(Mehdi Hüseyni xatırlayarkən)

Biz Masallı ilə Lənkəranın arasındakı kiçik Sara adasında idik. O balıq tuturdu, mən də onunla balıq ovuna getmişdim.

Alatoranlıq idi. Gün hələ çıxmamışdı, ay da yox idi. Ayaz havaydı. Xırda ləpəciklər ayağımızın altına qədər gəlir, yenə qayıdırdı.

O, tünd-qəhvəyi pencəyinin boynunu qaldırıb, hələ heç nə yeməmişdən, içinə pambıq doldurduğu «Kazbek»dən çəkə-çəkə dənizə atdığı qarmaqların qarğısını qumluğa basdırdı. Sonra hündür bir daşın üstündə oturdu, mən də onun yanında – axşamacan buradaydıq.

O, Türkiyəyə birinci səfərindən yenicə qayıtmışdı. Mən çox maraqlandığım türk həyatı barədə onun söhbətlərinə qulaq asmaq istəyirdim, lakin sual verməkdən çəkinirdim – səs olacaq, qarmağa balıq keçməyəcəkdi...

Yavaş-yavaş işıqlanırdı. Yalnız ayaqlarımızın altına qədər gələn ləpəciklərin ahəngdar səsi və haradansa hacıleylək dimdiyinin taqqıltısı eşidilirdi.

Mən ona baxırdım. O, gözlərini dənizə zilləmişdi. Mənə elə gəldi ki, bu dəm o, bütün varlığı ilə suyun altında qarmağa keçəcək balığın yanındadır. Mənə elə gəlirdi ki, bu dəqiqə onun ağlında qarmaq və balıqdan başqa heç nə yoxdur. Mənə elə gəlirdi ki, bu an o, yalnız və yalnız qarmağa keçəcək həmin kiçiçik balığın hicranındadır və indi o, yalnız və yalnız həmin hicranla, həmin həsrətlə yaşayır...

Birdən üzünü mənə tutub hacıleylək müşayiətli sükutu ürəkdən gələn bir səslə pozdu:

– Səkkiz il keçib, amma mən hələ də Səmədin ölümünə inanmıram...

... İndi Mehdi müəllimin ölümündən düz bir il keçib.

Vaxt gələcək və bu bir il səkkiz il olacaq.

Sonra on səkkiz il olacaq...

Sonra daha artıq...

Və dünyaya yeni insanlar gələcək, böyüyəcək, qocalacaq, öləcək...

10 mart 1966.

Bakı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов