Məclisi sakit etdilər. Yemək bir müddət sükut içində keçdi. Bir də İmran qəhqəhə ilə Cabbarın başına bir qapaz salıb:
– Bu dil ki, səndədir, hələ çox döyüləcəksən, – dedi.
Cabbar İmranın hərəkətindən sınmayaraq, yeməyinin sürətini belə yavaşıtmadı.
21
Rüstəmbəy çamadanını toplarkən qapısının tıqqıltısını eşitdi. İrəliləyib qapını araladıqda bənizi qaçmış Cabbara rast gəldi. Bu adam dünəndən bəri bir az solmuş və bir az da incəlmişdi.
Rüstəmbəyi görcək rusca:
– Müsaidə et, girim, – dedi.
– Buyur.
Cabbar suçlu-suçlu içəri girdi və şeylərin qablanmasını görərək:
– Deyəsən, gedirsən? – deyə qərib adam kimi bir tərəfdə durdu.
Rüstəmbəy yer göstərərək:
– İki saatdan sonra gedirəm, – dedi.
– Hansı şəhərdə olursan?
– Buçaçda.
– Avstriya şəhəri gərək olsun.
– Elə... Bağışla çamadanı qablayım, sonra danışaq.
– Yaxşı, sən işini gör, mən mane olmaq istəmirəm.
– Bu dəqiqə qurtarım... Yaxşı oldu gəldin, hələ vaxt var.
Rüstəmbəy əldəki şeyləri yığışdırıb, çamadana və sakvoyaja qabladı və otağı dürüst yoxladıqdan sonra saatına baxıb əllərini yudu, sildi və oturdu.
Cabbar hörmətkar bir tərzdə:
– Bilirsən, – dedi, – buraya müəyyən bir məqsədlə gəldim...
Dünən sənin yanında nəzakətsizlik oldu. Mənim sinirlərim pozğun, bizim adamların da tərbiyəsi yox. Bilirsən dünəndən bəri nə qədər mənəvi əziyyət çəkmişəm. Gecə sabaha qədər yatmamışam...
Cabbar sözlərinin davamına müstəid deyildi; birdən doluxsunub, gözlərindən yaş süzələndi.
Rüstəmbəy heç bir söz söyləməyərək onu seyr etməyə başladı.
Cabbar cibindən girli bir dəsmal çıxarıb gözlərini sildi; sonra qoltuğundan bir yırtıq dəftər çıxarıb, içindən bir rəsm götürdü. Rüstəmbəyə uzatdı:
– Bax, – dedi, – bu mənim oğlumdur, – bu sözlərlə bərabər Cabbarın üzündə məyus bir təbəssüm parlayıb sönərək əzab cizgilərinə dəyişildi. – Bax, dodaqları mənimkilərin tibqi deyilmi? İftiralar nəyə lazım?
Cabbarın gözləri yenə yaşla doldu. Bir neçə dəqiqəlik sükutdan sonra şikayətedici səslə:
– Bir il əvvəl görürəm “Kaspi” qəzetində yazılmış: “Kiyev tələbələrindən Cabbar Salah oğlu fücətən vəfat etdi”. Buradan hansı xəbis isə qəzetə belə bir məlumat vermişdi... Bu vəhşətə qarşı nə deyəsən; sən bu sürüdən vətən və millət xadimliyi gözləyirsən...
Rüstəmbəyin təkrar saata baxması Cabbarı düşündürdü: sözlərini yarımçıq kəsib dik qalxdı.
– Bağışla, – dedi, – səni rahatsız etdim. Ürəyimə toplananları sənə söyləmək üçün gəldim... Bəzən mühit mənə çox ağır görünür...
Rüstəmbəy Cabbara təsəlli verdi, deyilənlərə çox da əhəmiyyət verməməsini tövsiyə edərək, zəngi basdı. Bir dəqiqə sonra qarson hazır oldu. Rüstəmbəy fayton çağırmasını rica etdi. Qarson haman çəkilib getdi, Cabbar da təkrar üzr istəyib, otağı tərk etdi.
1 Burada: bir anın özü də qənimətdir
2 Ukrayna hələ ölməmişdir
Kitabxana.az · https://kitabxana.az/ru/works/cemenzeminli-studentler-ikinci-kitab-ikinci-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşam saat ona kimi oxudular. İkisi də bərk yorulmuşdu. Əli cəsarətsiz bir səslə yoldaşına dedi:– Doğrusu, Cavad, mənim başım daha heç işləmir.
Sidiİlk əvvəl onu bir avtomobil fabrikində görmüşdüm: manövr idi, yəni ən aşağı dərəcəli iş görürdü: süpürürdü, zibil daşıyırdı. Maşınları təmizləyirdi və qazandığı da yalnız bir parça yavan çörəyə və mənzil kirayəsinə gedirdi. Onu fabrikdə tanımayan yox idi, hər kəs ona buyurur, işlədir və onunla əylənirdi.Qiyafəsi qəribə idi: başdan ayağa qədər yağ və çirkə batmış paltarı əvvəlki rəngini çoxdan itirmişdi. Hətta üzünün dərisi belə solmuş və kirləşmişdi. Yalnız dişləri ağarır və gözləri işıldayırdı.
Osman DövlətşinO çox şenlikli, bol nəşəli Kiyev bu dəfə boş qəbiristanı andırırdı: küçələr sönük, qəmgin idi; kimsə evindən dışarı çıxmağa cəsarət etmirdi. Yalnız çörəkçi dükanlarının önündə uzun sıralar görünürdü. Oradaburada düşüb partlayan mərmilərə, tüfəng şaqqıldamasına baxmayaraq bu adamlar cansız bütlər kimi düzülüb çörək gözləyirdilər. Hansı qüvvələrin şəhərə hakim olduğu bəlli deyil idi. Belə zamanlarda min bir şayiə dövran edər, çoxusu da doğru olmaz. Sabah ertə ukraynalıların poçtaya hücum etdiklərini söylədilər. Dünən bir məktəbin ətrafında qanlı vuruşmalar olmuş; kim bilir, sabah bu qan və atəş haralara keçəcək?Ara-bir divarlara xitabnamələr yapışdırılır: Ukrayna hökuməti kəndliləri bolşeviklərlə mübarizəyə dəvət edir... Bu elanları, çağırışları oxuyan olurmu? Hər kəs zirzəmilərdə; xalq can qayğısındadır.
Qoz ağacıHər ilki kimi, bu il də Məşədi Xonku məhərrəmə hazırlaşırdı.Köhnə katbini sandıqdan çıxardıb, xəzlərini güvədən təmizləmişdi, sarıq və qurşaq üçün tədarük olunmuş şal parçalarını günə sərmiş, uzunboğaz çəkmələr piylənmiş, qılıncın da pasına qarşı tədbirlər görülmüşdü.
Стихи других поэтов
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
ای شاه چو کردگار بگشاد ترادر ملک بقای جاودان داد ترا