9. «Ölüm, ya ölüm?»
Страница 3 из 4 · 50%
– Deməli, belə... Bu kitab sənindir, hə?
– Bəli...
– Əlbəttə, sənindir!.. Bunu necə danasan. Hə?
– Mən danmıram ki...
– Dana da bilməzsən!
– Bəli... Mənimdir, mənim kitabımdır, danmıram...
– İstintaqa kömək eləmək istəyirsən, ona görə danmırsan? Xeyr!.. – Müstəntiq Məmmədağa Ələkbərov ətir iyi verən barmağını Xosrov müəllimin gözlərinin qabağına gətirib hədələyirdi. – Xeyr! Ona görə boynuna alırsan ki, başqa əlacın yoxdur!.. Müstəntiq Ələkbərov səni divara dirəyib!.. Oxumusan bu kitabı?
– Bəli...
– Neçə dəfə oxumusan?
– Bir dəfə...
– Düzünü de!
– Düzünü deyirəm də...
– Sən dedin, müstəntiq Ələkbərov da inandı, hə? Cəmi bir dəfə oxumusan, hə?
– Bəli...
– Danmaq istəyirsən, hə? İstintaqı səhv yola yönəltmək istəyirsən? Baxarıq!.. Hardandı səndə bu kitab?
– Bağışlayıblar...
– Kim bağışlayıb?
– Professor Zilber... Bu kitab onun qardaşının kitabıdır... Professor Zilber Hadrutda bağışlayıb mənə...
– Yəhudidir?
– Bilmirəm...
– Deməli, bilmirsən, hə?.. Yaxşı... «Çeloveku uvidevşeqo i perejivşeqo ad.» Bunu sənə yazıb də?
– Bəli...
– Bu yazını da ki, sən oxumusan?
– Hansı yazını?
– «Çeloveku uvidevşeqo i perejivşeqo ad.»
– Əlbəttə, oxumuşam...
– Bax, belə!.. Deməli, xalq sosializm qurur, amma sən cəhənnəmdə yaşayırsan də?! Sovet İttifaqı, Sovet Azərbaycanı sənin üçün cəhənnəmdir, hə? Cavab ver, tez cavab ver! Hə, yoxsa, yox? Fikirləşmə! Cavab ver!
– Yox... O vaxt Hadrutda taun epidemiyası var idi...
– Bəlkə elə yəhudilərə qoşulub o epidemiyanı sən özün yaymısan Hadrutda, hə?
– O adam Hadrutu taundan qurtardı... – Xosrov müəllim bu sözləri söyləyəndə professor Zilberin sifəti gözlərinin qabağına gəldi, elə bil ki, professor Zilber yenə də Hadrut xəstəxanasında olduğu kimi, gəlib Xosrov müəllimin çarpayısının kənarında oturmuşdu... Müstəntiq Ələkbərov mizin üstündəki elektrik lampasının işığını Xosrov müəllimin gözlərinə salmışdı, amma Xosrov müəllim bu dəm o Keşlə həbsxanasının istintaq otağında o gur işıqla yox, professor Zilberlə üz-üzə oturmuşdu və professor Zilber yenə də tauna qarşı mübarizə aparırdı, çünki professor Zilber səhv etmişdi, professor Zilber elə bilirdi ki, tauna qalib gəlib, amma taun davam edirdi...
Və Xosrov müəllimin xəbəri yox idi ki, professor Zilber də xalq düşməni kimi həbs olunub, xəbəri yox idi ki, bu – artıq professor Zilberin Hadrutdan sonrakı həyatında ikinci həbsdir: birinci dəfə 1934-də həbs edildi, ikinci dəfə (yəni indi...) yaz-yay gənə ensefalitinin virusunu kəşf etdikdən sonra həbs edildi və sonralar – 1940-cı ildə hələ bir dəfə də həbs ediləcəkdi... Əlbəttə, Xosrov müəllim falabaxan deyildi və bütün bunlardan xəbərsiz idi.
Xosrov müəllim bilmirdi, amma müstəntiq Ələkbərov professor Zilberin xalq düşməni kimi həbs olunduğunu bilirdi və dilini qalın dodaqlarına çəkə-çəkə:
– Elə bilirsən heç nədən xəbərimiz yoxdur?.. – deyirdi. – Neçə dəfə oxumusan bu kitabı, boynuna al?! Neçə dəfə?..
– Bir dəfə oxumuşam...
Müstəntiq Məmmədağa Ələkbərov yenə bir an susurdu və yenə də birdən-birə Xosrov müəllimin üzünə tüpürürdü:
– Əclaf oğlu, əclaf! İstintaqı azdırmaq istəyirsən? Svoloç!..
Xosrov müəllimin sifəti elə bil ki, zibil yeşiyi idi, müstəntiq Məmmədağa Ələkbərov hirslənib tüpürmək istəyəndə, ora tüpürürdü.
– Acı həyatın ağır cəbrini nifrət və göz yaşlarıyla kim daşımaq istərdi? Yalnız bir qorxu... Orada nə olacaqdır?.. Orada... O bilinməz vadidə ki, oradan bu vaxta qədər kimsə qayıtmamışdır... İradə sarsılır və bizi bilinməz bir aləmə atılmaqdansa acı iztirablara dayanmağa məcbur edir. Qorxaq fikrin müdhiş etirafı, qəti bir iradənin iti boyası, təfəkküratın zülmətinə qarşı solur. Düşündükcə tələsik həyəcanların cəsarəti sönür... Fikir işə keçməyir... Sus, Ofeliya! Gözəl pəri, öz dualarında mənim də günahlarımı xatırlat...
Artist məhbus idi, tamaşaçılar məhbus idi, yalnız Şekspir bütün dövrlərin Şekspiri idi, Şekspir əbədi bir azadlıq içində idi, onun üçün keçilməz divar, aşılmaz sərhəd yox idi və müstəntiq ələkbərovların tüpürcəkləri arasından da, Hamletin bədənindəki o qançırların gömgöylüyü içində də Şekspir o quyunun dibinə gəlib çıxa bilirdi...
Sonra Hamlet gülümsədi, gülümsəyə-gülümsəyə yerində səndirlədi, amma yıxılmadı, özünü saxlaya bildi, əlini uzadıb, guya ki, tamaşaçılardan bir dəstə gül aldı, o gül dəstəsini iylədi, sinəsinə sıxdı və dedi:
– Bu, mənim səhnədə aldığım sonuncu gül dəstəsidir!..
Hamlet yerinə tərəf addım atmaq istəyəndə dizi büküldü, üzü üstə sementin üstünə yıxıldı, burnu, dodaqları partladı, qan ağzının suyuna qarışıb sementə yayıldı. Şair cəld onun qolundan tutub qaldırdı və Hamlet bu cavan Şairə baxa-baxa, elə bil ki, o monoloqunun davamını söylədi:
– Əlini məndən çək, zavallı!.. Məgər sən mənim kim olduğunu bilmirsənmi? Mən xalqın düşməniyəm, mən terrorçuyam, mən casusam!.. Əlini çək, yoxsa bir xəstəlik kimi, sənə də yoluxar!.. Əlini çək, Şair!.. Ah, zavallı!.. Yoxsa artıq sənə də yoluxub bu xəstəlik?..
Hamletin gözündəki o işıq artıq Danimarka şahzadəsinin yox, qızdırmalı xəstə bir təfəkkürün işıltısı idi.
Şair, Hamleti öz yerində uzatdı.
Elə bir sükut çökdü ki, Keşlə həbsxanasındakı o kamerada heç zaman belə bir sükut olmamışdı.
Nə qədər keçdi? Bir saat? Üç saat? Beş saat?
Sonra qapının qıfılı yenə də cingildədi, qapı yenə də cırıldadı və Hamletin familiyasını çağırdılar, daha heç nə əlavə etmədilər.
Hamletin durub getməyə taqəti yox idi, iki keşikçi onun qoltuğundan yapışdı və ayaqları sementin üstü ilə sürünə-sürünə Hamleti apardılar.
Hamlet bir kəlmə də söz demədi, sonuncu tamaşaçıları ilə vidalaşmadı. Bəlkə də Hamlet heç bilmirdi ki, hara gedir...
Yenə qapı cırıldadı, qıfıl bağlandı.
O kameraya yenə sükut çökdü və həmin sükut içində Filosof pıçıldadı:
– Görəsən, Lenin sağ qalsaydı, indi onu da həbs edərdilər?..
Bu pıçıltını kameradakıların hamısı eşitdi, amma daha heç kim qorxmadı; qorxmadı ki, bu pıçıltını keşikçilər də eşidər...
Və ömrünü marksizmə həsr etmiş Filosofun aylardan bəri Keşlə həbsxanasındakı o kamerada hovlanmış qızdırmalı zehni dəqiq cizgilərlə, aydın rənglərlə Marksın, Engelsin simasını onun gözlərinin qarşısında canlandırdı və Filosofa elə gəldi ki, Marks da, Engels də, onunla birlikdə Keşlə həbsxanasındakı o kamerada məhbusdur, yəni tamamilə hüquqsuz, dünyanın hər hansı bir qanun-qaydasından kənar edilmiş, tamam bir ümidsizlik və kimsəsizlik içində olan məxluqdur, Marksa, Engelsə də Hamletə verdikləri kimi, işgəncə verirlər – dişlərini sındırırlar, dırnaqlarının altına iynə yeridirlər, təpiklə vurub qabırğalarını sındırırlar, partlamış dodaqlarının qanı saqqallarından süzülüb axır...
Müstəntiq Məmmədağa Ələkbərov Marksın, Engelsin də üzünə tüpürür, onlardan da tələb edir ki, yapon-alman casusları olduqlarını boyunlarına alsınlar, trotskiçi, pantürkist, müsavatçı olduqlarını, yoldaş Mir Cəfər Bağırovu öldürmək istədiklərini, bilavasitə yoldaş Stalinə qarşı çevrilmiş terrorçu sui-qəsddə iştirak etdiklərini boyunlarına alsınlar...
və Filosofun qızdırmalı zehni qızmar bir günəş altında Karl Marksı, Fridrix Engelsi ağappaq əhəng çəkilmiş daş bir hasarın qarşısında gördü, ikisinin də kürəyi o ağappaq hasara söykənmişdi, ağappaq köynəkləri cırılmışdı və çılpaq sinələri güllə gözləyirdi, Filosof tüfəngləri görmürdü, amma bilirdi ki, o çılpaq sinələrə tüfənglər tuşlanıb...
və Filosof o görünməyən tüfənglərin sahiblərinə qışqırmaq istəyirdi ki, bunlar Marksdır, Engelsdir, bunları güllələmək olmaz, bunları güllələməyin, amma səsini çıxara bilmirdi, qorxurdu: tutub özünü güllələyərdilər...
və atəş açılmazdan əvvəl Marks da, Engels də sinələrini daha da irəli verdilər, son güclərini toplayıb əllərini irəli uzatdılar: «– Yaşasın yoldaş Stalin!..» qışqırdılar...
yaşasın yoldaş Stalin!..
yaşasın yoldaş Stalin!..
yaşasın yoldaş Stalin!..
yaşasın yoldaş Stalin!..
.......
.......
sonra o görünməz tüfənglərin tətiyi çəkildi, Marksın da, Engelsin də sinəsindən qan fışqırdı...
sonra Marks da, Engels də yox oldu, görünməz oldu...
və o ağappaq daş divardakı iri qan ləkələri qızmar günəş altında qıpqırmızı parıldadı...
Və həmin gecə Xosrov müəllim heç vaxt yuxusuna girməyən bir adamı Keşlə həbsxanasındakı o kamerada yuxuda gördü.
Xosrov müəllim bütün ömründə Mir Cəfər Bağırovu cəmi bir dəfə görmüşdü: 1935-ci il aprel ayının 28-də Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyinə həsr olunmuş təntənəli iclasda; raykomdan Cümşüdlü məktəbə üç dəvətnamə göndərmişdi və Ələsgər müəllim o dəvətnamələrdən birini Xosrov müəllimə verməyi məsləhət bilmişdi. O, iclasda böyük zalın axırıncı cərgəsində oturmuşdu, Mir Cəfər Bağırov isə səhnədəki rəyasət heyətində əyləşmişdi, amma tez-tez qəzetlərdə, jurnallarda şəklini gördüyü üçün Azərbaycanda hamıya elə gəlirdi ki, Mir Cəfər Bağırovu yaxından görüb.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-olum-hokmu-9-olum-ya-olum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşam düşmüşdü, Bakının aşağısından – Xəzər tərəfdən yüngül bir yaz mehi əsirdi və həmin meh o aprel axşamı Tülkü Gəldi Qəbiristanlığında Qəbiristanlıq İdarəsinin həyətindəki xartut, əncir, gilas ağaclarının təzə-tər yarpaqlarını güclə eşidiləcək bir xışıltıyla səsləndirirdi, o xışıltı həyətə yayılırdı və elə bil ki, o böyük həyətin həmin anlardakı müvəqqəti sakitliyinə, kimsəsizliyinə bir məhrəmlik gətirirdi.Əlbəttə, Gicbəsər o yarpaq xışıltısını eşidirdi, amma ağaclara tərəf baxmırdı; qarovulçu Əflatunun köşkünün damında dal ayaqlarını altına yığıb, qabaq ayaqlarını irəli uzadıb, o yüngül yaz mehinin əsdiyi səmtə – axşamüstü uzaqda qaralmağa başlayan dənizə tərəf baxırdı.
2. «Əzizimin cəfası» romanıElə ki, həmin aprel səhəri açıldı, elə ki, sübh tezdən məhəllənin qapıları cırıldadı, çayniklər su ilə doldurulub qazın üstünə qoyuldu, camaat həyətlərdəki ayaqyoluna girib-çıxmağa başladı, həyət adamları bir-birilə salamlaşdı, uşaqlar çörək dalınca Ağabalanın dükanına qaçdılar, o saat da bütün məhəlləyə xəbər yayıldı: gecə Xədicə arvad rəhmətə gedib və həmişə belə bəd xəbərli vaxtlarda olduğu kimi, arvadlar qara kəlağayılarını tələm-tələsik başlarına salıb Xədicə arvadın evinə getdilər, kişilər də yazıq Xədicə arvadın birmərtəbəli, üçotaqlı evinin qabağındakı balaca həyətə yığışmağa başladılar.Adamlar bir-bir o balaca həyətə doluşduqca Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dördüncü kursunda təhsil alan tələbə Murad İldırımlı sentyabrın 1-dən bu tərəfə səkkiz ay yaşadığı bu məhəllənin gözə görünməyən teleqram sisteminə məəttəl qalırdı – elə bil ki, məhəllədəki dalanların, evlərin divarları, qapıları, pəncərələri, küçəyə düzülmüş qənbərlər bir-birinə xəbər verirdi və nə olurdusa, bütün bu ətrafda nə hadisə baş verirdisə, gecə, ya gündüz, fərqi yox idi, bircə anın içində bütün məhəlləyə yayılırdı. Tələbə Murad İldırımlı sağ əlinin baş barmağının dırnağını çeynəyə-çeynəyə, həyətə toplaşmış məhəllə kişilərinə baxırdı, sonra birdən yadına düşürdü ki, dırnağını çeynəyir, tez əlini ağzından çəkirdi.
3. Əbdül QafarzadəƏbdül Qafarzadənin çarpayısı yataq otağının küçə pəncərəsi ilə üzbəüz idi və o, adəti üzrə sübh tezdən yuxudan duranda ilk növbədə bayırın işığını görürdü, daha doğrusu, bayırın rəngini görürdü və həmin rəng çox zaman bu adamın bütün gününün rənginə çevrilirdi; çarpayıda gözünü açıb bayırın rəngini tutqun görürdü və elə olurdu ki, həmin gününü başdan-başa qayğıların içində keçirirdi, mənfi emosiyalar bir-birini əvəz edirdi, bircə dənə də olsun, ürəkaçan şey olmurdu ki, ürəyi açılsın, üzü gülsün. Bunu bəlkə də özünə təlqin etmişdi, bilmirdi, amma, hər halda, bu belə idi, hətta qış zamanı sübh tezdən hələ hava qaranlıq olanda da onun üçün o qaranlığın tutqunu – ürək sıxanı və aydını – ürək açanı var idi.Uşaq bu dünyadan köçəndən sonra düz altı il idi ki, Qaratel nəinki əriylə bir çarpayıda, hətta Əbdül Qafarzadə ilə bir otaqda da yatmırdı və bütün bu altı ildə gecələr Qaratel nə çəkirdi, bunu bir Allah bilirdi, bir də ki, Əbdül Qafarzadə görürdü, hiss edirdi və belə vaxtlar Əbdül Qafarzadə özü öz köməksizliyindən, dünyanın beləcə əlacsız işlərindən o qədər sarsılıb, bədbinləşirdi ki, doğrusu, heç yaşamaq istəmirdi, bütün həyatı, bütün əzab-əziyyəti ona yaşayışın özü kimi mənasız görünürdü.
4. Qanunla zarafat eləmək olmazMurad İldırımlı dörd illik tələbəliyi ərzində yalnız bir dəfə şəhər qəbiristanlığına gəlmişdi (onda «Hər şey keçib gedir...» adlı bir hekayə yazırdı – indiyə qədər Muxtar Xudavəndənin yeşiyindədi, – buna görə də qəbiristanlığı görmək lazım idi), bir küncdə dayanıb hansı bir dəfn mərasimini isə müşahidə etmişdi və o zaman qəbiristanlığı belə nəhəng, belə ucsuz-bucaqsız görməmişdi. Həmin aprel günü isə tələbə, Xosrov müəllimlə birlikdə Qəbiristanlıq İdarəsində oturub müdiri gözləyə-gözləyə Tülkü Gəldi Qəbiristanlığı barədə fikirləşirdi; tələbəyə elə gəlirdi ki, bu balaca gözləmə otağının havası da cürbəcür qazlardan yox, kiçicik qəbir daşlarından ibarətdir. Onuncu sinfi ki, bitirəndən sonra birinci dəfə kənddən çıxıb gəlib Bakını görmüşdü, o zaman bu şəhərin böyüklüyü, bu şəhərin soyuqqanlığı, bir-birini tanımayan, elə hey harasa tələsən adamların çoxluğu, avtobuslardakı, trolleybuslardakı, basa-bas Murad İldırımlını necə sarsıtmışdısa, necə təsir etmişdisə, Tülkü Gəldi Qəbiristanlığının da böyüklüyü, yan-yana düzülmüş və ucu-bucağı görünməyən qəbir daşlarının lal sükutu indi onu eləcə sarsıtmışdı, ona eləcə təsir etmişdi.Qəbiristanlıq İdarəsinin yolunu tanımadıqları üçün, Xosrov müəllimlə avtobusdan Tülkü Gəldi Qəbiristanlığının aşağı başında düşmüşdülər və qəbirlərin arası ilə də xeyli yol getdilər. Bütün qəbiristanlıq bomboş idi və Xosrov müəllimlə tələbə Murad İldırımlı Qəbiristanlıq İdarəsinin yerini heç kimdən soruşa bilmirdilər. Biri arıq, uzun və iri addımlı, o biri gödək, yöndəmsiz və yanındakı ilə ayaqlaşmaqdan ötrü, az qala, yüyürən bu iki nəfəri – bu cavanı və qocanı nimdaş əyin-başlarının kasıbçılığı eyniləşdirirdi, ikisinin də baxışında, sifətində, hərəkətlərində bir köməksizlik, əlacsızlıq, acizlik var idi və bu da onları o bomboş Tülkü Gəldi Qəbiristanlığında daha artıq miskin göstərirdi və bu dəm onların o miskinliyi ilə o qəbirlərin də arasında, elə bil ki, bir oxşarlıq var idi.
Стихи других поэтов
Sizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Cənab Cəfərqulu xan Aşıq Pəri Maralyaniyə, Pəri isə Cəfərqulu xana yazmışdırCəfər qulu xan:Sən, ey Pəri, mələk pərvərdəsisən,
BayatılarMən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.