3. Əbdül Qafarzadə
Страница 3 из 9 · 22%
Həkim Bronşteyn Əbdül Qafarzadəni diqqətlə müayinə etdi, sonra qoluna girib məcburən rentgen kabinəsinə apardı, rentgen həkimi ilə birlikdə ona baxdı, sonra da Əbdül Qafarzadəyə məsləhət bildi ki, özünü yaxşı bir mütəxəssisə göstərsin. Əbdül Qafarzadə adamları gözlərindən oxumağı bacarırdı və bu dəfə də həkim Bronşteynin gözlərində bir ürkəklik, hətta bir təlaş gördü, sövq-təbii: «İşə düşdük də...» – fikirləşdi və ürəyindən çox xoşagəlməz bir nigarançılıq keçdi. Poliklinikadan çıxanda həkim Bronşteynin cibinə bir dənə əllilik qoydu, amma həkim Bronşteyn pulu geri qaytardı, elə qəti etiraz edib götürmədi ki, bu, Əbdül Qafarzadənin içinə dolmuş o nigarançılığı daha da artırdı.
Səhəri gün Mürşüd Gülcahaniylə birlikdə professor Mürsəlbəylinin qəbuluna getdi. Professor Mürsəlbəyli Mürşüd Gülcahani ilə bir kənddən idi, məktəbi bir yerdə bitirmişdilər və vaxtıyla Sevilin elçiliyinə də Bakının hörmətli adamlarından biri kimi, o gəlmişdi. Əbdül Qafarzadə professorun yanına Mürşüd Gülcahani ilə birlikdə ona görə getməmişdi ki, qudası ilə Mürsəlbəyli yerliydi, yaxınıydı, yox, Əbdül Qafarzadənin bu cür yaxınlığa, vasitəçi tapmağa ehtiyacı yox idi; ona görə ki, içindəki həmin nigarançılıq, işi o yerə gətirib çıxarmışdı ki, Əbdül Qafarzadə kimi bir adam belə, professorun yanına tək getməyə, qoyacağı diaqnozu tək eşitməyə ürək eləməmişdi. Mürsəlbəyli Əbdül Qafarzadəni gülə-gülə qarşıladı, yapon aparatlarında, az qala, bir saat müayinə etdi və gülə-gülə də yola saldı. Əbdül Qafarzadə:
– Axı, məndə nə var, professor? – soruşdu.
Professor Mürsəlbəyli gödək barmaqlı, yoğun dırnaqlı, tüklü əlini tərtəmiz qırxılmış dolu və çopur sifətinə çəkdi, özündən razı halda:
– Sənin kimi kişidə nə ola bilər? – dedi və bərkdən güldü.
Əbdül Qafarzadə ürəyini bürümüş o nigarançılıqdan sonra, axırı ki, yavaş-yavaş rahat nəfəs almağa başladı:
– Bir dərman-zad lazım deyil? Heç nə atmayım?
– Heç bir dərman lazım deyil.
– Bəs yeməyim, içməyim necə?
– Ürəyin nə istəyir ye, ürəyin də nə istəyir iç.
Mürşüd Gülcahani gizlətməyə çalışdığı bir həsədlə Əbdül Qafarzadəyə baxdı və Əbdül Qafarzadə qudasının gözlərindəki o gizli həsədi o saat gördü, dünən həkim Bronşteynin yanına getdiyi vaxtdan bəri birinci dəfə gülümsədi: otuz il idi ki, Mürşüd Gülcahaninin mədəsində yara var idi və otuz il idi ki, bu bədbəxt oğlu bədbəxt, adam kimi yeyib-içmək üzünə həsrət idi.
Gödəkboylu professor Mürsəlbəyli təkcə pencəyini yox, köynəyini də çıxarıb əyninə ağappaq nişastalı xalat geymişdi və xalatın yaxasından tüklü sinəsi görünürdü. Əbdül Qafarzadə həmin ağappaq nişastalı xalatın döş cibinə üç dənə şax-şax yüzlük basdı, professor Mürsəlbəyli:
– Bay... Bu nəyə lazımdı? – dedi və bu sözləri elə ifadə ilə dedi ki, əslində, təşəkkür edirdi.
Əbdül Qafarzadə:
– Sənin üçün halaldı, professor, – dedi və birdən-birə həkim Bronşteynin şəvə kimi qapqara rəng qoyulmuş, bəzən də dibinin ağı görünən saçını, bığını gözünün qabağına gətirib yenə də gülümsədi: yazıq həkim Bronşteyn...
Axşam Əbdül Qafarzadə professor Mürsəlbəylinin evinə böyük bir ağ balıq da göndərdi və alverçilərin Xəzərdən gizlin tutub gətirdikləri o böyük ağ balıq professor Mürsəlbəylinin evinə gedəndə, elə bil ki, Əbdül Qafarzadənin ürəyindəki o nigarançılığı də birdəfəlik özü ilə götürüb apardı...
Qaratel divanın aşağısında yanpörtü oturub onun ayaqlarını ovxalayan ərinə baxdı:
– Əbdül...
– Nədi?
– İstəyirəm o mücrümü elə indidən verim Sevilə...Nəyimə lazımdı e, mənim? Bir ayağım burdadı, bir ayağım orda, balamın yanında. Az qalıb day balamın yanına köçməyimə, gedib o qara torpaqda onun yanında olmağıma... Lap az qalıb e, Əbdül...
– Ağzını xeyirliyə aç... – Əbdül Qafarzadə bunu dedi, amma üzünü tələsik yana çevirdi, çünki düzdü, Əbdül Qafarzadə beyinlə yaşayan adamlardandı, amma ürək də ürəkdi və bu dəm birdən-birə Əbdül Qafarzadənin gözləri əməlli-başlı doldu.
– Əbdül...
– Nədi?
– Nə deyirsən?
– Nəyə nə deyirəm? – O kövrəklik keçib getdi və Əbdül Qafarzadə yenə də arvadına baxdı.
– Mücrünü bağışlayım Sevilə...
– Qoy qalsın evdə.
Otuz iki ilə yaxın idi ki, Qaratel ilə Əbdül Qafarzadə bir yerdə yaşayırdılar və bu otuz iki ildə Qaratel ərinin səsinin də bütün çalarlarını öyrənmişdi və bu dəfə də başa düşdü ki, o üç söz «Qoy qalsın evdə», əslində, söz deyil, dəmir kimi bir şeydir, deyildi, qurtardı.
Əbdül Qafarzadə evdə, açıq-aşkarda var-dövlət saxlamağın əleyhinə idi, ona görə yox ki, qorxurdu birdən işi çətinə düşər, gəlib yoxlayarlar, görərlər; yox, Əbdül Qafarzadədə bu qorxu hissi demək olar ki, yox idi (əvvəllər var idi, amma illər bir-birini əvəz etdikcə, Qəbiristanlıq İdarəsində Qırmızı Bayraqlar, Fəxri Fərmanlar, Təşəkkürnamələr artdıqca o qorxu hissi də yox olub gedirdi); ona görə ki, buna ehtiyac yox idi. Təkcə Qaratelin o mücrüsü evdə idi, bir az da nağd pul var idi. O mücrüyə Əbdül Qafarzadənin uzun illərdən bəri Qaratelə aldığı üzüklər, sırğalar, boyunbağılar, bilərziklər yığılmışdı və haçansa, uzaqbaşı, demək olardı ki, bütün bu ləl-cəvahir Qaratelə atası Axund Məhəmmədəli Ağadan qalıb. Axund Məhəmmədəli Ağa vaxtilə bütün Bakıda məşhur seyid, mükəmməl təhsil görmüş ruhani bir adam idi və elə bir şəxsdən bu cürə ləl-cəvahiratın miras qalmasında təəccüblü bir şey yox idi, hərçənd, Allah o kişiyə rəhmət eləsin, özündən sonra təkcə qədim əlyazmaları, bir də ki, müxtəlif xətlərlə yazılmış əlyazmalarında yeddi Quran qalmışdı. Əbdül Qafarzadə özündə yalnız bir nüsxə Quran saxladı, qalan altı Quranı da, başqa qədim əlyazmalarını da Respublika Əlyazmaları Fonduna bağışladı. Əbdül Qafarzadə o vaxt– iyirmi il əvvəl bunu həm o rəhmətliyin xətrinə elədi, çünki çox təmiz, alicənab, elmli bir adam idi, həm də Qaratelin və uşaqların xətrinə elədi: qoy, heç olmasa, hansı bir jurnaldasa, hansı bir tədqiqatdasa uşaqların babasının, ulu babasının adı çəkilsin, filan əlyazması Axund Məhəmmədəli Ağadan qalıb, yazsınlar.
O mücrüdəki ləl-cəvahirat isə, doğrudan da, antikvar idi, bircə dənə də olsun müasir zinət yox idi. Əbdül Qafarzadə onların hamısını ayrı-ayrı zərgərlərdən, alverçilərdən, dəllallardan almışdı və ümumiyyətlə, Əbdül Qafarzadə öz təbiəti etibarilə müasir adam deyildi, təyyarə ilə, video ilə, maqnitafonla arası yox idi, hətta elektrik çaynikindən də zəhləsi gedirdi; cavanların ədası, geyimi, musiqisi, xüsusən, qızların şalvar geyib siqaret çəkməsi bu adamı tamam əsəbiləşdirib özündən çıxarırdı...
Sevil gəlib çıxanda daha saat 10-a işləyirdi və Əbdül Qafarzadə evdən çıxıb avtobus dayanacağına gəldi ki, avtobusa minib elə birbaşa Rayon İcraiyyə Komitəsinə getsin. Onun öz şəxsi maşını yox idi və Bakıda heç vaxt taksiyə minmirdi, çünki Əbdül Qafarzadə bu fikirdə idi ki, 135 manat aylıq maaş alan ailə başçısının camaatın gözü qabağında taksiyə minməyinə heç bir ehtiyac yoxdur. Sevilgil ayrı məsələ. Onlar sənətkar idilər. Bundan başqa, Ömərin atası Mürşüd Gülcahani hər nə idi, adı yazıçı idi, kolxoz həyatından romanlar yazırdı; düzdü, özü əfəlin biri idi, amma Əbdül Qafarzadə hər il Mürşüd Gülcahaninin bir kitabını nəşr elətdirirdi (hər halda, quda idi!). Sevilə bağışladığı «Qaz-24»ü də Mürşüd Gülcahaninin adına almışdı. Sovet hökumətində yazıçıya kim nə deyəcəkdi?
Əbdül Qafarzadə təmiz, səliqəli geyinməyi xoşlayırdı,buna görə də eyni rəngli, eyni biçimli bir kostyumdan dördünü-beşini birdən alırdı ki, dəyişik geysin, amma hamı elə bilirdi ki, kişinin cəmi bircə kostyumu var, hər gün də o bircə kostyumda gəzir, hətta bəziləri buna fikir verib təəccüb də edirdilər ki, Əbdül Qafarzadənin kostyumu heç köhnəlmir, bir il hər gün əynində olur, amma təptəzə qalır.
Əbdül Qafarzadə avtobus gözləyə-gözləyə o gözəl yaz günəşinin hərarətini təzədən hiss etməyə başladı və hətta birdən-birə Rozanı xatırladı, Rozanın balıq kimi sürüşkən bədənini, ağappaq dolu baldırlarını, döşlərini gözünün qabağına gətirdi, amma bu vaxt avtobus gəldi və o avtobus Əbdül Qafarzadəni yenə də həyatın, necə deyərlər, cariliyinə qaytardı.
Əhaliyə xidmət edən hər bir müəssisə kimi, Tülkü Gəldi Qəbiristanlığındakı Qəbiristanlıq İdarəsinin də illik planı var idi və illər bir-birini əvəz etdikcə bu plan da artırdı. Misal üçün – Əbdül Qafarzadə bütün bu rəqəmlərin hamısını əzbər bilirdi və ümumiyyətlə, haqq-hesab işlərində Əbdül Qafarzadənin beyni kompüter kimi işləyirdi: öz şəxsi gəliri ayrıca, dövlət gəliri ayrıca – 1980-cı ildə illik plan 430 min manat idi, 1981-ci ildə 28 min də üstünə gəldi, plan oldu 458 min manat, 1982-ci il üçün illik plan birdən-birə 140 min artırıldı və oldu düz 598 min manat, uzun sözün qısası, 1984-cü il üçün illik plan qalxmışdı 770 min manata.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-olum-hokmu-3-ebdul-qafarzade
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mənə niyə gülürlər? Heç bilmirəm...Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...
Gör necə top vuraramDadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:– Dadaş, qoy mən də sizinlə futbol oynayım.
Mən Lalə istəyirəmLalə elə balacadı, elə balacadı, elə balacadı, lap bir cıqqılı. Lalə mənim bacımdı. Nənəm deyir:– Mənim Laləm, Laləciyim...
Belə də iş olar?Heç bilmirəm nə edim... Belə də iş olar?..Mən Səliməm. Amma hamı mənə «Balaca Səlim» deyir. Niyə «balaca»? Bilmirəm..
Стихи других поэтов
Yenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Ey şahin cilvəlim, şunqar şivəlimEy şahin cilvəlim, şunqar şivəlim,Durna tək tellərin cığalanıbdır.
Yarəb, məni cəfayə salan şad olmayaYarəb, məni cəfayə salan şad olmaya!Səyyadi-zülmə seyd olub, azad olmaya!