Lorka haqqında qaraçı romansları
Birinci romans
Mənə kaman verin siz, bir qaraçı kamanı,
Titrəyən nəfəsimlə oyadım bu cahanı.
Səhrada tonqal çatın, vurun ətrafda dövrə,
Ulduzlar parça-parça sınıb tökülsün yerə.
Sinəm kimi yaralı bir kaman verin mənə,
Səpim ürək sözümü mən onun tellərinə,
Mənə bir kaman verin o hıçqırsın, inləsin,
Qoy kədərli nəğməmi bütün dünya dinləsin.
Qoy qaraçı kamanı ağlasın pərdə-pərdə,
Oyansın, dilə gəlsin köhnə xatirələr də.
Qoy kamanım danışsın könlümün möhnətini,
Bir qaraçı oğlunun qəmli hekayətini.
İkinci romans
Mənə gitara verin, tellərində hıçqırıq,
Qoy qaraçı nəğməmi oxusun qırıq-qırıq.
Bir qaraçı gözüydü onun gözü – qapqara,
Oxu, oxu, gitara!
Onun qırışsız alnı geniş səhraydı, səhra,
Oxu, oxu, gitara!
O, anadan olanda adicə bir uşaqdı,
Min-min uşaqlar kimi,
Dünyanın hər qəmindən, möhnətindən uzaqdı,
Bütün uşaqlar kimi.
İlk dəfə qulaq asdı kədərli laylalara,
Oxu, oxu, gitara!
Bildi: sirdaş yaranır dərdə, qəmə, qubara,
Oxu, oxu, gitara!
Qaraçı kamanından qopan kədərli səslər,
Bəlkə kiçik Lorkanı şair etdi bir səhər!
Qaraçı kədərindən dünyada dərin nə var?!
O titrəyən mahnılar, o titrəyən nidalar!..
Sanırsan yer titrəyir, titrəyir asiman da
Bir qaraçı havası səslənəndə kamanda.
Görünür, o mahnılar can atırdı bahara...
Qaraçı kamanıyla birgə oxu, gitara!
Üçüncü romans
Mən faşist kəlməsini eşidəndə uşaqdım,
Onun fəlsəfəsindən, mənasından uzaqdım.
İllər dalında idi hələ 41-ci il,
Nə xaçnişan ordular, nə gurlayan sinc-təbil
Yuxusuz qoymamışdı obaları, elləri.
Hələ uzaqda idi ölüm-dirim illəri.
Atam varaqladıqca qəzetləri əsəbi
Oxunurdu gözündən onun kini, qəzəbi.
Faşizm, Qrenada, İspaniya... bu sözlər
Atamın dodağından düşmürdü axşam-səhər.
Bir gün də işdən evə hüznlü, yaslı gəldi,
“Bir şair öldürdülər...”
Atam doldu, kövrəldi.
“Of, faşistlər Lorkanı... Öldürdülər, Lorkanı,
Belə də iş olarmı, töküldü şair qanı!..”
“Şairlər ölməz!” – deyə daima düşünən mən
Titrədim yarpaq kimi “öldürdülər” sözündən.
Uşaqlıqdan tanışdı mənə şair kəlməsi.
Bu sətri oxuyanlar indi mənə gülməsin.
Şair bahar deməkdir – o vaxt belə sanardım,
Günəş, ulduz, ay, səma şairdir, inanardım.
İnanardım, şairdir o çaylar ki, dərindir,
Dan yeri də şairin alışan gözləridir.
Sanırdım ki, şairdir çiçəklərin dəstəsi,
Şairdir nəğmələrin sözü, rəngi, bəstəsi.
“Faşistlər öldürdülər Lorkanı” – bu sözdə mən
Faşizm kəlməsini başa düşdüm dərindən.
Şairi yox, günəşi onlar öldürdü, sandım,
Onlar ayı, ulduzu öldürdülər, inandım.
Onların əlləriylə, sandım, öldü dan yeri
Onlar öldürdü, sandım, gülləri, çiçəkləri.
Onlar öldürdü sandım, gözəllik dünyasını,
İlkin onda anladım faşizmin mənasını.
Dördüncü romans
Şıltaqlıq dünyamız – uşaq dünyası
Cidala çıxardıq çayla, dənizlə.
Sığırçın, sağsağan, qarğa yuvası
Uçub dağılardı əllərimizlə.
Bülbül yuvasına dəyməzdik ancaq,
Bu bir tövsiyəydi ata-babadan:
Bir bülbül yuvası uçulursa bax,
Dağılar, iz qalmaz eldən-obadan!
Lorka, söyüd gördüm Kür qırağında,
Onu əks eləyir suyun aynası.
Ən nazik, ən yaxın bir budağında
Dəydi gözlərimə bülbül yuvası.
Yanından insanlar keçir – dəyməyir
Bübülü seyr edir onlar budaqda.
Dəcəl uşaqlar da onu əyməyir,
Bülbül yuvasını sökmür uşaq da.
Lorka, gəzir bu söz dildə nə vaxtdır:
“Nəğməkar müqəddəs sayılır eldə”.
“Şairlə bülbülə dəymək günahdır” –
Yaranıb belə bir zərbi-məsəl də.
Səni öldürdülər, günah deyilmi?
Lorka, yuvan döndü soyuq məzara
Qaraçı qəlbinin həsrəti kimi
Dillən, dərdli kaman, dillən, gitara!..
Beşinci romans
Mənə bir bahar verin – qış günü gəlmiş olsun,
Mənə günəş verin siz, gecə yüksəlmiş olsun.
Mənə şair verin siz, soyulsun diri-diri,
Əynindən köynək kimi soyundurulsun dəri.
Bir şair ki, həyatı zindan axşam-səhərli,
Şandor Petefi sözlü, Musa Cəlil hünərli.
Sabir kimi vərəmli, Nazim kimi dərbədər,
Lermontov kimi sürgün, Şevçenko kimi əsgər.
Mənə gitara verin, mənə kaman verin siz,
Ürəyimin qaraçı telini dindirin siz.
“Bir qaraçı oğluyam mən,
Səhrayidir nəslim mənim.
Dünyaya göz açan gündən
İspaniyadır ilk vətənim...”
Yox, mənə tonqal verin alovu ətək-ətək,
O tonqalda alışım Cordano Brunotək!
Lorka, Lorka, yanmaqdır şairlərin qisməti,
Yanmaqda tapdı onlar ən böyük həqiqəti.
Səhərlər oyanırkən şairin nəğməsilə
Hökmdarlar şairdən niyə qorxurlar belə!
Onlar məhbəslər tikir, tonqallar yandırırlar.
Nəğmələrdə döyünən qəlbi dayandırırlar.
Qəlbim riqqətə gəldi, mənə kaman verin siz,
Ürəyimin qaraçı telini dindirin siz!
Altıncı romans
Qrenada, hazıram, məni də matador yaz,
Söylə, yadındadırmı sənin Sanços Mexias?!
Yadındamı, yellədib qırmızı parçasını
Öküzlərin belinə sancardı cidasını?
Lorka, o vaxt yorurdu səni sonsuz fikirlər:
Öküzlər qırmızıdan niyə qorxur bu qədər?!
Hökmdarlar şairdən niyə qorxurlar belə?!
Öküz məhv eləməzmi Sançosu zərbəsilə?
Şairlər,
hökmdarlar,
öküzlər,
matadorlar,
Qırmızı rəngli parça
azadlıq,
qəmli diyar...
Şair də matadordur,
Əlində qızıl şülək
Görünür, azadlığın qırmızı bayrağıtək!
Ey matador, qırmızı parçanı mənə ver sən,
Gərək deyil, yox, onu alaram dan yerindən!
Yox, qızarmış üfüqü götürərəm büsbütün!
Yox, günəşi səmadan alacağam mən bu gün!
İstərəm atəşimdən üz-gözüm də qarsıya.
Şair-matador gəlir,
Gəlir Lorka Qarsia!
Yeddinci romans
Mənə kaman verin siz, bir qaraçı kamanı,
Titrəyən nəfəsimlə oyadım bu cahanı.
Mənə gitara verin, tellərində hıçqırıq,
Bu qaraçı nəğməmi oxusun qırıq-qırıq:
Bir parça öldürdülər dünya səadətindən...
Bir parça öldürdülər baharın dəmətindən...
Bir nəğmə öldürdülər ürəyin telindəcə...
Dillərə yayılmamış... Öz ana dilindəcə...
Bir şair öldürdülər, qaraçı qəlbi vardı,
İspaniya xalqının taleyilə yanardı.
Matador öldürdülər, əlində al parçası,
Bir insan öldürdülər – dan yerinin carçısı.
Bir insan öldürdülər – insanların insanı,
Din, qaraçı kamanı!..
Bir insan öldürdülər, qaş qara, gözlər qara,
Oxu, oxu, gitara!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-lorka-haqqinda-qaraci-romanslari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dartınır arxada yedək gəmisi,Gedir sükançısı özündən qabaq.
Savalanın zirvəsində qar görürəmSavalanın zirvəsində qar görürəm,Yellər əsir soyuq-soyuq, sərin-sərin.
Sənin saçlarınƏli Tudəyə*Saçların ağarır, seyr edirəm mən,
Oxu!(Rəşt radiosunda Azərbaycan musiqisini dinlərkən)*Gözlərim gözündən uzaq olsa da,