Страница 3 из 3 · 67%

Göyün tən ortasında dayanmış Ayın dövrəsində ağ buluddan bir müxtəsər rəng var idi, haşiyə var idi; və o buluda baxıb sərinləyə-sərinləyə, hardasa Ay işığında bir ağ yuxu içində şirin-şirin yatan Buzbulağa tamaşa elədikcə, Bakıda Ələkbərin qaldığı otaq Samura xalis cəhənnəm kimi görünürdü. Samur o otağı yadına salmaq istəmirdi. Ordakı döşəkağıların üstündə quruyub qat bağlamış qırmızı taxtabiti qanı hər yadına düşdükcə Samurun əti çimçəşirdi, ürəyi bulanırdı. Bir də o komendant yada düşəndən-düşənə Samur buna oxşar hiss keçirirdi...

O komendantı Samur bir də heç vaxt görməyəcəkdi, – buna söz ola bilməzdi. Ancaq Ələkbəri görəcəkdi, mütləq görəcəkdi. Ya bir-iki aydan, ya da lap bir-iki həftədən sonra Ələkbər pullu oğlan olduğuna görə Buzbulağın küçələrində tamam başqa cür gəzəcəkdi və Buzbulağın ərlik qızları Ələkbərə tamam başqa cür baxacaqdılar. Və bir gecə Buzbulaq qocalarından biri o qızlardan birinin evində əyləşib çay içə-içə Ələkbəri tərifləyəcəkdi: işbiləndi, diribaşdı, ruzuludu... – deyəcəkdi. – Şəhər görüb, dünya görüb, hər uşaq-muşağa tay deyil... – Qoca cavabını alıb gedəcəkdi və Buzbulaqda bir qız o gecə sevincindən səhərəcən yatmayacaqdı. Və dünyanın işinə bax: gecənin bu cəhənnəm istisində, bir kirli yorğan-döşəyin içində bu saat tər töküb iylənə-iylənə yatan Ələkbərə görə yuxusuz qaldığını o qız heç vaxt bilməyəcəkdi...

Bakıda olduğu dörd-beş həftə ərzində o gecə birinci gecəydi ki, Samur tam sərbəst idi, rahat idi; pivəni tələsmədən içirdi, çünki pivə içə-içə söhbət eləyən dəmiryolçu paltarı geymiş o iki nəfər də tələsmirdi; pivə satanın özü də tələsmirdi: öz ağappaq maykasında o, bir alçaq kətil üstündə oturub, armudu stəkanda qurtum-qurtum çay içirdi... Və görən bu nə sirr idi ki, o gecə vağzal yanındakı pivə köşkündə o pivəni içdikcə Samur nə ağırlaşırdı, nə sərxoş olurdu, əksinə ayılırdı, yüngülləşirdi. O gecə birinci dəfə idi ki, Samur Buzbulağı bütöv görürdü, nə ki var görürdü: hündür ağaclarını da, alçaq kollarını da... Daşını-qayasını, çayını-çeşməsini... Ağacların başındakı Ay işığını, ağacların dibindəki qaranlığı... Kimin hansı damda, kimin hansı eyvanda, kimin hansı ağacın dibində yatdığını Samur görürdü. Yayın bu vaxtında Buzbulaqda örtülü yerdə yatan olsa-olsa Haşım ola bilərdi və o gecə vağzal yanındakı pivə köşkünün qabağından, Haşımın bir enli çarpayıda arvadı Nubarla dal-dala necə uzandığını da Samur görürdü...

Dəmiryolçu paltarı geymiş o iki nəfərin o pivə köşkündən nə vaxt getdiyini Samur görmədi. Bir vaxt Samur gördü ki, pivə satan onun qabağındakı boş şüşələri yığışdırır. O şüşələri yığışdıra-yığışdıra o ağ maykalı kişinin mehribanca gülümsəməyini də Samur gördü və ayrı heç nə görmədi.

III

Ertəsi gün, səhər çağı Buzbulaqdan on beş-iyirmi kilometr aralıdakı stansiyada Samur qatardan düşdü. Maşına minib Buzbulağa getməyə pulu yox idi (olan-qalan pulunu provadnikə vermişdi). İstəsəydi, üstüaçıq maşınların birində Buzbulağa pulsuz da gedə bilərdi, ancaq pulsuz olmağını heç kəsə bildirmək istəmədi. Stansiyadan paypiyada Buzbulağa yola düşdü. Kəsə yolla, kolun-kosun, daşın-çınqılın arası ilə, gün başına döyə-döyə, bir xeyli gedəndən sonra Samur Buzbulaq kolxozunun sahəsinə yetişdi. Bağların yay meyvəsi qurtarmışdı, payız meyvəsi hələ yetişməmişdi. Buna baxmayaraq, ağacların birində Samur bir necə ərik tapdı. Bir-iki kal alma, bir-iki kal armud, kal şaftalı... Və kolxoz bostanının hovuzunda, soyunub ləzzətlə çiməndən sonra o özünü böyürtkən kollarının ən sıx yerinə verib doyunca böyürtkən yedi. Sonra Samur arx qırağında, axar su kənarında, bir ağacın sərin kölgəsində uzanıb xeyli yatdı və axşam qaş qaralanda yuxudan ayılıb evə getdi.

...Samur Haşımla görüşmək istəmirdi. Amma Haşım Samurun qayıtdığını sən demə bilmişdi. Küçə qapısından eyvanın yanınacan uzanan enli xiyabanla o, asta-asta, sallana-sallana, boylanıb ətrafındakı ağacların budaqlarına baxa-baxa gəlirdi. Və böyük qardaş gəlib eyvana yetişənəcən Samur institut barədə Haşıma nə deyəcəyini düşünüb qət eləyə bildi.

– İşığı niyə yandırmırsan?

– Nə bilim... İndi gəlmişəm.

– Yalan demə, indi gəlməmisən. – Haşım qolundakı saata baxdı. – Çoxdan burdasan. – Və işığı yandırıb, Samurun gözünü açandan bəri bu eyvanda gördüyü, dairəvi stolun yuxarı başında əyləşdi.

– Niyə gəlmisən? Pulun qurtarıb?

– Yox, kəsildim... Pulum qurtarmayıb...

– Yaxşı. Lotuluq eləmə... Bilirəm, kəsilməmisən.

Samur qətiyyətlə:

– Kəsilmişəm! – dedi, çünki Haşımdan can qurtarmaq üçün ayrı yol yox idi. Çünki dərslərin başlanmağına hələ bir həftə qalırdı – Haşım onu Bakıya təzədən qaytara bilərdi.

Haşım bir qədər əsəbiləşdi.

– Ciddi adam olmaq istəmirsən də, zor deyil ki! İstəmirsən, vəssalam! Heyvərəlik elə bil boyuna biçilib.

Samur heç nə demədi. Bir müddət Haşım da susdu. Biri həyətə, biri tavana – hərəsi bir tərəfə baxdı. Haşım ayağa qalxdı.

– Dur gedək, çörək yeyək... Orda söhbət eləyərik.

– Mən çörək yemişəm.

– Dur, yaxşı. Naz eləmə... Nubar badımcan dolması bişirib.

– Yox, getmirəm. Çörək yemişəm.

– Harda yemisən?

Samur çaşdı, çünki onun çörək yeməyə doğrudan da iştahı yox idi və bir yerdə çörək yeməyi də Samurun yadına gəlmirdi.

– Səhər tezdən stansiyada qatardan düşmüsən. Bütün günü kolxoz massivində avaralanmısan. Nə olub axı? Azarın nədir? Bu zəhrimarı de, biz də bilək də!..

Samur susurdu. Dünəndən, srağagündən bəri bir dəfə də yadına düşməyən qəbul kağızının cibində olub-olmamağı onu birdən-birə bərk narahat eləmişdi: ya o kağız cibində ola-ola qardaşına yalan demək Samura çətin gəlirdi, ya da Samur Haşımın birdən əlini uzadıb o kağızı onun cibindən çıxaracağından qorxurdu. Hər halda o kağızı Samur çoxdan cırıb atmalı idi. Atmağı yadına gəlmirdi, əlini cibinə salmağa da qorxurdu. Beləcə axmaq və mənasız bir qorxunun içində Samur çaşıb qalmışdı.

Və Haşım nə fikirləşdisə təzədən oturdu.

– Mənə xəbər veriblər ki, sən instituta girmisən.

– Kim xəbər verib?

– Bunu sənin bilməyin yəni çox vacibdir?

Sükut. Sonra Haşım eyvanda ayaq üstdə gəzinirdi.

– Qəribə adamsan! Vallah, çox qəribə adamsan!.. Hansı məssəbə qulluq elədiyini bilmək mümkün deyil. Burdan vurub Bakıya gedirsən – orda da, o küt ağlın adi bir şeyi kəsmir: gedib julikin, alverçinin birinin yanında qalırsan. Qalmağa ayrı bir yer yox idi? Yoxsa mən sənə ev tutmağa pul verməmişdim?.. Görürsən də, belə adamsan! Qardaşlığın bir yana, bir qara qəpiklik insanlığın da yoxdur! Axı sən bilməliydin ki, sənə orda qalmaq olmaz! Axı sən bilməlisən ki, mənim də dostum var, düşmənim var. Eşidən-bilən nə deyər: kənd soveti sədrinin qardaşı gedib, alverçinin birinin qoltuğuna qısılıb. Sənin üçün ayıbdı axı.

– Qoltuğuna niyə? Mən də öz pulumu verirdim də.

– O pulu ayrı yerdə verəmməzdin?

– Harda? Mən orda kimi tanıyıram ki?

Haşım məhəccərə söykənib harasa baxmağa başladı. Haşımın üzü o tərəfə idi, ancaq Samur əlini cibinə salıb, o kağızın orda olub-olmamağını yoxlamağa yenə cəsarət eləmədi.

– Yaxşı. Bunlar öz yerində. De görüm, instituta girmisən, ya girməmisən?

– Girməmişəm.

Haşım məhəccərdən aralandı.

– Yalan deyirsən axı!

– Nə bilirsən ki, yalan deyirəm?

– Gözünün içindən bilirəm. Haşım qayıdıb, öz əvvəlki yerində əyləşdi.

– Qəbul kağızı cibindədi?

– Yox.

– Bəs hardadı?

– Deyirəm, kəsilmişəm də!

Haşım azca fikirləşdi və bu dəfə Samurun kəsilməyinə inandı, özü də birdən inandı.

– Bəs indi neyləyəcəksən? Əsgər gedəcəksən?

– Hə... – Elə bil Samurun çiynindən bir böyük dağ götürüldü.

– Nə deyirəm ki, özün bilərsən. – Haşım yavaş danışırdı. – Kefin necə istəyir, elə də yaşa. Amma... Haşım fasilə verdi. – Amma şərtimiz yerində qalır: daha məndən sənə kömək yoxdu. Deməli, çörək yeməyə getmirsən?

– Yox. Sağ ol, getmirəm.

Haşım pilləkənləri enib, yenə ağac-budağa altdan-yuxarı tamaşa eləyə-eləyə, yavaş-yavaş qapıya tərəf yeridi. Bu xasiyyət Haşımda burdan köçəndən sonra peyda olmuşdu: ağac-budağa baxmaq xasiyyəti. Və burdan köçəndən sonra Haşımın bu ağac-budağa aşkar yazığı gəlirdi (bunu Samur çoxdan hiss eləmişdi). Böyük qardaşın həyətin ağaclarına belə məlul-məlul baxmağının səbəbini də Samur çoxdan bilirdi: Haşımın dərdi-səri – bir vaxt öz əli ilə əkib-becərdiyi və indi bütün kənddə tayı-bərabəri az tapılan bu cins ağacların bir fərsiz qardaşın ümidinə qalmağı idi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 мин
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 ч 10 мин
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 ч 5 мин
Kür qırağının meşələri

1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.

197049 мин

Стихи других поэтов