Birinci hissə, IX
Şuşa yatmışdı. Şuşanın dağları-daşları da, sıldırım qayaları da, dərə-təpələri də, hündür ağacları, bağ-bağatı da yatmışdı və həmin aydın gecədə, ay işığında bağ-bağat arasından görünən Şuşa evlərinin kirəmit damları da bu dəm lal sükut içində idi.
Və bu lal sükutu Şuşanın sal daş küçələri ilə çapan atların nal səsi pozdu.
Qaçaqlar Böyük bəyin imarətini dövrəyə aldı...
Və elə bil, bu qəfil nal səslərini, at fınxırtısını gözləyirmiş kimi, zirzəminin bir küncündə oturub belini divara söykəmiş Nicat yerindən sıçradı, qulağını zirzəminin qapısına söykədi, qulaq asdı...
...Qaçaqlardan biri atın üstündən Böyük bəyin həyət hasarına atıldı, hasardan həyətə tullandı, darvazanın lomunu çəkib çıxartdı, darvazanın enli qapıları taybatay açıldı və çiyninə yapıncı salmış, yaraqlı-yasaqlı Qaçaq Bahadır içəri birinci çapdı; qalan atlılar da başçılarının dalınca Böyük bəyin həyətinə çapdı...
...Və bu dəm Qüdrət özünü hövlnak zirzəminin üstündən yerə atdı:
– Qaçaqlardı! – qışqırdı. – Qaçaqlar gəlib! – Sonra əlindəki beşatılan tüfənglə həyətə dolmuş qaçaqların qaraltısına dalbadal atəş açdı.
Ara qarışıb, məzhəb itdi.
Böyük bəyin adamları kimisi zirzəminin damından, kimisi birinci, ikinci mərtəbənin aynabəndindən, kimisi də pəncərələrdən qaçaqları gülləyə tutdu.
Atlar kişnədi, qaçaqlar tüfəng oynatdı, kimi ikinci mərtəbənin aynabəndindən, pəncərələrindən başı üstə yerə gəldi, kimi atdan yıxıldı.
Böyük bəyin imarətinə vurnuxma düşmüşdü, qulluqçular çığırışa-çığırışa ora-bura qaçdı, nökərlər əlinə tüfəng aldı. Böyük bəy özü təpiklə vurub yataq otağının qapısını açdı, elə gecə paltarında da ikinci mərtəbənin həyət pəncərəsinə tərəf atıldı, əlindəki tüfəngin qundağı ilə pəncərə şüşəsini vurub sındırdı və tüfəngi döşünə sıxıb dalbadal atmağa başladı.
Çörəkçi Gözəl arvad çarpayısının üstündə oturub dili-dodağı əsə-əsə pıçıldayırdı:
– Allah, sən saxla!.. Allah, sən saxla!..
Fəxrəndə xanım əynindəki gecə köynəyində, uzun saçları döşünə-başına tökülmüş halda özünü o pəncərəyə, bu pəncərəyə vururdu, səsi gəldikcə qışqırırdı:
– Qüdrət! Qüdrət! O gədəni vur! Öldür ovçunu, Qüdrət! Qoyma diri qala onu! Öldür onu, Qüdrət! Qüdrət!..
Fəxrəndə xanım özünə yer tapa bilmirdi, elə bil, qəfəsə salınmış heyvan idi, bütün gözəlliyini, qadınlığını, xanımlığını yadından çıxarmışdı, əl-ayağına dolaşan nökər-qulluqçuların arasından özünü o pəncərəyə, bu pəncərəyə atırdı, səsi boğulanacan qışqırırdı:
– Qüdrət! Qüdrət! Öldür ovçunu! Öldür!..
Qüdrət isə, əlbəttə, xanımın sözlərini eşidirdi, amma böyük tut ağacının enli gövdəsi yanında yerə sinib zirzəminin qapısına tərəf atılmağa macal tapmırdı – qaçaqların gülləsi, elə bil, dolu idi, zirzəminin həndəvərini dəlik-deşik edirdi.
Böyük bəy gülləsi qurtarmış tüfəngi hiddətlə yerə çırpdı.
Güllə səsləri yavaş-yavaş seyrəldi və bu zaman Nicatın var gücü ilə zirzəminin qapısını döyəcləməyi aydınca eşidildi.
Qaçaq Bahadır zirzəmiyə tərəf çapdı, atdan sıçrayıb qapının qıfılına iki güllə sıxdı, sonra iki güclü təpiklə qapını açdı, var səsilə:
– At çəkin bura! – bağırdı, sonra zirzəmidən özünü çölə atan Nicata: – Atlan!
– dedi və özü də atının belinə sıçradı.
Nicat zirzəminin qabağına at çəkib gətirən qaçağa məhəl qoymadı, yüyürüb özünü Böyük bəyin imarətinə saldı, əlini çırpa-çırpa, təpiklə qapıları bir-bir açdı: bütün otaqlar bomboş idi və nəhayət, Nicat çarpayıda oturub öz-özünə:
– Allah, sən saxla!.. Allah, sən saxla!.. – pıçıldayan çörəkçi Gözəl arvadı gördü.
– Şahnaz hardadı?
Qorxudan gözləri bərələ qalmış Gözəl arvad:
– Burda yoxdu, qadan alım, – dedi. – Kəndistana göndəriblər onu, dərdin ürəyimə! Dünən axşam yola saldılar onu!
Və bu zaman at nallarının səsi aləmi ağzına götürdü. Qaçaqlardan biri darvazadan həyətə çapdı:
– Kazaklar!
Qaçaq Bahadır atı birbaşa Böyük bəyin imarətinə çapdı, atlı-atlı da pilləkənləri qalxıb dəhlizə girdi, ona tərəf yüyürən Nicata:
– Tez elə! – qışqırdı və yenə də çapıb dəhlizdən həyətə düşdü.
Nicat imarətdən çıxıb yəhərli atın belinə atıldı, yüyəni qaçaqdan aldı və Qaçaq Bahadırın ardınca çapdı.
Bahadır darvazadan birinci çıxdı, sonra Nicat, sonra da o biri qaçaqlar çapıb darvazadan çıxdı.
Otuz-qırx kazak atlısı qaçaqların ardınca düşdü və atışma təzədən qızışdı, qaçaqlardan, kazaklardan bir neçəsi Şuşanın küçələrinə sərilib qaldı...
Böyük bəy özünü Qüdrətin çəkib gətirdiyi atın üstünə atdı:
– Atlanın! Kim salamatdısa atlanın! – dedi. – Hamısını qırmaq lazımdı! Yurdlarını kor qoymaq lazımdı!
Qaçaqlar isə onları qovan kazakları bir-bir yerə sərə-sərə Topxana meşəsinə tərəf üz qoymuşdu...
...Böyük bəyin seçmə atları özlərini kazaklara çatdırdı və atışma daha da şiddətləndi, daha da qızışdı.
Böyük bəy ayağını üzəngiyə basıb, atın belində dikəldi:
– Qüdrət! – qışqırdı. – Qüdrət, min qızıldı ovçunun başı! Min qızıldı qiyməti!.
...Ehtirasdan və hiddətindən bığlarını gəmirən Qüdrətin xallı atı, axır ki, kazaklardan və Böyük bəyin atlılarından ayrıla bildi, irəli çıxdı, dalbadal çapan Qaçaq Bahadırla Nicata yaxınlaşmağa başladı.
Qaçaq Bahadır hərdən arxaya güllə atırdı, amma Qüdrət gah sola, gah sağa burulub bu güllələrdən yayınırdı: Nicat silahsız idi.
Bu dəfə Qüdrət qabaqdakı atlıları gülləyə basdı və birdən-birə də Qaçaq Bahadırın çapdığı atın qabaq ayaqları büküldü və at boynu üstə çevrilib yerə sərildi, ağzından qan açıldı. Qüdrətin gülləsi ciyərini deşib keçmişdi, amma Qaçaq Bahadırın belə işlərdə, görünür, səriştəsi çox idi, bir göz qırpımında sıçrayıb ayağa qalxdı, sol əli ilə yapıncını boynundan qoparıb yerə atdı, sağ əli ilə tüfəngi qaldırdı, gözünün birini qıyıb tələsmədən, arxayın nişan aldı və Qaçaq Bahadırın tətiyi çəkməyi ilə az qala çapıb ona çatmış Qüdrətin başının geri getməyi bir oldu: Qaçaq Bahadırın gülləsi Qüdrətin düz alnının ortasını deşib, beynini göyə sovurdu.
Qüdrət bir motal tuluğu kimi yerə düşüb qaldı. Xallı at bu vurhavurdan baş götürüb çapdı.
Kazaklar Qaçaq Bahadırı atsız gördü; atsız gördü, yəni köməksiz gördü, «qolu-qanadı sınmış» gördü, quzğun kimi üstünə çapdı və Qaçaq Bahadır da eyni təmkinlə, eyni arxayınlıqda ayaq üstə dayanıb təkəlli tutduğu tüfəngi atırdı.
Kazaklardan biri yerə sərildi, ikincisi, üçüncüsü yerə sərildi, amma kazaklar da çox idi və indicə Qaçaq Bahadıra yetişəcəkdilər.
Yasavul:
– Jivım! – bağırdı. – Jivım yeqo!
Və bu dəm Nicatın atı şahə qalxdı və Nicatın dartdığı yüyənin tarımlığından iki dal ayağı üstə geri döndü və atın geri dönməsi ilə də Nicatın geriyə, Bahadıra tərəf çapmağı bir oldu.
Qaçaq Bahadır əvvəlcə əlindəki tüfəngi Nicata atdı, sonra özü Nicatın qabağına yüyürə-yüyürə bir göz qırpımında atın tərkinə atıldı və bu müddətdə Nicatın əlindəki tüfəng iki dəfə dalbadal açıldı və az qala, onlara çatan iki kazak da bir-birinin ardınca yerə sərildi...
...Qaçaqlar özlərini Topxana meşəsinə verdilər və sıx, uca ağaclar arasında görünməz oldular...
Yasavul:
– Nazad! – qışqırdı və bu dəfə kazakların atı şahə qalxdı, kazaklar meşəyə girməyib geri döndülər.
Böyük bəy:
– Qorxaqlar! – qışqırdı. – Muzdurlar! Gədə-güdədən qorxan acizlər! Söz pəhləvanları.
Yasavul Böyük bəyə tərəf çapdı:
– Bek, oni v tom lesu – kak rıba v vode! Zastrelyat vsex nas kak zaysev!
Böyük bəy hiddətindən titrəyə-titrəyə öz atlılarına tərəf çöndü:
– Gedək! – dedi. – Dalımca! Solaxay Həsənalının evinə gərək od vurub yerlə-yeksan eləyim!
...Və Böyük bəyin atlıları çapa-çapa kazaklardan ayrılıb Şuşaya tərəf üz qoydu...
... Və həmin aydın gecənin macərası Solaxay Həsənalının ev-eşiyinin, bağbağatının göyə qalxan alovu ilə axıra yetdi; alov dillərinin işığında həyət-bacadakı arvad-uşağın ərşə çıxan naləsi ilə, bütün bu yerləri yandırıb külə döndərən əli məşəlli atlılarının əməlinə baxa-baxa:
– Odlayın! Odlayın bu quldurlar yuvasını! – deyən Böyük bəyin sözləri ilə axıra yetdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-aman-ovcu-vurma-meni-birinci-hisse-ix
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəşir müəllimgil bu yay ona görə heç hara getməyib bağ kirayə eləmişdilər ki, oğlanları Adil bu il instituta girirdi və Kələntər müəllim də buna görə hər gün bura gəlib-gedirdi, çünki belə məlum olurdu ki, Kələntər müəllim institutda dərs deyir; hər halda, Kələntər müəllim institutla əlaqədar adam idi.Kələntər müəllimin bir qırmızı «Jiquli» maşını var idi və hər dəfə bu maşın Ağababagilin darvazasının qabağında dayananda, deməli, Kələntər müəllim şəhərdən nə isə bir xəbər gətirmişdi, çünki o saat maşından düşüb tez-tələsik şüşəbəndə qalxırdı, Bəşir müəllimlə, evdə olmayanda Əminə xanımla xısın-xısın pıçıldaşırdı, hərdən Adili maşına oturdub Bakıya aparırdı – ya hazırlaşdırmağa aparırdı, ya kimləsə tanış eləməyə aparırdı; Ağabacı burasını dəqiq bilmirdi, amma burası tamam dəqiq idi ki, uşağı instituta Kələntər müəllim düzəldirdi.
VI fəsilƏminə xanım nə qədər səbrli-qərarlıydısa, nə qədər hərəkətsiziydisə, Bəşir müəllim bir o qədər səbrsiz və bir o qədər də bir yerdə qərar tuta bilməyən, civə kimi ora-bura diyirlənən bir adam idi və günortalar evdə olanda və heç bir qonaqları olmayanda, Bəşir müəllim zolaqlı pijama şalvarını əyninə geyib tez-tez həyətə düşürdü, dənizə gedirdi, evdə isə gen trusiklə gəzirdi. Bu kişinin şakəri hinin qabağında dayanıb toyuqlara çörək vermək idi və hər dəfə evdən təzə, yekə təndir çörəyi götürüb gəlib dururdu hinin qabağında və başlayırdı çörəkdən didib:– Cib-cib-cib-cib... – deyə-deyə toyuqların qabağına atmağa və toyuqların çörək qırıqlarını dənləməyinə tamaşa eləməyə.
VII fəsilAdil iki imtahan vermişdi və ikisindən də deyəsən yaxşı çıxmışdı, çünki Kələntər müəllimin kefi xeyli kök idi. Qırmızı «Jiquli» darvazanın qabağında dayanan kimi, Kələntər müəllim maşından düşüb pilləkənləri üç-üç yuxarı – şuşəbəndə qalxırdı və bir azdan Əminə xanımın kraxmallı köynək, ütülü şalvar geyindirdiyi, başını səliqə ilə daradığı «Abış»ı qabağına salıb maşına oturdurdu və fəxrlə «Abış»a baxa-baxa:– İgiddi e, igid! – deyirdi. – Malades!
VIII fəsilAvqustun axırına az qalırdı və Ağabacı indi günləri yox, saatları sayırdı, həm də Ağabacı nəsə bir nigarançılıq içində idi, elə bil inana bilmirdi ki, bu adamlar buradan çıxıb gedəcəklər, yenə bu həyətdə özlərindən başqa heç kim olmayacaq; elə bil Ağabacı inana bilmirdi ki, haçansa bu kabab iyi, cürbəcür xörəklərin ətri buralardan yox olub gedəçək, o yoğun səsli qız başıbatmış, daha Məcnunu çağırmayacaq və Məcnun da ona çavab verməyəcək, Qəninin başına daş düşəcək və səsi kəsiləcək.Və elə bil bütün bunlar azmış kimi, bir gün elə bir əhvalat baş verdi ki, Ağabacı bilmədi başına nə çarə qılsın, bilmədi dərdini kimə desin və özünü necə aparsın.
Стихи других поэтов
Ey ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Yaxşıdıİnsana mərhəmət ola kəramət,Baxtıla fərasət, kamal yaxşıdı.
Didilər bu əcəb insan mudur kiDidilər bu əcəb insan mudur ki,Ya adəm ṣurətində can mudur ki
Qasım bəy ZakirəZakira, eşitdim təzə bir xəbərHəqiqətdə qoydu məni xeyli mat