Страница 4 из 6 · 50%

Sərən arvadın dünyada iki şeydən xoşu gəlmirdi: bir molladan, bir də Sovet hökumətindən. Elə öləndə də sözünün üstündə bərk durdu:

– Yasıma molla-zad gətirmiyəsən. – dedi. – Ölümü də aparıb Buzovnada Əzizağaynan Mələkxanımın yanında basdırarsan. Yaxşı camahatdı buzovnalılar, əsl insan elə onnardı. NÖŞÜN Kİ... (ömründə, Buzbulaq ləhcəsindən savayı heç bir danışığı adam danışığı saymayan Sərən arvad buzovnalıların hər kəlməbaşı işlətdiyi o “nöşün ki”ni söz yox, özünün Buzovna camaatına olan dərin hörmət və ehtiramına “əşyayidəlil” olaraq – ölüm ayağında – dilinə (gətirmişdi). – Nöşün ki, onlar (yəni buzovnalılar) bu hökumətin qayda-qanununa tabi olmur...

Buzbulaqda olduğu o ayyarımda Səfalı müəllim çox yuxular görüb, bu dünyanın çox işlərini ürəyində dönə-dönə götür-qoy eləmişdi; sanki hələ heç başlamamış qurtarmaqda olan yetmiş iki illik bir ömrün acısından da, şirinindən də – həmin o ayyarım vaxtın payına düşəcək qədərində – bol-bol dadmışdı. Və axırda belə bir qərara gəlmişdi ki, uşaqlığı və cavanlığın ilk dövrünü nəzərə almasan, ötüb keçən ömürdən insanın yadında demək olar ki, heç nə qalmır. Qalanda da, elə şey qalır ki, onun bir rişəsi – tilişkəsi haradasa yenə uşaqlığın üstünə gedib çıxır. Məsələn, amerikalı professor Nil Armstronqun Aya uçmağı. Bu hadisə Səfalı müəllimin yetmiş iki illik həyatında ona görə əlamətdar hadisələrdən biriydi ki, o Ayın barəsində Sərən arvad bir vaxt Səfalı müəllimə dünyanın ən gözəl nağıllarını danışmışdı. Səfalının – bəlkə lap ana südü əmdiyi vaxtlardan – Sərən arvadın dilindən eşitdiyi o nağıllarda Ay bir gözəl-göyçək oğlan, Günəş mələk kimi bir qız idi və yer üzündə – otdan, yoncadan tutmuş, uca çinar ağaclarınacan – nə varsa, hamısı o iki aşiq və məşuqun sevgisindən yaranmışdı. Sapsarı günəbaxan onların ilk övladıydı – ona görə həmişə göyə baxırdı. Qıpqırmızı dağ laləsi də göydəki o sevgidən doğulmuşdu və o qıpqırmızı dağ laləsi ona görə həmişə gecə yumulub, səhər açılırdı ki, onun Günəş anası ona yalnız səhərlər döşündən süd verirdi... Sonra Səfalı süddən kəsilmişdi. Böyüyüb məktəbə getmişdi və söz yox, bilmişdi ki, Ay oğlan deyil. Ancaq onun bir vaxt ana südü ilə bir yerdə əmdiyi o nağılların havası, rəngi, işığı bu dünyadan necə çəkilib gedə bilərdi, hara çəkilib gedə bilərdi?.. Və Səfalının – o sapsarı günəbaxanla, o qıpqırmızı dağ laləsilə eyni vaxtda bu dünyanın havasından, rəngindən, işığından süd əmən əfsanəli-nağıllı xəyalı sonralar o Ay-Oğlanı bir laləli-günəbaxanlı Ay-Dünyaya çevirmişdi. Və beləcə illər uzunu dünyanın ən duru çayları Ayın səthindən axmışdı, otun ən yaşılı, ağacın ən ucası orda bitmişdi, insanın ən yaxşısı o yaşıl çəmənlərdə, o uca ağacların altında gəzib dolanmışdı; Ayın masmavi sularında bir vaxtı Səfalı müəllimin gəmiləri üzmüşdü.

Və həmin o “Apollon-11” kosmik gəmisinin aya uçduğu günü yada salanda indi Səfalı müəllimin hər şeydən çox özünə acığı tuturdu, çünki o gün, yəni 21 iyul 1969-cu il tarixdə o zaman Baksovet tərəfdə yaşayan Səfalı müəllim evdən çıxıb, o Qoburnat bağı ilə üzüaşağı dəniz sahilinə – gəzməyə üz qoymasaydı, bəlkə o dəhşəti də heç vaxt öz gözüylə görməyəcəkdi və əgər onu öz gözüylə görməsəydi, bəlkə o sarsıntı da Səfalı müəllimin ömrünün, necə deyərlər, qıraq-bucağından sakitcə sürüşüb xata-bəlasız ötüb keçəcəkdi. Əlbəttə, bir şeyin barəsində min dəfə, milyon dəfə oxumaq, ya eşitmək onu bircə dəfə gözlə görməyin yerini verməz. Və o gün o Qoburnat bağında, İçərişəhərin qala divarının dibindəki çayxananın iri ekranlı, rəngli televizorunda Ayda qapqara tozdan savayı heç nə olmadığını Səfalı müəllim öz gözlərilə görmüşdü. Nil Armstronq skafandrda, o tozun-torpağın içində eşələnirdi. “Apollon-11” yuxarıda, onun başının üstündə vertolyot kimi fırlanırdı. Səfalı müəllim o qara toza baxırdı və anası Sərən arvadın, Buzbulaqda, odun sobasının “durbalarından” hər yaz çırpıb tökdüyü qapqara qurum Səfalı müəllimin gözünün qabağına gəlirdi: Elə bil lap Nuh əyyamından bəri buzbulaqlıların qış uzunu yandırdıqları bütün sobaların qurumunu aparıb, hər yaz Ayın üstünə boşaltmışdılar...

O gündən etibarən, dünya Səfalı müəllimin nəzərində qabaqkı sirrini-sehrini yavaş-yavaş itirməyə başlamışdı. Bu dünya yaman yoxsullaşmışdı, yazıqlaşmışdı, üstəlik, o dünyaya olan ümidin də elə bil rəngi solmuşdu, işığı yoxa çıxmışdı. Gecələr Azərbaycan filologiyasının yolunda göz yağı əridib, gündüzlər gedib institutda rektorluq eləmək də bu hadisədən sonra Səfalı müəllimin nəzərində mənasız bir şeyə çevrilmişdi. Bundan sonra Səfalı müəllimdə nəinki səmanın sonsuz zənginliyinə və qalaktikanın sehrli gözəlliyinə, hətta yalan olmasa deyərdim ki, Sərən arvadın müdrikliyinə və zərnigarın yaxşı ana olmağına da əvvəlki inam qalmamışdı... Sonra: Yəməndəki o əhvalat, Nuhbala, Renanın Leninqradda o gürcü familiyalı qoca yəhudiyə ərə getməyi... Bütün bunlar, Səfalı müəllimin təsəvvüründə, eyni bir zəncirin müxtəlif halqalarıydı və o zəncirin bir ucu birbaş gedib düz o 21 iyul gününə birləşirdi. Hər dəfə göyə baxıb Ayı görəndə – o qara tozdan, qara qurumdan savayı – Səfalı müəllim Əli Ziyanın gözündəki o şeytanı, o şeytana papış tikən Nuhbalanı və gözünün ağı-qarası yeganə övladı Renanı yada salmağa çoxdan vərdiş eləmişdi. Buzbulaqda isə elə ki Ay çıxdı, onu görmək üçün göyə baxmağa ehtiyac yox idi. Orada, evdə-eşikdə, hər yerdə Ay özü adamı axtarıb-tapırdı. Ağacı, dağı-daşı göydən yerə, yerdən göyə sözə-söhbətə çağırırdı. Ay işığının lap coşub-daşdığı gecələrdə hətta quşlar da yuvalarında rahat yata bilmirdi. Elə öz həyətindəki cəviz ağacının baş budağında yuvası olan qoca qarğanın ah-naləsi belə vaxtlarda, neçə dəfə Səfalı müəllimi diksindirib, gecənin şirin yuxusundan ayıltmışdı...

Amma, bir tərəfdən baxanda, o Buzbulaqda Səfalı müəllim çox rahat idi. Onun bu kənddəki rahatlığını beş-on gün həmin o Taryel pozmuşdu. Bir dəfə Xızır kişi gecə “tırvızorda” SSRİ xalq deputatı şeyxülislam Allahşükür Paşazadənin islam fundamentalizmi barədə imperialist dairələrin uydurduğu şayiələrin ifşasına həsr olunmuş çıxışına qulaq asıb, sübh tezdən – hələ heç xoruzlar banlamamış – Səfalı müəllimin başının üstünü kəsdirib, respublika hökumətinin acınacaqlı vəziyyəti barədə söylədiyi atəşin nitq ilə onu, yəni Səfalı müəllimi bir qədər narahat eləmişdi. Bir də, yeni-yeni iqtisadi tələblər irəli sürməklə, Səfalı müəllimi rəhmsizcəsinə tam müflisləşdirmək məqsədi güdən o bic-vələdüzna Qoqan hərdən tətil elan edib, həyəti suvarmağa gəlməyəndə və Səfalı müəllimin özü, beli çiyninə qoyub, o suyu həyətə bağlamağa gedəndə, küçədə, kəndin arvadları arabir Səfalı müəllimə divan tutmuşdu: “O belin sapından elə niyə yapışmısan, Səfalı müəllim, deyirsən birdən əlivi dişləyər?” “O panamanı niyə başından çıxartmırsan, olmuya qorxursan gün düşər üzüvə?” “Şalvarını yaxşı düymələ, Səfalı müəllim, bülbülü qəfəsdən uçurdarsan...” – Belə vaxtlarda o arvadlar Səfalı müəllimdən nəinki əlli il Bakıda yaşamağının və institutlda on il rektor, iyirmi il professor olmağının, hətta məşhur ədib və böyük ictimai xadim Əli Ziya ilə haçansa dost olmağının, onunla bir təyyarədə uçub, bir mehmanxanada qalmağının, onunla bir təyyarədə uçub, bir mehmanxanada qalmağının, artıqlamasıyla, açığını çıxardılar. Ancaq belə şey həftədə-on beşdə bir dəfə olurdu: o su – dədə-baba qanunu ilə o həyətin payına düşəndə. Qalan vaxtlar Səfalı müəllimə heç kəs dəyib-toxunmurdu; gündüz həyətdə dümələnib, qəzetdən-kitabdan oxuyub, vaxtını keçirirdi. Gecələr eyvanda oturub, Aya-ulduza tamaşa eləyirdi. Ürəyi bərk darıxanda isə Səfalı müəllim həmin o amerikalı professor Nil Armstronqla şirin söhbətə girişirdi.

– Axşamınız xeyir, cənab professor!

– Axşamınız xeyir! Buyurun, professor, eşidirəm. – (Səfalı müəllimin də professor olduğunu Nil Armstronq bilirdi).

– Səhhətiniz necədi, Nil? Siz Aydan qayıdandan sonra Amerikada vəziyyət necədi?

– Normal! Normal! – yenə Nil Armstronq yumşaq kresloda oturmuşdu, ayaqlarının hər ikisini qaldırıb stolun üstünə qoymuşdu və o Nil Armstronqun qabağında yenə viski şüşəsi vardı.

– Nil! Cənab Nil! Hörmətli Nil! Axı mən o Ayın o gündə olmağına hələ də inanammıram!

– İnanın, inanın, yoldaş Səfalı! Ayda həyat yoxdur. Ayda toz-torpaqdan savayı heç nə yoxdur!

– Yəni heç bir ot-zad da yoxdur: yoncadan, yarpızdan, bənövşədən?

– Yoxdur, professor, heç qıyağotu da yoxdur.

– Bəs deyirlər orda dağlar var?

– Var. Dağ çoxdur. Ayın səthi əsasən dağlardan ibarətdir.

– O qədər dağ ola, üstündə bir dənə də lalə bitməyə – belə şey heç mümkündürmü, Nil?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 мин
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 ч 10 мин
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 ч 5 мин
Kür qırağının meşələri

1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.

197049 мин

Стихи других поэтов