Birinci hissə, səkkizinci fəsil
Страница 2 из 3 · 33%
⎯ Mən sizə dərs demişəm? ⎯ Nəzər gülə-gülə soruşmuşdu.
⎯ Hə, Nəzər müəllim. Qırx beş dəqiqə… Qırx birdə.
⎯ Hə, hə, yadıma düşdü. Sən…
Səlminaz arvad araya girmişdi:
⎯ İrəhmətlik Sədnik kişinin qızıdı da. Bikə balamdı mənim. ⎯ Qucaqlayıb üzündən öpmüşdü. ⎯ Sənin bütün məktublarını o gətirib mənə, o oxuyub, poştalyonumuz olub.
Nəzər Bikəyə diqqətlə baxmışdı, gözlərini qıyıb xatırlamağa çalışmışdı, qırx birdə, qırx beş dəqiqə dərs dediyi qızları fikrində canlandırıb o sinif otağında, arxa partada əyləşən xurmayı saçlı, ala gözlü qızı ⎯ doluxsunmuş qızı yadına salmışdı. Beynində, xatirələrində nə isə işarıb közərən bir qığılcım yanmışdı, ancaq oturanların söz-söhbəti, sorğu-sualı macal verməmişdi ki, fikri durulsun. Sadəcə bu məsələni sonraya qoyaraq hörmətlə:
⎯ Hə, tanıdım, tanıdım, ana, ⎯ demişdi. ⎯ Sağ olsun. ⎯ Sonra üzünü ona tutmuşdu. ⎯ Sağ ol, Bikə. Böyük qız olmusan daha. Yəqin məktəbi də bitirmisən. Mən sənə ta dərs deyə bilmərəm.
Bikə qızarıb başını aşağı salmışdı. Araya sükut çökmüşdü. Nəzər yerdə, həsir üstündə oturub ona möcüzə kimi tamaşa eləyən qadınlara, uşaqlara, qocalara birdən diqqətlə baxmışdı: hamısı arıq, solğun bənizliydi. Elə bil xəstəlikdən təzə durmuşdular. Zamanın, müharibənin o öləzimiş gözlərə, üzlərə yazdığı hökmü Nəzər o dəqiqə oxumuşdu: aclıq idi o hökmün adı. Nəzər sarsılmışdı və heç özü də bilməmişdi ki, bu yersiz sualı niyə vermişdi:
⎯ Güzəranınız nə təhərdi?
Səlminaz arvad oturanların əvəzinə cavab vermişdi:
⎯ Acdı camaat, bala. Toxumluq buğda saxlamışdıq bir-iki pud. Onu da fronta göndərdik. İndi bu kənddə dərman üçün bir tikə çörək tapammazsan…
Bu sözləri eşidəndə Nəzər sanki yuxudan ayılmışdı, yerindən dik qalxaraq anasına üz tutmuş:
⎯ Mənim o «veşmeşoxumu» hara qoymusan, ana? ⎯ demişdi. ⎯ onu bəri ver.
Səlminaz arvad belindəki şalı bərkidə-bərkidə küncdəki toqqalı-qayışlı xaki çantanı oğlunun qabağına gətirmişdi. Nəzər tələsə-tələsə «veşmeşokun» ağzını açaraq, içindən ağ bir torba çıxarmışdı. Adamlar udquna-udquna gözlərini onun əlinə zilləmişdi; torbanın unla dolu olduğunu görəndə kim idisə heyrətlə:
⎯ Un! ⎯ deyə qışqırmışdı. Nəzər ovcunu unla doldurub ortalığa tutmuşdu və gözləri yaşara-yaşara:
⎯ Elə hesab eləyin ki, sizin göndərdiyiniz buğdanın unudu, Almaniyadan qaytarıb gətirmişəm. ⎯ Əslində o un «trafey» idi. Nəzər yolu üçün götürmüşdü, aclıq üz verəndə, yeməyə bir şey tapmayanda kömbədən-kökədən bişirərək yeyə-yeyə gəlib çıxmışdı. Bunları o danışmadı. Fikir vermişdi: unu görən kimi hamının gözü işıqlanmışdı elə bil. Arvadlardan kiminsə qucağında oturmuş bir uşaq ağlamışdı.
⎯ Yazıq acından ağlayır, ⎯ bunu Səlminaz arvad söyləmişdi.
⎯ Burda yarım pud un olar, ana. O kasanı gətir bəri, ⎯ deyə Nəzər Səlminaz arvada sarı dönmüşdü. ⎯ Gətir o kasanı.
Səlminaz sevinə-sevinə əlini taxçaya aparmışdı və elə o an iyirmi beş il əvvəl, Canəli bəyin daxmanın ortasında dediyi «o kasanı gətir bəri, ay gəlin!» ⎯ sözləri qulaqlarında səslənmişdi. Kərimi görmüşdü, küpü görmüşdü, kasaya cingilti ilə tökülən qızılların səsini eşitmişdi, həyəcandan arvadın əlləri əsmiş və qab yerə düşmüşdü. Həsir üstə düşdüyündən kasa sınmamışdı.
Nəzər anasına baxmış, onun gözlərinin yaşardığını görüb, hər şeyi başa düşmüş, ancaq üstünü vurmamışdı. O, kasanı unla doldurub:
⎯ Aç ətəyini, ⎯ deyə qabağında oturan ağzı yaşmaqlı Gülsümə üz tutmuşdu.
Oturanlardan kiminin ətəyinə, kiminin örpəyinin ucuna kasa ilə dolu un tökmüşdü Nəzər. Bikə eynən qırx birinci ilin sentyabrın birində sinfin axırıncı partasında oturduğu kimi, burada da hamıdan arxada oturmuşdu.
⎯ Aaz, Bikə, sən də irəli gəl, qızım. A Nəzər, Bikənin payını yaddan çıxartma, ⎯ Səlminaz dillənmişdi. ⎯ Hər kəsdən çox ona düşür. Əziyyətimi çox çəkib!..
Bikə qıpqırmızı qızarıb:
⎯ Yox, yox, mənə lazım deyil, müəllim! ⎯ deyə tələsik cavab vermişdi.
Buna baxmayaraq, Nəzər kasanı unla doldurub zorla qızın cücəgözlü çitdən tikilmiş donunun ətəyinə boşaltmışdı.
⎯ Sağ olun, müəllim. ⎯ Bikə elə astaca pıçıldamışdı ki, bunu ancaq Nəzər eşidə bilmişdi.
Və o unu həmin gecə adamlar arasında qardaş malı kimi bölmüşdü Nəzər. Orda olmayanların da payını Səlminaz özü göndərmişdi. Həmin gecə həyətlərdə ocaqlar çatılmış, saclar, qazanlar asılmış və bütün kənd ağappaq buğda unundan bişirilmiş fətir, kətə, umac, kömbə yemişdi. O gecə Əsgərabadda qəribə bir bayram olmuşdu və bu, ağızdan-ağıza, dil-dilə keçərək, maraqlı bir nağıla çevrilmişdi.
⎯ Ürəyinə qurban olum, ay oğul, ⎯ deyərək Səlminaz əl-ayaq çəkiləndən sonra təzədən oğlunun boynunu qucaqlayaraq hön-kürtü ilə ağlamışdı. Səlminaz arvad ürəyini boşaldıb toxtayandan sonra, lap səhərə yaxın, artıq hər şeyin danışılıb qurtardığını zənn eləyərək (tək özü danışmışdı, heç oğluna macal verməmişdi) sözü hərləyib-fırlayıb, Sədnikin qızı barəsindəki mətləbini açmışdı, qızı o ki, var tərifləmişdi, arzusunu bildirmişdi. Nəzər qımışıb, nə «hə», nə də «yox» demiş, təkcə eşitdirmişdi:
⎯ Hələ tələsmə, ay ana. Qoy bir özümüzə gələk!
… Bu, ömür-gün sevdasıydı, oyuncaq deyildi; evlənmək hissiyyatdan çox, ağılla olmalıdı. Nəzər belə düşünüb günlərin birində, hələ də poçtalyon işləyən və məktub-qəzet dalınca rayon mərkəzinə gedib-gələn Bikəyə yol yoldaşı oldu, məsələni açıb-ağartdı. Bikə uçunurdu, Bikənin ayaqları yerə dəymirdi. Elə bil yuxudaydı, yerlə-göy arasında qanad açıb uçurdu.
Nəzər qıçını çəkərək (əlbəttə, o şikəstliyindən utanırdı) qızın yanınca addımlaya-addımlaya, qəribəydi ki, utanıb-çəkinmədən dedi:
⎯ Bilirsən, Bikə xanım… ⎯ Ömründə birinci dəfəydi ona «xanım» deyə müraciət eləyirdilər və ən sevindiricisi bu idi ki, bu sözü Nəzər deyirdi, ayrı adam yox! Onun yanaqları köz kimi qızardı, xoş bir duyğunun qolları arasında məst olub dinləməyə başladı. Nəzər davam etdi: ⎯ Sən daha uşaq deyilsən. Dünyanı az-çox başa düşürsən. Bilirsən ki, bu lənətə gəlmiş müharibə çox xanimanları uçurtdu, yerlə-yeksan elədi. Şəhərlər dağıldı. Şəhərləri də, evləri də tikəcəyik, düzəldəcəyik. Ancaq iki şeyi eləmək mümkün olmayacaq ⎯ bir ölənləri ⎯ şəhidlərimizi geri qaytara bilməyəcəyik, bir də ürəklərə vurulan yaraları, sinələrə çəkilən çalın-çarpaz dağları sağalda bilməyəcəyik. İllər, uzun illər keçəcək, amma sinələrin göynərtisi keçməyəcək, oğlu ölmüş anaların, nişanlısı, əri qayıtmayan qızların, gəlinlərin göz yaşı qurumayacaq. Göz yaşları quruyub tükənsə də, o gözlər elə hey ağlayacaq. Mən bunları bilirsən sənə niyə deyirəm?
⎯ …
⎯ Ona görə deyirəm ki, sənin barəndə fikrim ciddidi. Mən istəyirəm ki, səninlə açıq danışam. Çünki indi zəmanə ayrı zəmanədi. İnsan öz taleyini özü həll eləməlidi. Düzü, anam səni çox istəyir. Səni öz gəlini görmək arzusundadı. Sən bunu bilirsən?
⎯ …
⎯ Yox, bu olmadı, Bikə xanım. Bayaqdan elə hey mən danışıram, sən susursan. Başa düşmək olmur ki, nə fikirdəsən. Mən məhz buna görə istədim səninlə üzbəüz söhbət eləyəm.
Bikə gözlərini yoldan çəkmədən:
⎯ Sizə qulaq asıram, Nəzər müəllim, siz yaxşı danışırsız, ⎯ dedi.
⎯ «Bu «müəllim» sözünü də daha mənə demə, yaxşı? Bir də «siz» yox, «sən» de.
⎯ Müəllimim olmusuz, axı! ⎯ Bikə böyründə addımlayan Nəzərə yanakı baxıb gülümsündü.
⎯ Qırx beş dəqiqə dərs demişəm sənə vur-tut.
Bikə o sehrli qırx beş dəqiqə haqqında, o zaman keçirdiyi hisslərdən saatlarla danışa bilərdi, ancaq utanırdı və düşünürdü ki, heç vaxt o duyğuları Nəzərə danışa bilməyəcək, çünki o duyğuları sözə çevirmək, dilə gətirmək onun üçün çox çətin idi, bəlkə də heç mümkün deyildi. Lakin buna baxmayaraq, Bikə ağlına gələn bu cümləni heç özü də bilmədi haçan ağzından çıxartdı:
⎯ Amma o qırx beş dəqiqə mənim üçün ömrümün qırx beş ilinə dəyər.
Nəzərin gözləri sevincdən parladı:
⎯ Nə yaxşı söz dedin, Bikə!.. Deyəsən, o qırx beş dəqiqəlik dərs bizim taleyimizi həll eləyib özümüzdən xəbərsiz.
⎯ «Özümüzdən xəbərsiz demə», «özümdən xəbərsiz» de! Çünki mən onda taleyimi tapmışdım. Ancaq sən bilmirdin bunu və mən də sənə deyə bilməzdim.
⎯ Mən başa düşməmişdim onda. Ancaq görmüşdüm o nəmli gözləri, yadımda qalmışdı. Və o baxışlar məni odun-alovun içindən salamat çıxartdı, Bikə. Qanlı-qadalı, ölümlü-itimli döyüşlərdə, ən ağır dəqiqələrimdə, saatlarımda bir cüt nəmli baxış xəyalımda canlanırdı. Sənin özün, sifətin, saçların yadımda yox idi. Qəribəydi ki, tüstünün, tozun-dumanın içindən, buludların arasından sahibini heç cür xatırlaya bilmədiyim iki nəmli göz sehr kimi, əfsun kimi qarşımla cilvələnirdi, baxırdı mənə, nəsə pıçıldayırdı, sonra yox olurdu. O baxışlar mənə qüvvət verirdi, təskinlik verirdi, qoruyurdu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-sekkizinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sərin bahar axşamı idi. Ağ abbasılıqlar kimi göylərə səpələnmiş ulduzların arasında parlayan Ay yuxulu, yorğun göz təki yerə baxırdı. Geniş həyətdə, ucaboylu çinarların arasında qoyulmuş yaşıl oturacaqların birində məhəllənin yeniyetmələri əyləşərək deyib-gülür, zarafat edirdilər. Ağ köynək geyib saçını yana daramış oğlan qıçını-qıçının üstünə aşıraraq gitara çalırdı. Sarı, qalın simlərdən qopan, az qala insan kimi sözləri, kəlmələri aydın deyən titrəyişli səslər bu aprel gecəsinin məlahətini daha da artırırdı. Oğlan başını azca yana əyərək, Nadirənin çox sevdiyi «Gilavar» mahnısını oxuyurdu:Ay gilavar, ay gilavar...
Birinci hissə, yeddinci fəsil– Ceyhun.– Nədi?
Birinci hissə, səkkizinci fəsilOrxan bu zaman alimlər evindəki geniş mənzilinin aynəbəndində oturub, sahildən xeyli aralı lövbər salıb dayanmış, işıqları yanan gəmiyə tamaşa edirdi. O, həmişə burada, qaranlıqda əyləşib, düşünməyi xoşlardı. İşləyib yorulanda yazı masasının arxasından durar, aynabəndə çıxıb bir papiros yandırar, tüstülədə-tüstülədə dənizin gecə mənzərəsinə baxıb həyat haqqında, tanıdığı-bildiyi adamlar haqqında, yazdığı əsər haqqında xəyala dalardı. Bu mənzili ona keçən il vermişdilər. Anası, bacıları şəhərdən kənardakı bağlı-bağatlı qəsəbədə, ata-baba mülklərində yaşayırdılar. Yol üç-dörd saat vaxtını alırdı deyə o, evlərinə gedib-gəlmirdi. Buraya köçənə qədər subay dayısından qalma otaqda gün keçirmişdi. Təzə mənzilinə yığışanda kitablarından və bircə dəst təmiz yorğan-döşəkdən savayı gözə dəyən bir şeyi yox idi. Orxanın evinə mübarəkbadlığa gələn iş yoldaşları iri otaqları bom-boş görəndə çiyinlərini çəkib, qaşlarını dartmışdılar.Qonaqları gülərüzlə qarşılayan anası Şirin arvad irəli çıxıb:
Birinci hissə, doqquzuncu fəsilŞöbədə Gülalıdan başqa adam yox idi. Bir az bundan qabaq, otaqda heç kəs olmayanda Nadirə xanımın və Gülmirənin mizinin üstünə. Orxanın qoyduğu güllər eləcə dururdu.Gülalının boğuq rəngi qar kimi ağarmışdı. Orxan dərhal bildi ki, o əsəbiləşib:
Стихи других поэтов
Fəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
GərəkdirŞair olub şeir, dastan yazanın,Ellərin qəlbində yeri gərəkdir.
Mənzumə: Gənə bilmirəm bu nə güftardırGənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır