Zərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.

Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.

Yorğan-döşəyin içində dikəldi... dikələndə özünü çarpayıda lüt, anadangəlmə görüb təəccübləndi. Hürkmüş, qorxmuş kimi tez əlini sinəsinə atdı: o, heç vaxt alt köynəksiz yatmazdı. Yana boylandı

– ipək alt köynəyi kreslonun üstünə atılmışdı, əzik-üzük idi. Birdən gözü üstü şüşə və piyaləli, qab-qaşıqlı stola sataşanda bədənindən sarsıntılı bir gizilti axıb keçdi. Və dərhal ağayi Siracəddini xatırladı, onun ağ başı, xırda, qıyıq gözləri, arıq, uzun, tüklü əlləri gözlərinin qabağında canlandı. Əvvəl əti çimçəşdi, ancaq bu hal tez ötüb keçdi. Bir qadın kimi, bu gözlənilməz görüşdən qabaq özünü narahat eləyən hisslərinin, daxili narahatlığın və naməlum istəyin öləziyib söndüyünü, bədəninin və duyğularının nisbətən rahatlandığını anlayıb işin nə yerdə olduğunu başa düşəndən sonra yenidən başını balışa atdı, axşam baş verən söz-söhbəti yadına salmağa çalışdı. Ağayi Siracəddinin gəlişi, yeyib-içməkləri, hətta özünün qalxıb güzgü qabağına getməyi — hər şey, hər şey yaddaşına yazılmışdı. Güzgü qabağında ağayi Siracəddinin şəhadət barmağını aynadakı «Dünyadan gözəl» qadının — Zərrintac xanımın dodaqlarında, qaşlarında, sinəsində gəzdirdiyi, bu anlarda bədənində duyduğu xoş gizilti və hətta kişinin söylədiyi şirin sözlər də, birdən onu özünə tərəf çevirib piyaləni verməsi də, içməsi də, qəfildən dodaqlarını öpməsi də xatırında idi. Özünün məstanə gülüşünü də eşidirdi indi. Lakin ancaq bura qədər... bundan sonra heç nə yox idi, heç nə olmamışdı. Xatırlaya bilmirdi ki, bilmirdi. Zərrintac xanımın qaşları çatıldı: axı o, qibləgahı ilə, lap Elməddinin özü ilə belə çox içmişdi, ancaq belə hala düşməmişdi, yaddaşı silinib getməmişdi, yox, heç vaxt bu hala düşməmişdi.

– Ax, alçaq, əclaf! — deyə o, birdən bütün olub-keçənlərin nə demək olduğunu anlayıb üzüüstə çevrildi, başını balışın arasında gizləməyə çalışaraq hönkürtü vurub ağladı. Onun ağ, açıq çiyinləri qalxıb-enir, çarpayı silkələnirdi. Sakitləşdirən, təsəlli verən yox idi deyə o, tez kiridi və bir müddət key kimi heç nə düşünə bilməyərək hərəkətsiz uzandı. Anlar, dəqiqələr ötüşdü, nəhayət, fikri duruldu və özünü danlamağa başladı: «Mən necə böyük səhv elədim, ay allah. Mən axı bilirdim o kişi adlı canavar nə yuvanın quşudur, nə ilə məşğuldu. Bunu mən axı bilirdim! Mən dünən başımı itirmişdim, dünən Elməddinin nəfəsi, özü yadıma düşmüşdü, onu ürəyim istəyirdi. İstəyirdim gəlsin, barışmasın da, danışmasın da, eləcə soyunub yanımda bir saat yatsın, mən onun tüklü sinəsini sığallayım, o məni qüvvətli qolları arasına alıb sıxsın və sonra da hansı cəhənnəmə itilib gedirsə getsin. Bu arzu hardansa beynimə düşmüşdü. Amma gör nə oldu. Onun əvəzinə o qoca köpək gəlib çıxdı. Qibləgahımın yoldaşı olmağı yəqin məni arxayın salıb. Heç mənim ağlıma gələrdimi ki, o qoca köpək belə bir iş tutmaq üçün bizim evə qədəm basıb? Yox, gəlməzdi, gəlmədi də. Sən demə, qoca qurdun məqsədi varmış, sən demə, o, məni boş yerə tərifləmirmiş. «Dünyadan da gözəlsən, qaşın belə, gözün belə!» Tfu, sənin vicdanına. Eh, nə vicdanbazlıqdı. Onun üçün nə vicdan, canım?

Amma bu sirdən baş aça bilmirəm. Mən niyə elə sərxoş oldum axı?! A... Bəlkə o, son piyaləyə yuxu dərmanı qatmışdı? Hə. Hə. Yəqin mən güzgü qabağına gedəndə o, badəyə yuxu dərmanı atıbmış. Hə, ancaq belə ola bilər, ancaq belə!,.»

Zərrintac əl atıb alt paltarını geyindi, tələsik döşəmənin üstə düşüb stola yaxınlaşdı və piyaləsini götürüb iylədi. Nə qədər qoxuladısa da bir şey hiss eləmədi. «Görəsən bu bihuşdarı zəhrimarın iyi olur, ya olmur?» — deyə fikirləşdi; görməmişdi, bir kimsədən də eşitməmişdi deyə bir qərara gələ bilmədi. Piyaləni stolun üstə atdı, piyalə böyrü üstə düşdü. Sonra o, bədənnüma güzgünün qabağına keçdi, üz-gözünə açıq sinəsinə baxdı. Sinəsində diş yeri qalmışdı. «Qoca köpəyin dişləri də varmış!» — dedi öz-özünə. Diş yerində qəribə, şirin bir ağrı gəzib-dolaşırdı. Birdən Zərrintac xanım sol böyründə dayanıb nə isə deyən ağayi Siracəddinin səsini eişdən kimi oldu və kəskin bir hərəkətlə əlilə onu kənara itələyirmiş kimi:

– Rədd ol, alçaq, qoca qurd! — dedi və əlinin boşa çıxdığını görüb toxtadı: «Məni qara basır deyəsən».

Sonra o, əzgin, yorğun halda geyindi, stolun üstündəkiləri yığışdırdı, mətbəxdə bir tünd qəhvə dəmlədi. Kəmşirin eləyib qurtum-qurtum içdi. Tələsmirdi, işi-gücü yox idi — bu gün cümə günü idi. Yavaş-yavaş halı yaxşılaşırdı. Kreslonu yırğalaya-yırğalaya fikirlə-şirdi, öz ürəyini, hisslərini təhlil eləyirdi. Və iki duyğu arasında çaşbaş qaldığını aydınca dərk edirdi.

Dünən onun ürəyi Elməddini istəyirdi, o gəlmədi, o yox idi onun üçün. Adətmi eləmişdi ona, sevirdimi, bilmirdi— ancaq dünən o bütün günü beyninə, ürəyinə, hisslərinə hakim kəsilmişdi. Dünən o, Əbdülə zəng eləməyə hazırlaşanacan möcüzə baş verəcəyini, Elməddinin qapını açıb içəri girəcəyini gözləmişdi, lakin onun əvəzinə ağayi Siracəddin peyda olmuşdu. O da belə bir iş tutub getmişdi. Bəzən Zərrintac xanım Elməddinin əlindən elə qəzəblənirdi ki, öz-özünə deyirdi: «Əcəb oldu, əcəb oldu sənə. Sənin kimi kişinin arvadı Siracəddin kimi çaqqallara qismət olmalıdı. Əcəb elədi, yan, yaxıl, Elməddin. Bu gecə sənin arvadının ağuşunda yad kişi yatıb! Hə, necədi, sənə ləzzət eləyir! Bilsən, bağrın çatlayar!»

Bundan o, dəhşətə gəldi. İçəridə ürəyi sıxıldı, nəfəsi təntidi. «Yenə bir fərli-başlı kişi olsaydı, yadımda bir şey qalsaydı, məni yandırmazdı. Yoxsa kaftarın biri, heç nədən xəbərim olmadan...»

Bu duyğu onu özündən çıxartdı. Qəzəblə qalxaraq balaca, nazik kağız cildli telefon kitabçasını tapdı və ağayi Siracəddinin nömrəsini yığdı. Dəstəkdə ilişikli kişi səsi eşidiləndə Zərrintac vahimələndi, istədi səsini çıxartmasın, ancaq hirsi-hikkəsi ilə bacara bilmədi:

– Ağayi Siracəddindir?—deyə qəzəblə soruşdu.

– Bəli, mənəm. — dedi kişi səsi.

– Sən nə alçaq adam imişsən, ağa!

– O, səsinizdən tanıdım, bu sizsiniz, Zərrintac xanım, sabahınız xeyir.

– Zəhrimar sabahın xeyir, dərd sabahın xeyir. Utanmırsız, ağa? Bu nə müsibətdir mənim başıma gətirirsiniz? Mən sizin qızınız yerində...

– Xi, xi... — Ağayi Siracəddin xırıltı ilə güldü. — Dünya xanım da ağayi Nəcməddinin qızı yaşında idi.. Onda heç nə demirdiniz... İndi nə olub, xanım qız!

– Ağayi Nəcməddinlə kəsdiyiniz duz-çörək gözünüzü tutar, ağa.

– Tutmaz, xanım qız. Çörək göz tutan olsaydı, onda ağayi Nəcməddin gərək çoxdan kor olaydı. Bir də, nə sənin qibləgahın, nə də mən ömrümüz boyu öz çörəyimizi yeməmişik, özgə çörəyi isə göz tutan olmur, quzum. Bir də, sən nahaq yerə əsib-coşursan, qız, arada qan olub qada düşməyib, dünya dağılmayıb sadəcə sən şirincə yatmışdın, mən də sənin o gözəl vücuduna baxıb ləzzət alırdım, quzum. Hirslənməyə dəyməz, quzu bala. Sən Elməddinin arvadı olmasaydın, bəlkə də belə eləməzdim. O gədə, eşitdiyimə görə məndən nə isə çərən-pərən yazmaq istəyir; mən sadəcə ondan qabağa düşmək istədim. Qibləgahın həmişə deyərdi gördün ki, birinin ürəyindən səni vurmaq keçir, qoyma əvvəl o səni vursun — sən ilişdir. Onun vəsiyyətinə əməl eləyib bəri başdan mən ilişdirdim...

Zərrintac xanım heç nə deməyib dəstəyi asdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, səkkizinci fəsil

Süleymanın kefi kök idi. Üz-gözü gülürdü ⎯ az qala hər kəslə şən-şən danışır, hətta zarafat da eləyirdi, çünki planın dolması haqqında dünən Bakıya ⎯ lap kişinin özünə məlumat vermişdi və ondan çox xoş sözlər eşitmişdi: «Afərin! Bax belə! Sən mənim ümidlərimi doğrultdun! Görünür, səhv eləməmişəm, Süleyman. Sənin gələcəyin haqqında düşünməyinə dəyər! Öhdəliyi də yerinə yetirməlisən, ha!Birdən arxayınlaşarsan, ha! Onda aramız dəyər, Süleyman! Onda gərək… biletini qoyub, papağını götürüb gedəsən!..»

18 мин
Dördüncü hissə, birinci fəsil

Xoşbəxtlər üçün zaman hiss olunmadan ötüb keçir, bədbəxtlər üçün isə… Bədbəxtlərin saatının əqrəbinin ucundan sanki ağır daş asılır, dəqiqələr saatlar, saatlar günlərə, günlər aylara, aylar illərə dönüncə yaddaşın az qala bağrı çatlayır, ürəyi çərləyir, həvəslər daralır, hətta ömür də yanıb-yanıb qurtarır bəzən.Nəzər bu gün altı il idi ki, burada-həbsxanadaydı və ona elə gəlirdi ki, altımış ildir buradadı, elə burada anadan olub, burada böyüyüb, burada qocalıb. Bu altı ildən o yana heç nə olmayıb-nə anası Səlminaz arvad olub, nə komsomol keçib, nə Əfzəl Əliyevlə qaçaq tutmağa gedib, nə universitetdə oxuyub, nə müharibədə olub; Bəlkə də xanım da olmayıb, uşaqları da olmayıb. Heç nə olmayıb. Yox imiş heç nə. Bütün bunları yuxuda görürmüş yəqin, yaxud xəyalında yaradıbmış…

4 мин
Dördüncü hissə, ikinci fəsil

Nəzər altı il idi ki, burada – bu ağzıbirdəydi və bu altı ildə beş il universitetdə, altımış iki il o azad dünyada yaşaya-yaşaya öyrəndiklərindən, götürdüklərindən qat-qat çox şey görüb öyrənmişdir. Sən demə, o, heç nə bilmirmiş, dünya deyilən, bir gözü ağlayan, bir gözü gülən bu qəribə aləmi tanımırmış. Sən demə arvadı Bikə, oğlu Qərib: Sən kitablarla yaşayırsan, kişi həyat kitablarında yazılan, göstərilən kimi deyil, kişi! – deyəndə haqlıymışlar. Bir ömür özümü də, dərs dediyim o uşaqları da aldatmışam. Bu dünyanı olduğu kimi onlara tanıtdıra bilməmişəm. Hardan tanıtdıra bilərdim ki, heç özüm onu yaxşı tanımırmışam. Ədalətdən, insafdan, təmizlikdən, vicdandan, namusdan danışmışam ömrüm boyu, yeni insan tərbiyə eləməyə çalışmışam ömrüm boyu. Zülm, haqsızlıq, zorakılıq, ədalətsizlik, ağaqul qaldı iyirminci ildən o yana.» – demişəm, özüm inanmışam buna, başqalarını da inandırmağa çalışmışam. «Dünyanın ən ideal, ən təmiz cəmiyyətidi, sovet adamı isə dünyanın ən kamil insanıdı.» - demişəm və bu fikri başqalarına da aşılamaq üçün nə az, nə çox, düz qırx il boğaz yırtmışam, aman allah! Məgər Mikayıl, Şakir, Müseyib, İsrayıl, İsrafil, Ağayev, Süleyman, Xuduş, Hilalov və bax, bu hündür hasarlı həbsxanada oturanların çoxu mən bədbəxtin xəyalında yaratdığı, təsəvvüründə canlandırdığı, təbliğ elədiyi «Sovet adamı»dı?Bura – həbsxana o uca hasarın o üzündəki böyük və rəngarəng dünyanın daha maraqsız, daha çirkin və daha dəhşətli kiçik bir nümunəsi idi. Orada, heç olmasa bir gözəllik vardı, sevinc də olurdu hərdən-birdən, sən sərbəst idin, hara istəyirdin, kimin yanına istəyirdin, gedə bilərdin. Ancaq burada…Yox, burda nə sevinc var, nə sərbəstlik var, ola da bilməz olmamalıdır da. Bura düşənləri daha adam hesab eləmirlər, onlara adam olduqlarını unutdurmağa çalışırlar. Bu dörd divar arasında olan beş il, on il ömür sürməyə məcbur olanlar, burdan çıxandan sonra adam kimi yaşaya bilmirlər, tərcümeyi-hallarındakı, alınlarındakı ləkə, damğa onların tək özlərini yox, nəslini də oğul-uşağını gözü kölgəli eləyir, azad, sərbəst yaşamağa qoymur. Yəqin helə buna görədir ki. Bir çoxu o azad dünyada yaşaya bilmədiyindən təzədən qayıdıb o dörd divar arasına düşür. Bu altı ildə Nəzər neçə beləsini öz gözləri ilə görmüşdü və ürəyi ağrımışdı. Nəzər bunu da başa düşmürdü ki, o azad dünyada olduğu kimi, burada da pullular, qoluzorlular, zəiflər,pulsuzlar, vicdanlılar, vicdansızlar var. Qumar əxlaqsızlıq, morfi… hər şey var, hər şey… Nəzəri bu, hər şeydən çox təcübləndirirdi ki, orda adamlar rüşvət aldığına görə tuturlar, ora göndərirlər. Deməli, rüşvət pisdi. Amma burada da Nəzər rüşvətin ayaq tutub yeridiyini görəndə yer ayağının altından qaçırdı. Qapıçı rüşvət alır, nəzarətçi rüşvət alır. Pulun varsa, səni ağır işə göndərmirlər. Pulun varsa, sənə ayrıca otaq ayırırlar, rəngli televizor verirlər, arvadın gəlib yanında qala bilər. Pulun, adamın yoxsa, ümumi barakda, otuz-qırx adamın arasında, çirkin, üfunətin içində yaşa! Yaşa görüm necə yaşayırsan! Eşitmişdi ki, həbsxanaların, məhbusların özlərini xüsusi, yazılmamış qanunları var, amma inanmamışdı. İndi inanırdı.Buna elə o vaxt, altı il bundan qabaq, qarlı bir qış günü, şər qarışan vaxtı gətiriləndən az sonra, yekəpər nəzarətçi onu qabağına qatıb iyirmi birinci baraka salandan bir saat keçməmiş inanmışdır Nəzər.

16 мин
Dördüncü hissə, üçüncü fəsil

Bu gün qəribə gün idi — onun ad günüydü. Yəqin Bikə xanım evdə tək-tənha, ürəyində, yada qızlarının birinin yanında təmtəraqsız, sevincsiz ya da eləyirdi bu günü. Bəxtəvər çağlarında bu gün tezdən, yerindən qalxanda cavanlıq illərindən adət elədiyi kimi, Bikə gəlib ərinin alnından öpərdi və gülə-gülə:– Böyük oğlan olasan, Nəzərim. – deyərdi. Qocalanan bura düşməmişdən qabaqkı il də Bikə elə belə demişdi:

15 мин

Стихи других поэтов