Страница 6 из 6 · 83%

– Allah! Allah! – Səfalı müəllimin ah-zarı, deyəsən, təzədən başlanırdı. Nil Armstronq bunu vaxtında görüb, o ah-zarın qabağını almağa çalışdı.

– Ancaq bizim Şimali Amerikada o toxumdan bu saat bir dənə də yoxdur. Axırıncısı Qes Xoll idi, onu da bu yaxınlarda pensiyaya göndərdik... Bəlkə başqa sualınız da var, professor?

– Var! Var!.. – Səfalı müəllim birdən-birə yaman mandraja düşdü, yəqin elə bildi ki, müsahibi durub getməyə hazırlaşır. Ancaq, əslinə qalsa, astronavtdan soruşmağa elə bir vacib şey qalmamışdı: Səfalı müəllimin öz-özüylə bugünkü müsahibəsi qurtarmaq üzrəydi.

– Qaldı ki, gürcü familiyası, bu haqda mən öz qəti fikrimi sizə əvvəllər də bildirmişəm. Məsələ belədi, yoldaş Səfalı: Məhəmməd Əli peyğəmbər əleyhüssəlamın şəxsən özündən tutmuş, lap o – Şərq dünyasının yeni ümid çırağı Səddam Hüseynəcən, hələ yer üzünün heç bir müsəlmanı öz arvadına o kişinin sizin qızınıza göstərdiyi qayğı və nəvazişi göstərməyib... Gecə uşaq ağlayandu durur?

– Durur, Nil, yalan deyə bilmərəm.

– Uşağın yaş əskisini yuyur?

– Yuyur, bəli. Hələ ütüləyir də! – Bunu Səfalı müəllim xüsusi fəxrlə dedi.

– Heç razı olur ki, qızınızın əli bir dəfə uşağın kakaşkasına dəysin?

– Yox! Heç vaxt razı olmur!

– Onda bəs nə istəyirsiz o kişinin familiyasından?! – Nil Armstronq əməlli-başlı həyəcanlanmışdı.

Səfalı müəllim deməyə söz tapmadı. Göydəki Aya baxa-baxa, gözləri yaşaranacan, Leninqraddakı nəvəsini xatırladı. Ancaq Səfalı müəllim Səfalı müəllim olmazdı – əgər o yaş əski və kakaşka söhbətilə Nil Armstronqun yaxasından əl çəksəydi, hərlədib-fırladıb yenə söhbəti Ayın üstünə gətirib çıxartdı.

– Nil! Cənab Nil! Bəlkə siz təsadüfən Ayın pis yerinə düşmüsüz. Bəlkə Ayda ayrı yerlər də var: laləli, günəbaxanlı, bənövşəli yerlər?..

Böyük astronavtın hər biri göy üzünün bir parlaq ulduzuna bənzəyən mavi gözlərində yenə kainatın tanış, təmiz, sehrli təbəssümü peyda oldu.

Nil Armstronq:

– Var! – dedi. – Var!.. Kainatın ən duru çayları, çeşmələri Ayın səthində axır... Ancaq, nə etməli, yoldaş Səfalı, biz bu real həqiqəti hələlik dünya ictimaiyyətindən gizlətməyə məcburuq. Prezidentimizin məsləhəti belədir... Oruell! Sərən arvad!.. Toxum məsələsi, aydındırmı, professor?

– Aydındır. Elə aydındır!.. – Səfalı müəllim nəhayət rahatlandı, dərindən nəfəs aldı, çünki Ayın toz yığnağı olmağı onu heç cür qane eləmirdi; dünya vətəndaşı Səfalı müəllim istəyirdi ki, Ayda da çaylar axsın, gəmilər üzsün, orda da günəbaxan, lalə, bənövşə bitsin. İstəyirdi ki, Ayda da həyat olsun, insan olsun və o insan Yerdəki insandan xoşbəxt yaşasın...

Amma (şeytana lənət!) bu yerdə Səfalı müəllim birdən-birə diksinən kimi oldu və o diksinməklə də elə bil şirin yuxudan ayıldı. Və Səfalı müəllim gördü ki, göydəki Ay Buzbulağın Ayı deyil və özünün oturduğu yer də Buzbulaqdakı eyvan deyil, Zuğulbadakı balkondur... İçəri keçib, saata baxdı: doqquzun yarısıydı, demək yeməkxana çoxdan bağlanmışdı. Səfalı müəllimin fikrindən keçdi ki, bəlkə çıxıb, o yeməkxananın yan-yörəsində Vaska barədə bir də kəşfiyyat işinə baxsın. Amma çıxmadı, görünür, oralarda Əli Ziyaya rast gəlməkdən ehtiyat elədi. Və (yenə şeytana lənət!) Səfalı müəllim o balkona bir də çıxanda bayırda Əli Ziyanı yastı-yastı gəzişən gördü. Ancaq bu dəfə Əli Ziya balkonların altındakı asfalt döşəli, rahat yolla getmirdi, o həndəvərdən xeyli aralıda gedirdi: böyük mütəfəkkir yəqin bu fikirdəydi ki, əgər o həndəvərdə gəzişsə, Səfalı müəllim yuxarıdan onun başına – çaydandan, tok pilətəsindən-zaddan bir ağır şey sala bilər.

Ondan sonra Səfalı müəllim Əli Ziyanı daha heç vaxt heç yerdə görmədi. Sonralar bir nəfər bulvar əhlindən eşitdi ki, guya Əli Ziya hansı hörmətli bir məclisdəsə onun sağlığına badə qaldırıb. Deyib: “Bu badələri içək Səfibalanın sağlığına!” “Mən onu, deyib, çox istəyirəm, ancaq o, (yəni Səfalı müəllim) tərs adamdır, eqoistdir, fatalistdir, maksimalistdir, idealistdir – məni başa düşmək istəmir...” Və o sağlığı deyəndən sonra Əli Ziya guya o badəni son damcısınacan içib və oturub hönkür-hönkür ağlayıb...

...Bəli, bu dünyada belə-belə qəribə işlər çox olur. Sən hələ təsadüfə bax ki, elə mən də, bulvarda, Səfalı müəllimə məhz o vədələrdə rast gəldim. Əli Ziyanın o “tost” əhvalatını təzəcə eşidən Səfalı müəllim o gün elə bir halda idi ki, atalar demişkən, bıçaq vursan, qanı çıxmazdı. Səfalı müəllimin o halı mənə də böyük təsir elədi. Gecəni o qədər pis yatdım ki, səhər duranda hekayətimizin yeni fəsli üçün ad tapmağa da heyim olmadı. Bu da işdir: öz dərdin dura-dura özgənin dərdin, çəkəsən?

Nə isə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 мин
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 ч 10 мин
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 ч 5 мин
Kür qırağının meşələri

1**Kəndin ətəyindəki yol ayrıcından evlərinin qapısınacan Qədiri köhnə tay-tuşlarından biri müşayiət elədi, bir də yolda bir-iki uşaq tapıldı – qapı-qapı, tin-tin arta-arta onlar yekə bir dəstə oldular, gəlib Qədirgilin qapısının ağzına yığışdılar.

197049 мин

Стихи других поэтов