Birinci hissə, II
Nicat səmənd ürgənin cilovunu buraxdı və at elə bil ki, çoxdan belə bir əmin-amanlığın həsrətindəymiş kimi, başını aşağı salıb yavaş-yavaş otlamağa başladı.
Şahnaz xanımla Nicat çəmənlikdə salınmış xalçaya tərəf gəldilər və qız gələ-gələ də soruşdu:
– Bir de görüm beş gün idi hara yox olmuşdun?
Nicat:
– Bakıya getmişdim... – dedi.
– Xeyir ola?
– Bir dostum var orda, onun yanına getmişdim.
– Nəçidi?
– Mədəndə işləyir.
– Axır vaxtlar yaman tez-tez gedirsən Bakıya, – dedi Şahnaz xanım və sövq-təbii bir narahatlıqla oğlana baxdı.
Nicat söhbəti dəyişdi:
– Sənin üçün darıxmışdım yaman.
– Doğrudan? – Şahnaz xanım sidq-ürəkdən sevindi. – Darıxmışdın mənimçün? Heç bilirsən mən nə fikirləşmişəm? Dünən bir roman oxuyurdum, firəng dilindədi, Böyük Parisdən gətirtdirib. Oğlan gecə xəlvətcə qızgilin bağına girir. Bağbanın nərdivanını pəncərənin qabağına qoyub qalxır sevgilisinin otağına...
Nicat maraqla:
– Sonra? – soruşdu.
– Nə sonra? Sonra da balqabaq!
Nicat güldü:
– Bunu niyə danışırsan ki?
– Ona görə danışıram ki, ovçu Pirim, əyər bir qızla bir oğlan bir-birilərini istəyirlərsə, gərək heç nədən qorxmasınlar. Gərək çəkinməsinlər heç nədən! Nicat...
– Şahnaz xanım bir az tərəddüd etdi, sonra dedi: – Nicat, qoşulub qaçaq!
Nicat elə bil ki, bütün bu sözləri ciddi qəbul eləmirdi, elə bil ki, bütün bu sözlər gəldi-gedəri bir şıltaqlıqdı.
– Hara?
Şahnaz böyürtkənləri bir-bir sünbüldən çıxardıb yeyə-yeyə:
– Hara istədik, – dedi. – Arazın o tayına. Təbrizdə mənim əmizadələrim var.
– Bəs onlar deməzlər ki, niyə qoşulub qaçmısan?
Şahnaz bu dəfə doğrudan zarafata saldı:
– Deyərəm bir ovçunun dərdindən dəli-divanəydim. Yaşaya bilmirdim onsuz. Lap deyərəm, bu məni yox, mən bunu götürüb qaçmışam. Deyərəm Həsənalı bəyin oğludu.
– Bəyəm mənim atam bəydi?
– Onlara heylə deyərik. Gəlib yoxlamayacaqlar ki, görsünlər bəydi, ya ovçudu?
Nicat xalçanın yanında ayaq saxladı və onun beləcə hirslənəcəyini heç Şahnaz da gözləməzdi.
– Yüz sənin kimi qız olsa, mən yenə əslimi danmaram. Mənim atam Solaxay Həsənalı bütün Qarabağda məşhur kişidi! Ovçu olsa da, sənin bəylərindən əskik adam deyil!
Səmənd ürgə uzaqda başını qaldırdı, elə bil ki, sahibinin səsini dəyişməyindən başa düşdü ki, getmək vaxtıdı.
Nicat iri addımlarla səmənd ürgəyə tərəf addımladı. Şahnaz yüyürüb oğlanın qolundan yapışdı:
– Dayan!
– Burax!
– Mən ölüm, dayan!
Nicat ayaq saxladı və qızın üzünə baxmadan:
– Mən sənə yalvarmamışam, – dedi.
Şahnaz qızğınlıqla:
– Bilirəm! – dedi. – Mən özüm səni istəmişəm! Mən özüm sənə vurulmuşam! Sənsiz mənim bir günüm olmasın!
Və bu vaxt Gülgəz yenə qaça-qaça gəlib qaya başına çıxdı, ordan əl eləyib qışqırdı:
– Ey-y-y-y! Ay xanım, yenə kəklikotu yığım?
Şahnaz:
– Hə, bir az da yığ! – qışqırdı, sonra dedi: – Əyər sən mənim üçün əziz olmasaydın, günün günorta çağı bura gələrdim?
Qızın belə bir cidd-cəhdi Nicatı hələ də yumşaltmamışdı:
– İstəyirsən gəlmə.
Şahnaz:
– Kobud! – dedi. – Qabanın biri qaba! – dedi. – Gələcəyəm! Bax, səni buna görə istəyirəm! Məğrur ovçu, zalım ovçu. – Sonra ata tərəf gedən Nicatın başına fırlana-fırlana oxumağa başladı:
Aman ovçu, vurma məni,
Mən bu dağın maralıyam.
Yaralıyam, yaralıyam,
Mən bu dağın, a balam, maralıyam.
– Məni istəyirsən?
Nicat başını tərpətdi, yəni ki, hə, istəyirəm.
Şahnaz dedi:
– Bir pud başını tərpədincə, üç misqal dilini tərpədə bilmirsən?
Nicat:
– Yox, – dedi.
Şahnaz:
– Ba-a? – dedi, sonra şaqqanaq çəkib güldü və qızın gülüşü bütün Cıdır düzünə yayıldı.
Yuxarı düzənlikdə kəklikotu yığan Gülgəz belini düzəldib aşağı baxdı, Nicatla xanımı gördü, özünü saxlaya bilməyib çığırdı:
– Xanım, daha Cıdır düzündə kəklikotu qalmadı. İndi nə yığım?
Şahnaz da aşağıdan yuxarı qışqırdı:
– İndi də reyhan yığ!
Hava birdən-birə dəyişdi. Kirs tərəfdən topa-topa buludlar gəlib göy üzünü aldı.
Nicat:
– Yağacaq, – dedi.
Şahnaz Nicata qısıldı:
– Mən bayaq zarafat eləmirdim, Nicat, – dedi. – Məni Yunis bəyə vermək istəyirlər. Fəxrəndə xanımın bacısı oğlu Yunis bəyə.
Nicat Şahnaza baxdı, bir müddət susdu, sonra soruşdu:
– Bəs sənin fikrin nədi?
– Qaçaq, Nicat, qaçaq gedək. Mən hərtərəfli fikirləşmişəm, götür-qoy eləmişəm, başqa çarə yoxdu. Yunis bəyə getməyə bilərəm. Böyük qoymaz ki, məni zorla ərə versinlər, amma çifayda? Yunis bəy olmasın, Həsən bəy olsun, Məmməd bəy olsun. Ya gərək ömrümüz boyu beləcə gizlincə görüşək, Gülgəz ətəyini kəklikotuyla doldursun hər dəfə, ya da gərək qoşulub qaçaq.
Bir müddət heç biri heç nə demədi, Cıdır düzünün sıldırım qayaları arasında addımladılar; aşağıda, yarğanın dibində Daşaltı çayı qıjıldaya-qıjıldaya, köpüklənə-köpüklənə axırdı; buludlar daha günün qabağını tamam-kamal kəsmişdi; Şuşanın məşhur yağışqabağı ilk payız yeli əsməyə başladı.
Nicat dedi:
– Qohum-qardaşdan ayrı düşəcəksən.
– Bilirəm. Qohum-əqrəba içində ən əziz adamım bircə Böyükdü. Yerimizi əvvəlcə bildirməyəcəyəm, amma fürsət düşdükcə ona məktub yazacağam. Böyük məni başa düşəcək, Nicat. Mən onu yaxşı tanıyıram.
– El-oba nə deyər?
– Nə deyir, desin! Mən sənin sevgilinəm, istədiyinəm, sən də mənim ürəyim, canım, ciyərim! Bildin? – Şahnaz gizli bir narahatlıqla oğlana baxdı. – Belə deyil? Bəlkə yanılmışam mən bu iki ildə?
Nicat bu suala özü bildiyi kimi cavab verdi:
– Bakıya gedək!
Şahnaz:
– Hə, qaçırıq?! – dedi. – Allaha çox şükür! Yuxum çin oldu, Nicat. Gecə yuxuda görmüşdüm ki, hər tərəfi su basıb, dünya su içindədi! Bildim ki, su aydınlıqdı! Amma Bakıya niyə? Bakının istisinə, toz-torpağına mən dözə bilmərəm. Düzdü, qonaqlarımız çoxdu Bakıda, Hacı Zeynalabdinin oğlu da Böyüyün dostudu, amma Bakıya yox, uzaqlara gedək... İrana gedək. Mən firəngcə də bilirəm, farsca da, hara getsək sənin dilmancın olaram. Sən də ruscanı yaxşı bilirsən. Avropaya gedək, Firəngistana... Anamdan mənə bir mücrü ləl-cavahir qalıb, vəsiyyət eləyib ki, bu təkcə Şahnazındı, onu da götürəcəyəm...
Nicat qızın sözünü kəsdi:
– O mücrünü götürməyəcəksən, Şahnaz. O mücrü də qalacaq sənin çıxıb getdiyin evdə. Sən kefə də getmirsən, Şahnaz, hər şey daşdan çıxacaq. Özü də Bakıya gedəcəyik.
– Sən nə təhər deyirsən, elə olsun. Amma niyə o toz-torpağın, o nöyütün içinə, hisin-pasın içinə?
– Əvvəla ona görə ki, Bakıda mənim işlərim var, vaxt gələr, bilərsən. Bu gün xalqa canı yananların, camaatın güzəranını fikirləşənlərin çoxu Bakıdadı. Mənim də dostlarımdı onlar, Şahnaz. Mən mütləq Bakıda olmalıyam...
Şahnaz, elə bil, öz-özü ilə danışdı:
– Deyirəm axı, bu niyə belə tez-tez Bakıya gedir... Olmaya sən də Mir Həsən ağa kimi əlahəzrət Nikolayın əleyhinə çıxanlardansan?
Nicat qızın sualına cavab vermədi:
– Vaxt gələr, hər şeyi bilərsən, – dedi. – Bir də ki, Şuşadan qaçırıq, Qarabağdan qaçırıq, daha bütün Azərbaycandan qaçıb getsək bağrımız yarılar.
Şahnaz yenə də bayaqkı qürurla, şövqlə bu zalım ovçuya baxdı və:
– Yaxşı, yaxşı, – dedi, – indi ki, belə oldu, zalım ovçu, mən gözlərimi yumub özümü tapşırıram sənə... Hara istəyirsən apar, amma mənimlə ol, mənimlə ol həmişə, zalım ovçu... Apar məni hara istəyirsən...
Nicat daha hər şeyi qət etmişdi özü üçün, qızın gözlərinin içinə baxdı:
– Qəti sözündü? – soruşdu.
– Qəti... Qəti!.. Qəti!..
Şahnazın ürəkdən qopub gələn bu pıçıltısı elə bil bütün Cıdır düzünə yayıldı, elə bil bu güllər, çiçəklər də o pıçıltını eşitdi; sonra göy guruldadı, Daşaltı çayı daha artıq bir qıjıltıyla axdı.
Gülgəz ətəyi kəklikotu ilə, reyhanla dolu yuxarıdan aşağı qaça-qaça Şahnazla ovçunun yanına gəldi, tövşüyə-tövşüyə:
– Vallah, xanım, – dedi. – Daha reyhan da qurtardı o tərəflərdə. – Sonra Şahnazın əlində böyürtkəni qurtarmış kolu gördü. – Boy, ay xanım, bəs mənə böyürtkən saxlamadın? Nicat qağa ikimizə gətirmişdi axı...
Şahnaz birinci dəfə görürmüş kimi əlindəki kola baxdı:
– Bağışla, ay qız, – dedi. – Heç bilmədim necə yedim hamısını. – Sonra bərkdən güldü və bu gülüşdə zarafatdan, məzəli bir peşmançılıqdan başqa da nəsə vardı.
Nicat:
– Axşam sənə bir sap böyürtkən yığıb gətirrəm, – dedi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-aman-ovcu-vurma-meni-birinci-hisse-ii
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı, yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkcələrin üzünə çəkilmiş, qapı-pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cavahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıqda o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü.Neçə gün idi ki, o kəniz-qaravaşın onunçün oxuduğu nəğmələrin nəfəsində, çaldığı udun səsində həmin gizli hüznü vücudunun hər bir hüceyrəsi ilə hiss edirdi, qız-gəlinin gözünün dibinə çökmüş kədəri duyurdu, oğlanların bir-birinə baxışında sahibsiz qalmış bu cah-cəlalın üstündə gələcək əlbəyaxalar ehtirasının qığılcımlarını sezirdi.
Baladadaşın toy hamamıPolad Məcnunbəyovun xatirəsinəHəmin payız günü Abşeronda birdən-birə bir xəzri başlamışdı ki, gəl görəsən və xəzri dənizi köpükləndirə-köpükləndirə əsdikcə əsirdi, dayanmayacaqdı elə bil, elə həmişə beləcə əsəcəkdi: sahilə yaxın dəniz bu xəzrinin altında çay kimi axırdı və adama elə gəlirdi ki, elə bil ağappaq köpüklü dalğalar deyildi, dünyanın saysız-hesabsız qağayıları almışdı dənizin üstünü; xəzri Abşeron bağlarındakı meynələrin saralmış budaqlarını qumun üstündən qaldırmışdı və bu meynə budaqları bu dəm ovsunçunun qabağında quyruğu üstə qalxmış ilanlar kimi qumluqda baş qaldırmışdı, külək zeytun ağaclarının bütün yarpaqlarını bir yerə yığıb əsdirirdi, topa-topa ağ-boz buludları cənuba axıdırdı və ən qəribəsi bu idi ki, bu bozluq içində həmin payız günü Abşeron göyündə günəş də var idi və bu topa-topa ağ-boz buludlar da dənizə, sahilin qumluğuna, qayalıqlara topa-topa da kölgələr sala-sala axırdı.
AyaqqabıDəli könül, nə divanə gəzirsən?..Xəstə Qasım
Hotel BristolHava bir balaca açılmışdı və gün çıxmışdı. Gün milyon il bundan əvvəl də yəqin ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da belə çıxacaqdı.Bu sözlər onun sözləri deyildi, on-on iki il bundan əvvəl deyilmişdi və o zaman bu sözlər də bu sözləri deyən adam kimi ona boş və mənasız görünmüşdü, ürəyində bu sözlərə gülmüşdü, amma indi bu sözlər, yəni günəşin beləcə həmişəliyi, insan ömrünün bu həmişəlik müqabilindəki kiçikliyi, cılızlığı onu həyatı və ölümü təzəcə dərk eləyən bir yeniyetmə kimi sarsıtdı.