Üçüncü hissə, səkkizinci fəsil
Страница 2 из 3 · 33%
⎯ Bəli, siz tanımırsız onu! Yoxsa… belə deməzdiz! Əgər biz bu gün Nəzər müəllimi, siz deyən kimi, rüşvət almaqda müttəhim ediriksə, onda gərək… ⎯ Baba hirsindən sözünü tamamlaya bilmədi, əlini yelləyib susdu.
⎯ Onu gətizdir bura, Ağayev. Neçə vaxtdı elə hey xəbər göndərir ki, mən onu qəbul eləyim, dinləyim.
Ağayev katibin dediyini çevirmədi, çıxılmaz vəziyyətdə qalmış adam kimi, dönüb prokurorun üzünə ani nəzər saldı və qara şüşələrdən heç nə oxuya bilməyib kabinetdən çıxdı.
Bu baxışın nə demək olduğundan xəbərsiz olan İsrayıl bayaqkı amirliklə:
⎯ Qoy gəlsin, qoy Süleyman da öz müəllimini yaxşı tanısın! ⎯ söylədi. ⎯ Mən görürəm, biz deyəndə o inanmaq istəmir!
Rahib qıçını çəkə-çəkə, çəliyini parket döşəmədə taqqıldada-taqqıldada irəli ⎯ Süleymanın qabağına gəldi və əlindəki vərəqləri ona verərək:
⎯ Qərar layihəsidi, yoldaş Həmidov, ⎯ dedi. ⎯ Tanış olun, bəlkə qeydiniz-zadınız oldu!
Süleyman kağızları ondan alıb:
⎯ Ə, savadsız, sənə neçə dəfə demişəm lahiyə yox, layihə! ⎯ söylədi.
⎯ Bağışlayın, yoldaş Həmidov, ta demərəm! ⎯ deyərək Rahib qıpqırmızı qızararaq keçib yerində əyləşdi.
Süleyman yazılanları nəzərdən keçirməyə başladı. Oxuduqca qaşları qalxıb-enirdi.
⎯ Bunları sən özün yazmısan, Rahib?
⎯ Bəli, yoldaş Həmidov.
⎯ Adam nə isə inanmaq istəmir ey, Rahib. O savadnan bu savad düz gəlmir heç!..
⎯ Heylə də savadsız deyil, Süleyman! ⎯ Quliyev qabaqcadan oxuyub tanış olduğu qərarı da, Rahibi də müdafiə elədi. ⎯ Nədə də olsa, belə sənədlər yazıb tərtib eləməkdə mahirdi Rahib!
⎯ Çox sərtdi! ⎯ Süleyman astaca dedi.
⎯ Ondan yumşaq olmaz, yoldaş Həmidov! ⎯ Rahib prokurorun sözlərindən bir az ürəkləndi. ⎯ Onda ləzzəti olmaz!..
⎯ Sən bunda da ləzzət axtarırsan, Rahib? ⎯ deyə Baba ömrü boyu yıxılanın başını kəsməyə hazır olan bir adam kimi tanıdığı Rahibə ikrah hissilə baxdı. Rahib nə isə demək istəyirdi ki, qapı açıldı, qabaqca Ağayev, dalıyca Nəzər və sağında-solunda da iki nəfər milis kabinetə daxil oldular.
Hamının baxışı qeyri-ixtiyari Nəzərə zilləndi. Gur, ağappaq saçlarını qırxmışdılar. Üzü isə tüklüydü ⎯ saqqadı düm ağ idi, qaşları kimi. Burda oturanlar heç biri onu indiyəcən belə halda görməmişdi: boz pencəyi, şalvarı əzik-üzük idi. Arıqlamışdı kişi. Bu on günü ancaq su içmişdi və bir də siqaret çəkmişdi. Süleyman öz müəllimini bu kökdə görcək əlləri ilə üzünü qapadı ⎯ onun gözlərinə baxa bilmədi. Sarsılmışdımı, utanmışdımı? ⎯ təyin etmək çətin idi. Otağı sükut bürümüşdü, heç kəs cınqırını belə çıxartmadan, Ağayevin arxasınca, milislərin müşayiəti altında, qıçını çəkərək irəliləyən Nəzərdən gözünü ayıra bilmirdi.
«Yazıq Nəzər müəllim… Gör səni nə hala salıblar?» ⎯ Baba düşündü.
İsrafil ürəyində: «Alçaq. Mən «krupnı» talançıyam, hə? Adamın anasını belə ağladarlar» ⎯ dedi. Heç kəs görmədi ki, o qara şüşələr altındakı gözləri sevinc içində necə gülür.
Müseyib: «Hə, nə təhərsən, qohum? Ağıllandın? Yox, sən gedib beş-on il yatmasan, ağlın başına çətin gələr» ⎯ dedi özlüyündə. ⎯ «Heyif, oğlunun toyunda iştirak eləyə bilməyəssən».
İsrayıl: «Mənə sataşanın, bostanıma daş atanın yurduna su calayaram, ocağını keçirərəm» ⎯ dedi qəlbində.
Nəzəri görən kimi əlləri ilə üzünü örtən Süleyman xəyalının qanadlarında otuz-otuz beş il bundan qabağa uçdu bircə anda. Atası İmran kişinin müharibə qurtarandan üç il sonra onu yanına salıb Cürəlidən Əsgərabada gətirməsini, ilk dəfə Nəzəri gördüyü dəqiqələri, aralarındakı söhbəti, onuncunu bitirəndə evlərindəki xudmani qonaqlığı, müəlliminin ona verdiyi xeyir-duasını çoxdan gördüyü yuxu kimi xatırladı. Sonra… onu sinifdə gördü Süleyman… Qıçı ağrımasın deyə həmişə stol arxasında oturar, ya da ayaq üstə, bir yerdə dayanıb danışardı Nəzər. Sonra, haçansa, hə, gərək ki, Moskvada təhsil alarkən müəlliminin necə böyük məhəbbətlə, dərin iftixar hissilə ona yazdığı o isti, kövrək məktub… yadına düşdü. Sonra… otuz il keçəndən sonra… bax o köşkdəki ilk görüş… gözü önündə canlandı.
Bir igidin ömrünə bərabər bu illərdə Nəzər müəllimlə bağlı nə xatirə vardısa, hamısı, hamısı kino lenti kimi zehninin, xəyalının güzgüsündə kəsik-kəsik görünüb yox oldu…
⎯ Yoldaş Həmidov, müttəhim gətirilmişdir. ⎯ Ağayev az qala hamının ürəyini çəkən bu cansıxıcı sükutu pozub dağıtmaq üçün belə deyəndə, Süleyman əllərini üzündən çəkdi və qorxaq, cəsarətsiz, bəlkə də xəcalətli baxışlarını Nəzər müəllimin üzündə, üst-başında gəzdirdi. Nəzər ona baxırdı ⎯ qonur gözlərində kinmi idi, qəzəbmi idi, nifrətmi idi, ⎯ Süleyman ayırd eləyə bilmədi. O, dilsiz, amma əslində çox şeylər söyləyən o baxışlara dözməyib Nəzərin sağında, solunda dayanan milislərə üz tutaraq:
⎯ Siz çöldə gözləyin, ⎯ dedi. ⎯ Qorxmayın. Nəzər müəllim heç yerə qaçan deyil.
Nəzər Süleymanın səsini eşidirdi, ancaq nə dediyini dərk eləyə bilmirdi, key kimi eləcə donub qalmışdı. Bircə onu hiss eləyirdi ki, bu səs otuz-otuz beş il qabaq o «Qırmızı məktəb»də, o kəllayı sinif otağında, parta arxasında əyləşib əlini çənəsinə dayayan o sısqa, sarışın oğlanın nazik boğazından çıxan səsə oxşamır; o səs titrək idi, qorxaq idi, ancaq bu səsdə bir qətiyyət vardı, hökm vardı.
Nəzər kabinetdə oturanlara gözucu baxdı; hamısını tanıyırdı və hər birinin ayrı-ayrılıqda əməllərindən xəbərdardı. Bunların içində… tək bircə nəfər vardı ki, Nəzər onun təmizliyinə and içə bilərdi: ⎯ Baba İsgəndərov. Qalanların hərəsinin, necə deyərlər, bir quyruğu vardı. Bir də… Süleyman idi… Ondan da son vaxtlar şübhəliydi Nəzər. Deyəsən o da… «haqqın yolu»nu tapmışdı. Əgər elə olmasaydı, Süleyman dürüst tanıdığı, bildiyi, pəstahalarından məlumatı olan bu adamları başına yığıb beləcə oturmazdı, bir iş görərdi ⎯ cəzalandırardı, tutdurardı. Yoxsa buna nə ad vermək olardı ki, indi oğrular doğruların taleyini həll eləyirdi? Yox, hissiyyatı, ürəyi Nəzəri heç vaxt aldatmayıb…
İncimişdi Süleymandan. Öz şagirdindən, vaxtilə çox istədiyi, uğurlarına sevinib güvəndiyi Süleymandan çox incimişdi. Ürəyi doluydu Nəzərin… Elə doluydu ki… Ancaq hələ susurdu.
Milislər, söz katibin ağzından çıxan kimi, dabanları üstə fırlanıb qapı ağzında görünməz olduqda Süleyman asta, kədərli bir səslə:
⎯ Axşamın xeyir, Nəzər müəllim, ⎯ söylədi.
⎯ …
⎯ Əyləş, Nəzər müəllim.
⎯ …
Susmağı öldürücü idi. Bu sükut Süleymanı çaşdırdı. Ancaq elə bu zaman Nəzərin səsi eşidildi:
⎯ Süleyman, ayın birindən mənim dünyadan xəbərim yoxdu, əgər mənə ⎯ öz qoca müəlliminə zərrəcə hörmətin qalıbsa, düzünü de ⎯ şura hökumətini yıxıblar? ⎯ Nəzərin sualı o qədər gözlənilməz və sərt idi ki, oturanlar, elə Süleymanın özü də eşitdiyinə inanmadı. Süleyman gözlərini döydü.
Nəzər daha qətiyyətlə:
⎯ Yox, düzünü de, şura hökumətini yıxıblar? ⎯ deyə təzədən xəbər aldı.
Sual aydın idi. Süleyman, o, sözlərini ikinci dəfə təkrar eləyəndə başa düşdü ki, elə birinci dəfə də belə demişdi. Və Süleyman da eynən o cür də eşitmişdi. Çaşqın halda gülümsündü:
⎯ Nə danışırsan, Nəzər müəllim? Şura hökumətini kim yıxa bilər? Denikinlər, Kolçaklar yıxa bilmədi, faşistlər yıxa bilmədi…
⎯ Düzdü, onlar yıxa bilmədi. Amma bax bunlar, ⎯ o, əlilə oturanları göstərdi, ⎯ bax, siz yıxarsız, Süleyman. Bəlkə də yıxıbsız artıq. Əgər yıxmayıbsızsa, bəs bu nədi, Süleyman? ⎯ deyərək o, birdən çılğın bir hərəkətlə əl atıb pencəyinin altındakı ağ köynəyinin yaxasını cırdı və gömgöy bədənini, sinəsini, qabırğalarını ona göstərdi. ⎯ Bəs nədi bunlar? ⎯ Əyilib şalvarının balaqlarını çırmaladı, qara-qançır qıçlarını göstərdi. ⎯ Bəs nədi bunlar, Süleyman? Sizi ədalətiniz belə zəfər çalır? Şura hökumətinin hansı qanununda belə yazılıb, Süleyman?
Oturanlar, o cümlədən Süleyman indi başa düşdü ki, Ağayev, Quliyev nə üçün Nəzərin bura gətirilməsini istəmirmişlər.
Süleymanın gözləri böyüdü:
⎯ Kim eləyib bunu belə?
⎯ Bax, bunlar, ⎯ o, prokurora tərəf əl uzatdı. ⎯ Bu faşistlər, Süleyman.
⎯ Bu nə biabırçılıqdı? ⎯ Katib, Quliyevdən soruşdu. ⎯ Sizə kim icazə verib?
⎯ Mənim xəbərim yoxdu. ⎯ Eynəkli adam çiyinlərini çəkdi.
⎯ Bu, ən azı vəhşilikdi. ⎯ Baba belə deyib gözlərini yumdu, baxa bilmədi.
⎯ Bil və agah ol, Süleyman, mən rüşvət almamışam, almamışam, inan, almamışam.
⎯ Özün etiraf edibsən, Nəzərli. ⎯ Prokuror sərtliklə söylədi.
⎯ Hə, etiraf etmişəm. Sənin o Hilalovun mənə o qədər əzab verib, o qədər döyüb, öldürüb, təzədən dirildib ki, məcbur olub qol qoymuşam. Gördüm, açıq-aşkar öldürür. Qol qoydum… Amma almamışam. Mən rüşvət almamışam. Bax sən almısan, bax, sən də almısan, sən də, sən də… ⎯ deyə o, prokurora, icrakoma, Ağayevə və s. tərəf barmağını uzatdı. ⎯ Lap elə sən də almısan, Süleyman. Sən də almısan. Sən də… ⎯ deyə o, əsəbiliklə Babaya sarı dönəndə birdən dayandı. ⎯ Yox, sən almamısan, sən almamısan! Bunların içində bircə sən təmizsən, Baba! Qalan hamınız almısız! Almısız!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-ucuncu-hisse-sekkizinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
...Bu gün Zərrintac xanım işdən gələn kimi hamamı yandırıb çimmişdi. Uzun tiftikli qətfədə yataq otağına getmiş, iri bədənnüma güzgünün qabağında qurulanmış, öz mərmər bədəninə, sinəsinə kənar adam gözü ilə baxıb öz gözəlliyindən ləzzət alsa da, kövrəlmişdi də. Elməddin burda olanda belə hallarda onun yanında dayanır, qurulanmağına kömək eləyir, alt paltarını geyməyə imkan verməmiş, qucağına alaraq çarpayısının üstünə gətirir, «neynirsən geyinirsən, onsuz da soyunduracağam!» — deyib özü də yanına girirdi. Bu anları indi o qəribə bir nisgil və həsrətlə xatırlayırdı. Güzgü qabağında özünü tək görüb sinədolusu ah çəkdi və əlini uzadıb çarpayının başına atdığı paltarlarını həvəssiz-həvəssiz geyindi. Kresloda oturdu, boş, sahibsiz çarpayıya baxdı, gözləri doldu. Böyründəki radioqəbuledicinin düyməsini burdu və otağa Rəxşanənin məlahətli səslə oxuduğu mahnının ilıq nəfəsi doldu. Zərrintac xanım ağır əhvali-ruhiyyəsini unutdu, azca yüngülləşdi və qeyri-iradi yan otağa tərəf:– Simin, mənə bir piyalə çay gətir! — dedi və səsindən özü də səksəndi. Səhv elədiyini, hissə qapılıb hər şeyi unutduğunu xatırlayıb köksünü ötürdü. Və qalxıb özü üçün çay gətirdi. Ancaq çay içmək həvəsi öldü nədənsə. Piyalədəki çaya baxa-baxa fikrə getdi. Rəxşanə oxuyurdu, Zərrintac xanımın kədəri getdikcə artırdı. Təklik hissi bütün vücuduna hakim kəsilmişdi — inan ki, bu an, bax elə bu dəm Elməddin qapını açıb içəri girsəydi, Zərrintac durub qabağına qaçar, onun uca boynuna sarmaşıb: «Xoş gəlmisən, əzizim — deyərdi. — Bağışla məni, bilməmişəm. Keç günahımdan». Ancaq Elməddin gəlmirdi. Gəlməyəcəkdi də. Bu həqiqəti bir daha dərk edib Zərrintac məst adam kimi ayağa qalxdı, küçəyə baxan pəncərənin qabağına addımladı, şəhadət barmağının ucu ilə tül pərdəni aralayıb çölə baxdı. Hava qaralmışdı. Cadədən tək-tük maşınlar, piyadalar keçib-gedirdi. Lap pəncərənin qabağından keçən iki kişidən birinin bu sözlərini eşitdi:
Birinci hissə, on dördüncü fəsilƏbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
Birinci hissə, on beşinci fəsilZərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.
Birinci hissə, on altıncı fəsilƏbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.
Стихи других поэтов
Bir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Yalvara-yalvaraYad olanda yar peymana,Qaldım yalvara-yalvara.
Heyf, məndən ol mələksima pəri can istəməzHeyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.