Birinci hissə, səkkizinci fəsil
Страница 1 из 3
Bikə xanım darvazanın qənşərinə çatanda Nəzərin kiminləsə ucadan danışdığını eşidib bir anlığa duruxmuşdu; ürəyi atlanmış arvad özünü yel kimi həyətə təpib ortalıqda, damağında siqaret, tək-tənha var-gəl eləyən ərindən hövlnak soruşmuşdu:
⎯ Uşaqlar gəlib?
Nəzər döyükmüşdü:
⎯ Yox.
⎯ Bəs sən indi kimnən danışırdın?
⎯ Kim? Mən?
⎯ Hə, sən!
⎯ Heç kimnən!
Arvad həyətə göz gəzdirmişdi, kimsəni görməyib, təzədən xəbər almışdı:
⎯ Bəs kimnən domino oynayırdın indi?
Nəzər arvadın bu naqafil sorğu-sualının mənasını başa düşüb, qəmli bir təbəssümlə demişdi:
⎯ A… heç… elə-belə… boş şeydi…
Bikə xanım köks ötürüb başını bulayaraq, evə keçmişdi: «Kişi öz-özünə danışır… öz-özünə domino oynayır. Dilim-ağzım qurusun… Birdən pozular ha kişi!.. Şakirin igid arxası yerə gəlsin. Gül kimi işləyirdi də. Bunun indi pensiyaya çıxan vaxtıydı?»
Evdə paltarını dəyişəndə də, çay qoyanda da, gecə yerinə girib yatmaq istəyəndə də Nəzərin bu qeyri-adi hərəkəti ona rahatlıq verməmişdi. Çox götür-qoydan sonra bütün varlığı ilə sevdiyi, bağlandığı, həyatının mənası sandığı işindən, sənətindən birdən-birə ayrıldığına, uzaq düşdüyünə görə havalanacağından qorxuya düşərək, pərişanlığını dağıtmaq, başını qatmaq, o böyük itkini unutdurmaq üçün kişini ya kəndə ⎯ Güldanənin yanına, ya Bakıya ⎯ Güllügilə göndərməyi qərara almışdı. Başqa çarəsi yox idi. Odur ki, obaşdandan qalxıb hazırlıq gördü, qızına paltarlıq bir parça, nəvələrinə şirniyyat, Tapdığa bir cüt corab ayırıb, qara əl çamadanına yığdı. Nəzər səhər yeməyini yeyəndən sonra ehtiyatla fikrini bildirdi:
⎯ Qulluğuna ərz eləyim ki, görürəm, yaman darıxırsan, Nəzər. Yernən-göynən əlləşirsən. Məsləhətim budu ki, yığış, get kəndə, Güldanəgilə, beş-on gün qal, havanı dəyiş, nəvələrini doyunca oynat. Sonra da Bakıya gedərsən. Hə, necədi, döşünə yatır, ay kişi?
Nəzər arvadının gözlərinin içinə baxdı, xeyli düşünüb:
⎯ Hm… Düz deyirsən, Sədnikin qızı, ⎯ dedi, ⎯ haçandı uşaqlara baş çəkə bilməmişəm. Elə hey deyirəm gəlib çoxluca qalacam, amma gedib çıxammıram. Bəs sən tək nə təhər qalacaqsan?
⎯ Eh, sağ olmuş, gör nəyin fikrini çəkirsən ey. Məni yeməyəcəklər ha. Lazım olsa, Qəribə ismarıc yollaram, ta orda qalmaz, sən qayıdanacan gəlib evdə yatar axşamlar…
Nəzər razı halda başını tərpətdi:
⎯ Hm. Bu da pis fikir döyül, Sədnikin qızı.
Bikə xanım mizin altındakı çamadanın qulpundan yapışıb irəli çəkdi:
⎯ Bunu da götür. Dəyişəcəyindi. Bir də uşaqlara tikə-para ayın-oyun qoymuşam.
Nəzərin çiçəyi lap çırtladı, fərəhini zarafatla izhar elədi:
⎯ Əşi, arvad döyülsən, ağıl dəryasısan, vallah.
Bikə xanım nazlandı:
⎯ Sən zarafat elə. Mənim qədrimi sən hələ sonra biləcəksən.
⎯ Niyə, elə indi də pis bilmirəm sənin qədrini!
Nəzər əyilib çamadanı götürdü, Bikə xanıma yaxın gəldi, boyca ondan xeyli uca olduğuna görə, əyilib arvadının alnından öpdü.
Bu, onun adətiydi. Lap cavanlığından adətiydi, bir yerə gedəndə həmişə Bikənin alnından öpərdi. Və bu adət, Qəribdən başqa, qızlara da sirayət etmişdi. Təkcə oğlan bu işi bəyənmirdi və evdən gedəndə nə özü öpürdü bir kimsəni, nə də öpməyə bir kəsə imkan verirdi.
⎯ Xudahafiz, Sədnikin qızı.
⎯ Yaxşı yol. Uşaqları əvəzimdən öpərsən.
Və qıçını çəkə-çəkə yola düşdü Nəzər. Bikə dalınca baxıb, uşaq kimi doluxsundu.
… Onda da ⎯ qırx birinci ilin sentyabrın ikisində də, Nəzər cəbhəyə gedəndə də Bikə beləcə doluxsunmuşdu. O vaxt Bikə onuncu sinifdəydi. Oğlanların hamısı getmişdi, təkcə on iki nəfər qız qalmışdı. Bakıda ali məktəb bitirib, təzəcə kəndə gəlmiş, sətəlcəm olduğuna görə hələ əsgər getməmiş Nəzər, ayın birində Bikəgilin sinfinə girmiş və cəmi qırx beş dəqiqə onlara dərs demişdi.
Bikənin gözü Nəzəri çoxdan tutmuşdu; bu ucaboy, enlikürək, ağırsəngin oğlan qəfildən, qızın özündən də xəbərsiz qəlbinə girmişdi, hisslərindən hələ düz-əməlli baş aça bilmirdi, bircə onu duyurdu ki, Nəzər gözlərinin qabağından çəkilib getmir, xəyalından çıxmır. Gecələr yuxusuna girirdi. Xəstə yatdığını eşitmişdi, ancaq get-gəlləri olmadığından vaxtlı-vaxtında xəbər tuta bilmirdi. Hərdənbir gözü kor olduğundan əsgər aparılmayan atası Sədnik kişi axşam evdə ordan-burdan danışanda, Nəzərin də adını çəkirdi. Onda qızın qəlbi həyəcanla döyünürdü, qulaqları elə gurlayırdı ki, atasının nə söylədiyini ayırd eləməyi də bacarmırdı. Gecə-gündüz arzulayırdı ki, Səlminaz xalanın oğlu kaş tez sağalaydı; bilirdi ki, onlara dərs deyəcək, müəllimdi. Amma bu zaman başqa bir hiss onun bu arzusunun üstünə su çiləyirdi: «Sağalan kimi əsgər aparacaqlar!»
Rəfiqələrinin heç birinə sirr verməmişdi. Əzablarını tək özü çəkirdi. Və bu əzablar onun üçün yaman şirin gəlirdi. O qırx beş dəqiqəni Bikə ömrünün ən xoş, ən unudulmaz dəqiqələri sayırdı. Məhz o zaman o, Nəzərə doyunca baxmışdı. Elə-belə, baxmışdı. Nəzər nə demişdi, nə danışmışdı. Bikənin xəbəri olmamışdı. Nəzərin bircə qonur gözləri və bir də səsi yadında qalmışdı. Sən demə, Nəzər, zəng çölə vurulanda üzünü qızlara tutub kədərlə deyibmiş:
⎯ Bu, mənim birinci dərsimdi, qızlar! Təəssüf, həm də axırıncı dərsimdi. Sabah gedirəm. Kim bilir, qayıdacağam, qayıtmayacağam. Müharibədi. Ancaq siz… oxuyun, camaatımıza kömək eləyin, indi cəbhələrdə düşmənlə vuruşan atalarınızın, qardaşlarınızın şərəfini, adını qoruyun, uca tutun… Səbirli, dözümlü olun!.. ⎯ Çox danışacaqmış, sinfə göz gəzdirəndə lap arxa partada oturan xurmayı saçlı, ala gözlü bir qızın ⎯ bu, Bikə idi ⎯ gözlərinin bulağında gilələnmiş yaşı görüb duruxmuşdu, sözünü kəsib qəhərlə:
⎯ Salamat qalın, qızlar! ⎯ demişdi və sinfi tərk etmişdi.
Səhər Nəzəri yola salmağa çıxanların arasında Bikə də vardı. Çox istəyirdi ki, Nəzər onu da görsün. Amma Nəzər ona tərəf baxmırdı və hövlündən qızın az qalırdı bağrı çatlasın. Gözləri yenə dolmuşdu. Tək onun yox, hamının…
Səlminaz xala isə… ağlayırdı… Eləcə Nəzər Bikənin yaşarmış gözlərini görmədən «ton yarımlıq» maşına minib getmişdi. Və bir də üç il doqquz ay iyirmi bir gündən sonra qayıtmışdı. Yaralı… sinəsiyaxası orden-medallı. Və Nəzərin xəbəri yox idi ki, anasından, özündən başqa, bir də Bikə adlı bir qız onun müharibədə olduğu günlərin sayını belə dəqiq hesablayıb. Nəzər bunu da bilməmişdi ki, Bikə onun yolunu necə gözləyib, evə ⎯ anasına göndərdiyi üçkünc məktubları poçtalyon işləyəndə necə böyük sevinclə, quş kimi qanad açıb uça-uca Səlminaz xalaya hamınınkından əvvəl çatdırıb, oğlunun kağızı gəldiyinə görə onu necə bağrına basıb üzündən öpüb, sonra arvadın xahişiylə necə həyəcanla o barıt qoxulu sətirləri anaya oxuyub. Özü də bir dəfə yox, iki dəfə. Öz adını axtarıb. Amma görməyib, içindən qovrula-qovrula qalıb və sonra bununla da təskinlik tapıb ki, axı, Nəzərin heç nədən xəbəri yoxdu, niyə də gərək onun adını yazsın məktubunda?..
Muştuluğunu da almayıb və üzünə deyə bilməsə də, ürəyində deyib: «Bəs mən muştuluğumu kimə verim, ay ana!... Nəzər sağ-salamatdı. Nəzər məktub yazıb, bəs bunun muştuluğu kimə düşür, ay ana?!»
Nəzər bunu da bilməmişdi ki, məktublarının arası kəsiləndə Səlminaz xaladan çox da olmasa, elə onun qədər Bikə də canını qoymağa yer tapmayıb, nigaran-nigaran kəndə dönüb, gecələr yerinin içində balışını göz yaşıyla isladıb!
Sən demə, Səlminaz xala qızın ürəyini oxuyubmuş, bu mehriban, istiqanlı qıza quşu qonubmuş, əhd eləyibmiş ki, Nəzər qayıdıb gəlsə, ⎯ o mütləq qayıdıb gəlməliydi ananın fikrincə ⎯ Bikəni alacaq oğluna. Şikəst də gəlsə, lap yarımadam gəlsə də alacaq, çünki ana, həssas ürəyinin gözüylə Bikənin məhəbbətini görürmüş, duyurmuş və inanırmış ki, oğlu necə gəlir-gəlsin, Bikə ondan üz döndərməz! Səlminaz xala özünə xas dözümlə, təmkinlə bu istəyini ürəyində yaşadıbmış, qıza bircə kəlmə də deməyibmiş, «dünyanın işini bilmək olmaz!» ⎯ fikriylə susub gözləyirmiş. Nəzər gələndə onun qıçını çəkməyi arvadın gözünə görünməmişdi. Çünki iki qıçını da qoyub gələnlər vardı, gözünü, qollarını da qoyub gələnlər vardı, ən dəhşətlisi buydu ki, heç gəlməyənlər daha çox idi.
Nəzər gələn gecə ananın sevincinin həddi-hüdudu yox idi. O gecə o kənddə Səlminaz xaladan savayı, bir də Bikə sevindiyindən ağlamışdı. Sədnik kişi keçən qış ölmüşdü ⎯ jmıx yemişdi, şişib ikicə günün içində canını tapşırmışdı. Bikə damın altında tək qalmışdı.
Kənd camaatı gözaydınlığına, itkin düşənini, ölənini soruşmağa Səlminazın həyətinə gələndə, Bikə də arvadlara qoşulub gəlmişdi və Nəzəri görüb toxtamışdı.
⎯ Xoş gəlmisiz, müəllim!.. ⎯ demişdi Bikə qısıla-qısıla. Nəzər bu zaman «müəllim» sözünü eşidib, diqqətlə qızın üzünə baxmış, ancaq tanıya bilməmişdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-sekkizinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sərin bahar axşamı idi. Ağ abbasılıqlar kimi göylərə səpələnmiş ulduzların arasında parlayan Ay yuxulu, yorğun göz təki yerə baxırdı. Geniş həyətdə, ucaboylu çinarların arasında qoyulmuş yaşıl oturacaqların birində məhəllənin yeniyetmələri əyləşərək deyib-gülür, zarafat edirdilər. Ağ köynək geyib saçını yana daramış oğlan qıçını-qıçının üstünə aşıraraq gitara çalırdı. Sarı, qalın simlərdən qopan, az qala insan kimi sözləri, kəlmələri aydın deyən titrəyişli səslər bu aprel gecəsinin məlahətini daha da artırırdı. Oğlan başını azca yana əyərək, Nadirənin çox sevdiyi «Gilavar» mahnısını oxuyurdu:Ay gilavar, ay gilavar...
Birinci hissə, yeddinci fəsil– Ceyhun.– Nədi?
Birinci hissə, səkkizinci fəsilOrxan bu zaman alimlər evindəki geniş mənzilinin aynəbəndində oturub, sahildən xeyli aralı lövbər salıb dayanmış, işıqları yanan gəmiyə tamaşa edirdi. O, həmişə burada, qaranlıqda əyləşib, düşünməyi xoşlardı. İşləyib yorulanda yazı masasının arxasından durar, aynabəndə çıxıb bir papiros yandırar, tüstülədə-tüstülədə dənizin gecə mənzərəsinə baxıb həyat haqqında, tanıdığı-bildiyi adamlar haqqında, yazdığı əsər haqqında xəyala dalardı. Bu mənzili ona keçən il vermişdilər. Anası, bacıları şəhərdən kənardakı bağlı-bağatlı qəsəbədə, ata-baba mülklərində yaşayırdılar. Yol üç-dörd saat vaxtını alırdı deyə o, evlərinə gedib-gəlmirdi. Buraya köçənə qədər subay dayısından qalma otaqda gün keçirmişdi. Təzə mənzilinə yığışanda kitablarından və bircə dəst təmiz yorğan-döşəkdən savayı gözə dəyən bir şeyi yox idi. Orxanın evinə mübarəkbadlığa gələn iş yoldaşları iri otaqları bom-boş görəndə çiyinlərini çəkib, qaşlarını dartmışdılar.Qonaqları gülərüzlə qarşılayan anası Şirin arvad irəli çıxıb:
Birinci hissə, doqquzuncu fəsilŞöbədə Gülalıdan başqa adam yox idi. Bir az bundan qabaq, otaqda heç kəs olmayanda Nadirə xanımın və Gülmirənin mizinin üstünə. Orxanın qoyduğu güllər eləcə dururdu.Gülalının boğuq rəngi qar kimi ağarmışdı. Orxan dərhal bildi ki, o əsəbiləşib:
Стихи других поэтов
Fəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
GərəkdirŞair olub şeir, dastan yazanın,Ellərin qəlbində yeri gərəkdir.
Mənzumə: Gənə bilmirəm bu nə güftardırGənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır