Araba
Страница 3 из 5 · 40%
Körpünün üstünü təmizləmək, yəni Pir Söyüdün körpünün üstünü basmış budaqlarını kəsmək, əlbəttə, günah kimi bir şey idi və heç kim buna cürət etməzdi və ümumiyyətlə, bu, heç kimin ağlına da gəlməzdi...
Və həmin yaz axşamı o Pir Söyüdün təzə yarpaqları tərli-təravətli idi və atası kürəyini söyüdün yana qanrılmış alt budaqlarına söykəyib, onları körpünün kənarına sıxışdıraraq:
– Toş!.. Toş!..– deyə eşşəyin ipini dartanda və meşədən gəldiyi üçün tox olmasına baxmayaraq, ağzını uzadıb söyüdün yarpaqlarını qoparmaq istəyən eşşəyin qarasına:
– Ay qarnına şiş batmış! İndicə tıxmamısan?!– deyinəndə və araba körpünün üstündən keçəndə yuxarı budaqların o təzə-tər yarpaqları odun yükünün üstündə oturmuş altı-yeddi yaşlı o oğlanın sifətinə, alnına, boğazına toxunurdu.
Və bu qədər illərdən sonra, şair, o söyüd ağacının təzə yarpaqlarının zərifliyini alnında, sifətində, boğazında hiss etdi və tamam unutduğu, heç vaxt yadına düşməyən o böyük söyüd ağacı, qəribədir, yamyaşıl, gözəl yarpaqlarıyla yox, çılpaq gəlib şairin gözlərinin qabağında dayandı: payız bitmişdi, qış gəlmişdi, söyüdün yarpaqları tökülmüşdü, budaqları da indicə səngimiş sulu qardan çıxmışdı, yamyaş idi, üşüm-üşüm də üşüyürdü.
Təbiət Pir Söyüddən qorxmurdu, ona beləcə qıymışdı...
O araba isə artıq körpüdən keçmişdi və çarxları cırıldaya-cırıldaya kəndə tərəf gedirdi, eşşəyin ipi qabaqda addımlayan kişinin əlində, o uşaq da odun yükünün üstündə idi...
Şair deyirdi ki, baxarsız, Əminaşka böyük rəssam olacaq və Əminaşkanın qələmindən, karandaşından, flamastrlarından çıxmış kağızları diqqətlə, xüsusi bir ləzzət və fəxarətlə gözdən keçirirdi və balaca Əminaşkanın, doğrudan, deyəsən istedadı var idi, əlinə qələm, karandaş keçən kimi, kağız-kuğuzu cızma-qaralayırdı və aylar ötdükcə, bu cızma-qaralar yavaş-yavaş nəyəsə oxşamağa başlayırdı; düzdü, Əminaşkanın o biri babası, yəni Məmməd müəllim nəvəsinin nələrsə çəkdiyi bu kağızlara baxıb bir söz demirdi, təkcə elə, mənalı-mənalı gülümsəyirdi və bu mənalı təbəssümü yaxşı tərəfə, yaxud pis tərəfə yoza bilməyən gənc ana da – şairin böyük qızı, ürəyində qayınatasının belə bir qanmazlığına kin-küdurət bəsləyə-bəsləyə, Əminaşkanın çəkdiyi şəkilləri başqalarına daha artıq bir şövqlə başa salırdı, izah edirdi.
Böyük qız günorta Əminaşkanı bağçadan götürüb şairə baş çəkmək üçün, birbaşa öz evlərinə yox, atasıgilə gəldi və Əminaşka flamastrlarla şəkil çəkməyə başladı və bu dəfə də gənc ana uşağın sarı flamastrla ağ kağızda çəkdiyi xətlərin, əməlli-başlı günəş şəkli olduğunu gördü:
– Oy, Əminaşka!..– dedi.– Nə gözəl çəkmisən!.. – Sonra kağızı anasına göstərdi.– Mama, bax...
Əminə xanım eynəyinin qalın şüşələrinin arxasından kağıza baxdı və yuxusuz, yorğun gözləri ilə gülümsəyib:
– Hə...– dedi.
Böyük qız Əminaşkadan:
– Nə çəkmisən!.. – soruşdu.– Nə çəkmisən, hə?
Əminaşka:
– Çək... çəkmişəm...– dedi.
Anası yenə:
– Hə, əlbəttə, çəkmisən!.. Nə çəkmisən?– soruşdu.
Əminaşka:
– Mən çəkmişəm...– dedi.
Anası:
– Hə, əlbəttə!– dedi.– Sən çəkmisən! Günəş çəkmisən, hə?
Əminaşka bir az anasına baxdı, sonra o ağ kağızdakı sarı xətlərə baxdı və:
– Gün çək... çəkmişəm...– dedi.
Anası sevinclə:
– Düzdü!– dedi və çarpayıda uzanıb gözlərini tavana zilləmiş şairə baxdı, sonra:– Bəs, sən bu şəkili kimin üçün çəkmisən?– soruşdu.
Əminaşka da çarpayıda uzanmış şairə baxdı:
– Babaya...– dedi.
Anası sidq-ürəkdən sevinərək:
– Oy, nə yaxşı!.. Nə yaxşı!..– dedi.– Gördün, mama, papa üçün çəkib e, günəş şəklini!..
Əminə xanım yenə də yorğun, yuxusuz gözləri ilə eləcə gülümsədi:
– Hə... Şeytandı də!..
Cavan ana özünü saxlaya bilməyib Əminaşkanı öpdü, onun üçün, əlbəttə, çox xoş idi ki, Əminaşka həyatında ilk dəfə, heç kim onun əlindən tutmadan, ona öyrətmədən, beləcə sapsarı günəş şəkili çəkib və bəlkə, o da onun üçün, daha çox xoş olub, yağ kimi ürəyinə yayıldı ki, Əminaşka, elə bil, Vanqa idi, anasının ürəyindəkini oxudu.
– Gəl, gəl, onda şəkili özün babaya göstər!– Bunu da həvəslə böyük qız dedi. Və onlar şairin çarpayısına yaxınlaşdılar.
– Papa, bax, Əminaşka səninçün gör nə çəkib?!
Əminaşka da əlindəki kağızı babasına tərəf uzatdı:
– Al...
Şair gözlərini tavandan çəkib, əvvəlcə o əyri-üyrü sarı xətlərə baxdı, sonra nəvəsinə – tamamilə yad, elə bil, qətiyyən ona dəxli olmayan bu məxluqa baxdı, sonra qızına baxdı: yad... yad... yad... adamlar... və o, tamam yad adamların əhatəsində idi, yəni, şair bilirdi, görürdü ki, bu – Əminə xanımdır, bu – böyük qızıdı, bu – balaca Əminaşkadı, nəvəsidi, kiçik qızı da şairin gözünün qabağına gəldi, oğlu da, amma hamısı da yad idi...
yad idi...
yad idi...
yad idi...
hamısı, Məmməd müəllim kimi, yad idi...
və şair yenə gözlərini onlardan çəkib tavana zillədi, düzdü, şair qızdırmalı beyni ilə hiss elədi ki, belə bir biganəliyi cavan ananın könlünə toxundu, hətta, böyük qızının pərtlikdən gözlərinin dolduğunu da gördü, amma daha bir söz, ümumiyyətlə, nəsə deməyə həvəsi olmadı...
yad idi...
hamı və hər şey yad idi...
və həmişə də belə olmuşdu...
1953-cü ilin yas içində olan həmin soyuq mart axşamlarından birində, kəndin camaatı, həmişəki kimi, kolxoz idarəsinin qabağına toplaşıb, uzun bir dirəyin başında quraşdırılmış radio aparatında rəhbərin ölümü ilə bağlı matəm verilişlərinə qulaq asırdı və bu zaman, atası o aparatdan «gənc şair» kimi oğlunun adını eşidəndə, məşhur diktor Soltan Nəcəfovun ifasında oğlunun şerinə qulaq asanda ürəyi uçundu, əvvəlcə kişiyə elə gəldi ki, rəhbərin ölümü ona elə təsir edib ki, qulağına qeybdən səs gəlir, amma bütün ətrafındakıların onun özündən də beşbetər bir heyrət içində olduğunu görəndə, tamam mat qaldı: bilmədi rəhbərin ölümünə ağlasın, ya o radiodan oğlunun adını eşitdiyinə, kənd camaatının da beləcə mat qalıb, gah ona, gah da, məktəbin binasından var gücü ilə qaça-qaça kolxoz idarəsinin qabağına tərəf gələn oğluna baxmağına sevinsin?
Yazılmamış şerlərdən:
BIRINCI ŞER
(Yazılmamış yazı?)
dağılır payızın
boz buludları
görünür günəş
kolun dibi ilə
sürünən ilanın haça dili
– donur havada
quruyub düşür yerə
qarışır xəzələ
ötür payız
keçir qış
gəlir yaz
qalxır torpaqdan
haça başlı
qırmızı gül
solur
çıxanda günəş
açır
gecənin qaranlığında
IKINCI ŞER
qara şeh düşmüşdü o təzə tər lalənin
qara ləçəklərinə
sökülürdü qapqara dan yeri
ölə ölə
qara dağa dırmaşan karbüratoru xarab sınıq sökük avtobusun tüstüsü və tırıltısı
basmışdı aləmi
çaşmışdı təbiət
rəngləri səhv salmışdı hissləri korşalmışdı
qara şəfəq saçdı dan yeri
qapqara köpüklərlə köpüklənə köpüklənə tökülürdü yarğan boyu qara şəlalə
ÜÇÜNCÜ ŞER
bir boz payız səhəri hələ sökülməmiş dan yeri bir boz külək əsdi bakının küçələrində
bir boz külək əsdi bakının küçələrində süpürüb apardı
xəzan yarpaqlarını küçəyə atılmış
boş koka-kola bankalarını işlənmiş qandonları kağız qırıntılarını
qəzet parçalarını
çirkli polietilen torbaları və mənim yaşadığım illəri polietilen torbalar quş kimi
ağaclara qonurdu
uzaqlardan
səsi gəlirdi
bir birinə dəyib
danq danq fəryad edən boş bankaların
O zaman – 70-ci illərin əvvəllərində – Amerika imperializminə qarşı mübarizə aparan Anjela Devis uzun, arıq, gözlərində iri şüşəli eynək, qara qıvrım saçları da qırxılmış çay koluna oxşayan bir qız idi və şair o zaman gözəl bir zürafəyə oxşayan o zənci qızın şərəfinə böyük bir şer yazmışdı və həmin şer çox populyar oldu, məşhur və boğazı möhkəm artistlərin ifasında 7 Noyabr, Sovet hakimiyyətinin yaradılmasının ildönümündə, zəhmətkeşlərin 1 May bayramına həsr olunmuş təntənəli rəsmi bayram gecələrində, rəhbərlərin iştirak etdiyi konsertlərdə, televiziyada oxundu, rus dilinə tərcümə olunub, SSRI-nin baş qəzeti (qəzetlər müdiri!) «Pravda»da dərc edildi, dərsliklərə salındı və o uzun şeri o dərsliklərdən əzbərləyən şagirdlər, indi, yəqin, Anjela Devisi çoxdan yaddarından çıxarıblar, o şerin hansısa misraları bəlkə kiminsə hafizəsində ilişib qalıb, amma, görəsən, müəllifin kim olduğunu necə, xatırlayırlar? kim indi gedib onlardan soruşacaq ki, otuz il bundan qabaq Amerika Birləşmiş Ştatlarında imperializmə qarşı mübarizə aparan və zürafəyə oxşayan bir zənci qız – Anjela Devis var idi, yadınıza gəlir? bir şer də yazmışdılar ona, sizin dərslikdəydi, o şeri necə, xatırlayırsız?
Yüz faiz xatırlamırlar.
Bəs, deyirlər, yazıya pozu yoxdu?
Bütün sözlər kimi, bu da – boş sözlərdi.
Guya, birinci, söz yaranıb – nə olsun?
Bir də ki, şagirdlər bu gün o şeri və o şerin müəllifini xatırlayırlar, ya xatırlamırlar, bunun nə mənası var?
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-araba
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xəzərin sahilində, Buzovna ilə Zuğulbanın arasında sal qayalıq var idi və yüngül meh əsən sakit gecələr, xüsusən səhərə yaxın, dəniz uğuldayanda, elə bil, bu qayalar da dənizin uğultusuna səs verib uğuldayırdı və evləri sahildən təxminən bir yarım-iki kilometr aralıda olan Ağadadaş elə yuxuda ikən o dəniz-qayalıq uğultusunu eşidirdi – bu, təhtəlşüur bir hissiyyat idi və həyatının ən gərgin, ən qayğılı, ən yorğun günlərində belə, səhərə yaxın yuxuda eşitdiyi (hiss etdiyi?) o müştərək uğultu Ağadadaşın bütün vücuduna bir rahatlıq gətirirdi, hətta, Ağadadaşa elə gəlirdi ki, səhərə yaxın dəniz o kiçik qayalığın uğultusunu gözləyir və uğultusu qayalıqdan geri qayıtmalıdı ki, Abşeronda, Buzovna sahillərində dəniz üçün səhər açılsın.Bəzən Ağadadaş fikirləşirdi ki, dənizlə qayalığın o müştərək uğultusunu əlli il, yüz il, iki yüz il bundan əvvəl onun atası, babaları da beləcə eşidib və bu fikir, elə bil, həmin uğultunu Ağadadaşa daha doğma, daha məhrəm edirdi, yay aylarında səhərə yaxın onun vücuduna yayılan rahatlıq özü ilə bərabər yüngül bir sərinlik də gətirirdi və həmin sentyabr səhəri də, həmişəki kimi, qırx illik arvadı Balacaxanımla bərabər, kürsülü evinin üzü dənizə olan artırmasında, taxta döşəmədə salınmış yerində yatmış Ağadadaş o gözəl rahatlıq içinə təzəcə girmişdi ki, Qırmızı xoruzun vaxtından əvvəl banlaması bütün həyəti başına götürdü.
Iv fəsilO zaman Cümü universitetə imtahan verə bilmədi, əvvəlcə bir «3» aldı, sonra da «2» və həmin qatarla da Bakıdan Yevlaxa qayıtdı, amma Cümünün yadında qalan qatar çarxlarının səsi Yevlaxdan Bakıya gedən həmin qatarın səsi idi və həmişəlik də belə olacaqdı.O səsi təkcə xatırlatmaq olardı, təkrar etmək isə mümkün deyildi və Buzovnadakı fəhlə yataqxanasının yarım kilometrliyindən keçən elektrik qatarının səsi də Yevlaxdan Bakıya gedən o qatarın səsini ancaq xatırladırdı və bu xatirədəki kədər Cümünün ürəyinin əlçatmaz, ünyetməz bir dərinliyində idi. Nə üçün belə idi?– Cümü bunun səbəbini bilmirdi, amma o kədər əvvəllər kəpənək kimi yüngül idi, bir gülüşə, Ağadədəli məhəlləsindəki orta məktəbin on birinci sinfinə gedib-gələn, elə o vaxtlar hərdən oğrun-oğrun eyvandan baxan Sonanın bir təbəssümünə bənd idi, uçub gedirdi və indiki zindan ağırlığında deyildi.
V fəsilElə ki, qəfil bir həmlə ilə Zibanı tutan xəstəlik onu nəfəs almağa qoymurdu, elə ki, təngnəfəs olub az qalırdı boğulsun, o zaman sidq-ürəkdən gələn bir təəssüflə (heyhatla!) deyirdi:– Qəşrəşin havası lazımdı mənə... Qəşrəşin havası məni sağaldardı...
Vı fəsilŞuşa camaatı və o cümlədən, Cümü gözünü açıb Gözlə-Gəlirəm Məmməd kişini Bazar başında çayçı görmüşdü və o çayxanada oturub çay gözləyə-gözləyə ondan soruşanda ki, «Məmməd dayı, bizim çayımız nə oldu?», Məmməd kişi əlindəki nəlbəki-stəkanları başqa mizin arxasındakı növbəti müştərilərinin qabağına düzə-düzə deyirdi: «– Gözlə, gəlirəm!» və üç göz qırpımından sonra o gözəl çay, həqiqətən, gəlib mizin üstünə düzülürdü. Bir mizin arxasında istəyir iki adam otursun, istəyir on adam, fərqi yox idi, Gözlə-Gəlirəm Məmməd kişi çayı birdəfəyə gətirirdi, özü də məcməyisiz – bir əlində (sağ əlində), hərəsi iki nəlbəki-stəkan beşmərtəbə çay sarayı gətirirdi və hələ Şuşada heç kim görməmişdi ki, Gözlə- Gəlirəm Məmməd kişi bircə dəfə əlindən stəkan salıb sındırsın, amma on il idi ki, Məmməd kişi Buzovnadakı bu fəhlə yataqxanasında yaşayırdı, Bazar başındakı o çayxana da, bir əlində tutduğu o beşmərtəbə çay sarayı da çayxananın kəklikotu, nanə, yarpız, hil, mixək, darçın qoxusu hopmuş ab-havası kimi, həmişəlik bir keçmişdə qalmışdı, Gözlə-Gəlirəm ayaması da o çayxana ab-havasına sadiq qalaraq yavaş-yavaş yaddan çıxıb getmişdi və indi Məmməd kişi özü birdən-birə o qədər qocalmışdı, o qədər əldən düşmüşdü ki, bir armudu stəkanı güclə əlində tutub çay içə bilirdi.Fəhlə yataqxanasının həyətində qədim bir zeytun ağacı var idi və o qədim zeytun ağacının altında sovet dövründən qalma sınıq-salxaq bir skamya var idi və Məmməd kişi hər gün səhərin gözü açılandan yeddi nəfərin yaşadığı on səkkiz kvadratmetrlik otaqdan çıxıb həmin skamyada otururdu, bir də şər qarışanda durub o otağa qayıdırdı, nə yeyirdisə də, elə o skamyada yeyirdi, kimsə çay gətirəndə də elə o skamyada içirdi.
Стихи других поэтов
Səni bir şahi-gülrüxan,Mən özümü zəlil gördüm.
Didəbanam rəhguzari-şahı gozlər gozlərimDidəbanam rəhguzari-şahı gozlər gozlərim,Baqmazam qeyri yola, şəhrahi gozlər gozlərim.
Çoxlar şikayət eyləyir ol zülfi-tardanÇoxlar şikayət eyləyir ol zülfi-tardan,Bir tarı haqqı çəkərəm əl mən o tardan.
Deyən yoxMənim ərzi-halım bir təriq ilə,Söhbət salıb nazlı yarə deyən yox,