2. «Əzizimin cəfası» romanı
Страница 3 из 11 · 18%
... Uşaqlar, cavanlar öz evlərindən miz gətirib həyətə düzürdü, oturmaq üçün kətil, kürsü düzürdü, qadınlar stəkan, nəlbəki, qaşıq, qəndqabı gətirdi, məhəllədə həmişə belə hallarda olduğu kimi, kişilər arasında vəzifələr bölündü və Xosrov müəllim də həmişəki kimi, heç nə danışmırdı, elə bil ki, kölgə idi, kişilərin arasında dolaşırdı. Sonra məhəllədə yaşayan Molla Əsadulla gəldi, dəfn-mərasimlə bağlı tapşırıqlarını verdi, evə qalxıb cənazə olan otağa girdi. Bir nəfər ölü kağızı almağa getdi, bir başqasını da Tülkü Gəldi Qəbiristanlığına göndərdilər ki, birtəhər eləsin yer alsın, qəbir qazdırsın. Düzdür, Tülkü Gəldi Qəbiristanlığında yer almağın müsibət bir iş olduğunu məhəllə kişiləri yaxşı bilirdi, orada güc-bəla ilə o rəhmətliyə yer almaq müyəssər olurdu ki, onun atasını, babasını həmin qəbiristanlıqda dəfn eləmiş olsunlar və o rəhmətliklərin yanında bir qəbir qazdırılsın. Yazıq Xədicə arvadın atasının, babasının harada (Tülkü Gəldi Qəbiristanlığında idi, amma harada? Hansı yerdə?) dəfn olunmağından indi daha məhəllə camaatının xəbəri yox idi və Siçan Balaniyaz da əfəlin biri idi və yəqin ki, onun da xəbəri yox idi, o qəbirlər itib-batmışdı, amma Xədicə arvad oruc tutan, namaz qılan bir adam idi və onu aparıb təzə salınmış, müsəlmanı, xristianı, yəhudisi bir-birinə qarışmış qəbiristanlıqlarda torpağa tapşırmaq düz olmazdı, belə bir iş məhəllə kişilərinə yaraşmazdı; arvadı gərək çalışıb köhnə qəbiristanlıqda, yəni Tülkü Gəldi Qəbiristanlığında dəfn eləyəydilər.Sonra çörəkçi Ağabala vaxt tapıb həyətə samovar gətirdi (çünki məhəllədə ən böyük samovar çörəkçi Ağabalagildə idi) və tələsik də dükana qayıtdı, həyət qapısından çıxa-çıxa:
– Ət dalıyca adam göndərmişəm... – dedi; bu o deyən söz idi ki, yazıq Xədicə arvadın ehsanında əti çörəkçi Ağabala öz boynuna götürürdü; düyü də, göyərti də, ədviyyat da, turşu da beləcə alınacaqdı və o yazıq Xədicə arvadın ehsanı məhəlləyə layiq olacaqdı.
Dünən Xədicə arvadın özü bu məhəllə adamlarından biri idi, həmişəki qayğıları ilə səhəri açmışdı, həmişəki qayğıları içində gün keçirmişdi, həmişəki qayğıları və sabahkı ümidləri ilə yerinə girib yatmışdı və o ümidlər də, o qayğılar da, bu gün həmişəlik yox olub getmişdi: haçansa dünyaya bir çağa gəlmişdi, böyümüşdü, qocalmışdı, Xədicə arvad olmuşdu və bu gecə də o Xədicə arvad dünyadan köçüb getmişdi... Burada, əlbəttə, təəccüblü bir şey yox idi, amma krantın yanında dayanmış tələbə Murad İldırımlı bunu fikirləşdikcə, elə bil, hər tərəfi bürümüş bir qüssənin içinə girirdi və məsələ yalnız Xədicə arvadın köçüb getməyində deyildi... Az qala səkkiz ay kirayənişin yaşadığı müddət ərzində tələbə, Xədicə arvadın gündəlik güzəranına da, istəklərinə, qayğılarına da bələd olmuşdu və indi o istəklər, qayğılar o qədər cılız, mənasız görünürdü ki, tələbənin öz həyatı, öz istəyi, arzusu, qayğısı, hətta nənəsinin səsi də, hətta keçirdiyi o çətin gecələr də, o dağlar da, meşələr də həmin cılızlığın, mənasızlığın içində itib-batırdı.
Tələbə Murad İldırımlının yadına düşdü ki, dırnağını çeynəyir, tez əlini ağzından çəkdi. Universitetdə tələbə qızlar öz aralarında zarafat eləyirdilər ki, bu bədbəxtin yəqin ki, qarnında qurd var, ona görə həmişə dırnağını gəmirir. Tələbə oğlanlar isə deyirdilər ki, yox, bunun beləliyinə baxmayın, qurd bunun qarnında deyil, ürəyindədi, ürəyi qurdludu, paxılın biridi... Əlbəttə, Murad İldırımlının bu söhbətlərdən xəbəri yox idi, amma var gücü ilə çalışırdı ki, dırnağını çeynəmək adətindən yaxa qurtarsın, amma hərdən heç özü də bilmirdi ki, əli necə ağzına gedib, dırnağını necə çeynəyir...
Həyətdəki krantdan gecə-gündüz həmişə damcı-damcı su axırdı və o zaman ki, bütün məhəllə yatırdı, Xosrov müəllim də, o yazıq Xədicə arvad da yatırdı, buralara bir sakitlik çökürdü, onda o krantın damcılamağı lap aydın eşidilirdi, hətta gəlib tələbə yatan otağa da çatırdı. Əvvəllər krantın eləcə damcılamağı tələbəni əsəbiləşdirirdi, bəzən yatmağa qoymurdu, amma bir gün Xosrov müəllim hardansa tapdığı yekə bir kəlbətinlə bu krantı düzəltmək istəyəndə o yazıq Xədicə arvad dedi: «– A-a-a... Nöş əl vurursan kranta? Qoy axsın da... Qoy səs gəlsin də... Siz çıxıb gedirsüz, mən tək qalıram burda, nə qədər küçədə oturmaq olar, səs olmiyəndə də, adamın ürəyi partdıyır axı!..» Xosrov müəllim necə dinməzcə o krantı düzəltmək istəyirdisə, eləcə də dinməzcə öz otağına qayıtdı və o krant da damcılamağına davam etdi, amma qəribə idi, Xədicə arvadın o sözlərindən sonra, krantın damcılamağı daha gecələr tələbə Murad İldırımlını əsəbiləşdirmirdi, əksinə, çətin məqamlarda o krant səsi, elə bil, bir ünsiyyət gətirirdi.
Xədicə arvad üç gündən-dörd gündən bir gedib Təzə bazardan kilo ilə tum alıb gətirirdi, evdə tumu qovururdu, həyətin küçə qapısı ağzında, üstünə nazik döşəkcə saldığı balaca taxta kətildə oturub küçədən keçənlərə, məhəllə uşaqlarına yüz əlli qramlıq stəkanı on qəpiyə tum satırdı. Stəkan sınmasın deyə içinə yapışqanla kağız yapışdırmışdı və o kağızı o qədər qalın eləmişdi ki, yüz əlli qram əvəzinə, yüz qramı güclə tuturdu... İsti tumla dolu torbanın yanında bir-birinin içində düzülmüş kağız torbacıqlar olurdu, kim ki, cibinə tökmək istəmirdi, Xədicə arvad tumu o torbacıqlara töküb verirdi və həmin torbacıqları düzəltmək üçün qəzeti, adətən, tələbə Murad İldırımlı verirdi; hər gün səhər universitetə gedəndə təzə qəzetləri alırdı, səhərlər avtobus çox basabas olduğu üçün qəzetləri günorta dərsdən qayıdanda oxuyurdu, avtobusda oxuya bilmədiklərini isə otağında oxuyurdu və bütün bu müddət ərzində Xədicə arvad səbrlə qəzetləri gözləyirdi, özü gedib pul verib qəzet almırdı və elə ki, oxunmuş qəzetləri kirayənişindən alırdı, səliqə ilə kəsib torbacıq düzəldirdi və arvadın kefi açıq-aşkar kökəlirdi: «– Süzdən xoşum gəlir!.. – deyirdi. – Süz kəndçilər ağıllı olursuz!.. Qıznan-zadnan da işivüz olmur sizün!.. Rayonnan gəlib oxuyub adam olursuz, bizimkilər də şofer olurlar, mən nə bilim, day nə olurlar... mənimki başıbatmış da getdi siçantutan oldu!.. Süzdən xoşum gəlir!.. Sən də ağıllısan. Ətağanın cəddiyçün, bax, fikir verirəm sənə, gecə-gündüz oxuyursan, araq içmirsən, qıznan-zadnan da aron yoxdu!.. Malades!.. Oxuginə!.. Nə çıxar – oxumaqdan çıxar!.. Bisavaddığın axırı mənim kimidi, bude, oturub semiçka satıram...» Əlbəttə, o yazıq Xədicə arvad bilmirdi ki, Bakıdakı bu tələbəlik hansı əzab-əziyyətin bahasına başa gəlib və hansı əzab-əziyyətlə də davam edir... Bəlkə bilirdi?
Gələcək tələbə Murad İldırımlı kənddə məktəbi qurtarandan sonra, iki il dalbadal Bakıya gəlib ali məktəbə qəbul imtahanı vermişdi və hər dəfə də kəsilib geri qayıtmışdı: birinci dəfə yazılı ədəbiyyat imtahanından «4» almışdı, şifahidən isə «2» almışdı, ikinci dəfə yazılı ədəbiyyat imtahanından «5» almışdı, şifahidən yenə də «2»; birinci dəfə şifahidən imtahan zamanı bütün suallara cavab verdi, amma müəllim ona heç qulaq asmırdı, səhər tezdən olduğu üçün, tez-tez əsnəyirdi və əsnədikcə də o müəllimin cod və qalın qaşlarının altından baxan domba gözləri (neçə illər keçmişdi, amma tələbə Murad İldırımlı o domba gözləri hələ də hərdənbir xatırlayırdı...) sulanırdı və elə ki, gələcək tələbə bütün sualların cavabını söylədi, müəllim soruşdu: – «Əzizimin cəfası» romanını kim yazıb? Murad İldırımlının belə bir romandan xəbəri yox idi, ona görə də gözlərini döyüb qaldı və müəllim eləcə əsnəyə-əsnəyə yaxşıca bir «2» yazdı, azərbaycanca imtahan götürməyinə baxmayaraq, Muradın başının üstündən auditoriyaya tərəf baxıb rusca bərkdən: «– Sleduyuşi!» – çağırdı.
Murad İldırımlı kəndə qayıdıb bir il yenidən hazırlaşdı, düzdür, «Əzizimin cəfası» romanını da tapmadı, bu roman haqqında heç harada bir məlumat da tapmadı, amma gecə-gündüz oxudu və ikinci il Bakıya gəlib növbəti qəbul imtahanında yazıdan «5» aldı, şifahidən imtahan verəndə yenə də sualların hamısını danışdı və Murad danışdıqca cavan bir adam olan müəllim berialin sürtdüyü qara saçlarını tez-tez daraqla geriyə daraya-daraya və gülümsəyə-gülümsəyə razılıqla başını tərpədirdi, Muradın cavablarını təsdiq edirdi və gələcək tələbə cavabları qurtaran kimi: – «Çox gözəl!.. – dedi. – Sənnən yaxşı ədəbiyyatçı olacaq!.. İndi de görüm dahi rus şairi Aleksandr Serqeyeviç Puşkinin böyük oğlunun adı nədir, bir də kiçik qızının adı nədir?» Murad İldırımlı yenə gözlərini döyüb susdu, çünki Aleksandr Serqeyeviç Puşkinin dahi rus şairi olduğunu yaxşı bilirdi, əsərlərini oxumuşdu, amma o dahi şəxsin böyük oğlunun və kiçik qızının, ümumiyyətlə, uşaqlarından heç birinin adını bilmirdi. « – Sənnən yaxşı ədəbiyyatçı olacaq!.. Nitq mədəniyyətin hələ inkişaf eləməyib, ancaq cavabların xoşuma gəldi! Sən yaxşı ədəbiyyatçı olacaqsan! Get bir il də hazırlaş, gəl, dostum!.. Mütləq gəl! Mühakimələrin xoşuma gəldi!..»
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-olum-hokmu-2-ezizimin-cefasi-romani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qırmızı xoruz da, toyuqlar da həyətdən çıxanda, adətən, küçə qapısının ağzında olurdular, qoca xartut ağacının dibini, oranı-buranı dimdikləyirdilər, torpağı eşirdilər, sonra elə ki, küçəyə gün düşürdü, hinə isə kölgə gəlirdi, Qırmızı xoruz qabaqda, toyuqlar da onun ardınca hinə qayıdırdılar, amma bu dəfə qalan toyuqlar hində idi, Qırmızı xoruzdan və onunla itmiş iki toyuqdan isə xəbər yox idi, Balacaxanım bütün məhəlləni, hətta, o biri yaxın küçələri, keçmiş Pioner parkını, parkın arxasındakı köhnə stadionu nə qədər axtardı, nə qədər soraqlaşdı, Qırmızı xoruzu və iki toyuğu «gördüm» deyən olmadı.Gecə düşəndə Ağadadaş Qırmızı xoruzun qarasına:
Xxııı fəsilİzabel Xanukoff Ali Komissarlığın növbəti illik məruzəsi üçün Azərbaycanla bağlı ona tapşırılmış materialları, bu qıza xas olan səliqə-sahmanla topladı, qeydlərini etdi, bir sözlə, bu ölkədəki işini bitirdi və Ali Komissarlığın Azərbaycandakı nümayəndəliyindən xahiş etdi ki, onu, heç olmasa, bir saatlığa Qubaya, Qırmızı Qəsəbəyə aparsınlar.Nümayəndəlikdə işləyən cavan və yaraşıqlı (həm də hündürboylu!) yerli – azərbaycanlı bir oğlan həvəslə razılıq verdi və onun maşınında söhbət edə-edə, zarafatlaşa-zaraftlaşa Bakıdan 160 kilometr kənarda yerləşən Qubaya, oradan da Qırmızı Qəsəbəyə getdilər, vaxt az olduğu, qohumlarını da tanımadığı üçün, İzabel xüsusi olaraq heç kimlə görüşmədi, təxminən qırx dəqiqə bu kiçik Qəsəbəni, onun ətrafını gəzdi, ayaqqabılarını çıxarıb Qudyalçayın dayaz sahili boyu bir az o tərəf-bu tərəfə qaçdı və bütün içi ilə hiss etdi ki, ürəyindəki o Ziba nostalgiyasına bir ilıqlıq, bir hərarət gəldi, hiss etdi ki, o, bu kiçik yaşayış məntəqəsini gəzdikcə, buranı hər tərəfdən əhatə edən dağların axşamın alatoranında qaralmağa başlayan ətəklərinə baxdıqca, Qudyalçayın suyunda qaçdıqca Zibanın ruhu şad olur.
Mənə niyə gülürlər?Mənə niyə gülürlər? Heç bilmirəm...Mən Səliməm, özü də atamın oğluyam. Anamın da oğluyam. Bir də bacım Laləni çox istəyirəm...
Gör necə top vuraramDadaşgil həyətdə futbol oynayır. Mən Dadaşa deyirəm:– Dadaş, qoy mən də sizinlə futbol oynayım.
Стихи других поэтов
Məni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Salamat qalEy dəvə yol, düşdüm daha belindən,Ovsar cığır, çıxdın daha əlimdən.