Страница 5 из 5 · 80%

Və bir-birini eləcə aramla əvəz edən illər o eşşək arabasındakı odun yükünün təpəsində oturmuş o uşağı şair elədi, sonra o illərin araba sürəti şairi Bakıya gətirən qatarın sürəti ilə əvəz olundu, sonra da illərin o qatar sürəti Moskvaya, Kiyevə, Cakartaya, Daşkəndə, Havanaya, Kəraçiyə, Akkraya, daha nə bilim, haralara uçan təyyarə sürətinə çevrildi, illər uçdu...

uçdu...

uçdu...

uçdu...


Şair başa düşürdü ki, bu, gerçəklik deyil, amma bu, yuxu da deyildi, bu, yuxu ilə gerçəklik arasındakı bir görüm idi (hadisə idi? əhvalat idi?) və şair ağappaq uzun qıvrım saçları pırpızaqlı, sifətini qırış basmış, dişləri töküldüyü üçün, alt çənəsi, az qala, burnunun altına qədər gəlib çıxan o qoca zənci qadını görən kimi, tanıdı: əlbəttə, bu qarı – Anjela Devis idi.

Şair, heyrət içində, bu dərəcə qocalmış o zənci qarıya baxırdı.

Qarı da iri və görkəminə heç cürə yaraşmayan canlı qara gözləri ilə şairin gözlərinin içinə baxırdı, elə bil, bu ilk görüşdən şairin içinə daxil olmaq istəyirdi və ən təsirlisi də bu idi ki, şair bütün vücudu ilə hiss edirdi ki, bu qarının baxışları, həqiqətən, onun, yəni şairin içinə daxil olur, içini gəzir, beynindəki kirəcləşmiş qatları bir-bir qaldırıb altına baxmaq istəyir və baxır.

Bu, müdhiş bir hissiyyat idi və şair istəmirdi ki, o baxışlar onun bütün içini görsün, amma heç nə edə bilmirdi, qarının baxışlarını heç cürə içindən qovub çıxara bilmirdi.

Və birdən o zənci qarı iri və canlı qara gözlərini qırpdı və onun baxışları şairin içindən çıxdı (şair bunu cismən hiss etdi) və qarı uzaqlaşıb həmişəlik yox olmazdan əvvəl şairə (nədənsə, rus dilində) dedi:

– Durak!


Yazılmamış şerlərdən:

anasının dolu əmcəyini

əmən çağanın

ağzının kənarlarından

axan süd

damcı damcı

düşdü

döşəmənin üstünə

milçək uçdu

o damcıların üstünə

ayaqlar altında qaldı damcılar

kirləndi

qara yapışqan kimi

ləkələr saldı döşəməyə

kirli ləkə düşdü

çağanın gözlərinə

kirli ləkə düşdü

dodaqlarının təbəssümünə

kirləndi

dolu əmcəkdən gələn su

kir iyi gəldi

çağanın nəfəsindən

kir qoxudu

qırmızı göy güllü gözəl papağı

ağappaq bələyi kirləndi.

kirli çağa

dolu əmcəkdən

kirli süd əmirdi

dünyaya yeni insan gəlirdi


Həmin qış günü səhərə yaxın birdən-birə gilavar əsməyə başladı, get-gedə bərkidi, mənzilin pəncərələrinin, eyvan qapılarının səsi küləyin vıyıltısına qarışdı və şairin çarpayısının qabağındakı kresloda oturub arabir huşa gedən Əminə xanım, hər dəfə gözü yumulduqca, elə bil, küləyin o pəncərə, qapı titrəməsinə qarışmış vıyıltısı onu götürüb hansısa bir boşluğa aparırdı və o boşluq içində Əminə xanım, birdən, elə bil ki, büdrəyirdi, səksənib, təzədən gözünü açırdı və Bakının o küləkli qış səhərini Əminə xanım eləcə kreslonun üstündə açdı.

Şair hərdənbir gözlərini qıyıb tavana baxırdı, hərdənbir də inildəyirdi və Əminə xanım bütün bu həftələr ərzində ilk dəfə şairin gözlərində belə bir diqqət, zənd gördü, elə bil, şair, keçən il təmir olunmuş ağappaq hamar tavana yox, nəsə başqa bir şeyə baxırdı, hətta, elə bil ki, nəsə oxuyurdu, amma Əminə xanım o saat orasını da başa düşdü ki, bu diqqət, bu zənd, elə bil, şairi özü ilə çəkib aparmaq istəyir və şairin o iniltisi də onun bir qucaqlıq olmuş cisminin zəif müqavimətidir.

Əminə xanım yavaşdan şairi səslədi, sonra ovcu ilə şairin bir dəri, bir sümüyü qalmış və saralmış alnını sığalladı, amma şairin heç bir reaksiyası olmadı və onun alnı da Əminə xanıma əvvəlkindən sərin gəldi və Əminə xanım gözlərini yumub bir müddət küləyin o vıyıltısına, qapı-pəncərənin səsinə qulaq asdı, sonra dərin bir köks ötürdü, oğlunun, qızının yatdığı otaqlara gedib onları yuxudan durğuzdu:

– Durun, papa, deyəsən, pisdi.

Bu evdə hamı belə bir məqama hazır idi (əslində, bu evdə hamı belə bir məqamı gözləyirdi).

Oğlan da, qız da gec yatıb, gec duran olduqları üçün, güclə yerlərindən qalxdılar, Əminə xanım böyük qızın da evinə zəng edib onları da yuxudan durğuzdu və xahiş elədi ki, Məmməd müəllimə də desinlər ki, gəlsin (belə vaxtlarda evdə təcrübəli bir kişi xeylağı olmalı idi, Əminə xanımın da ilk ağlına gələn Məmməd müəllim oldu) və o küləkli qış səhəri Məmməd müəllim şairin mənzilinə daxil olanda hamı şairin otağına yığışmışdı.

Məmməd müəllim bir söz deməyib başının işarəsi ilə otaqdakılara salam verdi, sonra yaxınlaşıb, hərdən halsız inildəyən və gözlərini də hərdən eləcə qıyıb tavana zilliyən şairə baxdı və acı-acı, daha doğrusu isə, mənalı-mənalı gülümsəyib Əminə xanımdan soruşdu:

– Vəsiyyət eləyibdür?

Əminə xanımın üzülmüş gözləri bərəldi:

– Nə?

Məmməd müəllim sualını təkrar etdi:

– Vəsiyyət də... Vəsiyyət eləyibdür?

Əminə xanım:

– Yox...– dedi.

Kiçik qız nigarançılıqla şairə baxdı, sonra Əminə xanıma, sonra böyük bacısına, sonra da onun qayınatasına, yəni Məmməd müəllimə baxdı və pıçıldadı:

– Papa eşidər axı...

Məmməd müəllim bir balaca tənə ilə gülümsəyib, kiçik qıza yox, oğluna baxdı və:

– Gərək son arzusunu biləsüz, ya yox?– dedi.

Gilavar birdən-birə bərkidiyi kimi, birdən-birə də azalmışdı və indi küləyin vıyıltısı, elə bil, çox uzaqlardan gəlirdi və elə bil, qapı-pəncərələr də Məmməd müəllimin sözlərinə qulaq asmaq üçün, səslərini kəsib sükuta dalmışdılar.

Məmməd müəllim şairin çarpayısına yaxınlaşdı və şairin qulağına tərəf əyilib, yaşıl gözlərini şairin başının üstündən divardakı naməlum bir nöqtəyə zilləyərək yavaş səslə soruşdu:

– Bir sözün yoxdu? Nə istəyirsən?

Kiçik qız gözlərini yumub üzünü yana çevirdi.

Böyük qız ani olaraq fikirləşdi ki, bu səhər Əminaşkanı, gərək, bağçaya aparmayaydı, özü ilə bura gətirəydi, düzdü, bağçada ingilis dili dərsi keçirdilər və bu dərsi ötürmək düz deyildi, amma, buna baxmayaraq, gərək, uşağı özü ilə bura gətirəydi, çünki şair indi Əminaşkanı arzulaya bilərdi, onu görmək istəyərdi və böyük qız sidq-ürəkdən özünü suçlayaraq hiss etdi ki, elə belə də olacaq.

Məmməd müəllim gözlərini şairin başının üstündən eləcə naməlum nöqtəyə tuşlayıb, ağzını bir az da onun qulağına yaxınlaşdırdı və səsini də bir az qaldırıb təzədən soruşdu:

– Bir şey istəyirsən?

Şairin tamam arıq və qansız sifətindən güclə seziləcək bir təbəssüm ötüb keçdi və şair eləcə tavana baxa-baxa zəif səsiylə:

– Araba...– dedi.– Araba istəyirəm...

Məmməd müəllim:

– Nə?– soruşdu.– Araba?

Şair gözlərini tavandan çəkməyib eləcə zəif səsi ilə təkrar etdi:

– Hə... Araba... Araba istəyirəm...

Məmməd müəllim başını qaldırıb otaqdakılara baxdı, sonra da yenə o cür mənalı-mənalı gülümsəyib yavaşca başını buladı:

– Sayıqlayır... Araba istəyir...– dedi.

Böyük qız özünü saxlaya bilməyib hıçqırdı.

Kiçik qız:

– Mama...– deyib qorxu və həyəcanla Əminə xanımı qucaqladı.

Oğlan şaşqın bir vəziyyətdə:

– Araba istəyirəm?..– deyə öz-özünə atasının son sözlərini təkrar etdi və qəhər onu boğdu.

O dəm, hətta, Məmməd müəllimin də gözləri yaşardı.

Məmməd müəllimin gözləri axırıncı dəfə düz on yeddi il bundan əvvəl – onda gözləri konyuktivit olmuşdu – yaşarmışdı, bir də ki, bax, indi, xalqın bu boyda şairinin son məqamda beləcə araba istəməsi onu kövrəltdi.

Fevral, 2002.

«Qaçqınlar» silsiləsindən

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Iıı fəsil

Xəzərin sahilində, Buzovna ilə Zuğulbanın arasında sal qayalıq var idi və yüngül meh əsən sakit gecələr, xüsusən səhərə yaxın, dəniz uğuldayanda, elə bil, bu qayalar da dənizin uğultusuna səs verib uğuldayırdı və evləri sahildən təxminən bir yarım-iki kilometr aralıda olan Ağadadaş elə yuxuda ikən o dəniz-qayalıq uğultusunu eşidirdi – bu, təhtəlşüur bir hissiyyat idi və həyatının ən gərgin, ən qayğılı, ən yorğun günlərində belə, səhərə yaxın yuxuda eşitdiyi (hiss etdiyi?) o müştərək uğultu Ağadadaşın bütün vücuduna bir rahatlıq gətirirdi, hətta, Ağadadaşa elə gəlirdi ki, səhərə yaxın dəniz o kiçik qayalığın uğultusunu gözləyir və uğultusu qayalıqdan geri qayıtmalıdı ki, Abşeronda, Buzovna sahillərində dəniz üçün səhər açılsın.Bəzən Ağadadaş fikirləşirdi ki, dənizlə qayalığın o müştərək uğultusunu əlli il, yüz il, iki yüz il bundan əvvəl onun atası, babaları da beləcə eşidib və bu fikir, elə bil, həmin uğultunu Ağadadaşa daha doğma, daha məhrəm edirdi, yay aylarında səhərə yaxın onun vücuduna yayılan rahatlıq özü ilə bərabər yüngül bir sərinlik də gətirirdi və həmin sentyabr səhəri də, həmişəki kimi, qırx illik arvadı Balacaxanımla bərabər, kürsülü evinin üzü dənizə olan artırmasında, taxta döşəmədə salınmış yerində yatmış Ağadadaş o gözəl rahatlıq içinə təzəcə girmişdi ki, Qırmızı xoruzun vaxtından əvvəl banlaması bütün həyəti başına götürdü.

2 мин
Iv fəsil

O zaman Cümü universitetə imtahan verə bilmədi, əvvəlcə bir «3» aldı, sonra da «2» və həmin qatarla da Bakıdan Yevlaxa qayıtdı, amma Cümünün yadında qalan qatar çarxlarının səsi Yevlaxdan Bakıya gedən həmin qatarın səsi idi və həmişəlik də belə olacaqdı.O səsi təkcə xatırlatmaq olardı, təkrar etmək isə mümkün deyildi və Buzovnadakı fəhlə yataqxanasının yarım kilometrliyindən keçən elektrik qatarının səsi də Yevlaxdan Bakıya gedən o qatarın səsini ancaq xatırladırdı və bu xatirədəki kədər Cümünün ürəyinin əlçatmaz, ünyetməz bir dərinliyində idi. Nə üçün belə idi?– Cümü bunun səbəbini bilmirdi, amma o kədər əvvəllər kəpənək kimi yüngül idi, bir gülüşə, Ağadədəli məhəlləsindəki orta məktəbin on birinci sinfinə gedib-gələn, elə o vaxtlar hərdən oğrun-oğrun eyvandan baxan Sonanın bir təbəssümünə bənd idi, uçub gedirdi və indiki zindan ağırlığında deyildi.

2 мин
V fəsil

Elə ki, qəfil bir həmlə ilə Zibanı tutan xəstəlik onu nəfəs almağa qoymurdu, elə ki, təngnəfəs olub az qalırdı boğulsun, o zaman sidq-ürəkdən gələn bir təəssüflə (heyhatla!) deyirdi:– Qəşrəşin havası lazımdı mənə... Qəşrəşin havası məni sağaldardı...

1 мин
Vı fəsil

Şuşa camaatı və o cümlədən, Cümü gözünü açıb Gözlə-Gəlirəm Məmməd kişini Bazar başında çayçı görmüşdü və o çayxanada oturub çay gözləyə-gözləyə ondan soruşanda ki, «Məmməd dayı, bizim çayımız nə oldu?», Məmməd kişi əlindəki nəlbəki-stəkanları başqa mizin arxasındakı növbəti müştərilərinin qabağına düzə-düzə deyirdi: «– Gözlə, gəlirəm!» və üç göz qırpımından sonra o gözəl çay, həqiqətən, gəlib mizin üstünə düzülürdü. Bir mizin arxasında istəyir iki adam otursun, istəyir on adam, fərqi yox idi, Gözlə-Gəlirəm Məmməd kişi çayı birdəfəyə gətirirdi, özü də məcməyisiz – bir əlində (sağ əlində), hərəsi iki nəlbəki-stəkan beşmərtəbə çay sarayı gətirirdi və hələ Şuşada heç kim görməmişdi ki, Gözlə- Gəlirəm Məmməd kişi bircə dəfə əlindən stəkan salıb sındırsın, amma on il idi ki, Məmməd kişi Buzovnadakı bu fəhlə yataqxanasında yaşayırdı, Bazar başındakı o çayxana da, bir əlində tutduğu o beşmərtəbə çay sarayı da çayxananın kəklikotu, nanə, yarpız, hil, mixək, darçın qoxusu hopmuş ab-havası kimi, həmişəlik bir keçmişdə qalmışdı, Gözlə-Gəlirəm ayaması da o çayxana ab-havasına sadiq qalaraq yavaş-yavaş yaddan çıxıb getmişdi və indi Məmməd kişi özü birdən-birə o qədər qocalmışdı, o qədər əldən düşmüşdü ki, bir armudu stəkanı güclə əlində tutub çay içə bilirdi.Fəhlə yataqxanasının həyətində qədim bir zeytun ağacı var idi və o qədim zeytun ağacının altında sovet dövründən qalma sınıq-salxaq bir skamya var idi və Məmməd kişi hər gün səhərin gözü açılandan yeddi nəfərin yaşadığı on səkkiz kvadratmetrlik otaqdan çıxıb həmin skamyada otururdu, bir də şər qarışanda durub o otağa qayıdırdı, nə yeyirdisə də, elə o skamyada yeyirdi, kimsə çay gətirəndə də elə o skamyada içirdi.

2 мин

Стихи других поэтов