I hissə
Страница 11 из 16 · 63%
– Məni də...
Elə bil ki, Məsməxanımın bütün hirsi soyudu və elə bil ki, bu ucaboylu, göygöz oğlan birdən-birə onun lap az qala doğma bir adamı oldu; elə bil ki, cəmi bir saat bundan əvvəl yox, lap qabaqlardan, lap uşaq vaxtlarından tanış idilər və o zaman hələ bu cür boylu-buxunlu olmayan bu göygöz oğlan boynuna qırmızı pioner qalstuku taxıb çantasını yelləyə-yelləyə məktəbə gedən, məktəbdən qayıdan, barmaqları mürəkkəbə bulaşmış Məsməxanımı çox görmüşdü.
Məmmədağa dənizə tərəf bir-iki addım atıb qayalıqlara baxdı. İndi xəzri dənizin ləpələrini qayalara çırpmırdı və bu sal qayalar bayaqkı ağırlığını tamam atıb yüngülləşmişdi, elə bil bu qayalar bu saat böyük qayıqlar olub dənizə girəcək, ehmallıca suyu yara-yara üzəcəkdilər.
Məsməxanım da əli ilə qayalığı göstərdi:
– Uşaq vaxtı axşamlar qorxardım bu qayalardan... Sözə baxmayanda anam deyərdi: «Bax, o qayalar var ha, gecələr gəlib sözə baxmayan uşaqları aparırlar!» Mənim də canıma üşütmə düşərdi... Heç soruşmazdım da ki, hara aparırlar? Qorxumdan büzüşüb yerimdə oturardım... Səni də qorxudurdular uşaqlıqda?
– Məni? Yox...
– Heç qorxmamısan uşaqlıqda sən?
– Bir dəfə qorxmuşam.
Məsməxanım gözlərini qayalıqdan çəkib Məmmədağaya baxdı, diqqətlə baxdı və Məmmədağaya elə gəldi ki, gilavar əsəndə dənizlə danışan bu qarabuğdayı qız bu saat onun başındakı fikirlərin də hamısını oxuyacaq, ürəyindən keçənlərin də hamısını biləcək, həmin ürəyindən keçənləri ki, Məmmədağa özü bu saat onlardan baş aça bilmirdi, təkcə bunu hiss edirdi ki, bir hərarət var ürəyində, elə bil, içində xəfif bir gilavar əsir. Çoxdan idi, lap çoxdan, evlərinin qır damında yatdığı o yay gecələrindən bəri Məmmədağanın ürəyində belə bir hərarət olmamışdı, yəni bu illər ərzində o çox sevinmişdi, çox şadlıq eləmişdi, amma, bax, bu cür bir hərarət olmamışdı ürəyində və indi o burasını da hiss etdi ki, bir belə illər ərzində ürəyi beləcə bir hərarətin həsrətində imiş.
Sonra Məsməxanım soruşdu:
– Nədən qorxmusan?
– Heç...
Məmmədağa Abşeron yollarında dolaşdığı axır vaxtlar bu köhnə əhvalatı, nədənsə, tez-tez yadına salardı və hərdən yenə də iyirmi il bundan əvvəlki kimi, Kitabullanı gülümsəyən görərdi; Kitabulla gülümsəyəndə dodaqlarının qırağından qızıl dişi parıldayardı; həmin qəribə yay gecəsi Zuğulbanın qumlu dəniz sahilində birdən-birə Kitabulla yenə də gülümsədi və onun qızıl dişi yenə də parıldadı.
Məsməxanım bir də soruşdu:
– Nədən qorxmusan uşaqlıqda?
Məmmədağa dedi:
– Heç... Küləyi görürsən, heç izi də qalmayıb.
Məsməxanım soruşdu:
– Nədən qorxmusan, de.
Məmmədağa dedi:
– Köhnə söhbətdi e, bu. Elə-belə ağzıma gəldi dedim sənə. İstəyirsən sənə başqa bir şey danışım, gülməli?
– Yox, istəmirəm, nədən qorxmusan uşaqlıqda?
...Kitabullagil üç qardaş idi: böyüyü Səmədulla, sonra Yadulla, sonra da
Kitabulla. Səmədulla yaşlı kişi idi, dənizdə işləyirdi, eşmə bığı vardı, hər dəfə
bayram olanda müharibədə aldığı medalları döşünə taxıb nümayişə gedirdi və
məhəllənin bütün uşaqları bu medalların azarkeşi idi. Yadulla çəkməçi idi, bulvarın girəcəyində, indiki Kukla teatrının yanında bir köşkü vardı və məhəllə uşaqları tez-tez bu köşkə gedib-gələrdi: Yadulla həmişə məhəllədəki uşaqların çəkməsini pulsuz yamayardı. Kitabullanın iyirmi beş yaşı vardı, şofer idi, «poluturka» sürürdi və
hərdən bu «poluturka» Dar dalanın qabağında dayananda bütün məhəllə uşaqları
bura yığışıb kuzova dırmaşardı. Məmmədağagilin arasında ən sayılanları bir-bir
kabinkada oturardı və Kitabulla evdən çıxıb gülə-gülə kabinkada öz yerinə qalxardı, uşaqları beş-on məhəllə gəzdirib yenə Dar dalanın qabağına gətirərdi.
Kitabullanın kabinkası həmişə səliqəli olardı. Kitabulla içəridən maşının qabaq şüşəsini bəzəyərdi. Şüşənin kənarlarına «otkritka» keçirmişdi və məhəllə uşaqlarının hamısı bu «otkritka»dakı yazını əzbər bilirdi. Qırmızı ürək şəklinin içində bir qız başını bir oğlanın sinəsinə qoyub gülümsəyirdi, bir dəstə bənövşəyi, qırmızı, sarı gülü isə öz sinəsinə sıxmışdı. «Otkrıtka»nın yuxarısında dimdik-dimdiyə iki ağappaq göyərçin şəkli vardı, aşağıda isə yazılmışdı:
Pust naşa drujba budet veçnoy
Kak drujba etix qolubey.
Uşaqlar bilirdi ki, məhəllədəki qızların çoxu Kitabullanın dərdindən divanədi, aşiqdilər ona. (Məhəllədə uşaqların bilmədiyinə qurd düşərdi.) Əlbəttə, məhəllədə yaraşıqlı cavan oğlanlar çox idi, amma Kitabulla bu cavanların gözü idi. Qəssab Ağanəcəfin arvadı Balacaxanım dəmir şəbəkəli küçə pəncərələrinin qabağında balaca taxta kətilin üstündə oturub tum çırtlaya-çırtlaya Dar dalana tərəf göz eləyib yanında dayanmış məhəllə qızlarına deyirdi:
– Ciyəriyanmış sir-sifətdən elə bil Yusifdi... Adam barmağını soğan yerinə doğrayar, «uf» deməz!..
Məmmədağagilin belə söhbətlərdə səriştəsi var idi və başa düşürdülər ki, söhbət Kitabulladan gedir. Kitabullanın «poluturka»sı Dar dalanın qabağında dayanan kimi, məhəllə qızları pəncərələrdən oğrun-oğrun maşına tərəf baxır, bir iş bəhanə eləyib küçəyə çıxırdılar. Amma uşaqlar, məhəllədəkilərin hamısı kimi, burasını da bilirdilər ki, Kitabulla başqa bir qız istəyir və bu qız başqa yerdə olur; qız da Kitabullanı istəyirdi, amma hamı bilirdi ki, qızın ata-anası onu Kitabullaya vermir. Bu söhbət neçə müddət idi ki, məhəllədə gəzirdi və heç kimin ağlına sığışmırdı: necə ola bilər ki, Kitabulla kimi bir oğlana qız etibar etməyəsən?
Günlərin bir günü gecə vaxtı bütün məhəlləyə bir xəbər yayıldı: Kitabullanın istədiyi qız ona qoşulub qaçıb, indi Səmədullagildədi, sabah yox, birisi gün Kitabulla ilə həmin qızın toyu olacaq.
Kitabullagil Dar dalanın axırındakı həyətdə olurdu. Həyətlərində üç bina vardı. Məhəllədə bu binalar «Mənsur şüşəbəndi» adı ilə məşhur idi. Mənsur Kitabullagilin babası imiş və bu birmərtəbəli üç binanı öz əlləriylə tikibmiş. Hər binanın qabağı şüşənbənd idi və bu şüşəbəndlərin taxta şəbəkələrinin fotoşəkli muzeydən asılmışdı. Binalardan birində Səmədulla ailəsi ilə olurdu, o birində Yadulla ailəsi ilə olurdu, üçüncüdə də Kitabulla ailəsi ilə olacaqdı.
Və həmin gecə Məmmədağagil Dar dalanın qabağında tonqal qaladı, məhəllənin qızları isə ikibir, üçbir Dar dalanın qabağından keçib Kitabullagilin həyət qapısına tərəf boylanırdı.
Səhəri gün Səmədulla, bayram günləri nümayişə gedirmiş kimi, medallarının hamısını döşünə taxıb məhəllədəki qapıları bir-bir açdı. Məmmədağagilin də həyətlərinə gəldi, kiçik foto-dəvətnaməni Səkinə xalaya verdi:
– Səkinə bacı, – dedi, – Əli yoxdu indi, amma sən varsan. Əlinin yeri məlum, nöşün ki, bilirsən, mənim can-ciyərim idi. Ancaq olacağa çarə yoxdu. Sabah xahiş edirəm bizə buyur, Kitabullanın toyudu.
Məmmədağanın atası ilə Səmədulla uşaqlıqdan dost olmuşdular, müharibəyə də bir yerdə getmişdilər, Səmədulla qayıtmışdı, atası yox.
Səkinə xala dedi:
– Xoşbəxt olsunlar! Oğullu-qızlı olsunlar, qoşa qarısınlar. Çox sağ ol.
Səmədulla eşmə bığlarının altından gülümsəyib dedi:
– Sən də çox sağ ol! O gün olsun Məmmədağadan görəsən!
Fotodəvətnamədə bir göyərçin dimdiyində məktub tutmuşdu və məktubun üstündə yazılmışdı: «Sizi əzizimiz Kitabulla ilə əzizimiz Tamillanın xeyir işinə dəvət edirik. Məclis 1951-çi il sentyabr ayının 17-də bəyin böyük qardaşı Səmədullanın evində olacaq». Aşağıda isə iki misra vardı:
Mehrabı eşqdir uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
Həmin gün məhəllədə paltarlar naftalindən çıxarıldı, kostyumlar ütüləndi, köynəklər yuyuldu. Hamı Kitabullanın Tamillanı istəməyindən, Tamillanın da Kitabullanı istəməyindən danışırdı. İndi daha hamı bilirdi ki, bir belə müddət ərzində Kitabullanı atəşində yandıran qız, yəni Tamilla institutda oxuyur və atası-anası onu bir tarix müəlliminə vermək istəyirmiş, amma Tamilla, ancaq Kitabullanı istəyirmiş və axırda da dünən gecə çamadanını götürüb evdən çıxıb. Bu xəbərlərin çoxunu Yadullanın arvadı Fatmadan öyrənirdilər. Fatma bir gecənin içində özü tikdiyi yaşıl ipək paltarını geyib dəqiqədəbir evə gəlirdi, qazan götürürdü, nimçə-boşqab, stəkan-nəlbəki götürürdü və elə hey danışırdı:
– Çox ağıllı qızdır! Ömrümdə belə qəşəng qız görməmişəm, qız deyil, ay parçasıdı! Kitabullaya layiq qızdı! Bir-birlərindən ötrü dəli-divanədirlər! Amma atası əzazilin biridi! Səhər Səmədulla qədeş getmişdi onlara barışıq eləsin, toya çağırsın, desin ki, nə qədər adamuvuz var, gözümuz üstə yerləri var, amma heç evə buraxmayıblar onu! Səmədulla qədeşi e!.. Səmədulla qədeşi evə buraxmayıblar!..
Məmmədağagil heyrətdən donub qalırdı ki, bir adamın sinəsində bir belə medal ola, onu necə evə buraxmamaq olar?
Fatma deyirdi:
– Böyük adamdı atası, hər gün səhər dalınca işdən maşın gəlir, «emaddin». Nə olar e?.. Deyirmiş ki, papağımı yerə soxub mənim! Bu adda qızım yoxdu daha! Ömrünün axırınacan görükməsin gözümə! Əşşi, minnətin olsun sənin!.. Ona deyən lazım ki, Kitabulladan artıq oğlanla qohum olacaqdın? Amma qız ayrı qızdı! Ağıl deyirsən, onda! Tərbiyə deyirsən, onda! Kitabullaya layiq qızdı! İkisi də qızıl gülün ləçəyidi, gözə gəlməsinlər!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-bir-gorusun-tarixcesi-i-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi.Yalçın dedi:
Günayın, Yalçının, Nigarın və yekə canavarın nağılıÇox şilə aşı yemişəm, amma belə yalan deməmişəm.Günlərin bir günündə Günay, Yalçın, Nigar həyətdə oynayırdı. Bu təzə həyət elə gözəl idi ki!... Hər tərəf ağac, gül, ot... Bir tərəfə baxanda da böyük bir dağ görünürdü, özü də yamyaşıl meşəli dağ...
Humayın yuxusuHumay elə yaxşı, elə yaxşı qızdı, özü də deyir ki, Humay yaxşı qızdı.Günlərin bir gözəl günündə günəş yavaş-yavaş batdı, axşam düşdü, bütün uşaqlar yatdı, Humayın böyük bacısı Günay da yatdı.
Günay, Humay, bir dənə günəbaxan və qırt toyuğun cücələriQış qurtardı, yaz gəldi, nərgiz torpaqdan baş qaldırdı, ağaclar çiçəklədi, lalələr çölləri, düzləri qıpqırmızı qızartdı, gül bülbülü çağırdı, bülbül gülü, sonra yay gəldi, istilər başladı və Günayla Humay atasıyla birlikdə, anasıyla birlikdə maşına minib yay istirahətinə kəndə getdilər.Günayla Humaygilin kənddə yaşadıqları evin həyətində çoxlu ağac var idi və Günayla Humay bu ağacları meyvələrindən tanıyırdılar:
Стихи других поэтов
Bir xaric dövlətdən bir əmirzadə,Gəlibdir Tiflisə, gəzib azadə.
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.