XX fəsil
Страница 2 из 4 · 25%
Və elə bil birdən-birə hər şey onun üçün aydın oldu. O, heç nə deməyib geri döndü və yenidən kabinkaya sıçrayıb maşını yerindən tərpətdi.
İmaş bu məsələdən bir mətləb qanmayıb işinə davam etdi.
Maşın sürətlə gedib vağzalın qabağında dayananda daha aşağı düşməyə bir ehtiyac yox idi. – Zibanın peraşki köşkü kimsəsiz idi və sobadan da isti peraşkinin buxarı qalxmırdı.
Maşın yenə də yerindən götürüldü və bu dəfə rayonun küçələrindən ötüb Zibanın evinin qabağında dayandı. Gündüz Kərimbəyli aşağı atıldı, darvazanı itələyib açmaq istədi, amma darvaza bağlı idi. Gündüz Kərimbəyli yuxarı boylanıb evin pəncərəsinə tərəf baxdı, sonra qapını bir neçə dəfə döyəclədi.
Yoldan ötənlər ayaq saxlayıb gah Cəbinin maşınına, gah da tanımadıqları bu adama baxırdılar və onun tələsik hərəkətlərindən yəqin başa düşürdülər ki, nə isə bir iş var bu işin içində.
Mühüm işlər müstəntiqi qapını bu dəfə daha artıq bir təkidlə döyəclədi.
Əlində içi dolu zənbil tutub, güman ki, bazardan qayıdan yaşlı bir arvad:
– Yoxdu Ziba evdə! – dedi. – İndicə aşağı düşürdü, çay qırağına tərəf.
Gündüz Kərimbəyli bu sözləri deyən arvada baxdı və əvvəlcə elə bil ki, arvadın dediklərinin mənasını yaxşı başa düşmədi, sonra daha da tələsik kabinkaya sıçradı; maşın yerindən götürüldü.
Maşın rayondan çıxıb torpaq yolla çaya tərəf getdi və meşənin kənarında dayandı.
Bu o yerlər idi ki, mühüm işlər müstəntiqi, Fazil müəllimlə və Səadətlə burada rastlaşmışdı.
O, maşından atılıb çılpaq ağacların arası ilə çay boyu irəlilədi və bu saat Gündüz Kərimbəyliyə baxan bir kəs heç şübhə etməzdi ki, dörd bir tərəfdə quş da uçsa onun gözündən yayınmayacaqdı.
Və nəhayət, o, böyük bir palıd ağacının yanında dayanmış Zibanı gördü. Ziba qəribə bir kədərlə başı qarlı dağlara tərəf baxırdı və bu saat günün şüaları altında o başı qarlı dağlar elə bil ki, bu arvadın gözlərindəki kədərə biganə deyildi.
Mühüm işlər müstəntiqi kolların, quru budaqların arası ilə daha sürətlə irəliləyərək qəflətən nəsə görüb bərkdən qışqırdı:
– Ziba!
Zibanın gözlərini dağlardan çəkib bu gözlənilməz qışqırığa tərəf dönməsi ilə iri bir bıçağın bir göz qırpımında palıdın yoğun gövdəsinə sancılması bir oldu; Ziba qışqırığa tərəf bircə an gec dönsəydi, iş işdən keçəcəkdi.
Arvad bu dəfə dəhşət dolu nəzərlərlə palıdın gövdəsində hələ də dəstəyi titrəyən bıçağa baxdı.
Gündüz Kərimbəyli isə artıq özünü kolların, ağacların arasına atıb bıçaqatanın ardınca qaçırdı.
Bıçaqatan adamın ağaclar arasında hərdən kürəyi, hərdən başı görünürdü və bu saat onu beləcə qovan, təbii ki, mühüm işlər müstəntiqinin səsi idi.
Gündüz Kərimbəyli qışqırdı:
– Dayan! Dayan deyirəm sənə!
O, sağ əlində tapança tutmuşdu, sol əli ilə quru budaqlar gözünə girməsin deyə özünə yol açırdı.
– Dayan!
Sonra o, qaçan adamın başı üstən dalbadal iki güllə atdı və daha artıq bir inadla caniyə yaxınlaşmağa başladı.
Bıçaqatan adamın sürəti yavaş-yavaş azalırdı və onun tez-tez nəfəs almasından, tövşüməsindən hiss olunurdu ki, bir atımlıq barıtı qalıb. Birdən o, qəflətən ayaq saxladı və bir anın içində əyilib haçansa qalanmış köhnə ocaq yerindən tutarlı bir kösöv götürdü, geri çevrildi və geri çevrilməyi ilə kösövü Gündüz Kərimbəyliyə tərəf vıyıldatmağı bir oldu.
Və biz də, ancaq indi onu görüb tanıdıq.
Bu adam Fəttah dayı idi.
Kösöv zərblə Gündüz Kərimbəylinin sağ əlinə dəyib tapançanı ağacların dibinə saldı və elə bil ki, Fəttaha təzədən güc gəldi. O, ağ saqqalına yaraşmayan bir sıçrayışla Gündüz Kərimbəylinin üzərinə atılıb:
– Boğacağam səni, köpəkoğlu! – dedi. – İt kimi gəbərdəcəyəm səni!
Və o, doğrudan da, iki əli ilə mühüm işlər müstəntiqinin boğazından yapışıb bütün ağırlığını onun üstünə saldı; Gündüz Kərimbəyli arxası üstdə yerə yıxıldı və onun sifətinin damarları şişdi, gözləri qızarıb qanla doldu.
Fəttahın gözlərindən od, alov tökülürdü, kin-küdurət, qəzəb tökülürdü, elə bil ki, neçə illərdən bəri ürəyində gizlincə saxladığı, gizlincə onu yandırıb-yaxan adam boğmaq ehtirası birdən-birə üzə çıxmışdı və bu alışıb-yanan ehtiras dolu gözlərdə indi bir təntənə şovqü oynayırdı.
Lakin, Gündüz Kərimbəyli bütün gücünü toplayıb ayağı ilə Fəttahı öz üzərindən ata bildi; bu dəfə Fəttah arxası üstə yerə sərildi, amma Gündüz Kərimbəyli onun üzərinə atıla bilmədi. Fəttah tez üzü üstə çevrilib ayağa qalxdı və iki əlini birləşdirib, balta ilə odun yarırmış kimi, var gücü ilə Gündüz Kərimbəylinin boynuna vurdu. Bu zərbə Gündüz Kərimbəylini sarsıtdı, o, arxasını vələs ağacının gövdəsinə söykəyib qaldı və Fəttah başını bədəninə qısıb bir az yanpörtü irəli sıçradı, bu dəfə də var gücü ilə Gündüz Kərimbəylinin qabırğalarının arasına kəllə vurdu. Gündüz Kərimbəylinin sinəsindən bir inilti qopdu və o, əlləri ilə mədəsini tutub aşağı əyildi. Fəttah:
– İt balası! – deyib onun boynunun ardına güclü bir zərbə ilişdirdi; Gündüz Kərimbəyli dizləri üstə yerə çökdü; Fəttah üçüncü dəfə zərbə vurmağa hazırlaşırdı, amma gözü beş-on metr aralıdakı palıdın dibinə düşmüş tapançaya sataşanda bir an əl saxlayıb tapançaya tərəf atıldı və bu zaman mühüm işlər müstəntiqi cəld bir sıçrayışla onun ayaqlarından yapışdı, Fəttah üzü üstə yerə sərildi. Gündüz Kərimbəyli eyni cəldliklə onun üstünə atılıb sağ qolunun dirsəyi ilə ilan boğurmuş kimi onun boynundan basdı: sol əli ilə Fəttahın çəkməsindən yapışıb yana gərdi və Fəttah üstünü xəzəl basmış palçığın içində çapalamağa başladı.
Dalbadal atılan üç güllə səsi eşidildi və elə bil ki, bu güllə səsləri ilə Fəttaha təzədən güc gəldi; o, bir həmlə ilə Gündüz Kərimbəylinin əlindən buraxılıb özünü irəli atdı və əvvəlcə palçığın içi ilə bir-iki addım iməkləyib sonra ayağa qalxdı və qaçmağa başladı.
Gündüz Kərimbəyli qarşısına çıxan ağac budaqlarına, kol-kosa ilişə-ilişə onun ardınca qaça-qaça:
– Dayan! – dedi. – Hara qaçacaqsan?!
Və elə bil ki, bu sözlərdəki həqiqəti Fəttah birdən-birə dərk etdi, yerində dayanıb geri döndü və nifrət dolu nəzərlərlə Gündüz Kərimbəyliyə baxdı; bu baxışlarda nifrətlə bərabər, bir ümidsizlik vardı və bu ümidsizliyin doğurduğu qorxu dəhşəti, daxili bir fəryad Fəttahın gözlərini böyütmüşdü.
O, axırıncı gücünü toplayıb sonuncu dəfə Gündüz Kərimbəylinin üstünə atıldı; bu həmlənin sonuncu olması, ölüm-dirim işi olması Fəttahın sinəsindən qopub gələn iniltinin yanğısından bilinirdi; elə bil ki, bu saat bütün dünya və o cümlədən, Fəttahın özünün də aqibəti bir tərəfə idi, Gündüz Kərimbəylini didib-parçalamaq, anasını ağlar qoymaq bir tərəfə.
Fəttah qabırğasının arasına dəyən zərbədən sarsılmadı, iki əlilə də Gündüz Kərimbəylini qamarlayıb altına basdı və ikisi də yerə – palçığın üstünə yıxıldı; Fəttah Gündüz Kərimbəylinin saçlarından yapışıb onun başını palçığa basmaq, nəfəsini kəsmək istəyirdi, mühüm işlər müstəntiqi isə iki əli ilə onun çənəsini yuxarı sıxır, bu fısıldayan qəzəbli sifəti üstündən rədd etmək istəyirdi.
Bu zaman bir əl Fəttahın kürkünün boynundan yapışıb onu qaldırdı və elə bil ki, Fəttah da birdən-birə süst düşüb asıla qaldı.
Prokuror Dadaşlı bir əli ilə onu qaldırıb, az qala, ayaqlarını yerdən üzəcəkdi və adamın heç ağlına gəlməzdi ki, bu həddən artıq kök və astagəl kişinin qolunda bu qədər güc var.
Gündüz Kərimbəyli hələ də nəfəsi tıncıxan prokuror Dadaşlının, müstəntiq Cabbarovun, kiçik leytenant Həsənzadənin bura nə vaxt gəlib çıxdıqlarını hiss etməmişdi və indi onlara elə baxırdı ki, elə bil başqa dünyadan gəlmiş adamlara baxır.
Sonra prokuror Dadaşlı Fəttahın kürkünün boynunu buraxdı və Fəttah yumşaq yeri üstə palçığa düşdü, eləcə də oturub qaldı.
Gündüz Kərimbəyli üz-gözünün palçığını silə-silə dikəlib Fəttahla üzbəüz oturdu və bir-bir prokuror Dadaşlıya, Cabbarova, Həsənzadəyə baxıb:
– Vaterlooda Blyuxerin köməyə gəlməsinə döndü bu!.. – dedi, sonra Fəttaha baxdı, sağ əlinin kösöv dəymiş barmaqlarını ovxaladı. – Güc varmış bunda!..
Fəttah da iki əli ilə, salavat çevirirmiş kimi, üzünü sildi və:
– Gərək gecəylə başını kəsəydim sənin! – dedi. – Qoyun başı kimi! – Həm də bu sözləri elə sakit dedi ki, bu adam qəssabının həvəsinin doğruluğuna heç kimin şübhəsi qalmadı.
İndi kənardakı şam ağacının yanında dayanıb onlara baxan Ziba da bu sözlərin həqiqət ola biləcəyinə qətiyyən şübhə etmədi.
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli gülümsədi və onun sifətinin ifadəsində neçə günlərin, bəlkə də neçə ayların, neçə illərin yorğunluğu, əziyyəti indi açıq-aşkar görünürdü; beləcə gülümsəyə-gülümsəyə də dedi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/elcin-ox-kimi-bicaq-xx-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
9 oktyabr 1803–cü il. Şuşa. Xan sarayı.İbrahim xan otağın qapısı qarşısında dayanıb qonaqlarını qarşılayırdı. Mirmöhsün ağa da onun yanında idi.
Birinci hissə, 15Axşam düşürdü.Və axşamın o düşhadüşündə Şuşa dağları, elə bil, mürgü döyürdü və bu yerlərin sakitliyi də, elə bil, əzəli və əbədi bir sakitlik idi. Hətta xanəndənin uzaqdan gələn səsi də, elə bil, elə bu əzəli və əbədi sakitliyin bir hissəciyiydi.
Birinci hissə, 16İbrahim xan iti addımlarla sarayın dəhlizi ilə gedirdi. Axund Mirmöhsün ağa onun ardınca addımlayırdı.İbrahim xan gedə-gedə deyirdi:
Birinci hissə, 171 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.Tiflisə quşbaşı qar yağırdı.