XXII fəsil
Страница 2 из 2 · 50%
Həmişəki kimi, maşının arxa oturacağında, sağ tərəfdə oturmuş Əhməd Ağayeviç dollar dəstini pencəyinin cibindən çıxardı və bir balaca aşağı əyilərək kağızı xısın-xısın, səssiz açıb qaranlıqda on dənə yüzlük saydı, qatlayıb şalvarının sol cibinə basdı ki, sağ cibindəki Azərbaycan manatlarına qarışmasın, dəsti isə yenidən kağıza büküb əvvəlki yerinə – pencəyinin iç cibinə qoydu.
10-15 dəqiqədən sonra gözlərini bu min dollara bərəldəcək Vasili Kuzmiçin sevinci, elə bil, indidən Əhməd Ağayeviçə sirayət etdi, Cavanşirin o «Segah»ını eşidəndən bəri birinci dəfə sinə-dolusu, rahat nəfəs aldı. Əhməd Ağayeviç, əslində, bütün ömrü boyu başqalarına yaxşılıq etmək istəyib, alınmayıbsa – bu, onun təqsiri deyil, dünya belə dünyadı...
Maşın dənizkənarından ayrılıb asfalt yoxuşla Bilgəhə girdi və gecə saat 11 radələri olsa da, kənd camaatı artıq yatmışdı, bağ sahibləri isə hələ Bakıdan köçüb gəlməmişdilər, asfalt boyu adda-budda taxta dirəklərin başındakı işıqlar, bir də boş bağlardakı qarovulçu köşklərinin təkəm-seyrək lampaları yanırdı və Əhməd Ağayeviç daş barıların üstündən görünən o lampalara baxa-baxa fikirləşdi ki, Vasili Kuzmiç gedib özünə nə kastyum, ayaqqabı alacaq, nə də qış ehtiyatı görəcək, üç-dörd özü kimi rusla yığışıb qarmon çala-çala ikicə günə o min dolların axırına çıxacaqlar və maşın bağın darvazası qarşısında dayananda Əhməd Ağayeviç şalvar cibindəki min dolların arasından bir yüzlük çıxarıb pencəyinin yan cibinə qoydu.
– Qoy, yığsın başına rusları, bir yaxşı məclis düzəltsin...
Əhməd Ağayeviçin nəsə pıçıldadığını eşidən sürücü:
– Nəsə deyirsiz, Əhməd Ağayeviç?– soruşdu.
Əhməd Ağayeviç:
– Yox, – dedi. – Düş, qapını aç.
Və Əhməd Ağayeviç ayağını darvazadan içəri basan kimi, gecənin bu çağında bura gəlməyinə peşman oldu. Vasili Kuzmiç darvazanın qabağındakı meydançada elektrik peçini yandırıb üstündə it üçün sür-sümük bişirirdi və o böyük və köhnə qazandan elə ağır, iylənmiş iy gəlirdi ki, konyakın narahatlığı hələ də mədəsində qalmış Əhməd Ağayeviçin az qaldı əməlli-başlı ürəyi bulansın, hirslə:
– Sluşi, – dedi, – bu gecə vaxtı, bu nədi belə?
Vasili Kuzmiç indicə əyninə geydiyi şalvarın qayışını bağlaya-bağlaya:
– Zdrastvuyte, xozyain. – dedi. – İtin xorayini indidan bişiriram da... Zavtra utrom soyusun, verim ona...
Əhməd Ağayeviç bütün bağı bürümüş bu iyə daha tab gətirə bilmirdi, ona görə də əlini tələsik şalvarının sağ cibinə soxub bir əlli min manatlıq çıxardı və Vasili Kuzmiçə uzatdı:
– Na, sluşi!..
Vasili Kuzmiç əvvəlcə barmağını bığına çəkdi, sonra o gözlənilməz və ay işığında çox gözəl görünən yaşıl əlliminliyi Əhməd Ağayeviçdən alıb:
– Spasibo, xozyain! – dedi.
Əhməd Ağayeviç eləcə tələsik də maşına əyləşdi və maşın darvazanın qabağında dövrə vurub geri qayıtdı.
Gecə vaxtı halını xarab edən o murdar iydən uzaqlaşdıqca, Əhməd Ağayeviç yavaş-yavaş özünə gələrək arxa oturacaqda yerini rahatlayıb:
– Bəsidi... – pıçıldadı. – Mən qarovulçu tayfasını yaxşı tanıyıram, bunları qudurtmaq olmaz!..
Sürücü (tatar balası Şövkət) bayaqdan ürəyində oxuduğu qəmli bir tatar mahnısını kəsib, başını geri çevirdi və:
– Mənləsiz, Əhməd Ağayeviç? – soruşdu.
Əhməd Ağayeviç:
– Yox. Sənlə deyiləm... – dedi. – Sür!.. – Və pencəyinin yan cibinə qoyduğu o yüzlük dolları da, şalvarının sol cibinə qoyduğu o doqquz yüzü də çıxarıb bir yerə yığdı, sonra onları pencəyinin döş cibindəki doqquz minin yanına qoydu – evə çatanda onları da bir yerə yığar...
... klarnetçalan Cavanşir isə elə bu vaxtlar klarneti söküb qutusuna yığırdı ki, nəhayət «Şən həyat»dan çıxıb evə getsin...
... amma sabah axşam yenə bura gəlib gecəyəcən klarnet çalmalı idi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-bayraqdar-xxii-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
31 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.Knyaz Sisianov iş otağında böyük yazı mizinin arxasında oturub işləyirdi.
Birinci hissə, 241804-cü il yanvarın 2-dən 3-nə keçən gecə. Gəncə qalası.Gəncə uğrunda vuruş gedirdi.
Birinci hissə, 253 yanvar 1804-cü il. Tiflis. Sərdar iqamətgahı.Sübh tezdən knyaz Sisianov başda olmaqla bir dəstə rus hərbçisi Tiflisin hələ yuxudan oyanmamış boş küçələri ilə iqamətgaha doğru çapırdı.
İkinci hissə, 1İbrahim xan bağçada kiçik uşaqları – Abbasqulu ağa, Gövhər ağa, Hacı Hacan ağa, Səltənətbəyim, Əli ağa ilə oynayırdı.Abbasqulu ağa:
Стихи других поэтов
Ərş üzündə pərvaz edən buludlar,Gözlərim oxşatdı ay ağa səni.
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,