Страница 10 из 16 · 56%

– İyirmi dörd? Sənə on doqquzdan artıq vermək olmaz.

– Hə, hamı belə deyir... - Məsməxanım gülümsədi və özü də gözləməyə-gözləməyə soruşdu:

– Sənin neçə yaşın var?

– Neçə olar səncə?

– Məncə?.. Otuz... iki!

– Hə, düz deyirsən... Amma iki yaş üstə gəldi...

– Otuz?

– Hə.

Elə bil, dünən idi ki, Məmmədağanın yaşı onla başlayırdı: on beş, on altı, on yeddi, on səkkiz... Və o zamanlar otuz yaş çox-çox uzaqlarda olan bir şey idi; o

zaman ağlına sığışdıra bilmirdi ki, nə vaxtsa otuz yaşı olacaq və ona elə gəlirdi ki, belə bir vaxt gəlib çıxanda dünya başqa olacaq, yəni burası aydın idi ki, gün həmin gün olacaqdı, ay həmin ay, ulduzlar həmin ulduzlar olacaqdı, amma Məmmədağa hələ o vaxtlardan başa düşürdü ki, bir günün, bir ayın, eyni ulduzların altında

hərənin öz dünyası var; bu barədə gecələr fikirləşirdi, ən çox da damda yatdığı yay gecələri; həmin yay gecələri Səkinə xala axşamdan dama palaz salırdı, palazın

üstündən qalın yun döşəyini salırdı, iri balıncı, nazik mitili gətirib Məmmədağanın yerini rahatlayırdı və Məmmədağa da gecə yerinə girəndə göydəki aya, ulduzlara baxırdı. Səkinə xalanın yaş süpürgə ilə süpürüb təmizlədiyi damın sərinliyini hiss edə-edə gözlərini yumub Bakının küçələri ilə təptəzə taksi «Pobeda» sürürdü.

Məmmədağanın ən böyük arzusu taksi şoferi olmaq idi və o, hər gecə yuxuya getməzdən əvvəl taksi «Pobeda»sının çarxlarını nasosla doldururdu, motorunu

yoxlayırdı, akkumulyatoruna baxırdı, sonra da benzinli şəlpə ilə əllərinin,

qollarının mazutunu silib təmizləyirdi, sonra da taksisini sürürdü.

İndi həmin günlər, elə bil, dünən idi və çox-çox uzaq görünən o illər əslində bir göz qırpımında gəlib keçdi. Məmmədağa Bakının küçələri ilə doğruçu taksi sürdü, sonra isə tirə keçdi və damda yatdığı o yay gecələri ağlına gəlsəydi ki, bir vaxt belə bir furqon tiri olacaq, səhərə kimi yuxusu qaçardı, yata bilməzdi səbrsizliyindən. Ancaq illər keçmişdi və indi məlum olmuşdu ki, hər kəsin dünyası da özü kimi böyüyür, kökəlir, ya arıqlayır.

– Bəs adın nədi? – Bunu da Məsməxanım soruşdu və bu dəfə lap əli-ayağı yerdən üzüldü ki, nə suallardır belə, verir? Onun nəyinə gərəkdi ki, bu göygöz oğlanın adı nədir? Niyə biabır eləyir özünü?

– Məmmədağa. – Məmmədağa Məsməxanıma baxıb güldü. – Uşaq vaxtı məni cinnəndirməkçün deyirdilər:

Məmmədağa

Girdi bağa.

Bir quş tutdu,

Oldu tısbağa!..

– Hə, məni də cinnəndirirdilər uşaqlıqda. Dərsi bilməyəndə qorxurdum ki, indi çağıracaq məni müəllim, əlim, ayağım əsirdi. Uşaqlar da məni cinnəndirirdi:

Məsməxanım Məsmədi,

Əli-ayağı əsmədi...

Məsməxanım bərkdən güldü və lövhəyə çağrılmaqdan qorxan, dünyadan xəbərsiz o balaca qız uşağı gözlərinin qabağına gəldi, sonra birdən-birə öz gülüşü öz qulaqlarında cingildədi və bu dəfə Mirzoppanın yağlı sifəti gözlərinin qabağına gəldi, spirt iyi burnuna gəldi, yadına saldı ki, Mirzoppa indi milis idarəsində oturub, ən azı, on beş sutkasını gözləyir. Bunu yadına saldı və özü öz arsızlığına heyrət elədi, amma burasını da sövq-təbii hiss etdi ki, bu saat lap arsızlıq olmur, nə olur-olsun, bu gur işıqlı furqondan çıxıb getmək istəmir.

Məmmədağa dedi:

– Sən, axı, heç qorxana oxşamırsan...

– İndi beləyəm də...

– Hə, indi yamansan! - Bunu da Məmmədağa dedi və güldü.

Məsməxanım bu oğlanın göy gözlərinə baxıb fikirləşdi ki, doğrudan çox qəribə oğlandı bu oğlan, bu cür iri göy gözləri var, amma qaşları, kirpiyi qaradı, saçları da qaradı, özünün də cəmi otuz yaşı var, amma başı ağarmağa başlayıb.

Məmmədağa soruşdu:

– Nə fikirləşirsən?

Məsməxanım dedi:

– Heç nə. – Və hiss etdi ki, qızarır.

Məsməxanım çoxdan idi daha qızarmırdı, o vaxtdan ki, Mirzoppanın evinə gəlmişdi və indi qızardığını hiss eləyəndə ona elə gəldi ki, dünyada heç bir Mirzoppa yoxdu, heç vaxt ərə getməyib, bütün bunlar hamısı yalandı, yenə də hind kinolarına baxıb ağlayan əvvəlki Məsməxanımdı, bütün bu illərin acısı da bir yuxudu; cəmi bircə an ona belə gəldi, sonra qırx dəqiqə bundan əvvələ qədər üzünü görmədiyi bu oğlanın göy gözlərinə baxıb qəti qərara gəldi ki, buradan getmək lazımdı:

– Yaxşı, getdim mən...

Məmmədağa bir söz demədi və fikirləşdi ki, birdən-birə bu çöllü-biyabanda peyda olmuş bu qarabəniz qızın çıxıb getməsi çox təbii bir işdi; bunu fikirləşdi və fikirləşdikcə də ürəyindən bir nigarançılıq keçdi. Məmmədağa bu nigarançılığın

səbəbini bilmirdi, amma burasını indi lap dəqiq bilirdi ki, bu qarabəniz qız çıxıb

gedəndən sonra, bu gecənin bütün qəribəliyi öləcək və bayaqkı qayaların təmkini bütün gecə onun qulaqlarına həyatın mənasızlığını pıçıldayacaq.

Məsməxanım furqonun açıq qapısından qumun üstünə atılıb Zuğulbaya tərəf baxdı: kəndin işıqları hələ gəlirdi; Məsməxanım orada yaşayanların çoxunu tanıyırdı və indi tanıdığı bu adamların hamısı haqqında bir-bir fikirləşə bilərdi, amma

onlardan heç biri bilmirdi ki, səhər saat səkkizdən axşam altıyacan tərəvəz köşkündə pamidor, xiyar, üzüm, yemiş satan Məsməxanım indi gecənin bu vaxtında dənizin kənarında dayanıb onların pəncərəsindən gələn işığa baxır; heç kim bilmirdi ki, bu saat bu pəncərə işıqlarına baxan Məsməxanımın ürəyində bir təklik nisgili var və heç kim bunu da bilmirdi ki, əri milis idarəsində oturub, ən azı, on beş sutkasını

gözləyən Məsməxanım təkcə adını bildiyi bir oğlanın göy gözlərini də özü ilə

buradan aparacaq; bunu heç kim bilmirdi və bilməyəcəkdi də; əslində bunu

Məsməxanım özü də əməlli-başlı başa düşmürdü, təkcə bunu bilirdi ki, indi ay

işığında gümüş kimi ağaran bu furqon haçansa burada olmayacaq və o zaman

Məsməxanım bu göy gözləri yadına salacaq, bu göy gözlər barədə fikirləşəcək,

axşamlar evdə oturub pəncərədən əncir ağacına baxanda həmin göy gözləri görəcək; nə üçün belə olacaq? Məsməxanım bunun səbəbini də bilmirdi, amma burası lap

dəqiq idi ki, onun ürəyi birdən-birə bu göy gözlərin baxışı ilə evdə, internat

məktəbdə başını sığallayan həmin iri kişi əllərinin istisi, mehribanlığı arasında bir yaxınlıq, bir doğmalıq duymuşdu. Məsməxanımın ürəyində çoxdan hiss etmədiyi bir ilıqlıq baş qaldırmışdı.

Məmmədağa furqondan düşüb qızın ardınca bir-iki addım atdı, sonra dənizə tərəf çevrilib:

– Külək dayanıb... – dedi.

Məsməxanım da ayaq saxladı, əlini havaya tutub:

– Hə, – dedi, – dayanıb... Axşam yaxşı gilavar əsirdi.

Məmmədağa dedi:

– Gilavar isti əsir... Külək gərək külək olsun, sərin...

Məsməxanım dedi:

– Mən xoşlayıram gilavarı... Gilavar dənizə əsir də... Gilavar əsəndə dənizlə danışmaq olur...

Məmmədağanın bütün vücudunu heyrət bürüdü:

– Nə deyirsən?

– Heç nə.

– Sən dəniz qırağına gəlib dənizlə danışırsan?

– Nöşün, evdə danışmaq olmur bəyəm? Gilavar sözləri aparır dənizə...

Məsməxanım bunları dedi və birdən-birə özünə əməlli-başlı hirsi tutdu: axı, bu oğlan kimdir ki, ürəyinin sirrini ona açır belə? Niyə? Məsməxanım öz-özünə bu sualı verdi və ayaq saxlayıb geri çevrildi.

Məmmədağa qarşısında dayanmış bu qızın gözlərinə baxdı. Ay işığında bu gözlər daha da qaralmışdı, daha da işıldayırdı. Dünyada Zuğulba deyilən bir kənddə gözəl bir qız var idi, bu qızın adı Məsməxanımdı və bu Məsməxanım ona görə gilavarı xoşlayırdı ki, gilavar əsəndə dənizlə danışmaq olur, söhbət etmək olur, külək adamın dediyi sözləri aparıb dənizə çatdırır. Bunu təkcə Məmmədağa yox, bütün yer üzündə heç kim bilmirdi ki, çığır-bağırla, hay-küylə dava-dalaş salan bu qız gilavar əsəndə dənizlə danışır...

Məsməxanım başa düşürdü ki, buradan tez çıxıb getmək lazımdır.

Məmmədağa qıza yaxınlaşıb bir müddət onunla üzbəüz dayandı, sonra soruşdu:

– Nə fikirləşirsən?

Məsməxanım bu göy gözlərin içinə baxa-baxa:

– Sənə nə var, – dedi, – nə fikirləşirəm. Sən kimsən? – Bunları dedi və burasını da fikirləşdi ki, bu göy gözlərin heç bir təqsiri yoxdu ki, o öz-özünə açır sandığı, tökür pambığı.

Məmmədağa dedi:

– Mən Məmmədağayam.

Məsməxanım dedi:

Məmmədağa,

Girdi bağa.

Bir quş tutdu,

Oldu tısbağa..

Məmmədağa dedi:

Məsməxanım Məsmədi,

Əli-ayağı əsmədi.

Məsməxanım güldü və həmin dünyadan bixəbər qız uşağı yenə gözlərinin qabağına gəldi:

– Hə, yaman cinləndirirdilər məni.

Məmmədağa güldü və Məmmədağa da məhəllədən ötən maşınların dalınca qaçan o balaca oğlan uşağını gözlərinin qabağına gətirdi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов