Страница 3 из 3 · 67%

Buzbulaq və onun indiki sakinləri barədə hekayətimizin əsas səhifələri hələ qabaqdadır. İndilikdən isə bircə bunu deməyi lazım bilirəm ki, iyunun on altısından, ta avqustun iyirmi altısınacan az qala iki ay yarımlıq kənd həyatından sonra bu geniş mənzilində bir müddət Səfalı müəllim – bəlkə də heç vaxt olmadığı qədərində – xoşbəxt və rahat yaşamışdı. Əvvəla, məişət rahatlığı: vanna, duş, istədiyin vaxt – isti su, soyuq su. İkincisi – bazar, dükan (ərzaq bolluğu sarıdan Bakı, Buzbulağa baxmış, cənnətin ən gözəl bir guşəsiydi, yer üzünün firavan bir məmləkətiydi!) Üçüncüsü isə, kəndə getmək Səfalı müəllimin canındakı – çox dərinə işləmiş – o nostalgiyanı tamam sağaltmasa da, hər halda, onun illər uzunu Səfalı müəllimə verdiyi arasıkəsilməz əzab-əziyyəti xeyli yüngülləşdirmişdi. Səfalı müəllim özünün şəhərli həyatının qədir-qiymətini elə bil indi-indi duyub, dərk eləməyə başlamışdı.

Bolluq və məişət rahatlığı sarıdan Səfalı müəllimin Zuğulbada da sən deyən çətinliyi olmayacaqdı. İkiotaqlı ayrıca mənzil – deyək ki, palata. İsti su, soyuq su, hər şey: sanatoriyanın yeməyindən də Səfalı müəllim bir o qədər narazı deyildi. Qaldı ki, ürəkistəyən çay məsələsi – onu da təşkil eləmək mümkün idi: “Vaskanın sumkasındakı” o tok pilətəsini Səfalı müəllim elə bu məqsədlə Zuğulbaya aparırdı.

Bir-iki saatdan sonra Səfalı müəllim şeylərini pilləkənin başında – liftin qabağına qoyub, öz dördotaqlı mənzilinin qapısını kilidlədi və erməni – pilləkən qonşusu – Lora arvadın qapı zəngini basdı ki, aşağıda, darvaza girəcəyindəki poçt qutusunun açarını ona versin. İyunda, Buzbulağa gedəndə də o, poçtun açarını Lora arvada vermişdi, çünki Səfalı müəllim xeyli qəzet-jurnala abunəçiydi və bütün bu qəzet-jurnal o qutudan heç olmasa iki-üç gündən bir mütləq götürməliydi.

Səfalı müəllimin hara getdiyini qonşu qabaqcadan bilirdi. Və Səfalı müəllim qabaqcadan qonşudan onu da xahiş eləmişdi ki, gəlib soruşan-zad olsa, onun Zuğulbada olduğunu Lora arvad heç kəsə deməsin. Bunu Səfalı müəllim, bərayi-ehtiyat, qonşunun bir də yadına salmağı lazım bildi:

– Bir nəfər, – söz yox, Taryeli nəzərdə tuturdu, – bilirəm ki, gəlib axtaracaq məni. Deməyin Zuğulbada olmağımı. Naxal adamdı. Sizi çox dəng eləsə, deyin: Leninqrada gedib.

Bu dünyanın hər üzünü görmüş, səksəndən artıq yaşı olan çevik, dilli-dilavər Lora Azərbaycan dilini bəlkə Səfalı müəllimin özündən pis bilmədiyi halda, nədənsə, rusca cavab verdi:

– Çto vı? Çto vı? Ne bespokoytes. Ne skaju. Ni v koem sluçae...

Səfalı müəllim də ruscaya keçdi:

– Mne pridyotsya inoqda bespokoit vas po telefonu. (Yəni: hərdən sizə telefonla zəhmət verməli olacağam).

– Koneçno! Koneçno! Pozvonite, skolko xotite! V çyom mojet bıt razqovor? – Lora arvad sidqi-ürəkdən dedi və Səfalı müəllim ürəyində fikirləşdi ki, əgər Lora rus dilini yaxşı bilsəydi, gərək “v çem” deyəydi: o çem mojet bıt razqovor. Və bunu fikirləşə-fikirləşə də liftin düyməsini basdı.

– Xodyat sluxi, çto Qorbaçyova skoro snimut. (Yəni: şayiə gəzir ki, Qorbaçovu tezliklə işdən çıxaracaqlar). – Lora gözlənilmədən dedi.

– Neujeli?! – Səfalı müəllim hədsiz təəccüblə dilləndi və eyni vaxtda da Taryelin – heç vaxt üzünü görmədiyi – moskvalı qaynatasının general qiyafəsi, olduqca mücərrəd bir şəkildə, haradansa Səfalı müəllimin gözünün qabağına gəldi.

Zuğulbaya çatıb yerbəyer olandan sonra da – günorta yeməyinin vaxtınacan – Səfalı müəllimin sərəncamanda hələ bir saatdan çox vaxt qalırdı və bu vaxt ərzində sanatoriyanın bütün gəzməli yerlərini gəzib-dolanmaq olardı.

Gəzintiyə Səfalı müəllim, bir-birindən müəyyən qədər aralıda, təxminən bir xətt üzrə tikilmiş – bir üzü dənizə baxan – üçmərtəbəli, dördmərtəbəli yaşayış korpuslarının elə həmin o dəniz tərəfindən də başlayası oldu, çünki bu korpusların hamısının balkonu da dəniz tərəfəydi və əgər Vaska sağıydısa, onun aşağı mərtəbədəki balkonlardan birində olmağına daha çox ehtimal vardı. Bundan əlavə Səfalı müəllim həm də çoxdan görmədiyi dənizə tamaşa eləmək istəyirdi. Daha doğrusu, burdan – bu sanatoriyanın ərazisindən görünən dənizə, çünki bu dəniz, əlbəttə, Bakının sahil parkından görünən mazutlu, hisli-paslı dəniz deyildi. Burada dənizin suyu hərdən göz yaşı kimi dumduru olurdu.

Dəniz indi də duruydu. Onun gün düşən yerləri büllur kimi par-par parıldayırdı. Hava da çox isti deyildi. Hər halda, Buzbulağın adamı isti bıçaq kimi kəsən qupquru yayından sonra Abşeronun günəşi Səfalı müəllimə olduqca mülayim və mehriban görünürdü.

Zuğulbanın əsas mövsümü iyul-avqust aylarıydı. Bu aylarda bura putyovka almaq da hər adamın işi deyildi. O iki ayı əsasən vəzifə sahibləri burada ailəlikcə dincəlməyə gəlirdi: bəzi nazirlər, bəzi rayon katibləri, vəzifəli intelligensiya... Bir də – vəzifəsi bir o qədər böyük olmasa da, böyük pulu olanlar... Və bu saat Səfalı müəllimə ləzzət verən bir də oydu ki, cəmiyyətin ən çox yeyən və ən çox zibil istehsal eləyən bu azğın, ərköyün təbəqəsinin iki aylıq “səlib yürüşündən” sonra da təbiət öz yarasını sağalda bilmişdi. Zuğulba – həmin Zuğulbaydı. Dəniz – yerində... Kol-kos, gül-çiçək, ağac-budaq – hər şey yerindəydi. Hətta quşlar da: sərçə, şanapipik, Misir göyərçini... Orda-burda hərdən it, pişik də gözə dəyirdi. Ancaq Vaska yox idi. Sanatoriyada olacağı uzun müddətdə Səfalı müəllim buralarda o Vaskanı hələ çox axtaracaqdı.

Günorta yeməyindən sonra Səfalı müəllim bir saat-saat yarım yatmaq fikrindəydi. Durub, tok pilətəsinin üstündə çayını qaynadacaqdı və bu günün əsas işinə də çaydan sonra girişəcəkdi. Özünün buradakı ikiotaqlı mənzilində Səfalı müəllim hər şeyin yerini dəyişəcəkdi: çarpayısını o otaqdan bu otağa çəkəcəkdi, divanı itələyib, balkona açılan qapının lap yaxınlığına qoyacaqdı; televizoru soyuducunun, soyuducunu televizorun yerinə dartacaqdı və məhz bundan sonra Səfalı müəllim dünyanın ən çox yeyən və ən çox zibil ixrac eləyənlərindən birinin iki ay yaşadığı bu mənzildə özünü nisbətən rahat hiss edəcəkdi. Elə indiyəcən də o, həmişə belə eləmişdi, buna sanatoriyanın “xozyaykasını”, süpürgəçisini də öyrəşdirmişdi, çünki Səfalı müəllimin buradakı həyatı dünyanın o çox yeyənlərinin həyatından nə iləsə mütləq fərqlənməliydi – bunsuz Səfalı müəllim özünə hörmətini itirərdi.

Vaxtdan düz on beş dəqiqə keçsə də, yeməkxananın qapısını hələ açmamışdılar və yeməyə gələnlərin hamısı – qapıdan bir qədər aralıda – qəzet köşkünün yanına toplaşmışdı. Burada dörd-beş nəfər Səfalı müəllimin tanıdığı adam var idi. Ancaq əksəriyyət təzə adam idi. Özü də hamısı bir yerdə – çox olsa, əlli-altmış adam olardı. Əsas sezon sovuşandan sonra – elə o biri illərdə də – burada Səfalı müəllim lap nadir hallarda bundan çox adam görmüşdü.

Beş yüzdən çox adam tutan böyük yeməkxanada Səfalı müəllimin özünə münasib bildiyi yerdə oturmağına heç kəs mane olmadı. Zalın baş tərəfində, şüşəbəndin içində bir yemək yeri də vardı. Xüsusi adamların yeriydi və orda yeyilən xörəyin, necə deyərlər “obşi katyol”a heç bir dəxli yox idi. Şüşəbənddə indi də beş-altı adam oturmuşdu. Özləri də, deyəsən, balıq kababı yeyirdilər. Şüşəbəndə tez-tez girib-çıxan ağ papaqlı, ağ xalatlı aşpazın şiş-şiş ora daşıdığı, hər halda uzaqdan-uzağa ancaq nərə balığının kababına oxşayırdı... Və öz borşunu, kotletini yeyib ayağa duranda şüşəbəndin o yanında oturanlardan birini ƏLİ ZİYAYA oxşadan Səfalı müəllim uzun müddət gözlərinə inana bilmədi.

Əli Ziya ömründə buralara gələn deyildi, çünki, deyilənə görə, Əli Ziyanın hətta Moskvada da ayrıca evi vardı. Mərdəkandakı bağı isə Abşeronun ən yaxşı bağlarından sayılırdı. Buna görə də, Səfalı müəllim fikirləşdi ki, Əli Ziya ya buralara elə-belə gəzməyə gəlib, ya da xaricdən-zaddan qonağı var: qonaqları Abşeron mənzərələri ilə tanış eləyəndən sonra indi bura yeməyə gətirib. Ancaq Əli Ziya ilə bir yerdə çörək yeyən o adamların xarici, yaxud yerli adam olduğunu dəqiqləşdirməkdən ötrü o tərəfə bir də baxmağı Səfalı müəllim şəninə sığışdırmadı. Yeməkxanadan böyük təşviş içində çıxdı və yatmağa gedə-gedə öz-özünə təlqin eləməyə çalışdı ki, guya bu gün, Zuğulba deyilən bu məkanda Əli Ziya adında bir adamı o, heç yerli-dibli görməyib.

Ancaq o adama Əli Ziya deməzdilər – əgər onu yaddan çıxarmaq bu qədər asan olsaydı. Hər halda, Əli Ziyanı bircə dəfə uzaqdan-uzağa görməyi Səfalı müəllimin o günkü gündüz yuxusundan məhrum olmağı üçün tamamilə kifayət elədi. O gün, günorta yeməyindən sonra, Səfalı müəllimin gözünə yuxu gəlmədi, çünki onun necə deyərlər, bütün şüurlu ömrü Əli Ziya ilə bağlı idi. Onlar “ictimai həyata” bir yerdə qədəm qoymuşdular. Burada illər boyu yan-yanaşı yerimişdilər. İndi bəlkə on beş ildən də bir az çox olardı ki, onların haçansa birlikdə qədəm qoyduqları o aləmdə Əli Ziya Səfalısız gəzirdi. Daha orada Səfalı müəllimi itirib-axtaran yox idi və işin birdən-birə bu yerə gəlib çıxmasında Səfalı müəllim həmin o Əli Ziyadan yaman şübhəliydi.

– Səfalı...

– Eşidirəm.

– Kəpbəlayı olmaq istəyirsən?

– Nədi?

– Həvəsin var, səni Məkkəyə aparım?

– Məkkəyə gedənlər bəyəm Kərbəlayı olur?

Telefonda pişik öskürməyinə oxşayan kəsik-kəsik səs gəldi: Əli Ziyanın belə qəribə gülməyi vardı; güləndə səsi heç vaxt öz səsinə oxşamırdı.

– Fələksən, Səfalı, uzun işsən, sənə heç vaxt kələk gəlmək olmur... Yaxşı, qoy olsun Hacı... Hacı olmağınan necədi aran?

– Pis olmaz əllidən sonra... Nədi ki? Deleqasiya gedir?

– Hələlik özümüzük. – Əli Ziya məmnuniyyətlə bəyan elədi. – bəlkə Kiyevdən də bir nəfər oldu. Yəmənə gedirik, çox umsuq olma. Deyirlər, yaxındı Məkkəyə, Minaşa indicə baxıb kartada... Bilikli uşaqdı Minaşa. Bu balam çox hazırlıqlı baladı.

Söhbət Əli Ziyanın sonbeşiyi Minayədən gedirdi. Bunu Səfalı müəllim bilirdi. Ancaq o vaxt Səfalı müəllim heç ağlına da gətirməmişdi ki, bu Minaşa söhbətini salmaqda Əli Ziyanın məqsədi var: qızını Səfalı müəllimin rektor olduğu instituta qoymaq məqsədi. Və əgər Əli Ziyanın belə bir məqsədi olmasaydı, Səfalı müəllim Yəmən deyilən o xarabanı güman ki, heç vaxt görməyəcəkdi...

Amma gördü. Özü də həmin o Yəmənlə bir yerdə Səfalı müəllim bu dünyanın – o çağacan heç vaxt görmədiyi – bir təzə, təptəzə sifətini də gördü. Dünyanın o qansız sifəti barədə yəqin ki, bir iri roman da yazmaq olardı. Belə bir mövzu hətta Şekspirin də əlinə düşsəydi, bundan, inan ki, Hamletvari, Otellovari bir həngamə çıxarardı. Ancaq bu saat mənim nə həngamə çıxartmağa halım var, nə Şekspir olmağa həvəsim. Olanı olduğu kimi sizə nəql eləyəcəyəm: fəlsəfi nəticəni özünüz çıxardarsız. Bir sözlə:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ön söz yerinə

...Hər şeydən çox, dağlar yadımda qalıb.Bir də günəş yadımda qalıb.

19682 мин
Qədim, qara külək

Siz heç təsəvvür də eləyə bilməzsiniz ki, mən – qırx ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam. Mən o qara küləyin öz yazısını indiyəcən yaza bilməmişəm. Ancaq, elə bilirəm ki, hər yazımın yazılması ərəfəsində o külək mənim içimdə həmişə əsib və indiyəcən yazdığım hər bir yazılı sözdə o qara küləyin xofu, həniri, havası var. Küləyin də yaşı, yaddaşı ola bilərmi görəsən?.. Yəqin ki, ola bilməz. Onda, bəs indi niyə mənə elə gəlir ki, o külək çox qədim külək idi, haradansa – sirli-sehrli bir aləmdən Əylisin göyüzünə özüylə bir topa qapqara bulud da gətirmişdi.O bulud həm də isti idi. Qara qoyun yunu kimi yüngül və yumşaq idi. O qara külək də, söz yox, o qara buludun küləyiydi. Və o qara külək bir xırdaca cəviz bağında – qələmə ağacı kimi dikinə uzanıb gedən – uca cəviz ağaclarının lap başdakı çılpaq budaqlarının arasında xəfifcə əsə-əsə elə bil o qara buludların sirli-sehrli nağılını bu dünyaya danışırdı.

19998 мин
Tənha narın nağılı

I**Dava qurtaran o il, hələ Yaqub əsgərlikdən qayıtmamış, mən yay tətilinə çıxıb, beşinci sinif şagirdi olduğuma görə məktəbdən sevinə-sevinə evə qayıdanda Nabat xala qapımızın qabağında rastıma çıxdı və çeşmədən gətirdiyi dolu güyümü divara dirəyib çox ciddi bir tərzdə xəbər verdi ki, daha mənim küçələrdə veyillənmək vaxtım qurtarıb. Nabat xala kolxoz zəmilərində taxıl yığılandan sonra yerə tökülən sünbüllərdən danışdı; bağlarda qoz ağaclarının dibində nə qədər odun yatdığını söylədi, üstəlik, bizim küçə qapısının böyründəki yekə qarışqa yuvasını və yuvanın ağzından, qara zolaq kimi, divar boyunca düzülüb gedən qarışqa axınını göstərib, mənə nağıla oxşayan bir şey də danışdı: guya orda – divarın dibindəki o dar deşikdə hər qarışqanın düz on illik qış ruzusu vardı... Nabat xala dedi ki, əgər mən ağıllı uşaq olsam, bu yay zəmilərdən bir çuval taxıl yığa bilərəm, xeyli odun gətirərəm, ərikdən, alçadan rastıma nə çıxsa, üç-üç, beş-beş gətirib dama ataram və qışda ciblərimə doldurub məktəbdə ləzzətlə yeyərəm. Sonra o mənə sünbül yığmağın təhrini öyrətdi, hətta odunun hansı bağlarda daha çox olduğunu da dedi; məktəbdə dörd saatlıq dərsdən və uzun-uzadı “tətil iclası”ndan sonra mən özümü həyətimizdəki fındıq kollarının sıx yerinə verməyə nə qədər tələssəm də, axıracan dözüb, onun dediklərinə qulaq asdım.

19672 ч 10 мин
Bir misranın yuxusu

(Yaxud yas yerindən reportaj)*1**

19771 ч 5 мин

Стихи других поэтов