Страница 2 из 2 · 50%

⎯ Elə isə… gəl min boynuma. Mənim bax bu iki gözüm aydın ki, sən Nəzər müəllimsən. Əbləh adam. Elə bu qiymətli məlumatı vermək üçün çağırmısan məni?

Nəzər heç özü də bilmədi haçan ikinci siqareti yandırıb damağına aldı və havaya üfürdüyü tüstü arxasında kədər dolu gözlərini milisə zilləyib istehza ilə astadan:

⎯ Sözlərindən görürəm oxumuş adama oxşayırsan, Əbdürrəhimbəydən-zaddan misal gətirirsən. Sən doğrudan məni tanımırsan? ⎯ deyə soruşanda milis, sağ əlini sağ yambızındakı qoburun üstündə gəzdirə-gəzdirə:

⎯ Niyə tanımıram? ⎯ dedim. ⎯ Sən o Nəzər müəllim deyilsən ki, vəzifəyə keçən kimi, bu az müddətdə neçə-neçə oğulu indi özün düşdüyün bu ağzıbirə saldırıb arvad-uşağını, anasını mələr qoymusan? Bəs sən bilmirdin ki, atalar deyib: «Gen qaz, dərin qaz, axırda özün düşərsən?» Ə, a vicdansız, on qəpiyin, bir maşın taxtanın, iki yüz qram yağın da üstdə adam adamı tutdurub bədbəxt eliyər? Orden verəcəkdilər sənə? Ay verdilər ha, ala bedey verərlər, ⎯ deyə baş barmağını iki barmağının arasına salıb Nəzərin gözləri qabağında oynatdı. Nəzərin rəngi ağappaq ağardı. Siqaretinə qullab vurub dişlərini bir-birinə elə sıxdı ki, çənəsi ağrıdı, əlini saxlayıb hövsələsini basdı:

⎯ Oğrudular onlar…

⎯ Hm. Bəs sən nəsən? Sən oğru deyilsən? Onlar hardasa risk eləyirlər, özlərini oda-közə vururlar, min qorxu içində balalarına bir tikə çörək pulu qazanırlar. Sən isə hazırın naziri olmaq istəyirdin, hə?

Nəzərin boğazı qurudu, zorla:

⎯ Sən doğrudan milissən? ⎯ deyə bildi.

⎯ Bəs yalannan? Ə, yalannan da milis olar?

⎯ Yox, inana bilmirəm. Sənin libasın milis libasıdı, ürəyin milis ürəyi deyil. ⎯ Bir anlığa susub əlavə elədi: ⎯ Amma sənə söz verirəm: burdan çıxan kimi, sənin o milis libasını əynindən çıxartdırmasam, mən heç dədəmin oğlu deyiləm.

Milis kinayə ilə dişlərini ağartdı:

⎯ Çıxsan, çıxartdırarsan. Qaldı ki, dədən… Ay yazıq, sən heç bilirsən ki, kimin oğlusan?

Nəzəri elə bil ildırım vurdu, başında bir şaqqaşuruq qopdu, gözlərinin qabağında şimşəklər çaxdı və o, özünə gələndə qapını üzünə bağlı görüb elə durduğu yerdəcə axıb sement döşəməyə düşdü…

Gecənin nə vaxtıydısa qapı açıldı ⎯ bu dəfə səssiz-səmirsiz açıldı, gələn kim idisə çağırışsız gəlmişdi. Nəzər hələ də döşəmənin üstə uzanmışdı. Ürəyinə, ləyaqətinə dəyən zərbələr elə zərbələr idi ki, onu elə ağrıtmışdı ki, bundan sonra nə olacağı daha qorxulu deyildi. Elə ilk gündəcə, elə bu dörd divar arxasındaca adını bilmədiyi o milis onu dirigözlü öldürmüşdü.

Qapı örtüldü. Kimsə barmaqlarının ucunda ona yaxınlaşdı. Yanında çömbəldiyini ondan bildi ki, üzündə isti nəfəs gəzdi. Gələn, çiynindən tutub silkələdi. Nəzər gözlərini açanda başının üstündə saqqallı bir adamın dayandığını gördü, tanıya bilmədi. Saqqallı adam gər, qəzəbli səslə dedi:

⎯ Qalx, Nəzər, qalx, bax mənə!..

Nəzər dikəldi və qarşısındakına fikir verdi.

⎯ Tanımadın?

⎯ …

⎯ Mənəm, Xuduşam, Nəzər.

⎯ Xuduş? ⎯ Nəzər doğrudan da heyrətlə içinə çəkdi.

⎯ Hə, Xuduş. Tanıdın məni? Sənnənəm, tanıdın məni?

⎯ Hə… «Bir maşın taxta… məktəb tikintisi. Hə, odu. Xuduşdu. Gör nə günə düşüb?»

⎯ Məni… bu günə sən qoyubsan, Nəzər. Yaxşı ki, tanıdın. Tanımasaydın, sənə əl qaldırmazdım. Onun ləzzəti olmazdı, ürəyimdən tikan çıxmazdı. Nəzər.

⎯ Nə tikan?

⎯ Bax, bu tikan, ⎯ deyərək Xuduş iri yumruğunu Nəzərin təpəsinə, qarnına ilişdirməyə başladı. Elə qəzəblə, elə yana-yana döyürdü ki, kişi zərbələrdən heç gözünü aça bilmirdi. Xuduş cavan idi, güclü idi, zərbələri sərrast idi.

Nəzər yalnız:

⎯ Ə, neynirsən? ⎯ deyə bildi. Sonra Xuduş o biri əlilə onun ağzını yumdu.

⎯ Öldürəcəyəm səni, köpək oğlu. Qanını içəcəyəm, alçaq. Vururdu. Nəzər haldan düşəndən sonra, qarnına elə bir təpik ilişdirdi ki, kişi «hıqq» eləyib bayıldı ⎯ içini sancı bıçaq kimi doğradı. ⎯ Yox, burada səni hələ öldürmürəm, səni orda ⎯ həbsxanada öldürəcəyəm, köpəkoğlu. Onsuz da sən mənim həyatımı pozubsan. Eşidirdimi, eşitmirdimi? Xuduş üçün bunun fərqi yox idi.

⎯ Ə, ta bəsdi. ⎯ Yavaşcadan, pıçıltı ilə deyilmiş bu səsə o, geri qanrıldı. ⎯ Gəl bu yana. Baş-gözünü partlatmadın ki? Qan-filan yoxdu ki?

Xuduş kameradan svişib çıxdı.

⎯ Yox, sağ ol, xalanəvəsi. Axır ki, sənin də bir xeyrini gördüm. Hələ indiyəcən mənə heç kəs belə yaxşılıq eləməyib. İndən belə istəyirlər mənə lap on il versinlər, heç vecimə də deyil. Ürəyimi soyutdum.

… Qapı açılanda Nəzər taxtın üstündə oturmuşdu. Qarnını sancı hələ doğrayırdı. Başı bərk ağrıyırdı. Qorxu ilə qapı ağzındakına baxdı. Axşamkı milis deyildi. Xuduş da deyildi. Cavan, tökmə bədənli, qırmızı sifət oğlan Nəzəri görən kimi:

⎯ Nəzər müəllim, bu sizsiz? ⎯ heyrət içində soruşdu.

⎯ …

⎯ Ay müəllim, siz hara, bura hara? Heç gözlərimə inana bilmirəm, vallah. Növbətçi bayaq deyir ki, Nəzərdi on doqquzuncu kamerada. Amma heç fikrimə gətirmirəm ki, bu, siz ola bilərsiz…

⎯ …

⎯ Özünüzü pis hiss eləyirsiz? Həkim çağırtdırım?

Nəzər süst, laqeyd halda dedi:

⎯ Sağ ol, ay bala. Heç nə lazım deyil. Ancaq mənə de görüm, bu axşam növbətçi olan milisionerin adı nə idi?

⎯ Qafar. Qafar Qılıcov. Necə məgər?

⎯ Heç elə-belə. Ox… nə isə, başım ağrıyır, bala…

⎯ Bəlkə bir şey lazımdı, ay Nəzər müəllim?

⎯ Heç nə lazım deyil, oğul. Sən, əgər bacarırsansa, bircə yaxşılıq elə mənə… Katibə ⎯ Süleyman Həmidova… çatdır ki, mən burdayam. Ya yanıma gəlsin, ya… məni yanına çağırtdırsın.

⎯ Çalışaram, Nəzər müəllim!.. Amma bu nə müsibətdi bilmirəm! ⎯ Ta demə, oğul. Açıb-ağartmalı deyil…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, altıncı fəsil

Sən demə, bu cah-calallı imarətdə, gül-çiçəkli həyətdə bir gizli məhəbbət də yaşayırmış. Sən demə, zər-ziba içində süslənən, gözəlliyi ürəklər sızıldadan, gözlərinin dərinliyində bir günahsız körpə məsumluğu gizlənən Dünya etibarsız imiş, vəfasız imiş. Sən demə, həyatda qul kimi yaşamaq üçün yarananlar, məhəbbətdə hakim ola bilməzmişlər, eləcə qul olarmışlar... Sən demə......Nəcməddinin maşını tini burulub səsi eşidilməz olan kimi Dünya xanım eyvana çıxdı, əvvəl hasarın o tərəfindəki xanimana gözucu baxdı, kürən oğlanı görməyib öz həyətlərinə boylandı. Əbdül darvazanı içəridən bağlayırdı. Çönəndə onu elə bil ildırım vurdu: Dünya xanım eyvanın sütununa söykənmişdi. Heykələ oxşayırdı: ağ mərmərdən yonulmuş heykələ. Uzun saçının birini sol çiyni üstündən aşağı salmışdı, yaraşıqlı sifəti ağ paltarından seçilmirdi. Hərəkətsiz halda dayanıb Əbdülə tamaşa eləyirdi. - Əbdül onu şəfaxanadan çıxandan bəri, bu ay yarım ərzində hələ belə ağıllı-başlı görməmişdi. İmkan olmamışdı, çünki Nəcməddin evdən çıxmamışdı, dayə kimi arvadına, uşağına qulluq eləmişdi. Həsrət, gözəl Dünya ilə kəlmə kəsmək, onun məlahətli səsini doyunca eşitmək arzusu Əbdülün ürəyini titrədirdi; o, itiyi itmiş adam kimi, divanə kimi həyət-bacada gəzir, boğazından çörək ötmür, gözlərinə yuxu gəlmirdi. Gecələr, ərarvad öz otaqlarına çəkilib yatandan sonra o da öz hücrəsinə girib yatmaq əvəzinə, arxa hasarın dibinə çəkilir, tül pərdə çəkilmiş pəncərə dalında Dünyanın kölgəsini belə görmək ümidilə saatlarla oturub nəzərlərini o işıqlı pəncərədən ayırmırdı. Açıq havada olmasına baxmayaraq boğulub təngnəfəs olurdu; ürəyi az qalırdı partlasın. Elə əzabla yaşayırdı ki, ölmək bundan yaxşıdır. Qabaqlar, hələ Nəcməddinin evində işləməyə gəlməmişdən qabaq, ac qaldığı, soyuğa düşdüyü, ölümlə pəncələşdiyi vaxtlar az olmamışdı. Ancaq o əzablar bunun yanında toy-bayram imiş, heç əzab da deyilmiş. Görəsən, Dünya xanım da onun üçün belə darıxırdımı? Oxşamırdı, çünki o, heç bir təlaş keçirmir, sanki Əbdülü heç görmürdü. Elə bil o, heç bu həyətdə yox idi, yaşamırdı burda. Bircə dəfə də olsun onun halını soruşmağa, bir xoş söz deməyə can atmamışdı Dünya xanım. «O məndən çox-çox ağıllıdı, yəqin belə lazımdı» — deyə özünə günlərlə, həftələrlə təskinlik verən Əbdülün bu gün lap səbir kasası dolmuşdu, hövsələsi bir tikə olmuşdu.

14 мин
Üçüncü hissə, yeddinci fəsil

Bir-birinin vüsalından sehrlənib məst olandan, Dünya xanım öz yatağında, Əbdül isə öz hücrəsində ikilikdə keçirdikləri o xoş anların xəyalatına dalandan sonra bütün həyətdə qəribə bir səssizlik yarandı. Hər şey — hərdən hürən it də, aramsız quruldaşan köyərçinlər də, ara-sıra qaqqıldaşan toyuq-xoruz da, qəfəsdəki dil-boğaza qoymayan bülbül də bu iki bəxtəvər adamın düşüncələrini, xəyallarını dağıtmamaq, pərən-pərən salmamaq üçün sanki qəsdən susmuşdu. Dünya xanım da, Əbdül də azca əvvəl yaşadıqları o sehrli, şeriyyət dolu aləmin gözəlliyinə dalıb bir-biri haqqında düşünürdü. Və bu düşüncələr gah təmiz niyyətlə sevən ürəyin çırpıntıları kimi səmimi, şirin olurdu, gah da hiylə və məkr donuna, qısqanclıq alovlarına bürünub əfi ilana dönür, gözəl duyğular üstündə qərar tutmuş bu məhəbbəti zəhərləyib boğmaq istəyirdi.Səmimiyyət olmayan yerdə məhəbbət yaşaya bilmir. Səmimiyyət məhəbbətə inam, qol-qanad verir, onu böyüdur, ülviləşdirir. Bu həqiqəti Dünya xanım, cavan olsa da, qadınlıq sövq-təbiisi ilə anlayırdı və bu hisslərini indiki yarıbihuş, yarıayıq halında götür-qoy edərək bu qənaətə gəlirdi ki, Əbdül onun üçün əzizdi, şirindi, ləzzətlidi. Ancaq nə olsun? İkisi də keçmişləri etibarilə eyni olsalar da, indi aralarında Nəcməddinin sayəsində dərin bir uçurum var. Dünya uca bir dağın başında dayanıb, Əbdül isə ətəyində. Əbdül hamının gözü qabağında öz ləyaqətilə, zəhmətilə, Dünyasının qərar tutduğu o dağın başına, sevgilisinin vüsalına qovuşmaq üçün çıxa bilməz — bu, onun imkanı xaricindədi. Əbdül ancaq gizlicə, oğrun-oğrun oraya dırmaşa bilər, qısamüddətli, qorxulu-təhlükəli bir görüşdən sonra, yenə gizlicə, heç kəs görməsin deyə sürünə-sürünə aşağılara, öz hücrəsinə qayıda bilər. Dünya milyoner xanımıdı, Əbdül nökərdi, quldu. Dünya xanım camaatın gözü qabağında, zahirdə onunla ancaq bir nökər kimi rəftar etməliydi. Əbdül də həmçinin — ona, onsuz da taleyin qəribə hökmü ilə qul olduğu Dünya xanıma ağa xanımı kimi baxmalıdı, ehtiramını saxlamalıdı. Ona açıq-aşkar bir sevgili kimi baxa bilməz, bu onun həyatı bahasına başa gələr.

16 мин
Üçüncü hissə, səkkizinci fəsil

Və hərlənib yenə beşiyin yanına qayıtdı. Körpə Nəcməddin arxası üstə, şirincə uyumuşdu. Seyrək qaşlarını, böyüklərə məxsus bir ədayla, nəsə ciddi bir şey fikirləşirmiş kimi, çatmışdı. Xırdaca dodaqları, uzunsov çənəsi arabir tərpənir, ancaq gözlərini açıb baxmırdı. Nəcməddin ürəyinə sığışmayan qürurla uşağına tamaşa eləyir, doymaq bilmirdi. «Kaş tez böyüyəydin, əlindən tutub gəzdirə bileydim, məclislərə apara bileydim və hamıya deyə bileydim ki, baxın, bu mənim canım-ciyərim, arxam-dayağım, hurilər hurisindən olan oğlumdu, mənim canişinimdi!» — deyə düşünür, fərəh içində gah beşiyin bu böyründən, gah da o biri böyründən dünyadan xəbərsiz halda yatan çağaya baxmaqdan usanmırdı. Nəhayət, uşaq gözünü açdı, başının üstündə dayanan adama diqqətlə nəzər salıb nə üçünsə gülümsündü.– Niyə gülürsən, oğul? — Nəcməddin böyük adamla danışırmış kimi xəbər aldı, o isə təbii ki, cavabsız buraxdı bu sualı. Kişi şəhadət barmağını onun zənəxdanlı çənəsinə toxundurub dedi: — Demirsən niyə gülürsən? Daha maşallah yekə kişisən. Bu gün bu qoca dünyada düz qırx gündü yaşayırsan. Bizim uşaqlığımız ayrı zəmanəyə düşüb — avamlar zəmanəsinə. Amma indi dünya tamam dəyişib, oğul. Gərək bu qırx gündə sən çox şey öyrənmiş olaydın. Heç olmasa danışmaq öyrənəydin. Bax, bayaq xoşum gəldi səndən, filosof kimi qaşlarını düyüb fikirləşirdin. Fikirləşə bilirsən demək! Fikirləşə bilirsən, onda danışa da bilərsən demək. Heç olmasa mənim kimi adamın oğlu olduğun üçün gərək danışmağı bacarasan, bala. Gözlərini yaxşı aç, mənə — öz doğma atana yaxşı-yaxşı bax, məni tanı. Mən sənin arxanda dağ kimi dayanmışam. Sabah ölsəm belə, yenə sənin arxanda durmuşam, bala. Ad-sanımla, dostlarımla, var-dövlətimlə. Zirək ol, heç kəsdən utanma, heç kəsdən qorxma. Od parçası ol, odun içindən pul götürməyi bacar, bala. Aciz olsan, səni yeyəcəklər, ayaqlar altında tapdalayacaqlar. Bir fransız dahisinin yaxşı kəlamı var: «Ot olub yeyilməkdənsə, qoyun olub yemək yaxşıdır». — Bu zaman körpənin harası ağrıdısa, üz-gözünü turşutdu, başını buladı, ata buna ayrı məna verdi: — Hə, nədi? Razı deyilsən bu fikrimlə? Deyirsən yəni qoyunu da yeyərlər?.. Hə, düz deyirsən, afərin, oğul. Bax, burasını fransız dahisi düşünməyib…

12 мин
Üçüncü hissə, doqquzuncu fəsil

Əbdül dünən Dünya xanımın gizli və oğurluq vüsalından nə qədər xoşbəxt və məst idisə, üstündən cəmi bircə gün keçməmiş, bu gün, yarımca saat bundan əvvəl bir o qədər, bəlkə də ondan on qat çox bədbəxt və miskin olmuşdu. Elə bil, Dünya xanım bircə gecənin içində tamam dəyişmişdi, keçən günkü mehribançılığından, nəvazişindən, məhəbbətindən bir zərrə də qalmamışdı, şən, bəxtəvər o qadından əsər-əlamət qalmamışdı; sanki Əbdülün qabağında Dünya xanımın qiyafəsində, libasında olan, onu əsla tanımayan yad və şübhəli bir qadın dayanmışdı. Qaş-göz, saçlar, dodaqlar Dünya xanımın idi, amma ürək yox; Əbdül heyrət içində idi.Bu gün səhər ağayi Nəcməddini yola salıb darvazanı möhkəm bağlayan Əbdül, aranı xəlvət görüb dünənki səadəti bir də, təzədən yaşamaq, ləzzət almaq üçün yuxarı qalxmaq istəyəndə Dünya xanım pilləkən başında, gözlənilmədən əlinin işarəsi ilə onu saxlayıb üstünə çımxırmışdı:

28 мин

Стихи других поэтов