Üçüncü hissə, on ikinci fəsil
Страница 2 из 2 · 50%
«Pərçəm» ara-sıra həmin məqalələri öz oxucularına təqdim edir və beləliklə, ruznamə qadınlar arasında da oxunmağa başlayırdı. Bəbir də, Şəfi də buna yüksək qiymət verirdi.
Elməddin siqaretinə axırıncı qüllabı vuraraq külqabına basıb söndürdükdən sonra əllərini bir-birinə sürtüb: «Hə, işimizə başlaya bilərik!» — dedi. Saat on birdə Munis mətbəədən təshih olunmalı materialları gətirmişdi. O, qurğuşun qoxulu sutunları diqqətlə oxumağa, getmiş səhvləri düzəltməyə yenicə başlamışdı ki, yan otağın qapısı açıldı; məktublar şöbəsinin müdiri, arıq, çeşməkli oğlan kimsənin diqqətini işdən yayındırmamaq üçün az qala barmaqlarının ucunda Elməddinin yanına gəldi və stolun üstünə ağzı bağlı bir zərf qoydu. Yavaşcadan dedi:
– Sənə gəlib!
Elməddin əvvəl oğlana baxıb başı ilə «çox sağ ol!» söylədi, sonra zərfə göz yetirdi. Məktub yazanın adı tanış deyildi, Müqimxan adlı adamdan gəlmişdi, ünvansız idi. Elməddin nigaran-nigaran zərfin qırağını cırdı, içindəki kağızı çıxardıb ürəyi əsə-əsə nəzərdən keçirdi. Məktubda yazılmışdı;
«Ağayi-möhtərəm Elməddin xan! Bu məktubu alanda heç də təəccüblənməyin və mənim kim olduğumu axtarıb tapmaq üçün əbəs yerə başınızı sındırmayın. Çünki mən, aşağıda görəcəyiniz bəzi mülahizələrə görə, əsl adımı yazmamışam, ancaq sizi çox yaxşı tanıyıram və dərdinizi, başınıza gələn o ağır fəlakətləri bilirəm. Bilirəm ki, siz Əfsanə adlı sevgilinizi axtara-axtara bu şəhərə gəlib çıxmısınız. Bilirəm ki, siz gecə də, gündüz də onun haqqında düşünürsünüz, onu tapmaq üçün siz hər şeyinizdən keçməyə hazırsınız — çünki onu siz çox sevirsiniz: o sizin həyatınız, ömrünüz olub, allahınız olub, əlçatmaz arzunuz olub. İndi mən çox həsrət, ayrılıq iztirabı çəkmiş könlünüzü sevindirmək istəyirəm: Əfsanə tapılıb. Onu sizin üçün mən tapmışam...»
Bura çatanda Elməddin özündən asılı olmayaraq az qaldı qışqırsın. Gözləri böyüyüb hədəqəsindən çıxdı. Elə həyəcanlandı ki, dili tutuldu, səsi batdı. Stulunun arxasına söykənib gözlərini yumdu. Əfsanə son dəfə gördüyü kimi xəyalında canlandı, tutqun duman içində incik baxışlarını ona zilləyib susdu, sonra hara isə çəkilib getdi. Sarsıntılı anlar handan-hana ötdü, başını döndərib qarşısındakı stolun arxasında oturan Anahitaya tərəf baxdı. O hər şeydən xəbərsiz, öz işilə məşğul idi... İradəsini toplayıb məktubun gerisini oxumağa davam etdi:
«Bəli, gözlərin aydın, ağayi Elməddin! Sənin Əfsanən tapılıb. O burdadı, şəhərdədi. Bu şəhərdə hamının çox yaxşı tanıdığı ağayi Siracəddinin yanındadı. Mən ora, onun camaat arasında «gözəllər yuvası» adlanan mənzilinə tez-tez gedirəm — beşgünlük dünyadı, yaşamaq, kef çəkmək lazımdı, mən də cavan adamam. Bəli, orada mən sənin Əfsanənlə tanış oldum. Açığını deyim ki, ağlıma gətirməzdim ki, bu qəşəng, su sonası kimi yaraşıqlı qız sənin sevgilin ola bilər. Çox gözəldi, həqiqətən. Elə xoşum gəldi ki, ayrılmağa ürəyim gəlmədi Birinci gecəni səhərəcən onun yanında qaldım. Düzdü, qoca Siracəddin bunun üçün məndən çoxlu para qopartdı. Ancaq dəyərdi. Özümlə, qəlbimlə bacara bilmədim, gündüz də qaldım, ikinci gecə də. Yaxşıca içirtdim. Pis içmirmiş. Qadın kimi söz ola bilməz— dünyanın ləzzəti varmış onda. Mən indiyə qədər hələ belə işvəli-nazlı, yataqda gözəl olan ikinci bir qadına təsadüf etməmişəm, inan. Və indi düşünürəm ki, sən nə qədər axmaq və ağılsız adam olubsan ki, «qardaşımın arvadıdı» — deyə ondan imtina eləyibsən. Ondan mən heç cür keçməzdim.. Nə isə, üçüncü gün tamam sərxoş olandan sonra öz dərdini açıb danışdı. Ağlaya-ağlaya, sənə nifrətlər yağdıra-yağdıra danışdı. Yalnız bu zaman başa düşdüm ki, üç gün, üç gecə öz şirin vüsalı ilə məni məst eləyən bu huri sənin sevdiyin, həsrətindən Məcnun kimi çöllərə düşdüyün, kəndbəkənd, şəhərbəşəhər gəzdiyin Əfsanə xanım imiş!.. Düzdü, bir az dilxor oldum, ancaq nə etmək olardı — olan olmuş, keçən keçmişdi. Özü də mən yəqin ki, birinci deyildim—mənə qədər çox kişiləri, o öz vüsalı ilə xoşbəxt eləyib yəqin...»
Daha gözləri heç nə görmədi, hərflər əriyib qarışdı, kağız qapqara qaraldı. O, müvazinətini itirib başını stolun üstünə qoydu və inildədi. Səsə Anahita döndü, onu bihal görüb həyacanla qışqırdı:
– Elməddin, Elməddin...
Ancaq ondan cavab çıxmadığını görüncə tələsik yanına cumdu, əlini çiyninə qoyub silkələdisə də, o, ölü kimi səs-səmir vermədi. Bu zaman Anahita o biri otaqdakıları köməyə çağırdı.
..Böyük çətinliklə Elməddini ayıldandan, məktubla tanış olandan, bərk sarsılmış, əzizi ölmüş hala düşən oğlana ürək-dirək, təsəlli verəndən sonra, Anahita tələsik zəng çalıb belə işlərdə ən yaxşı məsləhətçi, ən ürəkli köməkçi olan Ziyaülhəqqi təcili surətdə yanına çağırtdırmış, əhvalatın nə yerdə olduğunu izah eləyib tələsik tədbir görməyi və Əfsanəni oradan xilas etməyi tapşırmışdı, Ziyaülhəqq özünəməxsus soyuqqanlıqla Anahitanın sözlərini dinləmiş və sonra Elməddinin qolundan tutub:
– Gedək — demişdi. Maşını Ziyaülhəqq özü sürürdü. Elə sürürdü ki, sanki haradasa yanğın baş vermişdi, onu söndürməyə tələsirdi. Elməddin dinib-danışmırdı, küçələrə baxırdısa da, nə adam görürdü, nə maşın görürdü. Məktub onun bütün fikirlərini, fikirləri nədir, hətta, həyatını yerlə yeksan eləmişdi. Elməddinə ömrü boyu çox zərbələr dəymişdi, məhvedici zərbələr dəymişdi, ancaq, o düşünürdü ki, bundan ağırı olmamışdı. Əfsanə kimi gözəl, munis bir varlığı yad, tanımadığı, hərzə, əyyaş, sərxoş adamların qucağında təsəvvür etməkdən də öldürücü, zəhərləyici şey təsəvvür eləyə bilməzdi. Qəlbini yandırırdı, həyata, özünə, insanlara qarşı qəribə bir nifrətlə dişlərini bir-birinə sıxmışdı. Və eyni zamanda başında dolandırırdı, çırpınırdı ki, bu zəhər, əzab dolu məktubu kim yaza bilərdi, əgər dost idisə, nə üçün belə açıq-saçıq yazırdı hər şeyi? Əfsanə içir, aman allah! Gör həyat və əclaf insanlar gül kimi təmiz, büllur kimi ləkəsiz Əfsanəni axır nə günə saldı, necə çirkablar içinə atdı, aman allah! Əgər düşmən idisə, kim idi? «Günahkar mənəmmi, adətlərimizdimi? Kimdi, kimdi?» — deyə o, əzab, qısqanclıq və nifrət içində qovrula-qovrula küt baxışlarla yola baxırdı.
Maşın ikimərtəbəli, daş hasarlı bir binanın qənşərində dayananda, Elməddinin qəlbi kəsilib atılmış toyuq başı kimi fəryadla çırpınırdı. Ziyaülhəqqin düşdüyünü görüb Elməddin də qapını açıb çıxdı. Ziyaülhəqqin qanı qaralmışdı, qəzəbli idi. O yanında olduğuna görə Elməddin azca toxtaq idi. Bilirdi ki, Ziyaülhəqq əgər Əfsanə burdadırsa, nəyin bahasına olsa da onu tapacaq, görüşəcəklər onlar. Ziyaülhəqqin hünərinə və qabiliyyətinə az-çox bələd olduğundan bu əminlik indi, o, əlini qapının düyməsinə basanda daha da artdı.
Qapını ucaboy, arıq, saçları ağarmış bir qadın açdı. Bu, Hürriyyət arvad idi. Tanımadığı adamları görəndə, şübhəli-şübhəli diqqət yetirdi. Ziyaülhəqq tutqun, əsəbiliyini büruzə verən bir səslə ona müraciət etdi:
– Ağayi Siracəddin burdadır?
– Xeyr, ağa. Səhər gedəndi.
– Harda olar indi?
Ziyaülhəqq Eləməddinin qəmli sifətinə baxdı, bir anlığına nə edəcəyini ölçüb-biçdi, qadın qapını ehmalca örtüb çəkilmək istəyirdi ki, Ziyaülhəqq əl atıb saxladı:
– Bura bax, arvad. Sənə əlim-ayağım dəyməmiş, sözsüz-sovsuz get içəridən Əfsanəyə de, geyinib gəlsin bura.
Bu ötkəm-ötkəm deyilmiş sözləri eşidəndə Hürriyyətin qara qorxusu bir az çəkildi və o, mülayim tərzdə:
– Hansı Əfsanə? — deyə xəbər aldı.
– Neçə Əfsanə var ki, burda?..
– Bağışlayın, — deyə Hürriyyət suala cavab verməmiş yavaşcadan soruşdu: — Siz onun nəyisiniz ki?!
– Qohumuyuq — deyə Ziyaülhəqq Elməddini qabaqladı, — çox yaxın qohumuyuq. Eşitmişəm ki, gəlib biçarə bura düşüb.
Elməddin bayaqdan danışmasa da, indi özünü saxlaya bilməyib yalvarıcı tərzdə:
– Kömək elə, onu xilas eləyək, sənə hörmət eləyərəm, xanım. Heç kəsdən, heç nədən qorxma, kömək elə bizə, — söylədi.
– Çoxdan burdadı? Nə vaxt gəlib?
Hürriyyət Elməddiiin danışığından, səsindəki titrəyişindən, yalvarışından anlamışdı ki, bu ucaboy, bığlı, yaraşıqlı cavan oğlan Əfsanənin dastanındakı oğlandı ki, gəlib çıxıb. Və xeyirxah iş gördüyü üçün, Əfsanənin qaçmasına imkan yaratdığına görə öz əməlindən çox razı qaldı; onun qaçdığını biləndə ağayi Siracəddinin hirslənərək ağzına gələni dediyini, bununla da ürəyi soyumayıb şillələdiyini, ağrılarını unudub sevindi. Hələ bu ağa ona bəxşiş də verəcəkdi. Amma o heç nə gözləmirdi. Onun Əfsanəyə sadəcə yazığı gəlmişdi — istəməmişdi ki, o cür gözəl bir qadın bu çirkab içində çürüyüb məhv olsun. Ziyaülhəqq öz aləmində «hərəmbaşı» hesab elədiyi, şəhərdə çox qızların, qadınların məhz bu cür «ifritələr» vasitəsilə aldadılıb belə yerlərə gətirildiyini bildiyi üçün Elməddinin onunla yumşaq tərzdə danışdığından acığı gəldi və ona tərs-tərs baxıb dişini-dişinə sıxaraq:
– Tez ol, arvad, qızı get gətir!—deyə çımxırdı. Ona cavab olaraq Hürriyyət gülümsündü və mehriban-mehriban cavab verdi:
– Əfsanəni on beş gün qabaq gətirdi ağayi Siracəddin, qardaş. Ona da ağayi Nəcməddinin qızı Zərrintac xanım zəng eləmişdi, qızı o vermişdi ağaya.
—Zərrintac? — Elməddinin gözləri heyrətdən böyüdü.
– Bəli Zərrintac xanım. Ağayi Siracəddin getdi, qızı maşınla gətirdi, mənə təhvil verdi. Düzü, oğul, ona yazığım gəldi, heyfim gəldi, qıymadım o burda çürüsün. Çimizdirdim, paltarını dəyişdirdim, yedirtdim. Tifil ac imiş. Neçə vaxt imiş nə yaxşı yeyirmiş, nə də rahat yatırmış. Şəhərə təzə gələn, qohumu-simsarı olmayan adam necə olar? Qərəz, yazığım gəldi — elə o gecə qaçırtdım. Başa saldım ki, qaçsın canını qurtarsın. İmkan yaratdım, qapını açıq qoydum, köhnə paltarlarını verdim, gecəyarı qaçdı — daha hara getdi, deyə bilmərəm. Mənim əlimdən gələn bu idi, bunu da elədim. Səhər ağayi Siracəddin məni döydü, söydü, itin sözünü dedi.
– Deyirsən, o, burda heç qalmadı, hə? — Elməddin nigaran-nigaran soruşduqda Hürriyyət:
– Yox, bala, günortadan sonra gəldi, gecəyarı getdi, — dedi və Elməddinin nədən nigaran olduğunu anlayıb əlavə etdi, — arxayın ol, oğul, burda ona bir kişinin də əli dəyməyib. İnandığımız haqqı, dəyməyib!!
Elmədinin üstündən dağ götürüldü elə bil. Rahat nəfəs aldı, dolub-tutulmuş sifətində küclə seziləcək bir təbəssüm dolandı. Bu, Ziyaülhəqqin də gözündən yayınmadı, o gizli əminlik, rahatlıq onun da ürəyinə axdı, qırışığı açıldı.
– Çox sağ ol, ay bacı, təşəkkür edirəm! — dedi Elməddin və bir dənə qırmızı beşyüzlük çıxardıb arvadın ovcuna basdı. — İmanın kamil olsun, arvad!
– Allah köməyin olsun, oğul. Ziyaülhəqq xəbər aldı:
– İçəridə çox qadın var?
– Nə bilim, ay qardaş, var da.
– Bura bomba qoyub partlatmaq lazımdı. Ağayi Siracəddinləri də camaatın gözü qabağında dar ağacına çəkmək gərəkdi. Namus dəllalı, dəyyus, qurumsaq!!! — deyə Ziyaülhəqq siqaret alışdırdı.
Hürriyyət arvad «bomba», «dar ağacı» sözlərindən qorxuya düşmüş təki o yan — bu yana baxdıqda Elməddin dostunun qoluna girdi:
– Gedək! — dedi. — Bunlarda günah yoxdu, Ziya, Bu zavallılarda heç bir günah yoxdu. — Azca susduqdan sonra söylədi: — Demək, Əfsanə şəhərdədi. Nə yaxşı?
– Yerin deşiyində olsa da onu qurdların əlinə düşməmiş, tapmaq lazımdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ucuncu-hisse-on-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tikinti meydançasında qızğın iş gedirdi. Qaldırıcı kran sağa-sola hərəkət edir, uzun boğazını irəli uzadıb, ikinci mərtəbəsi qurtarmaqda olan binanın o tərəf-bu tərəfinə daş verirdi.Qulamın maşını daş qalağının yanında dayanmışdı. O, kapotu qaldırıb motorun nəyinisə qurdalayırdı. Bəhruz maşını dal-dalı verərək onun tuşunda saxladı. Kabinadan başını uzadıb:
VIII fəsilBəhruz evin qabağında taksidən düşüb tez özünü bloka saldı. Cəld addımlarla beşinci mərtəbəyə qalxdı. Qapının zənginn basdı.– Atam gəldi! – deyə Toğrul sevincək anasının yanına, mətbəxə qaçdı. Xatirə mətbəxdə xörək hazırlayırdı.
IX fəsil...Saat ikiyə işləyirdi. Ayın sarımtıl işığı iri pəncərədən içəri düşürdü. Toğrul ağ nikel çarpayısında şirin-şirin yatmışdı. Bəhruzun böyründə uzanmış Xatirə sağ əlini başının altına, sol əlini sinəsinin üstünə qoymuşdu; barmağındakı üzüyün brilyant qaşı parıldayırdı.Sakitlikdi. Toğrulun mışıltısından, bufetin aynası qarşısındakı girdə saatın yeknəsəq çıqqıltısından başqa heç nə eşidilmirdi.
X fəsilBəhruz axşam nə qədər pis yatsa da, tezdən durdu. Çay-çörəyini iştahsız yedi. Xatirə soruşdu:– Bu gün xəstəxanaya gedəcəksən?