Əli Tudəyə

Saçların ağarır, seyr edirəm mən,Qardaş, bu dərdindən ellər halıdır.Vətən dərdi çəkən, el dərdi çəkənŞairin saçları ağarmalıdır!

Bəli, ağır olur vətən həsrətiO saç da ağardar, o bel də əyər.Bir günlük, bir anlıq vətən firqətiİnsan sinəsinə çarpaz dağ çəkər!

Saçların ağarır, sən o saçlarıYox, yox! Ağartmadın meyxanalarda.Elin pis günləri, ehtiyaclarıQardaşım, əksini tapıbdır orda.

Bu dərdin oduna səməndər kimiBudur, alışıram, yanıram mən də.Onunçün həsrətlər sıxır qəlbimi,Onunçün saçıma düşüb bu dən də!

Görürəm gözlərin yol çəkir bəzən,Qəlbində bu yurdun öz məlalıdır.Böyük bir torpağın dərdinə dözənŞairin saçları ağarmalıdır!

Saçların ağarır, küsməz sevgilin,Yox, bizim gözəllər olur ər kimi.O ağ saçını da sevəcək yəqinOn səkkiz yaşında sevənlər kimi.

O sənin körpənə öz laylasındaGümüşü saçından söhbət açacaq.Vətən bayramında, vətən yazındaO sənə ərk ilə deyəcək ancaq:

“Saçların ağarır, sən o saçlarıYox, yox, ağartmadın meyxanalarda.Elin pis günləri, ehtiyaclarıSevgilim, əksini tapıdbır orda!”

Saçların ağarır ağ zanbaq kimi,Fəqət solmamışdır gəncliyin sənin.Cəbhələrdən keçən bir bayraq kimiAxı, heç olmayıb dincliyin sənin.

Axı, bircə anın, bircə dəqiqənKeçməyib döyüşsüz, mübarizəsiz.Axı ilk şerinlə dil açanda sənDedin: lazım gəlsə öləcəyik biz!

Dedin, azəriyəm öz şöhrətim var,Dedin, hakimlərin hökmü nahaqdır!Dedin ki, Arazı sərhəd qoyanlarBir gün əlimizlə asılacaqdır!

O günü gözlədik “vəsli-yar” kimi,Qardaş, üfüqə bax, o gün yetişir.Birəm-birəm yağan təzə qar kimiSənin saçlarına fəqət dən düşür!

Nə eybi bu nöqsan sayılmaz sənə,Səadət çox asan tapılan deyil.Sabahkı günlərin təntənəsinəÇoxumuz ağ saçla gələcəyik, bil!

Nədir o təntənə? – Vahid bir Vətən!O bizim torpağın istiqbalıdır!O böyük, müqəddəs günü gözləyənŞairin saçları ağarmalıdır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине