Страница 4 из 4 · 75%

⎯ Məktəblərdə nizam-intizam yoxdur, kadrları düzgün yerləşdirmirsiz.

⎯ Məsələn?

⎯ Məsələn? ⎯ o, duruxdu, ⎯ məsələn, elə Əsgərabad kəndindəki məktəbi götürək. Siz hansı keyfiyyətlərinə, ləyaqətinə görə Şakir Şakirzadəni Nəzər müəllim kimi bütün respublikada tanınan bir direktorun yerinə qoymusuz?

⎯ Cavanlara qayğı borcumuzdu. Mən onu yaxşı mütəxəssis olduğu üçün direktor qoymuşam.

⎯ Yəni Şakir Nəzər müəllimdən yaxşı mütəxəssisdi?

⎯ …

⎯ Soruşuram, yaxşı mütəxəssisdi? Yox! O, sənin qardaşın oğludu. Sən burda şəxsi hisslərlə yaşamısan, münasibətlə yaşamısan, Murad. Bu, kommunistə yaraşan sifət deyil.

Murad bir anlığa nə isə fikirləşdi, sözlü-sözlü katibin üzünə baxdı və sonra dedi:

⎯ Mən görürəm siz də münasibətlə iş görməyi üstün tutursuz, yoldaş Həmidov.

⎯ Bu nə sözdü? ⎯ Süleyman qızarıb səsini ucaltdı.

⎯ Bu o sözdür ki, Nəzər müəllimin pensiyaya çıxması sizə deyəsən çox pis təsir eləyib, ona görə də, mənimlə haqq-hesab çürütməyə çox can atırsız.

Süleyman təmkinini itirməməyə çalışaraq mümkün qədər aramla Murada cavab verdi:

⎯ Bəli, Nəzər müəllimin belə haydı-hoyduyla, Şakirin diqtəsiynən pensiyaya çıxarılması tək mənə yox, bütün ziyalılara pis təsir eləyib, Murad. Sən özün müəllimsən və bizim hamımızdan yaxşı bilirsən ki, yaxşı müəllim nə deməkdi, bunu da yaxşı bilirsən ki, Nəzər necə müəllimdi.

⎯ Bilirəm.

⎯ Nəzər müəllimlər müəllimidi, Murad. Nəzər kimi müəllimin yəni belə çoxdu məgər ki, onun qədrini bu cür ucuz tutursan?

⎯ Mənim o kişiyə böyük hörmətim olub həmişə, elə indi də var. Amma yəqin sizə düzgün məlumat verməyiblər, yoldaş Həmidov. Mən günahkar deyiləm, ya Şakir günahkar deyil ki, Nəzər müəllim özü ərizə verib, xahiş eləyib ki, təqaüdə çıxmaq istəyirəm. Mən şəxsən onun ərizəsini oxumuşam, qol çəkmişəm. Yalan deyirəmsə, özü burdadı, qalxsın desin.

Nəzər şəhadət barmağını burnunun üstünə qoymuş, başını da azca yana əymişdi, Süleymanla Muradın danışığına qulaq asırdı. O, Muradı çoxdan tanıyırdı və indiyəcən onu heç bir katibin qabağında belə şax söz deyən görməmişdi. «Arxalı köpək qurd basar!» ⎯ düşünürdü. Buna təəssüf eləyirdi ki, onun özü burada, bu qədər adamın içində müzakirə mənbəyi olub. Digər tərəfdən də ürəyi dağa dönmüşdü kişinin. Süleyman onun haqqında gör nələr deyirdi. Bu, onun üçün hər şeydən qiymətliydi. Ancaq Muradla Süleymanın deyişməsinin zilə çıxmasını istəmirdi, çünki qanıqaraçılıq olacaqdı və bu söz-söhbətin fısqırığı uzaqdan, lap Bakıdan gələcəkdi. Süleyman bilmirdi, Nəzər isə yaxşı bilirdi ki, sabah, biri gün Bakıya imzasız məktublar axacaq və Süleymanın ünvanına ağlı-qaralı çox şey yazılacaq. Orada da, beşi inanmasa, ikisi, üçü inanacaqdı. Bu gərgin söhbətə son qoymaq üçün Nəzər gözlənilmədən ayağa durdu və:

⎯ Mən özüm ərizə yazmışam, yoldaş Həmidov! ⎯ söylədi, ⎯ Özüm çıxmaq istəmişəm müəllimlikdən!..

Elə buna bənd imiş kimi, Murad tapança kimi açıldı:

⎯ Gördüz? Daha buna sözünüz yoxdu ki?

⎯ Yaxşı, Muradzadə, sən əyləş. ⎯ Süleyman onun üzünə baxmamış əlini yellədi. ⎯ Səninlə söhbətimizi hələ qurtarmış hesab eləmirəm. Məktəb-müəllim məsələsinə gələn ay bir də qayıdacağıq. Onda hər şeyi ətraflı danışarıq. Hilal, sən yaddaş dəftərinə bunu qeyd elə.

⎯ Baş üstə, ⎯ deyərək üçüncü katib, göy bloknotuna tələsik nə isə yazdı. Süleyman sözünə davam etdi:

⎯ Arif Qulamovu görmürəm burda! Hanı o? Bəs deməmisiz?

⎯ Demişəm, yoldaş Həmidov, ⎯ Hilal cavab verdi. ⎯ Ancaq gəlməyib. Xəstədi. Bülletendədi.

⎯ Mən qəribə bir şey müşahidə eləyirəm sizin bəzilərinizdə, yoldaşlar. Elə ki, bir balaca çətinə düşürsüz, haqq-hesab məqamı gəlir, o saat xəstələnirsiz. Bu nə deməkdi? Bu mərəzdən əl çəkin birdəfəlik; necə olur, Arif bilən kimi bu gün onun məsələsi qoyulacaq, iki gün qabaqdan sifarişnən xəstələnir? Bu, meydandan qaçmaq, məsuliyyətdən qaçmaq deyilmi? Ona deyin ki, məsələsi Bakıda da, burda da həll olunubdur, ⎯ sözünə azca ara verib bir qurtum su içərək dedi: ⎯ Yoldaşlar. Bizim rayon partiya komitəsinin fikri belədir və ümid edirəm, büro üzvləri də bununla şərik olar ki, Xalq nəzarəti komitəsinin sədri vəzifəsində bizim hamımızın ağsaqqalı, başbiləni, hörmətli Nəzər müəllimi təyin edək. Mən elə bilirəm ki, o, bu məsuliyyətli vəzifənin öhdəsindən ləyaqətlə gələcək və bizim etimadımızı doğruldacaq. Necə bilirsiz? Ya başqa fikirdə olan var?

İstehsalat idarəsinin rəisi Baba əlini qaldırıb söz istəyərək dedi:

⎯ Çox yaxşı namizəddir. Mən Nəzər müəllimi çoxdan, lap uşaq vaxtından tanıyıram. Buradakıların çoxu, elə siz özünüz də onu yaxşı tanıyırsız. O, kristal adamdı, yoldaş Həmidov. Məncə, lap yerinə düşər.

⎯ Doğrudur.

⎯ Layiqdir, ⎯ yerdən adamlar Babanın sözünü təsdiq elədi. Ancaq səs kəsilən kimi Murad ayağa qalxdı və:

⎯ Olar, yoldaş katib? ⎯ deyə xəbər aldı.

⎯ Buyur, Muradzadə.

Süleyman maraqla ona sarı döndü:

⎯ Mən elə bilirəm ki, o vəzifə üçün Nəzərin yaşı keçib. O yerə cavan, enerjili bir adam qoymaq lazımdı.

⎯ Arif məgər cavan deyildi? ⎯ Süleyman soruşdu.

⎯ Arif? Cavan idi…

⎯ Demək, məsələ heç də yaşda deyil, Muradzadə, başda və ürəkdədir, vicdandadır.

Bu xəbər burda oturanların çoxu kimi, Muradzadə üçün də təzə idi. Eşidən kimi, ürəyi sıxılmışdı və bir neçə an qabaq da o sıxıntının təsirilə qalxıb o sözləri demişdi. Ani olaraq başında dolandırmışdı: «Bu kişi dəvəyə niyə qanad verir görəsən? Uçurtmamış dam-daş qoymayacaq».

⎯ Nəzər özü razıdı məgər? ⎯ Murad soruşdu.

Katib rişxəndlə güldü:

⎯ Əlbəttə. Yoxsa sən elə bilirsən biz ona zorla bu işi tapşırırıq?

Muradzadə sözlərinin yersiz, kəsərsiz və mənasız olduğunu duysa da, yenə dilini saxlaya bilmədi:

⎯ Yəqin Nəzər bu işin nə qədər çətin, məsuliyyətli olduğunu təsəvvür eləmir, yoldaş Həmidov. Yoxsa, qol qoymazdı. Mən, məsələn, o yaşda elə çətin işə getməzdim.

Nəzər Muradzadənin niyyətini başa düşürdü, səbrini basırdı; «İstəmir bu kişi məni, heç istəmir. Neyləmişəm, bilmirəm. Həmişə məni ayaqda, sürünən, zəlil görmək istəyib Muradzadələr tayfası. Niyə, axı niyə?» ⎯ deyə, ürəyində dolandırırdı bayaqdan. Doğrudur, bu təkidli sualın cavabı onun özünə gün kimi aydın idi, ancaq kimsəyə açıb deməyi sığışdırmırdı şəninə. Murad da, Şakir kimi, həmişə Nəzərin hörmətinə, savadına, şöhrətinə küsənmişdi. Murad illər boyu qorxmuşdu ki, onun oturduğu stulu ⎯ Maarif şöbəsinin müdiri vəzifəsini günlərin birində əlindən alıb Nəzərə verəcəklər. İnsafən, o özü də ⎯ Murad özü də bu yerə ürəyində onu layiq bilirdi. Lakin bunu deyən yox idi, eləyən yox idi. Murad Süleyman bura gələn zaman o günün yaxınlaşdığını hiss eləmişdi, daha çox qorxmuşdu və Şakirlə xəlvətə çəkilib Nəzəri ümumiyyətlə maarif sistemindən uzaqlaşdırmaq tədbirini tökmüşdü. «Süleyman, pensiyaya çıxmış adamı, gözünün işığı da olsa, gətirib maarifə müdir qoymayacaq ki?» Bu niyyətlərinə çatmışdılar. Amma indi vəziyyət ayrı şəkil alırdı. Nəzər nəzarət komitəsinin sədri seçilirdi və bu, Muradın fikrincə, daha təhlükəli idi: indi Nəzərin qabağında heç cür durmaq olmayacaqdı.

Əsəbləri gərilmiş Nəzər, təvazökarlığı-filanı kənara qoyaraq, elə yerindən, uca səslə söylədi:

⎯ Sən sənsən, Murad, mən də Nəzərəm. Yəni deyirsən səninlə mənim heç fərqim yoxdu?

⎯ Mən səni istədiyimdən deyirəm, Nəzər.

Nəzər kinayə ilə:

⎯ Bilirəm sizlər məni necə istəyirsiz, Murad, ⎯ dedikdə Murad ona quş baxışı yetirdi, əllərini yana açaraq:

⎯ Özün bilərsən, ⎯ söyləyib oturdu. Salonda pıçhapıç gəzdi. Bu ara Əmiraslanov Süleymanın qulağına nə isə pıçıldadı, o, diqqətlə dinlədi, başını asta-asta tərpətdi. Süleyman dikəlib:

⎯ Daha kim Nəzər müəllimi Muradzadə kimi çox istəyir? ⎯ deyə soruşduqda heç kəs dillənmədi. Katibin səsindəki rişxəndi duymaq çətin deyildi. Danışmaq istəyən olsaydı da, sözünü uddu.

Katib boğazını arıdıb gər səslə:

⎯ Bu məsələ ilə qurtardıq, yoldaşlar. Nəzər müəllimi rayon xalq nəzarəti komitəsinin sədri təsdiq edirik. Nəzər müəllim, sabahdan öz işinizə başlaya bilərsiz. Ümid edirik ki, siz öz dəyərli məsləhətlərinizlə, fəaliyyətinizlə bizə, rayon partiya komitəsinə layiqincə kömək göstərəcəksiniz, ⎯ dedi və sonra Muradzadəyə müraciətlə: ⎯ o ki, qaldı sənə, yoldaş Muradzadə, mən bir şeyə çox təəccüb eləyirəm: bu ürəklə sən necə bizim bu maarif cəbhəsinə başçılıq eləyirsən? Və ümumiyyətlə, bu ürəklə sən necə müəllim olmusan, ⎯ söylədi.

Muradzadə cınqırını da çıxartmadı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, altıncı fəsil

Bu, dünən olmuşdu, dünən Nəzər ömrünün ən ağır gününü yaşamışdı; bu, təkcə ağır gün deyildi, həm də ağrılı gün idi. Müharibə vaxtı, Belorus meşələrində on üç gün ac qalanda, Berlin darvazasının ağzında düşmən mərmisi qıçını dağım-dağım edəndə belə ağrı duymamışdı canında. Can ağrısına dözmək asan imiş, ürək ağrısına dözmək olmurmuş!.....Gecəni səhərəcən yata bilməmişdi, dan yeri qızaranda azcana çimir eləmişdi, quş yuxusu alıb yenə, adəti üzrə, saat səkkizin yarısında ayılmış, geyinib-kecinmiş, yeməyini yeyib yola düşmüşdü

21 мин
Birinci hissə, yeddinci fəsil

Bikə xanım günorta evə gəlmişdi.– Nə olub, ay kişi? Görürəm, çox bikefsən, pərişansan neçə gündü. Dünyada pensiyaya çıxan elə bir sənsən? İtiyi itmiş adam kimi ora-bura çovuyursan. Şakir kimdi ki, sən onun sözüynən ərizə verirdin ki? Dəvədən böyük fil var. Mənə desəydin, qoymazdım səni ərizə yazasan, kişi.

30 мин
Birinci hissə, səkkizinci fəsil

Bikə xanım darvazanın qənşərinə çatanda Nəzərin kiminləsə ucadan danışdığını eşidib bir anlığa duruxmuşdu; ürəyi atlanmış arvad özünü yel kimi həyətə təpib ortalıqda, damağında siqaret, tək-tənha var-gəl eləyən ərindən hövlnak soruşmuşdu:⎯ Uşaqlar gəlib?

19 мин
Birinci hissə, doqquzuncu fəsil

Güldanə evin qabağında çömbəltmə oturub tezdən Tapdığın kəsdiyi toyuqların tükünü teştin içində yolurdu. Uzunlu-qısalı yaş tükləri səliqə ilə teştin bir qırağına yığır, dodaqaltı çox sevdiyi «Sağ ol, əzizim» mahnısını zümzümə eləyirdi. Birdən böyründə kimsə öskürüb dilləndi:⎯ Ay ev yiyəsi, qonaq istəmirsən ki?

17 мин

Стихи других поэтов