Страница 7 из 16 · 38%

Mirzoppa yenə də tərli əli ilə onun biləyini sıxdı, yəni ki, iş var. Balaca hamam pəncərəsindən daha səs gəlmirdi, yəqin çimənlər çimib nömrədən çıxmışdılar. Bir az sakitlik çökdü və bu sakitlik içində, ancaq quşbaz Ağamehdinin göyərçinləri quruldayırdı; sonra pəncərədən yenə səs gəldi və Mirzoppa pıçıldadı:

– Şərəbanıdı, təmizləyir nömrəni.

Şərəbanı Sarı hamamda süpürgəçi idi. Sarı hamamın ümumi kişi şöbəsindən və ümumi arvad şöbəsindən başqa üç ayrı-ayrı nömrəsi vardı və bu balaca pəncərə də həmin nömrələrdən birinin pəncərəsi idi.

Sonra yenə sakitlik çökdü və bir azdan yenə tas-ləyən, öskürək səsi gəldi, su şırıldadı və Mirzoppa da bu dəfə lap yavaşcadan pıçıldadı:

– Qalx.

Məmmədağa taxta nərdivanla yuxarı dırmaşdı və quşxananın damında pəncələri üstə qalxıb balaca pəncərəyə tərəf boylandı. Birdən-birə onun bütün bədəni uçundu, gözləri torlandı və bu tor pərdə arxasında elə şeylər gördü ki, elə bildi bu saat yer ayaqlarının altından qaçacaq və o, harasa düşəcək, özü də uçub düşəcək harasa; arvad bir ləyən suyu qızın başına tökdü və su qızın saçlarındakı, üzündəki, bədənindəki bütün sabunu yuyub aparanda Məmmədağa dəhşətə gəldi ki, hər gün yüz dəfə küçələrində gördüyü bu arıq, bu kifir qız bu qədər qeyri-adiymiş, bu qədər sehrliymiş, tilsimliymiş.

Mirzoppa aşağıdan Məmmədağanın şalvarının balağını dartdı, yəni ki, düş aşağı, bir az da mən baxım; Məmmədağa, ancaq indi yadına saldı ki, Mirzoppa aşağıdadı və dəhşətlə o biri ayağını qaldırıb onun əlini itələdi. Məmmədağanı dəhşət basmışdı və bu dəhşət içində o görürdü ki, bu dəfə arvad özu sabunlanır, qız da əyilib ona kömək edir, anasının kürəyini, belini sabunlayır və hər dəfə qız əyilib durduqca Məmmədağanın bütün bədəni uçunurdu və o vaxt o özü də bilmirdi ki, bu nə deməkdir.

Mirzoppa aşağıda daha dözə bilməyib nərdivana qalxdı, yuxarı dırmaşıb onu kənara sıxışdıraraq quşxananın üstündən balaca pəncərəyə sarı boylandı və Məmmədağa nəfəsini qısıb gözlədi ki, bu saat nə isə bir hadisə olacaq. Birdən-birə Mirzoppanın sinəsindən bir inilti qopdu və o, yekə başını hamamın köhnə divarına çırpdı. Məmmədağa daha özünə gəlib quşxananın damından birbaş yerə – hamamdan nəm çəkmiş torpağın üstünə atıldı. Quşxanadakı göyərçinlər daha da bərkdən quruldamağa başladı və Məmmədağa gözünü açanda Mirzoppa da özünü yerə atmışdı; bir müddət beləcə dayandılar – Mirzoppa ayaq üstə, Məmmədağa yerə sərilmiş, sonra Mirzoppa Məmmədağanın heç vaxt görmədiyi və təsəvvür etmədiyi bir hönkürtü ilə zır-zır ağlamağa başladı.

Hamamda çimən arvad Mirzoppanın anası idi, hamamda çimən qız da Mirzoppanın bacısı Ədilə idi.

Belə-belə işlər...

O gündən sonra Məmmədağa bir neçə ay özünə gələ bilmədi; ona görə yox ki, həyatında birinci dəfə lüt arvad, lüt qız görmüşdü, ona görə ki, bir kişi qeyrəti onu boğurdu, məhəllə uşaqlarının, cavanların gözünün içinə düz baxa bilmirdi; qeyrət onu boğurdu ki, hərdən həyətlərinə gəlib anası ilə söhbət edən arvada, hər gün məhəllədə gördüyü qıza oğru pişik kimi gizlicə hamam pəncərəsindən baxıb. Hərdən gecələr hövlnak yuxudan oyanırdı, o saat yadına düşürdü ki, çox pis bir iş tutub və yerində qovrula-qovrula tutduğu bu işin əzabını çəkirdi, özünü dünyanın ən pis adamı hesab edirdi.

Və Məmmədağa elə o günlərdən düzlüyün, mərdliyin, kişiliyin qədrini bildi; aylar, illər keçdi və zaman keçdikcə də bu hadisə yavaş-yavaş yaddan çıxdı, bir yeniyetməlik yuxusuna çevrildi ki, doğrudan da, yuxuda, ya həyatda olduğu unuduldu. O vaxtdan bəri Məmmədağa bütün ömründə elə bir iş görməmişdi ki, kiminsə yanında gözükölgəli olsun. Məhəllənin arvadları Məmmədağadan söz düşəndə deyirdi:

– Ömrü uzun olsun, torpaq sanı yaşasın, elə bil, sir-sifətdən Kitabulladı. Xasiyyəti də qızıldı. Çox kişi cayıldı.

Səkinə xalanın, aydın məsələdir ki, bu sözləri eşidəndə uçmağa qanadı olmurdu, amma özünü ağayana aparırdı, yəni ki, elə belə də olmalı idi, onun oğlu, Əlinin oğlu başqa cürə ola bilməzdi. Solmaz isə, o saat bu sözləri Məmmədağaya çatdırırdı və əvəzində də Məmmədağa ona acıqlanırdı.

– Bir də mənim yanımda belə sözlər danışma!

Əlbəttə, o vaxt məhəllə uşaqlarının heç nədən xəbəri olmadı, Məmmədağa heç kimə heç nə demədi, amma Mirzoppa daha məhəllədə lap az-az görünürdü, bir neçə vaxtdan sonra isə Qırçılar məhəllədən köçüb getdi. Əliabbas kişi məhəllənin ağsaqqallarına deyirdi:

– Altı-yeddi ildən sonra Bakıda qır basmağa dam qalmayacaq. Köhnələri sökürlər, hər yerdə təzə ev tikirlər, beşmərtəbə, yeddimərtəbə, bir azdan doqquzonmərtəbə də tikəcəklər. Hamısının üstü taxtapuş. Yaxşısı budu elə indidən yığışıb köçüm kəndlərdən birinə. Abşeronda binaların hamısının damı qırdı, hansı kəndə getsəm, bekar qalmayacağam...

Həmin vaxtdan da iri qır tiyanı Məmmədağagilin məhəlləsində görünmədi və məhəllə də yavaş-yavaş buna alışdı, indi daha adama elə gəlmirdi ki, nəsə yerində deyil, nəsə çatışmır.

İndi on beş-on altı il keçmişdi o günlərdən.

Belə-belə işlər...

...Həmin qəribə yay gecəsi bütün bunları yadına salan Məmmədağa furqonun gur işığında Mirzoppanın daha da kökəlmiş sir-sifətinə baxa-baxa birdən-birə özünü onun yanında günahkar hiss etdi, amma bu günah hissində artıq bir uşaqlıq xatiratının ilıqlığı vardı; bu günah hissi çox həzin bir peşmançılıq idi və indi Məmmədağanın ürəyindəki bu həzinliklə Mirzoppanın ona baxıb harın-harın gülümsəməyi heç vəchlə bir araya sığmırdı.

Arıq oğlan yenə əlini yuxarı qaldırıb öz şüarını dedi:

– Atacağıq!

Milisioner Səfər bu arıq oğlana baxıb fikirləşdi ki, zalım balasının başında bir kəlmə «Atacağıq!» sözündən başqa bir şey yoxdu, amma tüfəng istəyir, güllə istəyir. Sonra da fikirləşdi ki, belələridi nahaq qan tökən, öz vücudları bir köpüyə dəyməz, amma uşaqları yetim qoyurlar, arvadları gözüyaşlı.

Mirzoppa eləcə harın-harın gülümsəyə-gülümsəyə Məmmədağanı təpədən dırnağa kimi süzüb:

– Pis döyülsən, – dedi. – Yaxşı, öz məhəllə uşağuva tüfəng vermirsən atmağa?

Mirzoppanın bu cür açıq-aşkar harın-harın gülümsəməyinə baxmayaraq, Məmmədağa sidq-ürəkdən təəssüf etdi ki, Mirzoppa bu axşam bu qədər içib. İçməmiş olsaydı, əlbəttə, lap səhərəcən icazə verərdi ona nişan atsın. Heç pulunu da almazdı ondan. Düzdür, Məmmədağa həmişə belə hesab edirdi ki, öz gücünə səxavətli olasan gərək, hökumətin tirinin hesabına yox, amma bu saat bu barədə fikirləşməyə dəyməzdi, çünki Mirzoppa ayaq üstə güclə dururdu, yanındakı oğlanın isə əlini yuxarı qaldırıb bir kəlmə deməkdən başqa bir şeyə qabiliyyəti çatmırdı. Məsələ burasında deyildi ki, Mirzoppanın gülləsi kiməsə dəyə bilərdi. Düzdür, tirlərdə hərdən belə hadisələr olurdu, amma Məmmədağa indi tüfəngi Mirzoppaya verib özü sərhesab ola bilərdi, amma yenə də məsələ burasında idi ki, təlimatda iri qara hərflərlə içmiş adamların tirdə tüfəng atması qadağan edilmişdi. Məmmədağa isə öz təlimatının qabağında gözükölgəli olmaq istəmirdi.

– Qalsın sonraya. – Bunu Məmmədağa dedi.

– Sən mənnən nöş düzəlmirsən?! – Bunu Mirzoppa dedi və onun yoğun səsində açıq-aşkar bir hədə-qorxu vardı.

– Atacağıq! – Bunu, aydın məsələdir ki, arıq oğlan dedi və əlini də yuxarı qaldırdı.

– Atmayacaqsız! – Bunu da yaş dəsmalını təzədən cibindən çıxarıb üz-gözünün tərini silən milisioner Səfər dedi.

– Sən hürmə! – Mirzoppa domba gözlərini milisioner Səfərə bərəltdi.

Milisioner Səfərin ürəyindən bir nalə qalxdı: a dağlar oğlu, gör nə günə qalmısan ki, düdüyün biri səninlə it dilində danışır. –Sonra yaş dəsmalını cibinə basıb Mirzoppanın qolundan yapışdı:

– Gedək otdeleniyə!

Mirzoppa qolunu dartdı:

– Əl çək məndən!

– Yox, gedəcəyik!

– Dedim sənə əl çək məndən!

– Gedəcəyik, vəssalam!

Birdən-birə milisioner Səfərin qulağının dibində bir şapalaq cingildədi və onun arıq qara sifətində Mirzoppanın ətli barmaqlarının yeri ağardı.

Bu çox gözlənilməz oldu və ən əvvəl arıq oğlan özünə gəldi, bir Mirzoppaya, bir də milisioner Səfərə baxıb, əlini «aerodrom» kepkasının üstünə basdı və bir göz qırpımında furqondan yerə atılıb əkildi.

Sonra özünə gələn milisioner Səfər oldu:

– Ə, dəyyus, hökumət nümayəndəsinə əl qaldırırsan?!

Elə bil, vurduğu şapalağın cingiltisi və kinomexanik Ağagülün (bayaqkı arıq oğlanın) tələsik sivişib aradan çıxması Mirzoppanın özünü də birdən-birə ayıltdı və o, qəzəbindən udqunan milisioner Səfərin qalxıb-enən iri hulqumuna baxa-baxa başa düşdü ki, işi xarabdı.

Milisioner Səfər bu dəfə Mirzoppanın yaxasından yapışdı:

– Düş qabağıma!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов