Страница 3 из 4 · 50%

⎯ Səltənət xa… ⎯ Qərib dayandı, bilmədi «xala» desin, ya «xanım». Səltənət isə, indiyə qədər elə-belə, müraciətsiz-filansız gəlib-gedən bu ağıllı (onun fikrincə) oğlanın fikrini göydə oxuyub köməyinə gəldi:

⎯ Səltənət xanım.

⎯ Bağışlayın. Elə mən də o cür demək istəyirdim…

⎯ Yox, mənə gələ bilməzsən, bala. Sən istəyirdin «Səltənət xala» deyəsən mənə. Bax, kişi kimi, düzünü boynuna al, doğru deyirəm ya yox?

Qərib həqiqətən də «Səltənət xala» demək istəyirdi. Yaxınlıq, məhrəmlik olsun deyə. Ancaq Səltənət xanımın onun ürəyindən keçəni oxumağına təəccüb eləyib həqiqəti boynuna almaqdan savayı bir çıxış yolu görmədi:

⎯ Vallah, düz deyirsiz, Səltənət xanım.

Səltənət xanım özü də Qəribin böyründə əyləşib:

⎯ Səndən xoşum gəldi, Qəribcan, ⎯ deyib güldü. ⎯ Məndən heç nə gizlətmək lazım deyil. Mən peyğəmbər kimi adamam. Kimin harda nə yalan danışdığını, fələk də olub gizləməyə çalışsa, o saat bilirəm. Bax, Müseyib qağan gedir Bakıya, Moskvaya, Riqaya. Qayıdıb gəlir. Elə gələn gün mən bilirəm ki, o, orda nə pəstahlardan çıxıb. Əvvəllər gizlədirdi. Sonra gördü yox ey. Bilirəm hamısını, açıb özü deməyə başladı. Boy, nə durmusan aaz, başla da. İndi deyirsən, burda sizə mən qulluq eləyim? Səndə günah yoxdu, Müseyibin qızısan da, gərək hər şey sizin qabağınıza hazır gəlsin. Ədə, uxajivat elə qıza. Vay, evini allah tiksin.

Qərib tez boşqabları götürüb Səltənət xanımın, Simuzərin qabağına qoydu. Qız fürsətdən istifadə eləyib üçüncü boşqabı da Qəribin qənşərinə itələdi. Sinidə bir araq, bir də bir şampan vardı.

⎯ Aç bunnarı. İkisini də aç. ⎯ Səltənət xanım Qəribin dirsəyinə toxundu. O, şüşələri açınca Simuzər qablara xörək çəkdi. Qərib ancaq bu zaman gördü ki, hər qab-qaşıqdan dörd-dörd gətirib Səltənət. Ağlına gəldi ki, yəqin dördüncü Bəhram üçündü. Bəhramın adını ürəyində çəkən kimi, Qəribin qanı qaraldı. Ancaq bilmədi niyə? Çünki hissləri hələ də özünə aydın deyildi. Hardasa Simuzəri ona qısqanırdı, ancaq bu əsassız, kor-koranə duyğunu hər dəfə özündən uzaqlaşdırmağa çalışırdı. Elə bu an Müseyib həyətdə görürdü. Qərib müəlliminin gəldiyini görən şagird kimi tez ayağa qalxdı. Müseyib ona əl verib görüşərək stola ötəri göz gəzdirdi.

⎯ Vaxtında gəlmisən, kişi, ⎯ Səltənət söylədi. ⎯ Qaynanan səni çox istəyirmiş…

Müseyib böyründəki əlüzyuyanda sir-sifətinə su çırpıb mıxdan asılmış qar kimi ağ dəsmalla da qurulanandan sonra gəlib qızının yanında əyləşəndə Simuzər qalxmaq istədi. Müseyib qolundan tutub oturtdu:

⎯ Hara gedirsən, aaz. Kim var ki, burda? Özümüzük, bala. Özgə adam yoxdu.

Simuzər heç nə deməyib tərpənmədi. Müseyib əl atıb araq şüşəsindən Qəribə də, özünə də araq, şampan şüşəsindən isə arvadına və qızına köpükləri oynaşan şampan süzüb üzünü oğlana tutdu:

⎯ Görürəm, qanın qaradı, bala… Mən bu gün katiblə də, Quliyevlə də, Ağayevlə də, o köpək oğlu benzinsatannan da danışmışam. Açığını deyim, vəziyyət gərgindi. Bilirsən, bu elə məsələdi ki, qorxusundan heç kəs altına girmək istəmir. Hətta katib özü də qorxur. Quliyev ki, heç. Daş atıb başını tutur. Oğlan da… ağlım bir şey kəsmir ondan. Sən belə elə… ⎯ Bir az fikrə getdi. ⎯ Sən belə elə. Sabahda, biri gündə görüş al kişiynən, eşidirsən?

⎯ Bəli, Müseyib qağa.

⎯ Görüş al, denən ki, əlli-ayaqlı gedirsən, kişi. Özün də yazıqsan, biz də ⎯ yəni siz də. Çarə bircə müstəntiqədi. Katibə-zada ümid eləməsin. Çünki katib öz yanımda zəng eləyib Quliyevə dedi ki, ⎯ bu söhbət burda qalsın, ha, bunu ancaq sənə deyirəm, gələcəkdə dostunu-düşmənini tanıyasan, ⎯ dedi ki, bas getsin. Elə əclaflar ⎯ müəllimim olsa da ⎯ bizə lazım deyil. Denən ki, kişi, müstəntiqnən dil tap, danış, gör nə qədər istiyir. Nə qədər istəsə, desin verərəm, ancaq məni burdan xilas elə.

Qərib udqundu:

⎯ Axı… Müseyib qağa, onun nəyi var ki, nə də boyun alsın.

⎯ Adə, o boyun alsın. Düzəldərik. Bunun fikrini çəkmə. Sən axıllı oğlansan, bilirsən ki, bu dünya al-ver dünyasıdı, bala. Mən ölməmişəm. Bilirsən, oğul, bu işdə mən özüm qabağa düşərdim, ancaq hələ mənim buna haqqım yoxdu. Əgər ⎯ o, əlini qızına və Qəribə tuşlayıb əlavə elədi, ⎯ sizin aranızda rəsmi bir şey olsaydı, onda ayrı məsələ. Elə bir şey olsaydı, Quliyevin ağzı nə idi, mənim qudama girişəydi? Onun ciyərini çıxardardım. Ancaq, indi qalmışam kəsilə-kəsilə. Yaxın düşə bilmirəm. Anladınmı, ay Qərib?

⎯ Bəli, Müseyib qağa.

⎯ Hə, indi bismillah. Birinci qədəhlərimizi içək Nəzər müəllimin sağlığına. Gün o gün olsun ki, o, bu ütüdən salamat qurtarsın, gəlsin, bax elə burda, bu sastavda onun gəlişini qeyd eliyək. ⎯ Müseyib çəngəli pomidora sancıb: ⎯ Onu da bil ki, əgər Nəzərə on il də versələr, gedib həbsxananın içindən çıxardıb gətirəcəyəm. Mənə də Müseyib deyəllər ha, ⎯ söylədi.

⎯ Çox sağ olun, Müseyib qağa. Allah sizi bizim üstümüzdən əskik eləməsin.

⎯ Di vurduq, Nəzər müəllimin şərəfinə. ⎯ Müseyib arağı hortuldatdı və Qəribə, arvadına, qızına başı ilə işarə edərək: ⎯ İç, ⎯ dedi, ⎯ sən də mısmırığını sallama, ə, kişinin başına qəzavü-qədər gələr, ⎯ dedi.

Qərib oğrun baxışlarla Simuzərə göz yetirib sanki ondan içibiçməməsi barədə icazə istədi, Simuzər isə, uzun, tutaş kirpiklərini çalmaqla izn verdi. Qərib qədəhini Səltənətin və Simuzərin artıq dolu qədəhlərinə toxundurub asta-asta, süzə-süzə içdi, yerə qoyanda Müseyib ağzındakı tikəni udaraq:

⎯ Anan bilir, ə? ⎯ deyə soruşdu.

⎯ Xəbərim yoxdu, ⎯ dedi Qərib. ⎯ Mən bayaq eşitmişəm.

⎯ Hm. Bilməlidi arvad. Bu xəbər bütün rayonda bomba kimi partlayıb. Eşitmiş olar indi. Yeznələrin də eşitmiş olar. Amma hər halda sən evə dəyməlisən, arvadı sakitləşdirməlisən. Bu, sənin oğulluq borcundu, Qərib.

⎯ Düz deyirsiz, Müseyib qağa.

⎯ Amma indi gecdi. Səhər gedərsən.

Qərib başını tərpətdi.

Müseyib tez-tez yeyirdi, elə bil aclıqdan çıxmışdı. Yenə süzdü və qədəhini qaldırıb:

⎯ Ə, bunnara demisən təzə xəbəri, ⎯ deyə Qəribə müraciət elədi.

⎯ Hansı xəbəri?

⎯ Təzə vəzifəni də.

⎯ Vay. Tamam yadımdan çıxıb. Kişinin əhvalatı fikrimi elə çaşdırıb ki… Kirt unutmuşam…

⎯ Nə təzə vəzifə, kişi? ⎯ Səltənət soruşdu. Simuzər Qəribə təəccüblə baxdı.

⎯ Hə. Qəribi təbrik eliyə bilərsiz. Bu gün əmrini vermişəm. ⎯ Oy, nə yaxşı, ay Müseyib.

⎯ Təbrik edirəm, Qərib. ⎯ Simuzər astaca söylədi.

⎯ Sağ olun, Müseyib qağa, sağ olun… Ölüncən…

⎯ Yaxşı, yaxşı. Xoşuna gəlir işin?

⎯ Hə, çox rahatdı, Müseyib qağa.

⎯ Axı, nə vəzifədi ey, bizə də deyin də. ⎯ Səltənət hövsələsizlik elədi.

⎯ Qapançı… ⎯ Müseyib şəstlə cavab verdi.

Səltənət dodaq büzdü:

⎯ İşə götürürdün, bir fərli yerə qoyaydın da. Qapançı nədi? ⎯ Arvad ki, arvad. Sən nə bilirsən qapançı nə deməkdi. Sənə işin adı lazımdı, ya pulu?

Simuzər söz atdı:

⎯ Elə ikisi də. İkisi bir yerdə olanda yaxşıdı, ay dədə.

⎯ Hələ işləsin. Özünü tutsun. Sonra… çəkəcəm qabağa. Fikrim budu ki, gələcəkdə öz yerimə hazırlayım Qəribi. Görək də.

⎯ Çox sağ olun, Müseyib qağa…

⎯ Sənin təzə vəzifən mübarək, ə. Götürün. Amma yaxşı oldu ki, bu gün tezdən əmrini verdim. Sabaha qalsaydı, çətin olacaqdı, bəlkə də heç mümkün olmayacaqdı. Nəzərə görə… mümkün olmayacaqdı.

⎯ Hə. Deyəcəkdilər ki, atası… ⎯ Səltənət sözünü axıra çatdırmadan susdu.


… Darvazanın qabağındakı ağ “Volqa”nı görəndə Qərib başa düşdü ki, Tapdıq və Güldanə də burdadı. Həyətə girəndə tut ağacının altındakı stolun arxasında əyləşənləri görüb özünü itirən kimi oldu. İki bacısıydı, Tapdıq idi ⎯ qızlar anasının sağında, solunda, Tapdıq qənşərindəydi.

Bikə arvad oğlunu görəndə ürəkləndi, yerindən qalxıb saçlarına əl ataraq:

⎯ Hardasan, ay oğul? Öyümüz yıxılıb ey, allah mərdimazarın öyünü yıxsın, ⎯ söylədi. Güldanə bir yandan, Güllü o biri tərəfdən Bikənin qollarını tutaraq üzünü cırmağa imkan vermədi.

⎯ Vay-şivən qoparma, sən atovun goru, ⎯ dedi Qərib və yalnız indi, qıraqda oturandan, diqqətlə göz gəzdirəndən sonra bildi ki, Sadıq yoxdu, Güllü tək gəlib. Heç nə soruşmadı. Araya ağır, öldürücü bir sükut çökdü. Hamısı kədər içindəydi. Qızlar doluxsunmuşdularsa da, özlərini saxlayırdılar. Təkcə Bikə arvad başını yırğalaya-yırğalaya əlini dizinə çırpır, yana-yana, ancaq astadan:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Proloq

– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:

1 мин
Birinci hissə, birinci fəsil

Bu tut ağacını iyirmi səkkiz il qabaq, boz-bulanıq bir payız günü, iki qəşəng, totuq-potuq qızdan sonra bu balaca ailənin, səliqəli, yaraşıqlı ev-eşiyin dünyasını sevinclə dolduran sonbeşik Qərib anadan olanda, məktəbdən nigaran qayıdıb şad xəbəri eşidən, oğul həsrəti çəkmiş bir ata kimi yerə-göyə sığışmayan Nəzər müəllim özü əkmişdi. Həyətdə ondan başqa da ağaclar var idi, onları da o basdırmışdı, hamısı da meyvə ağaclarıydı, bar verirdilər. Alma, armud, gilas, gilənar, heyva, şaftalı, göyəm, qaysı. Amma o ağaclar bir yanaydı, bu tut ağacı bir yana. Nə sirr idisə, o ağacı çox istəyirdi, lap çox istəyirdi. Elə bil qəlbinin bir parçasını kəsib yerə sancmışdı; üstündə əsim-əsim əsmişdi. Xüsusi qulluq göstərmişdi ona. Tut da torpağı yaxşı, suyu bol olduğu üçün, adına əkdiyi aman-zaman oğlundan çox tez böyümüş, qol-budaq atmış, sarmaşıqlı hasar içindəki həyətin, çiy kərpicdən tikilib palçıqla suvanıb ağardılmış üç çeşməli, eyvansız evin eyvanı, kölgəliyi olmuşdu. Boz, dığır-dığır gövdəsi tüfəng lüləsi kimi düz idi, adam boyundan yuxarı budaqları haçalanıb sağa-sola meyillənmiş, irili-xırdalı beşbarmaq əllərə oxşayan yaşıl yarpaqları bir-birinə sığınıb-sıxılıb təbii, gömgöy bir çətir əmələ gətirmişdi. İsti-qızmar yay günəşi düzü-dünyanı yandırıb adamın nəfəsini tıncıxdıranda belə bu ağacın altı səpsərin olardı, yerə bir zərrə gün işığı düşməzdi. Aylı gecələrdə isə, hər yan süd kimi ağ ay nuruna bələnib mürgü vuran zaman bura çırağı sönmüş alaqaranlıq otağa-çadıra bənzəyirdi. Hava sakit olanda yarpaqlar nəfəs çəkib qımıldanmazdı; yüngül meh əsdimi, beşbarmaq əllərə oxşayan o yarpaqlar asta-asta çəpik çalardılar elə-bil, qəribə, pıçıltıya, xışıltıya bənzər bir nəğmə oxuyardılar elə bil və bütün həyətə, burada oturub çay içən, söhbət eləyən adamların ürəyinə, canına sehrli bir rahatlıq bağışlayardılar.Beş nəfərdən ibarət ailə yazın gözü açılıb istilər düşməyə, ağaclar, çöllər — bütün təbiət yaşıl donunu geyinib göz-könül oxşamağa başlayandan, payızın dumanlı-çənli gözləri dolub ağlamağa başlayana, soyuqlar, şaxtalar düşənə qədər bu tut ağacının altında «yaşayar», yeyib-içər, dincələrdi. Göylər xəlbirə dönüb torpağa şıdırğı sel-su axıdanda da onlar hələm-hələm evə yığışmazdı, çünki yarpaqların sıxlığı üzündən bura bir damcı da yağış düşməzdi, küçələr, yollar, həyətin açıq yerləri islanıb palçıq olardı, amma bura qupquru qalardı və belə günlərdə, çox vaxt arvad-uşaq qaçıb otaqlara təpilsə də, Nəzər müəllim özünün düzəltdiyi uzun taxta stol arxasında oturub həmişə cibində gəzdirdiyi qara müştüyünə «Avrora» sancıb aramla tüstülədə-tüstülədə, artıq yavaş-yavaş üstünə payızın xınayı xalları qonmağa başlayan və günbəgün seyrələn yarpaqları yeknəsəq bir tappıltı ilə döyəcləyən yağışın insan ürəyinə hardansa elə bil lap göylərin dərinliyindən bir az qəribəlik, bir az kövrəklik və niskil gətirən səsinə-mahnısına qulaq asardı, bəzən gündüz gördüklərini, eşitdiklərini, elədiklərini saf-çürük eləyərdi, bəzən ömür yolunun uzaqlarda qalmış çağlarını, xatirələrini yad edib düşünərdi, bəzən isə kitab oxuyardı. Üstü güllü müşəmbəli stoldan azca aralı, kiçik arxın yanında bir taxt vardı və bu taxtı da, miz kimi, özü mişarlayıb, mıxlayıb düzəltmişdi. Havaların şaxı sınandan Bikə xanım Nəzərin yorğan-döşəyini çölə çıxarıb o taxtın üstünə salardı, ağ cuna miçətkənini qurardı və bir də ilk qar yağanda, ilk bərk şaxta düşəndə, kişi özü dilə gəlib iri, damarları gömgöy göyərən əllərini ovxalaya-ovxalaya: «Balam, bu gecə yaman soyuq idi, canım heç qızmayıb!» deyəndə yorğan-döşəyi, miçətkəni yığışdırıb içəri aparırdı. Bu tut ağacının altı Nəzər üçün dünyanın ən gözəl, ən rahat yeriydi; bütün ömründə çox şəhərlər, məmləkətlər gəzib dolaşmışdı, axar-baxarlı mənzərələr görmüşdü, ancaq heç biri könlünü oxşamamışdı bura kimi. Bunu Nəzər kimsəyə demirdi, demək istəmirdi, qorxurdu ki, bu zərif, bu gözəl, bəlkə də dilə gətirilib izah olunmaz bu incə hissi başa düşməyələr, gülələr. Hətta az qala onunla bir damın altında bir ömür yaşamış, onun üçün yaxşı həyat yoldaşı olmuş, ürəyini gözündən oxumağa qadir Bikə xanıma da bu barədə heç nə deməmişdi; çünki o zaman da — bu ağacı əkdiyi o boz-bulanıq payız günündə də, sonralar da arvadına söyləməmişdi ki, bu tut ağacını nə niyyətlə əkib. Onda elə-belə, ürəyindəcə, öz-özünə danışa-danışa əkmişdi o ağacı və ancaq özü eşidə biləcək bir səslə pıçıldamışdı: «Bu ağacı sənin adına əkirəm, oğul. Tut ağacı uzun ömürlü olur, torpağa dərin kök atır. Sən də onun kimi qollu-budaqlı ol, kölgəli ol, oğul. Mən ata məhəbbətindən məhrum olmuşam, çünki atamın üzünü də görməmişəm. O, mənim üçün nağıl olub, əfsanə olub, dərd olub, nisgil olub, bala. Nə öldüsünü bilirəm, nə qaldısını. Sən başa düşməzsən, qorxuram heç böyüyüb yekə oğlan olanda da başa düşməyəsən ki, bu necə dəhşətli bir ağrıdır asılıb ürəyimin başından. Nə aça bilmişəm,

13 мин
Birinci hissə, ikinci fəsil

Elə bil Nəzər müəllimin ürəyindəmi, beyninin içindəmi gözəgörünməz əllə qoyulmuş, səssiz-səmirsiz işləyən, heç vaxt kökdən düşməyən çox dəqiq bir elektron cihaz vardı, gecələr nə vaxt yatmağından asılı olmayaraq, hər səhər düz səkkizin yarısında o sehrli elektron cihaz çıqqıltısız, zəngsiz, cinkiltisiz ona xəbər verirdi ki, Nəzər müəllim, oyan, vaxtdı, dərsə kecikərsən. Və Nəzər müəllim də əmri sözsüz-sovsuz yerinə yetirməyə adət eləmiş əskərsayağı, yuxulu gözlərini ağır-ağır açardı, qışda — evdə yatanda qarşı divara vurulmuş qədimi, kəfkirli saata, yazda-yayda çöldə — tut ağacı altındakı taxtda yatanda isə qolundakı köhnə «Pobeda» saatına baxmadan da bilərdi ki, indi saat səkkizin yarısıdı — nə bir dəqiqə o yan, nə bir dəqiqə bu yan. Qəribəydi ki, bunu bilə-bilə o, ya kəfkirli saata, ya «Pobeda»ya nəzər yetirməkdən özünü saxlaya bilməzdi. Və hər gün də eyni vaxtda — düz səkkizin yarısında ayılmasına köhnəlməyən bir möcüzə kimi heyrət eləyərdi; sabahın bu vədəsində o, eşidilməz əmrlə yuxudan oyanar, yorğan-döşəyinin içində yünkülcə əl-qol atıb qulunçunu qırar — guya idman eləyərdi; sonra tələsik geyinər, əl-üzünü yuyub Bikə xanımın obaşdandan hazırladığı səhər yeməyini yeyərək sol qıçını çəkə-çəkə məktəbə — işıqlı sinif otaqlarındakı qırmızı qalstuklu, komsomol nişanlı uşaqlara dərs deməyə gedərdi. Qıçı uşaqlıqdan şikəst deyildi, cavanlıqda atdan, damdan yıxılmamışdı. Müharibə vaxtı, qırx beşinci ilin aprelin iyirmi yeddisində, Berlinin lap darvazaları ağzında gedən qızğın döyüşdə partlayan qumbaranın qəlpələri sol qıçını dağıtmış, lülə sümüyünü sındırmışdı; qumbaranı atan alman əskərini öz gözüylə görmüşdü, yanında qalxan toz-duman çəkiləndən sonra o, qıçının xıncım-xıncım olduğunu hiss edib, başında dəbilqə olan uzunsifət, sarışın düşmən əsgərinin də vurulub öldürüldüyünü yəqin edib ufuldaya-ufuldaya: «Faşist oğlu faşist!» — deyə söymüşdü. Qospitaldan müharibə qurta-randan sonra çıxıb Vətənə qayıdan Nəzər xeyli keçmiş bilmişdi ki, bir qəlpə lülə sümüyünün içində qalıb, çıxarılmağına ümid yoxdu; özü də zərərsizdi. Beləliklə, Nəzər müharibədən qıçında bir qəlpə, dilində də bir söyüş gətirmişdi. Qəlpə incidəndə dişlərini bir-birinə qısıb dözürdü, ah-uf eləməyi kişiliyinə sığışdırmırdı. Ancaq xoşuna gəlməyən, pis iş tutan, alçaqlıq eləyən adama «faşist oğlu faşist» deməkdən çəkinmirdi. Onun nəzərində faişstdən pis məxluq yox idi yer üzündə. Həyatda, işdə gördüyü pis adamlar da onun üçün elə faşist kimi bir şey idi.Bu da maraqlı idi ki, Nəzər o vaxtdan özünün əsl doğulduğu günün — mayın dördünün üstündən qələm çəkmişdi, yaralandığı günü — aprelin iyirmi yeddisini anadan olduğu gün hesab eləməyə başlamışdı. Həmin gün ölə də bilərdi. Ölməyib — demək, o gün anadan olub! Çoxdan, lap çoxdan arvadı da, uşaqları da, dostları da Nəzərin ad gününü aprelin iyirmi yeddisində keçirirdilər, əsl təvəllüd günü demək olar ki, hamının, bəlkə özünün də yadından çıxmışdı.

20 мин
Birinci hissə, üçüncü fəsil

Hava qaralmışdı. Hardansa uçub gəlmiş sərçələr budaqların üstünə qonub yaşıl yarpaqlar arasında civildəşirdi, toyuq-cücə tara qalxırdı yavaş-yavaş.Nəzər tut ağacının budağından asdığı elektrik lampasını burub yandırmışdı, gur işıq altında kitab oxuyurdu. Birdən bir qanadı yanıb ütülmüş pərvanə vərəqin üstünə düşərək çırpınıb-çırpınıb öldü. Nəzər baxışlarını qaldırıb yuxarı baxdı: lampanın böyür-başında saysız-hesabsız pərvanə-kəpənək uçuşurdu, gah çırağa, gah bir-birinə dəyib, təzədən hərlənib-fırlanırdı.

10 мин

Стихи других поэтов