Страница 1 из 9

Əbdül Qafarzadənin çarpayısı yataq otağının küçə pəncərəsi ilə üzbəüz idi və o, adəti üzrə sübh tezdən yuxudan duranda ilk növbədə bayırın işığını görürdü, daha doğrusu, bayırın rəngini görürdü və həmin rəng çox zaman bu adamın bütün gününün rənginə çevrilirdi; çarpayıda gözünü açıb bayırın rəngini tutqun görürdü və elə olurdu ki, həmin gününü başdan-başa qayğıların içində keçirirdi, mənfi emosiyalar bir-birini əvəz edirdi, bircə dənə də olsun, ürəkaçan şey olmurdu ki, ürəyi açılsın, üzü gülsün. Bunu bəlkə də özünə təlqin etmişdi, bilmirdi, amma, hər halda, bu belə idi, hətta qış zamanı sübh tezdən hələ hava qaranlıq olanda da onun üçün o qaranlığın tutqunu – ürək sıxanı və aydını – ürək açanı var idi.

Uşaq bu dünyadan köçəndən sonra düz altı il idi ki, Qaratel nəinki əriylə bir çarpayıda, hətta Əbdül Qafarzadə ilə bir otaqda da yatmırdı və bütün bu altı ildə gecələr Qaratel nə çəkirdi, bunu bir Allah bilirdi, bir də ki, Əbdül Qafarzadə görürdü, hiss edirdi və belə vaxtlar Əbdül Qafarzadə özü öz köməksizliyindən, dünyanın beləcə əlacsız işlərindən o qədər sarsılıb, bədbinləşirdi ki, doğrusu, heç yaşamaq istəmirdi, bütün həyatı, bütün əzab-əziyyəti ona yaşayışın özü kimi mənasız görünürdü.

Əbdül Qafarzadə hər gecə yerinə girib yuxuya getməzdən əvvəl, içindən bir filosof baş qaldırırdı, dünyaya baxırdı, dünyanın bütün mənasızlığını görürdü, «– Yat, – deyirdi. – Başını yorma. Sənin kimi milyard-milyard insanlar gəlib bu dünyaya, milyard-milyard da insanlar köçüb. Sən nə birinci, nə də sonuncusan... Yat!», amma yata bilmirdi və çox zaman həmin gecə filosofu açırdı sandığı, tökürdü pambığı; bəzən Əbdül Qafarzadəyə elə gəlirdi ki, hamamdadı və o filosof da onu soyundurur, bir-birinin üstündən geydiyi paltarları bir-birinin üstündən də onun əynindən çıxarır, tamam soyundurub çılpaq eləyir. O gecə filosofu əməllərə qiymət verirdi, sözlərə, hərəkətlərə qiymət verirdi, sonra yavaş-yavaş mürgü içində əriyib yox olurdu; sonra da pəncərədən görünən rəngdə bir səhər açılırdı, gün başlayırdı və həmin filosof unudulurdu, yaddan çıxırdı, bir də gecə yatmaq üçün yerinə girəndə qayıdıb gəlirdi, səhər ilə gecə arasındakı ömür isə həmişəki minvalı ilə davam edirdi.

Həmin aprel günü sübh tezdən gözlərini açanda Əbdül Qafarzadə qışdan sonra ilk dəfə günəşin istisini hiss etdi və pəncərənin şüşəsindən süzülüb gələn və lap güclə duyulan o günəş istisi bütün içinə incə, xəfif bir hərarət gətirdi; o hərarətin həmin incəliyində, xəfifliyində elə bil ki, bir uşaq təbəssümü var idi və Əbdül Qafarzadəyə elə gəldi ki, elə bil, bütün içini, bütün bədən üzvlərini tərtəmiz yuyublar, tamam təmizlik, paklıq və sağlamlıq içindədi, elə təmizdi ki, şüşə kimi bu tərəfdən baxsan, o biri tərəf görünəcək, qollarını geniş açıb, sinəsini qabartdı, ciyər dolusu nəfəs aldı, elə bil, dünyada heç bir dərd-sər yox idi, qayğı yox idi, sonra gözlərini qıyıb yenə də bayırın o təmiz, o ilıq işığına baxmaq istədi, amma bu dəfə birdən-birə idarədəki kabineti yadına düşdü və o kabinetin pəncərələrindən görünən qəbir daşları gözünün qabağına gəldi və tanış bir sarsıntı ilə Əbdül Qafarzadənin bütün varlığı üşüdü; o xəfif hərarət çirkab içində boğulub yox oldu.

Əbdül Qafarzadə özü də bilirdi ki, dünyanın ən qəmli, kədərli yerində işləyir; neçə illər idi ki, Qəbiristanlıq İdarəsinin müdiri idi. Həmin qəbiristanlığa camaat arasında Tülkü Gəldi Qəbiristanlığı deyirdilər və Əbdül Qafarzadə həmişə fikirləşirdi ki, camaat bu qəbiristanlığa niyə belə bir ad qoyub? Qəbiristanlıq Sulu dərə deyilən yerin yuxarısındakı dikdirdə idi. Deyirdilər ki, guya, qədim qəbiristanlıqdır, amma Əbdül Qafarzadə burada bir dənə də olsun qədim qəbir daşı tapmamışdı. Ən qədim qəbir 1913-cü ildə rəhmətə getmiş Məşədi Mirzə Mir Abdulla Məşədi Mir Məmmədhüseyn oğlunun qəbri idi, Allah o kişiyə rəhmət eləsin, deyəsən, bu Tülkü Gəldi Qəbiristanlığında dəfn edilmiş ilk şəxs də elə o rəhmətlik imiş. Əlbəttə, bəlkə ondan da əvvəl dəfn olunmuş şəxslər olub, qəbirləri itib-batıb, çünki, əslində, müsəlman dininə görə, qəbir gərək itib yox olsun, torpağa qarışsın. İndiki kimi deyil ki, kimin pulu var, ölüsünün qəbrinin üstünü təmtəraqla götürdür, heykəl də qoydurur. Amma heykələ layiq adam olub? Baxıb görəcəksən ki, yox... Qədimdə piranə bir adam olurdu, alim olurdu, şair olurdu, dünyanı bilib-tanımış bir nurlu insan olurdu, Şeyx Nizami kimi, camaat məqbərə tikirdi, pirə çevirirdi o alicənab şəxsin qəbrini. Amma indi o adamın qəbri başdan-başa mərmər içindədi ki, raykom katibi olub, dükan müdiri olub, ya qəssab olub, hər kim olubsa, pullu olub; bəxtləri də onda gətirib ki, haqq dünyasına köçəndən sonra pullarına yiyə duranların qeyrəti çatıb, heç olmasa, o rəhmətliklərə bir abidə qoyublar. Əbdül Qafarzadə nə raykom katibinin, nə dükan müdirinin, nə də qəssabın əleyhinə idi, bu nahaq dünyada hərə özünə bir gün qazanmalı idi, raykom katibi də, dükan müdiri də, qəssab da insan idi və uşaqlarını dolandırmalı idi, amma Əbdül Qafarzadə bunu daxilən qəbul edə bilmirdi ki, bütün həyatında misal üçün, bir dənə də kitab oxumayan bir qəssab, qəbrinin üstündəki heykəldə əlində kitab xəyala dalıb.

Görəsən, haçansa Əbdül Qafarzadənin də qəbrinin üstündə bir şey olacaqdı? Uşaq qalsaydı, əlbəttə, olardı. Ya da ki, Qaratel əvvəlki Qaratel olaydı, onda hə. Ömər qəbir daşı düzəltdirəndi? Yenə Sevil sağ olsun...

Əbdül Qafarzadə həmişə çalışırdı ki, bu fikri başından tez çıxarsın; bu fikir, əlbəttə, adamı əsəbiləşdirirdi, hətta bəzən sarsıdırdı, amma, əslində, nə mənası var idi? O rəhmətlik Məşədi Mirzə Mir Abdulla Məşədi Mir Məmmədhüseyn oğlu ki, 1913-cü ildə dünyanı tərk etmişdi və indi onun üçün nə fərqi var ki, qəbrinin üstündə yazılı daş qalıb? O rəhmətliyin indi sümükləri də çürüyüb... Düzdür, bu fikirdə təzə bir şey yoxdu, məlum məsələdir, amma həqiqət nədir? Bir şey ki, məlum məsələdir, deməli, həqiqətdir də.

Əbdül Qafarzadənin beyni iti işləyirdi və hərgah insanlar iki yerə ayrılırdılarsa – ürəklə yaşayan adamlar və beyinlə yaşayan adamlar – Əbdül Qafarzadə daha artıq dərəcədə beyinlə yaşayan bir adam idi və belə bədbin məqamlarda da beyin sövq-təbii onun köməyinə çatırdı.

O rəhmətlik Məşədi Mirzə Mir Abdulla Məşədi Mir Məmmədhüseyn oğlunun sümükləri çürüsə də, çürüməsə də, bütün bunların mənası olsa da, olmasa da, hər halda, qəbiristanlıqların tarixi layiqincə öyrənilməlidir. Əbdül Qafarzadə bu barədə yuxarı təşkilatlara, hətta Elmlər Akademiyasına da məktub yazmışdı. Düzdü, ayrı-ayrı tarixi qəbir daşları, xüsusən, məqbərələr təmir olunurdu. Mədəniyyət Nazirliyi bəzi qəbiristanlıqlarda bərpa işləri aparırdı, amma qəbiristanlıqların tarixi bir kompleks şəklində öyrənilmirdi. Arxeoloqlar qədim qəbiristanlıqlar aşkar eləyirdilər, qazıntı işləri aparırdılar, amma Əbdül Qafarzadə indi də istifadə olunan şəhər qəbiristanlıqlarını nəzərdə tuturdu, bu qəbiristanlıqların tarixi öyrənilməli idi. Qəribə idi, o kilsələr ki, indi orqan musiqisi üçün uyğunlaşdırılmışdı, yaxud o məscidlər ki, misal üçün ayaqqabı fabrikinə çevrilmişdi, camaat üçün daha əziz olurdu (camaat küçədən keçəndə baxırdı, başını bulayırdı, hiddətlənirdi, atalarının, babalarının xatirələrini danışırdı, ədalətsizlikdən, hörmətsizlikdən deyirdi...), nəinki işləyən, fəaliyyət göstərən kilsə, ya məscid. Qəbiristanlıq da o cür.

Yaxşı ki, indi yazı-pozu işləri aparılır, dəfn olunanların kağız-kuğuzu arxivlərə göndərilir, amma arxivlər də bir gündədi ki, gəl görəsən və Əbdül Qafarzadə (yerindən qalxıb əl-üzünü yumuşdu) həmin yaz səhəri qonaq otağındakı divanda uzanmış Qaratelin ayaqlarını ovuşdura-ovuşdura bu barədə fikirləşirdi.

Qaratel:

– Lazım deyil, Əbdül, get, işə gecikirsən, – deyirdi. – Əbdül Qafarzadə isə Qaratelin sözlərinə fikir vermirdi, evin içində geydiyi kişi corablarının (Əbdülün corablarının) üstündən arvadının ayaqlarını ovuşdururdu.

Bu gün Rayon İcraiyyə Komitəsinin sədri Fərid Kazımlı Kommunal Təsərrüfatı İdarəsi işçilərinin yarımillik planların yerinə yetirilməsinin vəziyyətinə həsr olunmuş müşavirəsini çağırmışdı. Müşavirə səhər saat 10-da başlayacaqdı. Rayon Partiya Komitəsinin birinci katibi M.P. Qəribli də müşavirənin işində iştirak edəcəkdi (bunu dünən Fərid Kazımlı özü zəng eləyib Əbdül Qafarzadəyə xəbər vermişdi) və Əbdül Qafarzadə istəyirdi ki, əvvəlcə işə gedib baş çəksin, sonra müşavirəyə getsin; amma sübh tezdən ki, gözünü açıb o gözəl aprel günəşinin hərarətini hiss etdi, sonra isə birdən-birə qəbir daşları gəlib durdu gözlərinin qabağında, bundan sonra qanıqaralıq lap elə səhərdən başladı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов