Kiçik qardaş
Страница 2 из 3 · 33%
Bir yanıq iyi verən sarımtıl binanın qabağında insan qarışqa kimi qaynaşırdı. Bir tərəfdə qızlar cərgəyə düzülmüşdü, bir tərəfdə oğlanlar növbəyə dayanmışdı, həm də, işin tərsliyindən, Samur ora çatanda o hamama, hələlik, yalnız “fezo” uşaqlarını buraxırdılar və təkcə “fezo” uşaqlarının o hamamda çimib-çıxmağından ötrü, Samurun, təsəvvürüncə, bəlkə bir il vaxt keçməli idi.
Samur soruşub öyrəndi ki, belə hamamın biri də dəmiryol vağzalındadır və bir azdan oradakı hamamın qabağında da Samur təxminən eyni mənzərəni gördü: onda Samurun ağlına gəldi ki, qayıdıb, komendanta pul verib canını bu müsibətdən qurtarsın, çünki bayaq yataqxanada yer almağa gedəndə o, kiminsə komendanta xəlvətcə pul verib içəri keçdiyini görmüşdü. Onda komendanta pul verməyə Samurun cəsarəti çatmamışdı, ancaq neyləmək olardı, ayrı əlac yox idi, – Samur hardan biləydi ki, o “fezo” uşaqlarının o hamamdan çimib-çıxmağından ötrü bir il lazım deyil, cəmisi bir saat vaxt lazımdır və indi o, təzədən yataqxanaya qayıdıb komendanta pul verməyə gedəndə, o uşaqlar artıq çimmişdilər də, çıxmışdılar da və bu saat cərgəyə düzülüb, təmizlik-sağlamlıq haqqında mahnı oxuya-oxuya öz yataqxanalarına gedirdilər... Komendantın, sirimsəmiş çay daşına oxşayan sərt və kosa sifəti vardı, gözləri xırdaca, yupyumru gözmuncuğuna oxşayırdı və vurtut gözmuncuğu boyda olan bu iki bapbalaca insan gözündə birdənbirə üzə çıxmış əclaflığa-əzazilliyə Samur böyük təəccüblə baxırdı:
– Ə, sən bayaq o oğlandan pul almadın?
– Çıx bayıra, zırrama oğlu zırrama. Səni bu saat şil-küt eləyərəm!..
Bu çığır-bağırdan sonra Samur vağzaldakı hamama bir də qayıtmalı oldu və axşamtərəfi, saat ona az-maz işləyəndə Samur o hamamın qapısından içəri girə bildi.
O, bir uzun dəhliz gördü, orada, maykası-trusiki əlində, bir hisli bacanın qabağında dal-dala düzülmüş xeyli çılpaq adam gördü – bu adamların mayka-trusikini haradasa bacanın o biri tərəfində deyəsən dərmanlayırdılar, ya da oda tutub qarsıdırdılar – paltar yanığının dərmanqarışıq iyi gəlirdi; haradasa bir arvad hirsli-hirsli deyinirdi, yəqin ki, kiminsə kirli maykasını söyürdü, kiminsə cırıq trusikini lənətləyirdi, çünki o arvadın səsi o dərman iyli bacanın dalından gəlirdi və bütün mayka-trusikləri dərmanlayan da yəqin ki, o arvad idi. O arvad orda qışqırırdı, bu yanda bacanın başına doluşanlar gülürdülər, o arvadin səsini yamsılayırdılar – arvad hirslənib daha ucadan qışqırırdı və Samurun təsəvvüründə o arvad bacanın dalındaca yavaş-yavaş Buzbulaq məktəbinin süpürgəçisi Zərövşənə çevrilirdi; çünki göz açıb o məktəbi görəndən bəri Samur o Zərövşəni də həmişə, uşaqlar gülüşəndə, hirslənən görmüşdü. Fərq bircə burasındaydı ki, bu uşaqlar yekəydilər, üstəlik, bu uşaqlar lüt idilər, hamısı lüt idilər və buradakı Zərövşənin halı daha pis olmalıydı, çünki ona lüt adamlar gülürdülər... Lüt adamlar mayka-trusiklərini bir bacadan təhvil verib, o biri bacadan təhvil alırdılar. Lüt adamlar haradasa suyu şappıldada-şappıldada çimirdilər. Lüt adamlar sevinirdilər və Samur bu sevincdən heç nə anlaya bilmirdi. Samur bu adamların qabağında soyunmaq istəmirdi, o bacanın qabağında dayanmaq istəmirdi, o, buradan mümkün qədər tez qaçıb-qurtarmaq istəyirdi, ancaq qaçmırdı, dayanmışdı, elə bil tilsimə düşmüşdü və bu tilsimli, bu qəribə halında Samur yenə o məktəbi görürdü; dəhlizin divarı dalında suyu şappıldada-şappıldada çimənlər o məktəbin uşaqları idilər – səs onların səsi idi – o divarın dalında çığırışanları, o suyu şappıldadanları Samur görmürdü və Samura elə gəlirdi ki, haradasa indicə zəng çalınıb, tənəffüs indicə başlanıb...Samura elə gəlirdi ki, hardasa isti yağış yağır.
Samur o hamamdan çıxanda hava nisbətən sərinləşmişdi, şəhər nisbətən sakit idi, amma o yağış hardasa hələ də yağırdı. O yağışın ölü şırıltısını indi Samur elə bil yuxuda eşidirdi. O yuxuda Samur bir də komendantın səsini eşidirdi və o səs də indi ölü idi – Samuru nə qorxudurdu, nə hürküdürdü – onun canındakı küt ağrını bir azca sızıldadıb ötüşürdü, – əriyib, o yağışın ölü şırıltısına qarışırdı. Bu da belə bir yuxu idi...
Şəhərin harasında olduğunu Samur bilmirdi. Axşamın hansı vədəsi idi – Samurun xəbəri yox idi. Samur bircə onu bilirdi ki, Ələkbərlə pivə içdikləri vaxtdan çox keçib. Bilirdi ki, Ələkbər yatıb, çoxdan yatıb. Ələkbərin yanına daha qayıtmayacağını da bəlkə Samur bilirdi. Ancaq Samurun vağzal tərəfdəki pivə köşkündən, onun yerindən-yurdundan xəbəri yox idi və ora Samur necə gedib çıxmışdı – bunu bir Allah bilirdi...
Gecənin naməlum bir vədəsində, o pivə köşkünün qabağında Samur elə bil yuxudan ayıldı. O yağış da orda kəsdi – ölü yağış, ölü yağış şırıltısı... Və gecənin o naməlum vədəsində o pivə köşkünün qabağında Samur birdən özünə gəlib, qabağındakı pivə şüşələrinə bir müddət heyrətlə tamaşa elədi: beş şüşə pivə idi, biri boş idi, dördü dolu idi və bu qədər pivəni Samur heç vaxt bir oturuma içməmişdi. Və pivə deyilən şey Samura heç vaxt bu qədər ləzzət verməmişdi. Ağzında – içdiyi pivənin dadı, ürəyində – dolu şüşələrin sevinci... O hamamdan, komendantdan, o ölü yağışdan sonra hələ göydə o Ay nə idi – Allah bilirdi və o yanda Ayın işığında qara relslər vağzal boyu yatışmışdılar... Pivə satan öz ağappaq maykasında eşikdə, kətil üstdə oturub çay içirdi: nə yaxşı ki, pivə satanın maykası ağ idi və nə yaxşı ki, Samur o hamamda soyunmamışdı, çimməmişdi... nə yaxşı ki, bu pivə köşkündə Samurdan, dükançıdan və dəmiryolçu paltarı geymiş iki nəfərdən savayı ayrı adam yox idi və nə yaxşı ki, o iki nəfər yavaş danışırdı, ucadan bağırmırdı... Nə yaxşı ki, Samur o pivədən beş şüşə almışdı, az almamışdı...
Göyün bir tərəfi ağ idi – Ayın rəngində idi. Vağzalın bir tərəfi boş idi – o boşluqda qara relslər baş-başa verib yatışmışdılar. Qara relslər Ay işığında işara-işara dincəlirdi. Gün ərzində günəşin istisindən və adamların tapdağından cana doymuş yollar da dincəlirdi – yollar boş idi. Vağzalın yan-yörəsindəki dükanların da hamısı bağlı idi. Gecənin o naməlum vədəsində, elə bil özündən də xəbərsiz, gedib üstünə çıxdığı o pivə köşkünün dəmiryolçu paltarı geymiş o iki nəfərə görə açıq olduğunu Samur bilmirdi. Ancaq o bilirdi ki, gecdir. Bilirdi ki, şəhər yatır. Və gecənin belə bir vədəsində gözdən-könüldən uzaq bir pivə köşkünün qabağında beş şüşə pivəni yan-yana düzüb, qorxusuz-hürküsüz dayanmağı Samura hər şeydən çox ləzzət verirdi, çünki belə şey heç bir buzbulaqlının işi deyildi, çünki burda çoxdan bəri alver eləyən Ələkbərin özü də, gecə vaxtı, qaldığı məhəllədən bir addım o yana keçə bilmirdi. Və o Ələkbər pivəni də yəqin ki, qorxusundan bir parç alırdı, çünki bura Bakı idi və bütün buzbulaqlıların fikrincə, Bakıda ehtiyatlı olmaq lazım idi...
Amma Samur qorxmurdu, qətiyyən qorxmurdu. Sərinləyə-sərinləyə, dincələ-dincələ həmin o buzbulaqlıların gözü ilə Samur hərdən öz-özünə də uzaqdan-uzağa nəzər salırdı və bəlkə ömründə birinci dəfəydi ki, o özünü belə güclü görürdü, belə sərbəst görürdü... Amma yox, birinci dəfə deyildi: bir gecə Buzbulaq çayının dəhnədən, dəyirman arxından da bir xeyli o yanında, çayın bir sıldırım qayadan şırhaşır töküldüyü yerdə, Ay işığında tək-tənha çimən də o idi, Samur idi...
Onda Samur səkkizdə oxuyurdu, Ələkbər doqquzuncu sinifdə idi. Və o Ələkbər indi yəqin ki, yeddi yuxunun içindəydi və Ələkbərin yatdığı otaq isti idi, yaman isti idi...Vağzalın o tərəfi də möhkəm isti olmalı idi, çünki orda qatarlar dayanmışdı, orda gur işıq yanırdı. Samur o səmtə baxmaq istəmirdi, göyə baxırdı, Aya baxırdı, ayın-göyün ağlığına baxırdı, çünki o ağlıqda bir az sərinlik də vardı...
O ağlıqda bir qəribə aydınlıq da vardı. Və öz beş şüşə pivəsinin hələ bircəsini içib, dünyaya heyran-heyran tamaşa eləyəndə Samurun şüurunda da bir qəribə aydınlıq vardı. Elə bil haçansa itmiş Samur gecənin o naməlum vədəsində o pivə köşkünün qabağında birdən-birə təzədən tapılmışdı. O, bu böyük şəhərə niyə gəldiyini unutmuşdu, gecəni harda yatacağını bilmirdi... Samur idi, bir xəlvət pivə köşkü idi, bir də göyün tən ortasında dayanmış o Ay idi ki, o gecə yer üzündə Samurun ondan tanış, ondan yaxın heç kəsi, heç nəyi yox idi. Bir də hardasa Buzbulaq deyilən bir yer vardı, orada da Ay çıxmışdı və o Ayın süd kimi işığı nə ki var, Buzbulağın torpaq damlarının üstündə idi. Yumşaq, yastı, hamar damlar Ay işığında ağappaq ağarırdı. Və nə yaxşı ki, pivə satanın maykası da ağ idi, təmiz idi. Və nə yaxşı ki, Samur o hamamda soyunmamışdı, çimməmişdi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ekrem-eylisli-kicik-qardas
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.
Tənha narın nağılıI**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.
Bir misranın yuxusu(Yaxud yas yerindən reportaj)*1**
Kür qırağının meşələri1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.