Dördüncü hissə, on ikinci fəsil
Страница 2 из 5 · 20%
– Rədd elə getsin o yana! Axmağın biridi.
– Yox, Dünya, o, yaxşı insandı. Nökər olanda nə olar?! Mən də, uşaq da, elə sən özün də ona öyrənmisən. Gətirəcəyəm...
Dünya qətiyyətlə deyilmiş sonuncu sözdən sonra daha danışmadı. Ürəyi sıxılan kimi oldu Dünyanın... «Ay zalım kişi, əgər gətirəcəkdin, bir az tez gətirəydin, heç olmasa bir-iki gün tez...».
Ağayi Nəcməddin maşını çox böyük sürətlə sürürdü. Dal oturacaqda büzüşüb oturmuş Əbdül hələ indiyəcən ağasının belə maşın sürdüyünü görməmişdi. Heç onun özünü də belə pərişan, düşkün, qeyri-adi hərəkətlər eləyən görməmişdi. Təəccüb eləyirdi. Ağasına nə olmuşdu: ha fikirləşirdi, axırını bir yana çıxarda bilmirdi. On beş gün idi onu ağası öz isti ocağından ayırıb dostunun evinə gətirib qoymuşdu. Dostuna da tapşırmışdı ki, onu heç yana buraxmasın, özü gəlib aparanacan saxlasın. O, bir növ dustaq kimi qalmışdı bu həyətdə. Həmin gecə ağası ilə elə möhkəm sərxoş olmuşdu ki, Dünyanın haqqında, qonşu oğlan və telefon haqqında ağasına nə dediyi də əsla yadına gəlmirdi. Nəcməddinin gecə ikən, o müxtəsər söhbətdən sonra, onu leş kimi maşına basıb bura gətirməyindən də xəbəri olmamışdı. Səhər gözünü açıb özünü tamam başqa yerdə görmüş və buna çox təəccüb eləmişdi. Ev sahibi də ona ağıllı-başlı bir söz deməmişdi, çünki o özü də nə baş verdiyindən xəbərsiz idi. Bu on beş günü o, yeyib-içib yatmış, iş də görməmişdi; bikarçılıqdan darıxmışdı. Ən çox isə, Dünya xanım üçün, gündə üç-dörd saat balaca əl arabasında həyətdə təmiz havada gəzdirdiyi, oynatdığı, cavab verməsə də danışdırdığı balaca Nəcməddindən ötrü darıxmışdı. İndi, evə gələrkən sevinirdi: Dünya xanımı görəcək, balaca Nəcməddini görəcək!!
«Ancaq bu ağa niyə belədir: nə olub ona, heç özündə deyil» — bu sual Əbdülü yaman nigaran qoymuşdu. Yol yarı olmuşdu, lakin ağa hələ də susurdu. Axırı Əbdül dözməyib soruşdu:
– Evdə-eşikdə salamatlıqdımı, inşallah, ağam? Nəcməddin öz aləmində olduğundan səsi eşitdisə də, Əbdülün nə dediyini anlaya bilmədi və özünə yad bir səslə:
– Nə dedin? — deyə xəbər aldıqda Əbdül qorxa-qorxa sualını təkrar elədi.
– Hə, hər şey qaydasındadı.
– Ağam, deyəsən bir az nasazsınız. Nə olub sizə?! Nəcməddin siqaret yandırdı:
– Hə, Əbdül, yaman nasazam.
– Olmasın azar, ağam. Sizə gələn qada-bala mənə gəlsin... Təbibə getmək gərəkdi, ağam.
Bu sözləri Əbdül doğrudan böyük səmimiyyətlə söylədi və bunu, fikri nə qədər dağınıq olsa da, Nəcməddin hiss elədi. Maşını yolun kənarındakı qollu-budaqlı iri ağacın altında saxladı, geri çevrildi.
– Təbibə getməkdən keçib, Əbdül. Ürəyimə damıb ki, mən bu yaxın vaxtlarda öləcəyəm.
– Nə danışırsınız, ağa?!
– Hə, belədi, Əbdül. Sən mənə yaxşı-yaxşı qulaq as və dediklərimin hamısını yadında saxla.
– Eşidirəm, ağa. Sizin hər sözünüz mənim üçün qanundu. Bir olan Allah bilir ki, mən sizi nə qədər çox istəyirəm.
– Çox sağ ol, Əbdül. Mən ona görə də sənə, yaxşı insan olduğun üçün, mənə sadiq olduğun üçün öz sirrimi, dərdimi deyirəm. Bəli, mən çox yaşamayacağam. Mən bu murdar dünyada heç kəsə etibar eləmirəm, nə oğlanlarıma, nə qızıma, nə də dostlarıma. İnsanlar hamısı əclaf olub gediblər. Üzünü o yana çevirirsən, bıçağı kürəyinə saplayırlar. Bilirsən, — o, ah çəkdi və bu sözdən Əbdül də yerində qurcalandı, ürəyində fikirləşdi ki, elə mən də əclafam, ağa! — mənim körpə balam var. Dünyada bircə ondan nigaranam, Əbdül.
– Ağam, siz onu hələ böyüdəcəksiniz, toyunu görəcəksiniz...
– Yox. Mən heç nə görməyəcəyəm, Əbdül. Mən səninlə bir nökər kimi yox, bir qardaş kimi danışıram.
– Ömrün uzun olsun, ağam.
– Mən vəsiyyətnamə yazmışam, bu ev-eşiyimi, bütün müxəlləfatımı, bankdakı pullarımın çoxunu səninlə balaca Nəcməddinə vəsiyyət eləmişəm. Onu öz oğlun kimi böyüdərsən, korluq verməzsən, ata-oğul kimi əl-ələ verib dolanarsınız, təhsil verərsən ona, həddi-büluğa çatanda evləndirərsən, oğlu olsa mənim adımı qoyarsan... uşağa.
– Bəs Dünya xanım ola-ola?.
– Yox, yox, sən, ancaq sən... Ancaq sənə inanıram, Əbdül. Daha bir kəlmə danışma, heç nə də soruşma, eşidirsən?
– Eşidirəm, ağa.
– Səndən bircə xahişim var: bu qalan ömrümdə mənim qulluğumda yaxşı dayan, Əbdül. Elə et ki, bu dünyadan köçəndə ürəyimdə heç olmasa bircə nəfərə inamım qalmış olsun. Eşidirsən? Başa düşürsən, nə deyirəm?
– Bəli, ağam...
– Buyur, bu mənim vəsiyyətnaməm, iki nüsxədi. Birini gizlədərsən, elə yerdə ki, heç kəsin əlinə keçməsin. O birini lazım olanda üzə çıxardarsan. Bilirəm, mən öləndən sonra, varislərim — onları vərəsəlikdən məhrum eləmişəm — gələcəklər. Onda karına gələr.
– Ağam, siz lap gerçəkləmisiniz...
– Mən zarafat eləmirəm səninlə, Əbdül, ciddi danışıram... Anladın?
– Anladım, ağam.
– Bir də, Əbdül, bu gün-sabah görəcəyin heç bir şeyə heyrət eləmə. Başını sal aşağı, işini gör. Bir kimsəyə bir söz demə. Yaxşımı?
– Baş üstə, mənim ağam...
– Hə, indn kedə bilərik...
Əbdül kədərli-kədərli köksünü ötürüb uşaq kimi ağladı. Nəcməddin isə ona əhəmiyyət verməyərək maşını yerindən tərpətdi.
Ağayi Nəcməddin eyvanda, məhəccərin qırağında oturmuşdu. Bayaqdan dinib-danışmır, siqareti siqaretin oduna yandırırdı. Tez-tez gözucu sarı darvazalı qonşu həyətə baxır, nəyisə səbirsizliklə gözləyirdi. Hava qaralmışdı. Dünya evlərin, Əbdül isə həyətin işıqlarını yandırmışdı. Dünya içəridə idi, gah uşağa baxır, gah da narahat-narahat eyvana çıxır, ərinin yanına gəlir, lal-dinməz dayanıb təzədən qayıdırdı. Əbdülü uzaqdan görmüşdü, gözlərini qıyaraq ona qəribə bir tərzdə — o, başa düşmədi ki, qəzəblə, yoxsa sevinclə baxır Dünya — nəzər salmışdı. Görünür, sabaha qədər onlar danışa bilməyəcəkdilər, çünki Nəcməddin yerində bərk oturmuşdu və kecə bir yana kedən adama oxşamırdı. Əbdül Dünyaya uzaqdan baş endirib salam vermişdi, ancaq ondan heç bir hərəkət görməmişdi. «Qadın doğrudan qəribə məxluq imiş. Heç nə baş açmaq olmur — gah sənin qoynuna atılır, «səninəm» deyib and-aman eləyir, gah da üzü dönür, elə bil, heç səni tanımır. Deyəsən bunlar bəzən özləri də nə elədiklərini bilmirlər» — deyə düşünə-düşünə Əbdül onun üçün darıxmış, bayaqdan şırvanan itə yal, köyərçinlərə dən-su verirdi. Sakitlik adamı lap vahimələndirirdi.
Nəhayət, səkkizin yarısında sarı darvazaya lampalarının ikisi də gur yanan abı rəngli «Mersedes» yaxınlaşdı. Nəcməddin qeyri-iradi olaraq maşın gələn səmtə boylandı. Dalınca şütüyən ikinci maşın onun sol böyründə dayandı və sağ qapıdan bir adam tələsik çıxdı, «Mersedes»ə — Vəlixanın maşınına yaxınlaşdı...Və dalbadal üç güllə açıldı... Qaranlıqda silueti güclə görünən adam tələsik ikinci maşına mindi və maşın, işıqları söndürülmüş halda, oradan tozanaq qopara-qopara uzaqlaşdı... Güllə səsi axşamın sükutunu çilik-çilik elədi. Üç şaqqıltı Nəcməddinin evində də, sarı darvazalı həyətdə də, başqa həyətlərdə də aydın eşidildi. Dünya içəridən eyvana qaçdı:
– Güllə atdılar deyəsən?!
Nəcməddin yerindən tərpənmədən, dönüb arvadına baxmadan çox sakit və aram bir səslə:
– Hə! —dedi, sonra üzünü həyətdə güllə səsi eşidib ora-bura boylanan Əbdülə tutub: — Gör o nə səs-küydü, Əbdül! — dedi.
Əbdül darvazadan çıxdı. Nəcməddin də, Dünya da gördü ki, qonşu darvaza açıldı, bir qadın, üç uşaq, bir qoca maşına sarı qaçdılar və iki-üç dəqiqə keçməmiş qadından bir dəli fəryad qopdu:
– Vay, balamı öldürdülər... Vəlixan... Vəlixan...
– Vəlixanı vurdular? — deyə Dünya həyəcanla soruşdu Nəcməddindən. Və özü də bilmədən pilləkənlərə doğru qaçarkən arxadan amiranə bir səs eşitdi:
– Hara? Geri qayıt!
Dünya yerində mıxlanmış kimi dayandı. Dönüb təəccüb dolu nəzərlərlə Nəcməddinə baxdı və... heç nə demədən, süst, ölgün addımlarla ərinin yanına gəldi. Taqətsiz halda açıq pəncərənin çərçivəsinə söykəndi və maşın olan tərəfə boylandı... Kimsə qapını açdı, Vəlixanı... ehmal bir hərəkətlə çəkib yerə saldı... Və Dünya daha heç nə görmədi. Alt dodağını dişilə möhkəm sıxmışdı və gözlərindən yaş axırdı...
Bir azdan Əbdül qayıtdı. Nəcməddin yuxarıdan xəbər aldı:
– Nə olub orda?
– Vəlixanı vurublar. Düz başına üç güllə çaxıblar!..
– Ölüüüb? — deyə Dünya özü də bilmədən səsini uzada-uzada soruşduqda Nəcməddin kinayə ilə söylədi:
– Yox, ölməyib!!
Nə dediyini, nə etdiyini bilməyən Dünya xanım, ərinin sözündəki eyhamlı kinayəni duymaqdan, seçməkdən çox uzaq olduğuna görə sevinə-seviiə:
– Şükür Allaha!—dedi. Bu sözü eşidəndə — bayaqdan arvadının üzünə zorla baxmamağa çalışır, onun Vəlixan üçün göz yaşı tökdüyünü görmək istəmirdi, bunu özü üçün ən ağır cəza hesab edirdi — Nəcməddin daha tab gətirə bilmədi, qanrılıb Dünyaya tənəli, eyni zamanda qəzəbli bir baxış fırlatdı. Onun hədəqəsindən çıxmış gözlərini görəndə Dünya sarsıldı və şaşırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-efsanesiz-iller-dorduncu-hisse-on-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əziz xan «mənim təbibim də sənsən, dərmanım da sənsən, oğul!» — deyərkən haqlı imiş. Nazilib üzülmüş, yönü o yana olan kişi, Bəbirlə barışandan, oğlu yanında qalandan bəri dirçəlmişdi, artıq durub gəzir, yeyib-içirdi; daha oğlunun xatirinə dəymirdi, çünki başı, necə deyərlər, daşdan-daşa dəymişdi. Bəbir bura gələnə qədər yaşadığı otağı da əlində saxlamışdı — işləmək üçün, yoldaşlarla görüşüb məsləhətləşmək, dərdləşmək üçün. Yeməyi, içməyi, yatmağı atasının evində idi. Ancaq bura da gəlirdi, yazıb-pozur, düşünürdü.Əziz xan daha onun heç bir işinə qarışmır: «Yekə kişidi, maşallah, nə etdiyini özü məndən yaxşı bilir!» — deyirdi.
İkinci hissə, altıncı fəsilGözəl bahar günü Dünya xanım halında xoş bir dəyişiklik hiss eləməyə başladı; ağzı sulanır, ürəyi bulanır, məcazı cürbəcür şeylər istəyirdi. Ancaq nə — bunu tapıb deyə bilmir. Bu dəyişikliyin səbəbi birdən-birə ona aydın olanda gözlərinə elə bil işıq gəldi — yenə içərisində o qəribə işıq şölə saçıb yandı, əslində əzgin, yorğun bədənində elə yüngüllük hiss elədi ki, sanki quş olmuşdu, kəpənək olmuşdu — bu dəqiqə istədiyi yerə uçacaqdı elə bil. Çünki bütün vücudunu sarmış o müxtəlif, adsız istəklərdən ancaq biri lap qabardı, adını dedi: o, turş şey istəyirdi!!Dünya xanım gəlib yataq otağında iki çarpayının ayaq ucunda qoyulmuş iri bədənnüma güzgünün qənşərində dayandı. Əvvəlcə üz-gözünə, sonra bədəninə tamaşa elədi. Yox, nəzərə çarpacaq elə bir dəyişiklik yox idi. Ancaq, xoş, məmnun bir hissiyyatla özünün daha da qəşəngləşdiyini görüb yerə-göyə sığmadı, qayğısız qız uşağı təki aynanın qabağında fırlandı...
İkinci hissə, yeddinci fəsilBu balaca bir daxma idi. Cəmi bircə pəncərəsi vardı, ona da qalın pərdə salınmışdı. İçəridəki girdə mizin üstünə qoyulmuş fənərin solğun, zəif işığı otağı güclə işıqlandırırdı. Bəbir, Məhəmməd Şəfi taxta çarpayının kənarında oturub siqaret çəkirdi. Vaxt keçirdi, ancaq Ziyaəddingil hələ gəlib çıxmamışdılar.Xeyli keçəndən sonra həyətdə maşın səsi eşidildi. Gəzinib keşik çəkən Elməddin qapını aralayıb başını uzatdı:
İkinci hissə, səkkizinci fəsilNeçə gündü ki, Məhəmməd Şəfi özündə deyildi. Yaxşı yata bilmirdi, çörək yeyə bilmirdi. Fikrini cəmləşdirib masa arxasında oturmağa da qərarı gəlmirdi. Düşüncəli-qayğılı gəzib-dolanır, yuxulu, yaxud sarsıntı keçirmiş və bunun nəticəsində də keyləşmiş adama oxşayırdı. Möhsünün, — satqın, xəfiyyə olsa belə, — ölümü onu yamanca silkələmişdi. Bir yandan istexbaratın divarları arasında olmazın işkəncələrə məruz qalan, lakin mərdanə susub heç kəsin adını çəkməyən şeyx Əhmədin dərdi, o biri yandan da bu Möhsünün öldürülməsi, onun başsız-sahibsiz qalan ailəsinin dərdi Məhəmməd Şəfinin ürəyini alt-üst eləmişdi. «Həyatın qanunları necə sərtdi, aman allah!— deyə gəzib-dolanır, hər şeyi ürəyinə salıb dərd eləyirdi. — Həyat nə qədər təzadlıdı; şirindi həyat, əzablıdı həyat eyni zamanda. Bir yanda süslü saraylar, xanimanlar, harınlar, o biri yanda isə bir tikə çörək üçün şərəfini satmağa, başını bıçaq altına qoymağa hazır olanlar, aclar, yalavaclar... Yox, mənim ürəyim bu ağrılara, əzablara dözə bilmir... Bu zəiflikdir, nədir, heç bilmirəm. Amma Bəbir möhkəm adamdır. Ziyaülhəqq sərt adamdır. Mən belə ola bilmirəm, bacarmıram. Lakin dərindən fikirləşəndə bəlkə onlar haqlıdırlar? Hamının, böyük əksəriyyətin əzabla yaşamasına son qoymaq üçün bəlkə beş-on nəfər satqını, alçağı əyan-əşrəfi aradan qaldırmaq ən doğru yoldur? Mən Bəbirə inanıram — onun ağlına, müdrikliyinə inanıram».Məleykə ərindən yaman nigaran idi. Şəfinin neçə gündü bulud kimi tutulub açılmaması, öz-özünə danışa-danışa gəzib-dolanması Məleykəni demək olar ki, lap qorxutmuşdu. Şəfi işdə, çöldə-bayırda olan söz-söhbətin hamısını evdə arvadına danışırdı, çox şeydə onunla məsləhətləşərdi; Məleykə ən ağır anlarda ərinin qılığına girir, təsəlli verir, deyib-gülür, kişinin kefinn açırdı. Ancaq bu dəfə nə illah eləyirdisə, Şəfinin qırışığı açılmırdı. Məleykə şeyx Əhmədin tutulduğunu bilirdi, Möhsün adlı xəfiyyənin də ələ keçdiyini Şəfi demişdi ona. Ancaq Möhsünün öldürüldüyünü gizləmişdi, onun dörd uşağının yetim qaldığını gizləmişdi. Məleykənin ürəyini bilirdi, desəydi, bu ona dərd olacaqdı. Məhz buna görə söyləməməyi lazım bilmişdi. İşə getmək vaxtı idi. Şəfi gecəni səhərəcən yatmasa da, tezdən durmuş, üzünü təraş etmiş, çay-çörəyini də yemişdi, ancaq getməyə tələsmirdi. Pəncərənin qabağında dayanıb payızın xına çəkdiyi ağaclara tamaşa edir, siqaretini siqaretin oduna yandırırdı.
Стихи других поэтов
Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
Şiələr, qanə batıb ol şəhi-lövlak bu günŞiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.