I hissə
Страница 8 из 16 · 44%
Və Mirzoppa da daha milisioner Səfərin əlindən dartınmadı, amma dilini də ağzında saxlamadı:
– Gedək də, gedək! Hara deyirsən gedək! Səndən qorxub eləyən yoxdu. Bir dəfə Nəcəfə zəng eləsəm, paqonlaruvu çıxartdıraram! Baxarsan!
– Az danış, düş qabağıma! – Milisioner Səfər bu sözləri elə zəhmlə dedi ki, Mirzoppaya məlum oldu: bir az da o yan-bu yan eləsə, səsini çıxartsa, bu kəndli oğlu onu ayı kimi süpürləyib basacaq altına, bunu hiss etdi və dinməz-söyləməz furqondan aşağı düşdü.
Məmmədağa da onlarla birlikdə furqondan aşağı düşdü. Milisioner Səfər ay işığında daha da qaralmış sifətini Məmmədağaya çevirib:
– Sən gəlmə, qağa, – dedi. – Səfər bunu əlindən buraxan deyil. Belələrini çox görüb Səfər!
Mirzoppa bərkdən boğazını arıtlayıb qumun üstünə tüpürdü və bir az ehtiyatla:
– Yaxşı, – dedi, otdelenedən Nəcəfə zəng elərəm, onda görərik!..
Məmmədağa, milisioner Səfərlə Mirzoppa ay işığında gözdən itənədək furqonun qabağında dayandı, sonra çəkməsinin burnu ilə Zuğulbanın narın sahil qumunu tozlandıra-tozlandıra dənizə tərəf getdi.
Bütün sahil bomboş idi və indi adama elə gəlirdi ki, bu yerlərdə ömründə heç kim olmayıb, dəniz həmişə bu cür tək-tənha olub və sahil də dənizlə həmişə bu cür bomboş təkbətəklikdə olub. Bu boşluq, dənizi daha böyük, intəhasız etmişdi və bu böyüklüyünə, intəhasızlığına baxmayaraq, dənizin də belə tənha görünməsi birdən-birə həmin yay gecəsinə bir qüssə gətirdi; dəniz həmişəki kimi boğuq bir səslə
uğuldamırdı, şırıldayırdı dəniz, elə bil çay axırdı. Milisioner Səfərgilin dağlarından axan çaylar da yəqin belə şırıldayır və indi o çayların xəbəri yoxdu ki, ürəyini
onlarda qoymuş milisioner Səfər bu gecə Abşeronda, Zuğulba deyilən bir kəndin kənarında, dənizin sahilində, Məmmədağa adlı bir oğlanın tirində nahaq, lap nahaq bir şillə yedi.
Məmmədağa başa düşürdü ki, əslində həmin şillənin namərdliyi idi bu gecəyə qüssə gətirən, bu dənizi beləcə tənha edən; o, sahilboyu qumluqdan sonra başlayan Zuğulba qayalıqlarına baxdı və bu sal qayalar ay işığında ona həmişəkindən daha təmkinli göründü. Məmmədağa fikirləşdi ki, bir vaxt gələcək, həmin şillə yaddan çıxacaq, cingiltisinin pis əks-sədası bu yerlərdən tamam çəkilib gedəcək və bir vaxt gələcək ki, dünyada nə Məmmədağa olacaq, nə milisioner Səfər, nə də Mirzoppa, amma bu qayalar isə hər dəfə ay işığında beləcə qaralacaq; Məmmədağa başa
düşürdü bu fikirlər çox da dərin fikirlər deyil, bütün bunlar məlum məsələdir,
dünyaya məmmədağalar gəlib, məmmədağalar gedib, həmişə də belə olacaq; təkcə burası var ki, hər adam gərək ömrünü kişi kimi vursun başa bu dünyada, yəni bir
halda ki, dünyada bu cür sal qayalar var və onlar bu cür təmkinlidir, bu cür böyük dənizlər var, ay var, ulduz var, o həyat ki, sənə verilib, onu gərək düz yaşayasan,
təmiz yaşayasan və gərək elə bir şey olmasın ki, gecə yerinə girib yatmaq istəyəndə səni özündən utandırsın; hərgah, dünyada bir milisioner Səfər varsa, bu milisioner Səfərin oğlunun adı Naçalnikdirsə, özü də ömründə haram bir tikə yeməyibsə və
ürəyi də qoyub gəldiyi dağların yanındadırsa, gərək o, bu dənizin sahilində, bu
qayaların yanında, bu ayın işığında haqsız şillə yeməsin.
Uzaqdan Bakıya gedən elektrik qatarının səsi gəldi: dəmir təkərlər relslərin üstü ilə taqqatuqla gedirdi və həmin taqqatuq indi, elə bil, bu Zuğulba gecəsinin, bu tənha gecənin nəbzi idi, vururdu; bu gecə nəbzinə qulaq asan Məmmədağa fikirləşdi ki, adamın ömrü də qatar kimi bir şeydi, səni mənzil başına aparıb düşürür, əvəzinə bir başqasını götürüb geri qayıdır, onu da o biri başda düşürüb təzəsini götürür, gedir-gəlir, gedir-gəlir və bir halda ki, bu yolun əvvəli var, axırı var, gərək papağını qabağına qoyub fikirləşəsən, fikirləşəsən ki, qatar relsdən çıxmayacaq, cədvəlini də pozmayacaq, ona görə bu məsafədə adam ol, adam kimi yaşa, adam kimi də öl.
Yavaş-yavaş xəzri əsirdi və xəzri əsdikcə də həmin qəribə yay gecəsinə bir sərinlik gətirirdi, ağcaqanadlar yoxa çıxmışdı və Məmmədağa fikirləşdi ki, ağcaqanad da təbiətindi, külək də təbiətindi, amma külək ağcaqanadın qənimidi və ümumiyyətlə, bu dünya elə bir şeydi ki, hər pisliyin, hər namərdliyin öz qənimi var; əlbəttə, bu fikir də çox dərin bir fikir deyildi və Məmmədağa burasını da fikirləşdi ki, bu gecəni qəribə eləyən onun bəlkə birdən-birə filosofluq eləməyə başlamasıdı?
Bu dəfə başqa bir səs gəldi və Məmmədağa alüminium örtüyü ay işığında gümüş kimi ağaran furqonunun yanında kiminsə qaraltısını gördü. Kimsə furqonun dövrəsində o tərəf-bu tərəfə gedə-gedə qışqırırdı:
– E-ey!.. E-ey!..
Məmmədağa başa düşdü ki, bu səs arvad səsidi, amma bu arvadın gecənin bu vaxtında onun furqonunun yanında niyə gəzdiyini başa düşmədi.
– E-ey!.. E-ey!..
Məmmədağa furqonun yanına gələndə on səkkiz-on doqquz yaşlarında bir qız onu elə top-tüfəngə tutdu ki, əvvəlcə heç nə anlaya bilmədi.
– Hə, camaatı tutdurursan, özün də dəniz qırağında gəzirsən?.. Camaat nədi səninçün bəyəm, adam-zad deyil? Nə işin var camaatla? Yorta-yorta gəlmisən bura ki, adam tutdurasan?
Məmmədağa furqonun açıq qapısından düşən elektrik işığında bu ortaboylu qızın qarayanız girdə sifətinə, par-par parıldayan iri qara gözlərinə, sarı trikotaj köynəkli, göy yubkalı yaraşıqlı bədəninə baxa-baxa heç cürə ağlına sığışdıra bilmirdi ki, bu davakar qız ondan nə istəyir və burada da nə işi var?
– Bir dayan görək, ay bacı, nə olub, nə xəbərdi?
– Bacın nöş oluram sənin? Bacın-zadın deyiləm!.. Buna bir bax! Qardaş tapılıb mənimçün, heç xəbərimiz yoxdur!.. Camaatı tutduranda bacı olmuruq, indi bacı oluruq!.. Əcəbdi!
Həmin qəribə yay gecəsi bu qarabuğdayı qızın bu cür hay-küyü Məmmədağaya gülməli gəldi və o fikirləşdi ki, bir az da bu cür davam eləsə, bu qız onun üstünə cumub üz-gözünü cıracaq. Əlbəttə, Məmmədağa indi heç vaxt ağlına gətirə bilməzdi ki, əslində bu yay gecəsini belə qəribə edən bu qarabuğdayı qızın gecənin yarısı birdən-birə bura gəlməsi idi; indiyə qədərki qəribəlik isə bir ərəfə hissi idi – hərdən belə şeylər də olur dünyada; Məmmədağanın bundan xəbəri yox idi və o, doğrudan da, çaşbaş qalmışdı:
– Camaat kimdi, kimi tutdurmuşam?
– Camaat – mənim həyat yoldaşım!.. Bildin? Gedək bu saat, necə tutdurmusan onu, elə də buraxdır!
– Mirzoppanı deyirsən?
Mirzoppanın adı elə bil ki, bu qarabuğdayı davakar qızı bir balaca süstləşdirdi və o, gözlərini Məmmədağanın üzündən çəkməyib:
– Hə, – dedi. – Bəs kimi deyəcəm?
Məmmədağaya məlum oldu ki, bu qız Mirzoppanın arvadıdı və nədənsə, bu xəbər onunçun çox gözlənilməz oldu. Gecənin yarısı birdən-birə peyda olmuş bu qızın yanından keçib furqona qalxdı:
– Mənnik bir iş yoxdu, – dedi.
Əlbəttə, bu qız ki, belə qiyamətlə başlamışdı, beləcə asanca ondan əl çəkən deyildi; əllərini belinə qoyub, altdan-yuxarı sözləri yağdırmağa başladı:
– Necə yəni mənlik bir iş yoxdu? Əvvəlcə tutdurursan, sonra da deyirsən ki, mənlik bir iş yoxdu? Əcəb işdi! Bizi nə hesab eləyirsən sən? Çuşka-zadıq səninçün? Bu saat gedək, onu buraxdır! – Qız da yuxarı qalxıb furqonun içinə girdi.
Furqonun gur işığı, divar boyu yan-yana düzülmüş tüfənglər, uduş üçün qoyulmuş şampan butulkası, stolüstü güzgü, gəlin kuklası, fotoaparat, divardan asılmış taxta dovşan, tülkü, ayı, şir və naməlum heyvan, elə bil, qızı bir balaca çaşdırdı və o, bütün bunlara baxıb yenə də sualdolu qara gözlərini Məmmədağaya zillədi, yəni ki, gedirik, ya yox.
– Ərini mən tutdurmamışam, ay bacı. Yoldaşıyla içib gəlmişdi...
Qız onun sözünü kəsdi:
– Yoldaşının başı batsın! Elə yoldaşları deyil onu yoldan çıxaran? – dedi və elə bil özü də öz sözlərinin mötəbərliyinə inanmayıb tələsik əlavə etdi: – Hə, nolsun içmişdi? İçməyin üstündə adam tutdurarlar? Sovet hökumətində elə qanun yoxdu ki, içməyin üstündə adam tutasan!
Bu dəfə Məmmədağa doğrudan-doğruya hirsləndi:
– İçməyin üstündə adam tutmazlar, amma milisioner Səfərə şillə vurmağın üstündə adam tutarlar.
Amma bu qız da başqa qız idi, xoruz olub dimdikləşmək istəyirdi:
– Milisioner Səfər plan doldurur, ona görə tutub aparıb onu.
– Neyləyir? Plan doldurur? – Məmmədağanın daha bu qarabəniz qıza deməyə sözü qalmadı, yəni bu mənada ki, onun dilinə mat qaldı. – Ay bacı, mənim yanımda vurdu onu, özü də durduğu yerdə...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-bir-gorusun-tarixcesi-i-hisse
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nigar həyətdə çox atıldı-düşdü, qaçdı, tərlədi, ona soyuq dəydi, xəstələndi.Yalçın dedi:
Günayın, Yalçının, Nigarın və yekə canavarın nağılıÇox şilə aşı yemişəm, amma belə yalan deməmişəm.Günlərin bir günündə Günay, Yalçın, Nigar həyətdə oynayırdı. Bu təzə həyət elə gözəl idi ki!... Hər tərəf ağac, gül, ot... Bir tərəfə baxanda da böyük bir dağ görünürdü, özü də yamyaşıl meşəli dağ...
Humayın yuxusuHumay elə yaxşı, elə yaxşı qızdı, özü də deyir ki, Humay yaxşı qızdı.Günlərin bir gözəl günündə günəş yavaş-yavaş batdı, axşam düşdü, bütün uşaqlar yatdı, Humayın böyük bacısı Günay da yatdı.
Günay, Humay, bir dənə günəbaxan və qırt toyuğun cücələriQış qurtardı, yaz gəldi, nərgiz torpaqdan baş qaldırdı, ağaclar çiçəklədi, lalələr çölləri, düzləri qıpqırmızı qızartdı, gül bülbülü çağırdı, bülbül gülü, sonra yay gəldi, istilər başladı və Günayla Humay atasıyla birlikdə, anasıyla birlikdə maşına minib yay istirahətinə kəndə getdilər.Günayla Humaygilin kənddə yaşadıqları evin həyətində çoxlu ağac var idi və Günayla Humay bu ağacları meyvələrindən tanıyırdılar:
Стихи других поэтов
Bir xaric dövlətdən bir əmirzadə,Gəlibdir Tiflisə, gəzib azadə.
AğlaramFikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.