Ayaqqabı
Страница 2 из 6 · 17%
– Ay can! – qışqırdı və oxuyub qurtaran Noraya əl çaldı, sonra da gözləri ilə Noranı göstərə-göstərə yanında dayanmış Zibanın qulağına nəsə dedi və Ziba da gülümsəyə-gülümsəyə başını tərpədib oğlanın dediyini təsdiq etdi.
Külək daha da bərkimişdi və həmin mart gecəsi Bakı pəncərələrinin əksəriyyətindən işıq gəlirdi və bu da o demək idi ki, camaat küləyin əlindən küçəyə çıxa bilmir; çıxan da, imkanı varsa, özünü verir restorana.
Bu mehmanxana Bakının dağlıq hissəsində idi və bu yeri elə bil ki, Allah elə mehmanxanadan ötrü, xüsusən də restorandan ötrü yaratmışdı və Bəbir də hərdən macal eləyib restoranın pəncərəsindən Bakının işığı yanan pəncərələrinə baxmağı xoşlayırdı – bu pəncərələrin işığı Bəbirin ürəyinə bir ilıqlıq gətirirdi, o işıqlarda bir məhrəmlik var idi və Bəbirə elə gəlirdi ki, işığı yanan həmin pəncərə şüşələrinin arxasında yaşayan bütün adamlar xoşbəxtlik içindədi; hərə öz xudmani guşəsində oturub ömrünün gözəl günlərini yaşayır və hərdən Bəbir iki ildən sonra tikilib hazır olacaq kooperativ mənzilinin də pəncərəsindən gələn işığı görürdü, hətta o pəncərə şüşəsindən o tərəfdə özünü də görürdü və az qala, cismani surətdə hiss edirdi ki, aşağıda, həmin kooperativ binanın qapısı ağzında indi yoldaş Qardaşxanlını gəzdirən furqonlu «Moskviç» kimi bir maşın sürücü ilə birlikdə dayanıb onu gözləyir, yəni Bəbiri gözləyir, hər gün Bəbiri işə aparır, işdən gətirir, bir sözlə, həmin maşın da, sürücü də camaatın gözü qabağında həmişə əmrə müntəzirdir.
Yoldaş Qardaşxanlının Bəbirdən açıq-aşkar xoşu gəlirdi və istehsalat müşavirələri çağıranda vaxt olub ki, o qədər camaatın arasında tərbiyədə, işə məsuliyyətlə yanaşmaqda, sözə baxmaqda, məsləhətə qulaq asmaqda Bəbiri misal gətirib və bu, əlbəttə, bir tərəfdən Bəbirin xidmətiydisə, o biri tərfdən də yoldaş Qardaşxanlının qabiliyyətindən xəbər verirdi, çünki o biri mehmanxanaların direktorları restoranlarındakı xörəkpaylayanları heç tanımırdılar da və Bəbir burasını da dəqiq bilirdi ki, yoldaş Qardaşxanlı onu mütləq irəli çəkəcək, çünki indiyəcən bircə dəfə də olmamışdı ki, Bəbir nəinki yoldaş Qardaşxanlının, heç metrdotelin də bir sözünü iki eləsin, nə demişdilərsə, etmişdi və xımır-xımır da öz işini görmüşdü, hər gün on beş-iyirmi manat qazancı olurdu – camaat mədəni xidməti xoşlayırdı və Bəbir də əlindən gələni əsirgəmirdi, iki manat, üç manat, beş manat, hətta səkkiz manat artıq verən olurdu, başqa xırda-xuruş gəlirləri də olurdu və Bəbir də bu pulları gələcək üçün dəstəçin yığırdı və Bəbirin beləcə pul yığmağı, özünə qıymamağı xəsislikdən deyildi, gözəl gələcək xətrinə idi; nə isə, hər şey yaxşı idi və hər şey necə lazım idisə, eləcə də öz qaydası ilə gedirdi, təkcə bu ayaqqabı zəhrimar ayağını sıxırdı.
Əlifağanın da kefi kök idi, amma Bəbirdən fərqli olaraq, Əlifağanın kefini araq qaldırmışdı – hərdənbir estradadan enib mətbəxə tərəf gedirdi və hamı başa düşürdü ki, Əlifağa niyə mətbəxə gedir, qayıdandan sonra Əlimuxtara göz eləyirdi və Əlimuxtar da Noranın əlindən güclə imkan tapıb özünü verirdi mətbəxə və bu gün, deyəsən, bu cür gediş-gəlişləri lap çox olmuşdu, Əlifağanın burnu, yanaqları qıpqırmızı qızarmışdı – «İçki mənə düşür, o saat qızarıram!» – və bir də bu artıqlıq ondan bilindi ki, Əlifağa həmişə belə vaxtlarda olduğu kimi, birdən yekə mikrofonu Noradan aldı və rus dilində belə bir elan verdi:
– Pesnya iz kinofilma «Brodyaqa». Posvyaşayetsya Z. Solo na klarnete ispolnyayet Alifaqa Ustadlı – Sonra klarnetin ağzını göyə qaldırıb bir çalmaq çaldı ki, bütün restoran əhli birağızdan əhsən dedi.
Bu, Əlifağanın dəm vaxtlarında elədiyi zarafatlardan biri idi: Z. – yəni, Ziba; məsələ burasında idi ki, Ziba uzun illərdi ki, Rac Kapura aşiq olmuşdu və bunu restoranda bilməyən yox idi, çünki Ziba bu böyük məhəbbətini heç kimdən gizlətmirdi də; haçansa ərə gedib boşanmışdı, hərdənbir fürsət düşürdü, amma Ziba daha ərə getmək istəmirdi, çünki Ziba deyirdi ki, mənim həyatda öz idealım var, mən öz qəhrəmanımı arzulayıram və Ziba sidq-ürəkdən öz idealını, qəhrəmanını uzun-uzun illər idi ki, Rac Kapurun simasında sevirdi.
Bəbir bunların hamısını ona görə beləcə yaxşı bilirdi ki, üç-dörd dəfə Zibanı evlərinə ötürməyə cəhd eləmişdi, bir dəfə, az qala, lap girmişdi də Zibanın evinə, amma hər dəfə də Ziba öz idealı və qəhrəmanı barədəki söhbətlərlə Bəbiri kor-peşman geri qaytarmışdı.
Əlifağanın klarneti qan eləyirdi və Bəbir fürsət tapıb zarafatla Zibaya göz vurdu, Ziba da narahatlıqla restoranın qapısına tərəf baxdı – bu gün gecə hansı iclasdansa sonra mehmanxananın banket zalında qonaqlıq olacaqdı, deyirdilər, guya, yuxarıdan da adam gələcəkdi və buna görə də yoldaş Qardaşxanlı şəxsən özü banket zalında bəzənmiş mizə baxacaqdı, banket zalı isə restoranla üzbəüz idi və Ziba qorxurdu ki, birdən yoldaş Qardaşxanlı girər içəri; Bəbir başını buladı, bu Ziba yazıq da, deyəsən, lap çaşıb daha, içəri girər girər də, nə olsun? Görəcək ki, həmişəki Əlifağadı, klarnetdə qan eləyir, nə biləcək ki, Əlifağa Zibaya sataşır? Bir də ki, nə qədər ki, Brilyant Ağacəfər bu restoranın şef-aşpazı idi, heç kim Əlifağaya gözün üstə qaşın var deməyəcəkdi, çünki Brilyant Ağacəfərlə Əlifağa haçansa bir sinifdə oxumuşdular və Brilyant Ağacəfər hər dəfə Əlifağanı görəndə ürəyinin sarı simi dilə gəlirdi, uşaqlıq çağlarını yadına salıb kövrəlirdi, həmişə dırnağının kənarları və içi quruyub qaralmış ət qalığı ilə dolu olan əlini yavaşdan bir-iki dəfə Əlifağanın kürəyinə vururdu və hamı da bilirdi ki, Əlifağa yaxşı çalsa da, pis çalsa da, tez-tez mətbəxə baş çəksə də, çəkməsə də, Brilyant Ağacəfərin adamıdı və dərd burasında idi ki, Əlifağanın özü də bunu yaxşı bilirdi və bunu yaxşı bildiyinə görə də kimdən xoşu gəlirdi, kimə yazığı gəlirdi, nə çalmağından asılı olmayaraq, götürürdü orkestrinə və ondan soruşanda ki, ay Əlifağa, ay sənin başına dönək, klarnetdən, qaboydan, trubadan, tardan, zərb alətindən və kontrabasdan da bir yerdə orkestr olar?; deyirdi ki, hərgah varsa, demək olar – bu bir, ikincisi də, mən musiqimdə Şərqlə Qərbin əlaqəsini yaradıram, çünki musiqi bəşəri şeydir, Yer üzünün bütün adamları üçündür, təkcə azərbaycanlının Məmmədi, ya da erməninin Vartanı üçün deyil, buna görə də tar olan yerdə gərək truba da olsun və gərək əsl musiqi adamların hamısının qəlbini oxşasın və ələlxüsus da restoranda, çünki əslində insan musiqini elə yeyib-içməkçün kəşf eləyib, yəni müasir dildə desək, restoran üçün kəşf eləyib.
Qaboyçalan Əlimuxtar həmişəki kimi Əlifağanın ağzından çıxan hər bir sözü başının hərəkəti ilə təsdiq edirdi; qaboyçalan Əlimuxtar təqaüdçü idi və Əlifağanın köhnə dostu idi, buna görə də orkestrdə pianoçu yeri boşalan kimi, Əlimuxtarı işə götürdü – arada Brilyant Ağacəfərin adı var idi və pianino ilə qaboyun fərqindən ötrü Əlifağanın sözünü yerə salmaq yaxşı deyildi.
Brilyant Ağacəfərin iki «QAZ-24»ü var idi, biri qayınanasının haradasa fəhlə işləyən xalası oğlunun adına idi, o biri Ağacəfərin özünün bibisi nəvəsinin gülçülük sovxozunda işləyən baldızının adına idi, biri həmişə mehmanxananın qabağında dayanıb Ağacəfəri gözləyirdi, o birisini isə, oğlu sürərdi və çox zaman da mehmanxananın həyətində, mətbəxin qapısı ağzında olardı; mətbəxin həmin qapısı əvvəllər pəncərə idi, sonradan bu pəncərəni Brilyant Ağacəfər öz xərciylə sökdürüb rahat qapı elətdirmişdi.
Nə isə, bütün bunların da Bəbirə dəxli yox idi, çünki Bəbirin heç kimlə işi yox idi və Bəbirlə də heç kimin işi yox idi, çünki başıaşağı, üzüyola adam idi.
Nora indi də erməni dilində Sayat Novadan oxuyurdu və bilənlər deyirdi ki, guya, Nora erməni dilində oxuyanda dediyi sözlərin mənasını başa düşmək olur; hər halda bu, restoranda oturub başı yeməyə-içməyə qatışanlardan çox, yəqin Sayat Novanın xoşbəxtliyi idi, bir də ki, hərdən kefi kök olanda Poqosova ləzzət verirdi, çünki belini əyib müştərilərə xidmət edə-edə mizlərin arasıyla adicə addımlamırdı, Noranın mahnısının ahəngi ilə gedirdi; bəxtiqara Əbülfət isə bir qoca kişi ilə qoca arvadın yanında dayanıb burnunu çəkirdi və gözləyirdi ki, ikisi də – eynəyini taxıb diqqətlə menyünü oxuyan bu müştərilər nə vaxt bir şey seçib sifariş verəcəklər; Ziba yalandan gülümsəyirdi, hərdənbir müştərini aldadan baxışlarından atırdı, tez-tez də bir küncə çəkilib və yaxalığının cibindən balaca sayğacını çıxarıb haqq-hesab edirdi, qazandıqlarını sayırdı; danışıq, qədəh cingiltisi, boşqab, çəngəl-bıçaq səsi Əlifağanın orkestri ilə birlikdə Noranı müşayiət edirdi və hərdənbir də Əlifağa insafa gələndə, sakitlik çökəndə bayırın küləyinin səsi gəlirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-ayaqqabi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1. Qarlı gəzinti həsrətiTülkü çoxbilmişliyindən tələyə düşər, deyiblər, amma bu Tülkü çox bilməyinə lap çox bilirdi, tələyə də düşmürdü ki, düşmürdü. Bic idi, fəndgir idi, kəmfürsət idi. Anasının əmcəyini kəsən Tülkü idi.
Qış nağılıNovruz Cuvarlinskinin xatirəsinəBakıda qarlı-çovğunlu bir qış səhəri təzəcə açılırdı və həmin qış səhəri sübh tezdən yerindən qalxan Kərim kişi birinci növbədə uşaqlar yatan otağa girib qardan şüşələri tutulmuş pəncərədə bir balaca görümlü yer tapdı və gözünü ora zilləyib küçəyə baxdı: hər tərəfi basmış qardan başqa heç nə görünmürdü və bu gün qar dünənkindən də betər meydan oxuyurdu; qar idi, çovğunun vıyıltısı idi, bir də ki, külək bərkiyəndə heç eşidilməyən, sonra yenə də elə bil lap uzaqlardan gələn mahnı səsi – Marqarita Abramovna həmişəki kimi valı qoymuşdu patefonun üstünə.
Bu dünyada qatarlar gedərDünyada cürbəcür qatarlar var idi: «Bakı – Moskva», «Bakı – Novosibirsk», «Xarkov – Bakı», «Bakı – Odessa», «Mahaçqala – Bakı»... Yay başlayan kimi təzə qatarlar gəlib gedirdi: «Bakı – Kislovodsk», «Bakı – Soçi»...Qatarlar adamlarla dolu olardı. Adamlar cürbəcür olardı, cürbəcür geyinərdi.
TalvarAkademik Məmməd Arif Dadaşzadəninxatirəsinə
Стихи других поэтов
Qarabağ...Nə zaman çəkilsə bu ad
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Müxəmməs-tərcinüma: Ey şövqi-ruxun gün kimi əşyaya mücəllaEy şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,