Axır vaxtlar işdə tez-tez darıxıram, ürəyim sıxılır, hərdən lap beş dəqiqəlik də imkan tapanda aşağı düşürəm və Yazıçılar İttifaqının qabağındakı bağda var-gəl edirəm.

Təxminən bir ay bundan qabaq bağda, ağacların dibində iki quş gördüm və onları çöl göyərçinləri bildim, amma bir az göyərçindən kiçik idilər və dimdikləri də, deyəsən, bir balaca uzun idi.

Quşlara yaxınlaşdım və bu quşlar yəqin ki, çöl göyərçinlərinin bir növü idi, çünki şəhər yerində adamı bu qədər yaxına buraxan, ürkməyən, məncə, ancaq çöl göyərçini olardı, amma yox, bu quşlar çöl göyərçini də deyildi, qumru quşlarıydı.

Günlər keçdi və o bağ qumru quşları ilə doldu. Qumru quşları, hətta, Yazıçılar İttifaqının həyətinə də uçub gəlir və sayı-hesabı olmayan Azərbaycan yazıçılarından, şairlərindən, tənqidçilərindən ürkmür.

Deyirlər ki, əslində qumru quşları çox ürkək quşlardı, kənd yerlərində, çöllərdə, düzlərdə adamın gözünə görünmür: adam görən kimi, ürküb uçub gedir.

İndi o bağdakı qumru quşları adamlardan ürkmür, az qala, bir addımlığa qədər yaxına buraxır, sonra uçub adamların başının üstündəki budaqlara qonur, heç kimi vecinə almır.

Bu qumru quşları haradan gəlib? Təbiətdən küsüb? Yoxsa, zəhərlədiyimiz dağlardan, düzlərdən baş götürüb Bakıya pənah gətirib? Bəyəm, Bakı təmizdi?

Nə isə... Amma o bağdakı qumru quşları, nədənsə, adamda sabahkı günə bir inam yaradır... Yalnız bu mənada yox ki, haçansa təbiətin işi düzələcək: ümumiyyətlə...

16 may 1981.

Bakı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

3. Əbdül Qafarzadə

Əbdül Qafarzadənin çarpayısı yataq otağının küçə pəncərəsi ilə üzbəüz idi və o, adəti üzrə sübh tezdən yuxudan duranda ilk növbədə bayırın işığını görürdü, daha doğrusu, bayırın rəngini görürdü və həmin rəng çox zaman bu adamın bütün gününün rənginə çevrilirdi; çarpayıda gözünü açıb bayırın rəngini tutqun görürdü və elə olurdu ki, həmin gününü başdan-başa qayğıların içində keçirirdi, mənfi emosiyalar bir-birini əvəz edirdi, bircə dənə də olsun, ürəkaçan şey olmurdu ki, ürəyi açılsın, üzü gülsün. Bunu bəlkə də özünə təlqin etmişdi, bilmirdi, amma, hər halda, bu belə idi, hətta qış zamanı sübh tezdən hələ hava qaranlıq olanda da onun üçün o qaranlığın tutqunu – ürək sıxanı və aydını – ürək açanı var idi.Uşaq bu dünyadan köçəndən sonra düz altı il idi ki, Qaratel nəinki əriylə bir çarpayıda, hətta Əbdül Qafarzadə ilə bir otaqda da yatmırdı və bütün bu altı ildə gecələr Qaratel nə çəkirdi, bunu bir Allah bilirdi, bir də ki, Əbdül Qafarzadə görürdü, hiss edirdi və belə vaxtlar Əbdül Qafarzadə özü öz köməksizliyindən, dünyanın beləcə əlacsız işlərindən o qədər sarsılıb, bədbinləşirdi ki, doğrusu, heç yaşamaq istəmirdi, bütün həyatı, bütün əzab-əziyyəti ona yaşayışın özü kimi mənasız görünürdü.

198459 мин
4. Qanunla zarafat eləmək olmaz

Murad İldırımlı dörd illik tələbəliyi ərzində yalnız bir dəfə şəhər qəbiristanlığına gəlmişdi (onda «Hər şey keçib gedir...» adlı bir hekayə yazırdı – indiyə qədər Muxtar Xudavəndənin yeşiyindədi, – buna görə də qəbiristanlığı görmək lazım idi), bir küncdə dayanıb hansı bir dəfn mərasimini isə müşahidə etmişdi və o zaman qəbiristanlığı belə nəhəng, belə ucsuz-bucaqsız görməmişdi. Həmin aprel günü isə tələbə, Xosrov müəllimlə birlikdə Qəbiristanlıq İdarəsində oturub müdiri gözləyə-gözləyə Tülkü Gəldi Qəbiristanlığı barədə fikirləşirdi; tələbəyə elə gəlirdi ki, bu balaca gözləmə otağının havası da cürbəcür qazlardan yox, kiçicik qəbir daşlarından ibarətdir. Onuncu sinfi ki, bitirəndən sonra birinci dəfə kənddən çıxıb gəlib Bakını görmüşdü, o zaman bu şəhərin böyüklüyü, bu şəhərin soyuqqanlığı, bir-birini tanımayan, elə hey harasa tələsən adamların çoxluğu, avtobuslardakı, trolleybuslardakı, basa-bas Murad İldırımlını necə sarsıtmışdısa, necə təsir etmişdisə, Tülkü Gəldi Qəbiristanlığının da böyüklüyü, yan-yana düzülmüş və ucu-bucağı görünməyən qəbir daşlarının lal sükutu indi onu eləcə sarsıtmışdı, ona eləcə təsir etmişdi.Qəbiristanlıq İdarəsinin yolunu tanımadıqları üçün, Xosrov müəllimlə avtobusdan Tülkü Gəldi Qəbiristanlığının aşağı başında düşmüşdülər və qəbirlərin arası ilə də xeyli yol getdilər. Bütün qəbiristanlıq bomboş idi və Xosrov müəllimlə tələbə Murad İldırımlı Qəbiristanlıq İdarəsinin yerini heç kimdən soruşa bilmirdilər. Biri arıq, uzun və iri addımlı, o biri gödək, yöndəmsiz və yanındakı ilə ayaqlaşmaqdan ötrü, az qala, yüyürən bu iki nəfəri – bu cavanı və qocanı nimdaş əyin-başlarının kasıbçılığı eyniləşdirirdi, ikisinin də baxışında, sifətində, hərəkətlərində bir köməksizlik, əlacsızlıq, acizlik var idi və bu da onları o bomboş Tülkü Gəldi Qəbiristanlığında daha artıq miskin göstərirdi və bu dəm onların o miskinliyi ilə o qəbirlərin də arasında, elə bil ki, bir oxşarlıq var idi.

198413 мин
5. Tonqal

Həyətdəki qoca armud ağacının budağına qonmuş o rəngbərəng, o zəhmli böyük xoruz qaz boğazı kimi, yoğun boğazını uzadıb qart səsiylə bir də banlayandan sonra, faytonçu Ovanes oturduğu yerdə qurcalandı, əlində tutduğu yüyəni oynada-oynada və qurumuş böyürtkən kollarından salınmış çəpərin üstündən həmin rəngbərəng xoruza da baxa-baxa həyətə tərəf qışqırdı:– Gün günortanı keçdi ki, ara uçitel!.. Ara, tez elə də!.. – Sonra faytonçu Ovanes öz-özünə deyindi: – Ara musurman qonşu kəndə gedəndə də evdən elə ayrılır, elə bil, Amerikaya gedir!..

198456 мин
6. Dar dalanda

Divarlarına təzəcə göyümtül əhəng çəkilmiş bu dalan ensiz, adamsız, səliqəli və yay kimi isti o aprel günündə kölgəli idi. Güclə seziləcək əhəng iyi, elə bil ki, bu dar dalandakı sakitliyin, rahatlığın və təmizliyin daimiliyindən xəbər verirdi, yəni elə bil ki, bu qısa və dar dalandakı həmin sakitlik, rahatlıq və təmizlik həmişə olmuşdu – min il bundan əvvəl də belə idi və min il bundan sonra da belə olacaqdı; dalana tünd sarı rəngli üç həyət qapısı açılırdı və tünd sarı rəngli o üç həyət qapısı da, elə bil ki, həmişə beləcə kip örtülü olmuşdu və heç zaman açılmayacaqdı; qənbər döşənmiş ensiz küçədə ötən o maşınların səsi də o aprel günü bu dalana hay-küylə, sürətlə yox, ahəstə gəlirdi, o maşın səsinin özündə də bir yumşaqlıq, bir mülayimlik vardı.Gicbəsər, dalanda, az qala, divara bitişik basdırılmış elektrik dirəyinin dibində, asfaltda qarnıüstə uzanmışdı və itin qara gözləri mürgü döyürdü. Gicbəsər Tülkü Gəldi Qəbiristanlığından çıxdığı iki gün ərzində Bakının dağlıq məhəllələrini dolaşa-dolaşa gəlib bu balaca və sakit dalana çıxmışdı; bura rahat və təmiz idi, bu sakitlik, bu rahatlıq və təmizlik iki günlük didərginlikdən sonra, itin ürəyincə idi.

198414 мин

Стихи других поэтов