Страница 1 из 11

Elə ki, həmin aprel səhəri açıldı, elə ki, sübh tezdən məhəllənin qapıları cırıldadı, çayniklər su ilə doldurulub qazın üstünə qoyuldu, camaat həyətlərdəki ayaqyoluna girib-çıxmağa başladı, həyət adamları bir-birilə salamlaşdı, uşaqlar çörək dalınca Ağabalanın dükanına qaçdılar, o saat da bütün məhəlləyə xəbər yayıldı: gecə Xədicə arvad rəhmətə gedib və həmişə belə bəd xəbərli vaxtlarda olduğu kimi, arvadlar qara kəlağayılarını tələm-tələsik başlarına salıb Xədicə arvadın evinə getdilər, kişilər də yazıq Xədicə arvadın birmərtəbəli, üçotaqlı evinin qabağındakı balaca həyətə yığışmağa başladılar.

Adamlar bir-bir o balaca həyətə doluşduqca Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dördüncü kursunda təhsil alan tələbə Murad İldırımlı sentyabrın 1-dən bu tərəfə səkkiz ay yaşadığı bu məhəllənin gözə görünməyən teleqram sisteminə məəttəl qalırdı – elə bil ki, məhəllədəki dalanların, evlərin divarları, qapıları, pəncərələri, küçəyə düzülmüş qənbərlər bir-birinə xəbər verirdi və nə olurdusa, bütün bu ətrafda nə hadisə baş verirdisə, gecə, ya gündüz, fərqi yox idi, bircə anın içində bütün məhəlləyə yayılırdı. Tələbə Murad İldırımlı sağ əlinin baş barmağının dırnağını çeynəyə-çeynəyə, həyətə toplaşmış məhəllə kişilərinə baxırdı, sonra birdən yadına düşürdü ki, dırnağını çeynəyir, tez əlini ağzından çəkirdi.

Arvadlar ağlaya-ağlaya evə girib-çıxırdı, o balaca üç otağı (o cümlədən, tələbə Murad İldırımlının və Xosrov müəllimin kirayədə qaldıqları otaqları), artırmanı silib-süpürüb sahmana salırdı, kimisi öz evindən un gətirirdi, kimisi yağ gətirirdi, şəkər gətirirdi, tas, qazan, qab-qacaq gətirirdi, halva çalmaq, yuxa bişirmək üçün tədarük görürdü, kişilər yavaş səslə iki-bir, üş-bir söhbət eləyə-eləyə cənazəni məscidə aparıb yumaq, ölüm kağızını almaq, qəbiristanda yer tapmaq, yazıq Xədicə arvadı bu gün saat neçədə qaldırmaq, başsağlığına gəlib-gedənləri yola salmaq üçün bazardan çay, qənd, limon almaq, mərhumun fərsiz oğlu Siçan Balaniyaza xəbər vermək və sairə bu sayaq məsələləri müzakirə edirdi.

O balaca həyətin yuxarı başında, ayaqyolunun yanında altı daşla hörülmüş bir krant var idi və tələbə Murad İldırımlı indi həmin krantın yanında dayanıb bilmirdi ki, nə eləsin; bu cavan adamın, ümumiyyətlə, tünlüklə, qələbəliklə arası yox idi, adamlar çox olan yerdə özünü naqolay hiss edirdi və həmişə də tələbəyə elə gəlirdi ki, çoxluq içində qısa boyu, kobud sifəti, bir balaca donqar beli, darağa yatmayan pırpızaqlı qara və cod saçları camaatın diqqətini daha artıq cəlb edir; belə anlarda tələbə Murad İldırımlının ürəyi sıxılırdı, həyəcanlanırdı, bir bəhanə ilə uzaqlaşıb çıxıb getmək istəyirdi və sonra elə ki, gecə yerinə girirdi, səhər, günorta ya axşam bir-biri ilə canı-dildən söhbət edən, həmişə özlərini tamam sərbəst bilən o adamların – şəhərdə yaşayan tələbə oğlanların (xüsusən də aralarında qız olanda), yaxud redaksiyalarda, Yazıçılar İttifaqındakı cürbəcür görüşlərdə, ədəbi müzakirələrdə toplaşmış cavan yazıçıların (xüsusən də həmişə odlu-alovlu danışan, millət dərdi çəkən Səlim Bədbin kimi cavan yazıçıların!), ədəbiyyat həvəskarlarının yanından gözə görünmədən uzaqlaşıb getməyinin xəcaləti soyuq tər gətirirdi, öz mənasızlığını, bu dünyada tamam artıq bir adam olduğunu o balaca otağın daş divarları arasına sığışmayan bir əlacsızlığa çevirirdi və tələbə Murad İldırımlını, iyirmi yeddi yaşına baxmayaraq, ağladırdı – gecənin yarısı tək-tənha yerində uzanıb, o yazıq Xədicə arvad, o qapıbir kirayənişin Xosrov müəllim eşitməsin deyə, səsini boğa-boğa ağlayırdı; sonra səhər açılırdı, universitetdə dərslər başlayırdı və həmişə ora-bura tələsən, bir yerə yığışanda gəzdikləri qızlardan, yaşadıqları arvadlardan danışan (və yaxud gopa basan) tələbələrin, əlbəttə, ağlına da gəlmirdi ki, səhərdən-axşama qədər kitab oxuyan, qəzetləri, jurnalları izləyən, cidd-cəhdlə bütün mühazirələri yazan bu qaradinməz adamın – tələbə Murad İldırımlının beləcə çətin gecələri olur və həmin Murad İldırımlı indiyə qədər də nə bir qızla gəzib, nə də bir arvadla yaşayıb, ümumiyyətlə, indiyə qədər lüt arvad görməyib, bu iyirmi yeddi il ərzində heç gizlincə də lüt arvada baxmaq imkanı olmayıb, təkcə on dörd-on beş il bundan əvvəl o gözəl dağlardan axan çayın kənarında kəndli bir arvadın öz qızını çimizdirəndə, həmin qızın çılpaq döşlərini görmüşdü; qızlar yalnız xəyal aləmində idi və illər ötdükcə tələbə Murad İldırımlı o xəyal aləmində həmin qızlarla artıq cismani yox, mənəvi dostluq edirdi. O çətin gecələrin dünyada başqa heç bir kimsəyə yox, yalnız tələbə Murad İldırımlıya məxsus olan o hisslər aləminin öz məxsusi kövrəkiyi, məxsusi təskinliyi, məxsusi dəyanəti var idi və elə ki, iyirmi yeddi yaşa yaraşmayan o kövrəklik baş qaldırırdı, əvvəlcə nənəsinin səsini eşidirdi və ümumiyyətlə, tələbə Murad İldırımlıya elə gəlirdi ki, ölsə, – əlbəttə, haçansa öləcəkdi və o ölüm hissi kənddə kitabxanaçı işlədiyi vaxtlarda onun ürəyini çox qısmışdı– yenə nənəsinin səsini eşidər – o səsdə onun üçün o dərəcədə bir doğmalıq var idi və əslində, o səs, xüsusən, Bakıya gələndən sonra, həmişə bu cavan adamla birgə olurdu. O zaman ki, darıxırdı, imtahanlara hazırlaşmaq, kitab oxumaq, kitabxanada məşğul olmaq istəmirdi, gözləri mətbəə şriftlərinin qara rəngindən, barmaqları qələm tutmaqdan bezirdi, kino-teatrlarda baxmağa layiq bir film olmurdu (detektivlərdən, hind filmlərindən zəhləsi gedirdi, sovet filmlərindən də ancaq elələrinə baxırdı ki, mətbuatda onları tənqid edirdilər – hərgah tənqid edirdilərsə, deməli, içində nəsə bir işıqlı şey var idi...), teatra gedib, həmişə olduğu kimi, beletajda da oturmağa həvəsi olmurdu (kinoya, teatra, hərdənbir konsertə həmişə tək gedərdi), onda axşamçağı dənizkənarı bulvara çıxırdı, hamının gözündən uzaq ağacların, dekorativ kolların arası ilə gedirdi və elə ki, ona nəsib olmayan (və yəqin ki, heç vaxt da nəsib olmayacaq!) bir aləmdə – cəmi on addım aralıda bir-birinin əlindən tutmuş, yaxud qol-qola girmiş, qayğısız və sərbəst gəzişən, yaraşıqlı, dəblə geyinmiş oğlanla qız görürdü, elə bil, tələbə Murad İldırımlı eyni zamanda, o oğlanla qızın qarşısında açılmış sonsuz bir genişliyi, təmizliyi, işığı da görürdü, özünün ətrafındakı qaranlığı, nəmişliyi, dar-düdtəkliyi isə daha artıq, az qala, cismani hiss edirdi və belə anlarda nənəsinin o səsi əbədi bir həsrətin səsinə çevrilirdi və o həsrət kənd həsrəti, dağ, meşə, çəmən, çay həsrəti deyildi, sevinc kimi, kədər kimi, arzu kimi, tələbə Murad İldırımlının içinə hopmuş məkansız bir hiss idi. Tələbə o səsi sevirdi, amma, eyni zamanda, o səsdə tələbə üçün taleyin əbədi bir məhkumluğu da var idi: mən sənin nənənin səsiyəm, mən o gözəl dağların, meşələrin səsiyəm, səni mən yetirmişəm, səni mən boya-başa çatdırmışam, amma sən bax bu gözəl bulvarda həmişə beləcə tək olmağa, beləcə yöndəmsiz, beləcə utancaq, beləcə gözəgəlimsiz olmağa məcbursan, necə ki, o gözəl dağların, meşələrin qoynunda, o pıqqıldayan bulaqların, şırıldayan çayların kənarında da beləcə vecsiz və mənasız bir məxluq idin...

Tələbə Murad İldırımlı əvvəllər tez-tez, indi isə hərdənbir M.F.Axundov adına Respublika Dövlət Kitabxanasında akademik Kraçkovskinin tərcüməsində Quranı oxuyurdu, ayrı-ayrı ayələri yaxşı başa düşsün deyə özü üçün Azərbaycan dilinə tərcümə edirdi. İnqilabdan sonra Azərbaycan dilində Quran nəşr edilməmişdi, buna görə də kitabxanalarda yox idi; rus dilində o kitabdan istifadə etmək üçün xüsusi icazə lazım idi və tələbə çox böyük çətinliklərlə həmin icazəni ala bilmişdi. Quran «Ali-İmran» surəsi»ndə deyirdi:

«Əgər, Allah sizə yardım edərsə, heç kim sizə qalib gələ bilməz; yox, əgər, sizi zəlil edərsə, ondan sonra kim sizə köməklik edə bilər?»

Tələbə bu fikirdə idi ki, Allah onu zəlil etmişdi və buna görə də bütün ömrü də belə keçəcəkdi. Allah ona kömək eləməmişdisə, heç kim ona kömək edə bilməyəcəkdi, amma niyə belə olmuşdu, o hansı günahın sahibi idi ki, Allah onu beləcə zəlil etmişdi, nə üçün onu belə bir yöndəmdə dünyaya gətirmişdi, nə üçün onu bu geniş dünyada məhkum yaratmışdı, həmişə özü öz içində, özü özüylə çarpışmalıydı, özü özünü içəridən yeməliydi?

Görünür nə isə var idi... Quran da deyir ki, səbəbsiz cəza yoxdur...

Nənəsi belə bir əfsanə danışırdı (bəlkə heç əfsanə deyildi?) və o əfsanə heç vaxt tələbənin yadından çıxmırdı: Peyğəmbər hər gün səhər-səhər bir gölün yanından keçirdi. Həmin göldə atılıb düşə-düşə, cığır-bağır sala-sala bir dəstə oğlan uşağı çimirdi. Ayaqları şikəst olan bir oğlan uşağı isə göldə çimə bilmirdi, həsrət dolu qəmli gözlərini göldə çimən oğlanlara zilləyirdi, baxırdı, baxırdı. Peyğəmbər daha həsrət dolu o gözlərin kədərinə dözə bilmədi: «Ya Allah! – dedi. Nə üçün o uşağı eləcə şikəst yaratdın?» Allah: «– Sən mənim ədalətimə şübhə etdin?» – soruşdu. Səhərisi gün peyğəmbər gördü ki, o oğlan şikəstlikdən xilas olub, uşaqlarla birlikdə atılıb-düşür, uşaqlarla birlikdə göldə çimir, gözləri gülür və o həsrət yox olub... Bir gün belə keçdi, iki gün belə keçdi, üçüncü gün peyğəmbər gördü ki, həmin oğlan səhər tezdən gölə gəldi, qamışları kəsib bir-bir ucunu yondu və gölə baş vurub o qamışları suyun dibinə basdırmağa başladı ki, iti ucları bir azdan gəlib gölə atılacaq uşaqların başına-qarnına batsın... Peyğəmbər dedi: «Ya Allah! Bağışla məni...»

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xxıı fəsil

Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:

1 мин
Xxııı fəsil

İzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.

2 мин
Mənə niyə gülürlər?

Mənə niyə gülürlər? Heç bilmirəm...Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...

1 мин
Gör necə top vuraram

Dadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:– Dadaş, qoy mən də sizinlə futbol oynayım.

1 мин

Стихи других поэтов