Dördüncü hissə, on ikinci fəsil
Страница 4 из 5 · 60%
– Hansı köpək oğlu? Nəcməddin deyib bunu sənə?!. Dunyanın səsi:
– Hə, yox. O deməyib! Kişi səsi:
– Yalan danışma mənə, Dünya. Sənə bunu Nəcməddindən başqa heç kəs deyə bilməz. Səni ondan başqa kim görə bilir ki?! O deyib. Və həqiqətən o deyibsə, onda şübhələnib...
Dünyanın səsi:
– İnanmıram, şübhələnsin. Çünki əsas verməmişəm ona. Özü də malbaşın biridi. Sən deyən elə incə nöqtələrə vaqif olan adam deyil. Pir mənimdi, kəramətinə bələdəm...
Kişi səsi:
– Yox, Dünya, şübhələnib... Ehtiyatlı ol, qurban olum. Sən bu Nəcməddini yaxşı tanımırsan, onu mən yaxşı tanıyıram. O, adamın başını pambıqla elə kəsir ki, heç xəbəri də olmur. Ondan özünü qoru, qurban olum. Yoxsa hər ikimiz məhv olarıq.
Dünyanın səsi:
– Düz deyirsən, ehtiyat igidin yaraşığıdı. Kişi səsi:
– Əzizim, bu telefon məhəbbəti bilmirəm haçanacan davam eləyəcək. Ürəyim lap bir tikə olub səndən ötrü... Belə də zülm olar?! Daha dözə bilmirəm, inan, Dünya, əzizim...
Dünyanın səsi:
– Mən də, Vəlixan! Səbrim lap tükənib, əzizim. Ancaq ümid eləyirəm bu yaxınlarda görüşəcəyik. Deyəsən hərif əlahəzrətlə ova çıxmağa hazırlaşır... Onda mən sənə xəbər eləyərəm. Gecə gələrsən...
Kişi səsi:
– Təki olsun, canım-ciyərim. Səbirsizliklə gözləyəcəyəm o günü. O gün bizim ömrümüzün bayramı olacaq... Dünyanın səsi:
– Yaxşı, hələlik. Uşaq ağlayır... Mən gedirəm... Öpürəm səni...
Kişi səsi:
– Sağ ol, əzizim. Mən də öpürəm səni...
Bir-iki saniyəlik fasilə. Boş lent xışıltısı...
Nəcməddinin səsi:
– Alo, mənəm. Dünyanın səsi:
– Hardasan bu vaxtacan? Gecə saat birdi. Nəcməddinin səsi:
– Bərk kefliyəm. Bu... axşam... evə... gəlməyəcəyəmm... Dünyanın səsi:
– Yenə içibsən? Kimnənsən? Gəl evə... Nəcməddinin səsi:
– Dedim ki, gələ bilməyəcəyəmmm. Başaa düşürsəən? Darvazanı, qapı-pəpcərəni bağlaa... yatt! Dünyanın səsi:
– Ayrı maşına min, gəl, Nəcməddin. Nəcməddinin səsi:
– Eh... sööz deedim... (duud, duud). Yenə bir saniyəlik lent xışıltısı. Dünyanın səsi:
– Alo, salam, əzizim. Necəsən? Vəlixanın səsi:
– Ay salam, salam, mənim çiçəyim. Yaxşıyam. Sən necəsən? Deyəsən hirsin soyuyub, hə? Dünyanın səsi:
– Hə, soyuyub. Vəlixanın səsi:
– Səndən nə əcəb, ay mənim ömrüm-günüm, gecənin bu vaxtı zəng eləmisən? Səndən çıxmayan iş? Saat ikinin yarısında.
Dünyanın səsi:
– Yoxdu evdə kişi. Zəng eləmişdi, gəlməyəcək. Yenə haradasa lül-qənbər olub. Heç ağzı söz tutmurdu. Vəlixanın səsi:
– Nə yaxşı, nə yaxşı... Onda, canım-ciyərim, bu saat gəlirəm. Belə fürsət ələ düşməz... Dünyanın səsi:
– Yox, yox... Bilmək olmaz, bir də gördün qəfildən gəlib çıxdı... Yox, qorxuram. Vəlixanın səsi:
– Heç nə olmaz, cana. O, qapıdan gələndə, mən pəncərədən qaçaram, yalvarıram, qorxma, heç nə olmaz... Çox qalmaram yanında, bir saat, uzaq başı iki saat...
Dünyanın səsi:
– Mənim də ürəyim səni istəyir, lap çox, lap çox, bilirsən? Yox, bilmirsən səni necə istəyirəm... ancaq olmaz... Bu yaxında ova gedəndə lap arxayınlıqla görüşəcəyik, əzizim, bir az səbrin olsun... Onda gecə səhərəcən səni yanımdan buraxmayacağam...
Nəcməddinin — əlini geniş alnına söykəmiş, rəngi qapqara qaralmış, dodaqları əsən Nəcməddinin daha səbri çatmadı bu iyrənc söhbəti axıra qədər dinləsin. Onsuz da əvvəl bir neçə dəfə bu söhbətə axıracan qulaq asmışdı və bilirdi bu telefon danışığı da nə ilə bitir. Düyməni basıb maqnitofonu söndürdü. Sükut qılıncını çəkib hər şeyi susdurdu — evdə milçək uçsaydı, qanadlarının səsi eşidilərdi. Dünya canı çoxdan çıxmış adam kimi, əlləri qoynunda halsız-hərəkətsiz oturmuşdu. Rəngi qar kimi ağarmışdı. Elə bil, nitqi də batmışdı. Bayaq, Vəlixanın ölüm xəbərini eşidəndə yaş axıdan gözləri indi qupquru idi; ağlaya da bilmirdi deyəsən. Nəcməddin qalxdı, siqaret yandırdı təzədən, gəlib onun qənşərindəki stulda əyləşdi, balaca çib tapançasını da stolun qırağına, əlinin altına qoydu. Son on beş gündə heç kəsə açıb-ağartmadığı, az qala qəlbini partladacaq o dəhşətli əzabların intiqamını alacağı anların yaxınlaşdığını anlayıb bir az dirçəlmişdi elə bil; şübhələr, «bəlkələr» aləmində yaşamaqdansa əliqanlı qatil olmaq onun üçün min dəfə yaxşı idi, rahat idi. Özü hiss edirdi ki, ürəyində rəhm adlı şey qalmayıb. Qala da bilməzdi... Əvvəl belə qərara gəlmişdi ki, lenti dinləyib qurtarandan sonra, ondan heç nə soruşmadan, həyatını sona çatdırsın. Hər şey göz qabağında idi. Səsini dana bilməzdi ki!! Ancaq son anda fikrinə gəldi ki, ona öz sözlərini desin, ürəyini boşaltsın. Bundan da əslində qorxurdu. Dünyada adamı yolundan, əqidəsindən, məqsədindən döndərmək qabiliyyəti vardı — qorxurdu ki, birdən dilə tutar, ağlayar, yalvarar və onun əli sustalar, ürəyinə rəhm gələr. Ancaq yox, Nəcməddin hər şeyi keçərdi onun üçün — bu evi yandırsaydı, keçərdi, bütün milyonlarını dağıtsaydı, bağışlardı, ona güldən ağır bir söz də deməzdi. Axı o bədbəxt bu etibarsızı sevirdi — dünyada hər şeydən, hər kəsdən çox sevirdi. Çünki anlayırdı ki, həyatı, ömrü onun əlindədi, onun məhəbbətindədi, nəvazişindədi, gəncliyində və gözəlliyindədi. Bu mənfur, qədirbilməz qadın onu niyə başa düşmədi, niyə qiymətləndirmədi?! Bax, buna görə o, cəzasına çatmalıdır!
Nəcməddin siqaretin tüstüsünü tavana tərəf üfürüb ah çəkdi, titrək səslə soruşdu.
– Hə, necədi, bu mahnılar da xoşuna gəldimi, Dünya xanım?
– …
– Səninləyəm! Xoşuna gəldimi bu mahnılar?
– …
– Danışmaq istəmirsən. Çünki daha deyiləsi bir sözün qalmayıb. İnkar etmək olmaz, altından qaçmaq olmaz.
Vəlixanı sən öldürtdün? — Dünya onun gözlərinin içinə baxdı.
– Bəli, mən öldürtdüm. Dünən elə fikrim yox idi, bu gün səhər bu mahnılara — axşam saat ikinin yarısında oxuduğunuz bu mahnılara qulaq asandan sonra hökm verdim; o ölməlidir.
– Nə qəddar adam imişsən?!
– Bunun günahkarı sənsən, Dünya!
– Sən mənə xəyanət elədin. Mənim kimi kişiyə xəyanət elədin sən.
– Mən sənə hələ xəyanət eləməmişəm!
– Hm... Gülməlidir. Xəyanətin buynuzu olur məgər?! Keçən geçə sən qorxudan onu yanına buraxmadın, amma mən ova gedəndə sən onu yanına buraxacaqdın. Özü də səhərəcən saxlayacaqdın yanında. Eləmi? Tfu, nankor qadın, namərd mələk, şəxsiyyətsiz insan! Nəyin yox idi? Mənim yerə-göyə sığışmayan məhəbbətim sənə azlıq eləyirdi? Pis kişi idim sənin üçün? Sən mənə bu gün fikrən xəyanət eləmisən, sabah əmələn xəyanət eləyəcəksən — buna mən zərrə qədər də şübhə eləmirəm, Dünya. Gərək ki, sən özün də buna şübhə eləməzsən!! Sən, heyf ki, bir şeyi unutmusan, unutmusan ki, mən Nəcməddinəm, hər hansı bir avara kişi deyiləm ki, istədiyin vaxt məni aldada biləsən, başımın altına yastıq qoyasan. Sən bunu nahaq unutmusan. Sənin indi getməyə hazırlaşdığın yolları mən çoxdan gedib-gəlmişəm...
O danışdıqca Dünya diqqət verib görürdü ki, kişinin gözlərindən yaş axır!.. Hıçqırmırdı, hönkürmürdü, səssiz-səmirsiz ağlayırdı Nəcməddin!! Yalnız bunu görəndə bütün dəhşətilə anladı ki, onu Nəcməddin öldürəcək. Bədənini soyuq tər basdı, tükləri qabardı və bayaqdan heç gözünün ucu ilə də baxmadığı tapançaya qorxu içində nəzər saldı... Və birdən stuldan sürüşüb yerə düşdü, dizin-dnzin sürünə-sürünə Nəcməddinin qənşərinə gəldi, ayaqlarını qucaqlayıb hönkürə-hönkürə yalvardı:
– Allah məni öldürsün, Nəcmi. Mən günahkaram qabağında. Anlamamışam, bilməmişəm, qələt eləmişəm. Sənə yalvarıram, məni bağışla. Ömrüm boyu, ömrüm boyu sənə sadiq olmağa and içirəm, Nəcmi. Dünya dağılsa, milyon kişi dünyaya vəd eləsə, birinə də gözümün ucu ilə baxmaram. İnan, buna, Nəcmi, yalvarıram sənə, inan mənə...
– Çəkil, murdar, mən təmiz adamam, məni murdarlama murdar nəfəsinlə! — deyə o, soyuqqanlıqla Dünyanı ayağının ucu ilə vurub kənara atdı. — Çəkil.
Arxası üstə xalçanın üstünə düşmüş Dünya gözlərini yaş tuta-tuta tamam dönüb dəyişmiş Nəcməddinə baxdı, xeyli susduqdan sonra:
– Onda... onda... məni burax gedim! — dedi.
– Hara gedəcəksən?
– Hara gəldi, gedərəm, ağam. Uşağımı da götürüb gedərəm, ağam, tamam başqa şəhərə gedərəm...
– Yox, Dünya. Sən hara getsən, mənim adım sənin üstündədir. Bunu heç ağlına da gətirmə... Uşaqdan isə... nigaran olma, Dünya.
...Elə bu zaman Əbdül balaca Nəcməddinlə həyətdə gəzinirdi; kişi neçə vaxtdan bəri görmədiyi uşağı bağrına basıb yanaqlarından, dodaqlarından, əllərindən öpür, kimsənin eşidəcəyindən qorxurmuş kimi astaca pıçıldayırdı;
– Heç bilirsən sənin üçün necə darıxmışdım, ay oğul. Başına dönüm sənin, qurbanın olum sənin. Sən də mənim üçün darıxmışdınmı, can bala?
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-efsanesiz-iller-dorduncu-hisse-on-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əziz xan «mənim təbibim də sənsən, dərmanım da sənsən, oğul!» — deyərkən haqlı imiş. Nazilib üzülmüş, yönü o yana olan kişi, Bəbirlə barışandan, oğlu yanında qalandan bəri dirçəlmişdi, artıq durub gəzir, yeyib-içirdi; daha oğlunun xatirinə dəymirdi, çünki başı, necə deyərlər, daşdan-daşa dəymişdi. Bəbir bura gələnə qədər yaşadığı otağı da əlində saxlamışdı — işləmək üçün, yoldaşlarla görüşüb məsləhətləşmək, dərdləşmək üçün. Yeməyi, içməyi, yatmağı atasının evində idi. Ancaq bura da gəlirdi, yazıb-pozur, düşünürdü.Əziz xan daha onun heç bir işinə qarışmır: «Yekə kişidi, maşallah, nə etdiyini özü məndən yaxşı bilir!» — deyirdi.
İkinci hissə, altıncı fəsilGözəl bahar günü Dünya xanım halında xoş bir dəyişiklik hiss eləməyə başladı; ağzı sulanır, ürəyi bulanır, məcazı cürbəcür şeylər istəyirdi. Ancaq nə — bunu tapıb deyə bilmir. Bu dəyişikliyin səbəbi birdən-birə ona aydın olanda gözlərinə elə bil işıq gəldi — yenə içərisində o qəribə işıq şölə saçıb yandı, əslində əzgin, yorğun bədənində elə yüngüllük hiss elədi ki, sanki quş olmuşdu, kəpənək olmuşdu — bu dəqiqə istədiyi yerə uçacaqdı elə bil. Çünki bütün vücudunu sarmış o müxtəlif, adsız istəklərdən ancaq biri lap qabardı, adını dedi: o, turş şey istəyirdi!!Dünya xanım gəlib yataq otağında iki çarpayının ayaq ucunda qoyulmuş iri bədənnüma güzgünün qənşərində dayandı. Əvvəlcə üz-gözünə, sonra bədəninə tamaşa elədi. Yox, nəzərə çarpacaq elə bir dəyişiklik yox idi. Ancaq, xoş, məmnun bir hissiyyatla özünün daha da qəşəngləşdiyini görüb yerə-göyə sığmadı, qayğısız qız uşağı təki aynanın qabağında fırlandı...
İkinci hissə, yeddinci fəsilBu balaca bir daxma idi. Cəmi bircə pəncərəsi vardı, ona da qalın pərdə salınmışdı. İçəridəki girdə mizin üstünə qoyulmuş fənərin solğun, zəif işığı otağı güclə işıqlandırırdı. Bəbir, Məhəmməd Şəfi taxta çarpayının kənarında oturub siqaret çəkirdi. Vaxt keçirdi, ancaq Ziyaəddingil hələ gəlib çıxmamışdılar.Xeyli keçəndən sonra həyətdə maşın səsi eşidildi. Gəzinib keşik çəkən Elməddin qapını aralayıb başını uzatdı:
İkinci hissə, səkkizinci fəsilNeçə gündü ki, Məhəmməd Şəfi özündə deyildi. Yaxşı yata bilmirdi, çörək yeyə bilmirdi. Fikrini cəmləşdirib masa arxasında oturmağa da qərarı gəlmirdi. Düşüncəli-qayğılı gəzib-dolanır, yuxulu, yaxud sarsıntı keçirmiş və bunun nəticəsində də keyləşmiş adama oxşayırdı. Möhsünün, — satqın, xəfiyyə olsa belə, — ölümü onu yamanca silkələmişdi. Bir yandan istexbaratın divarları arasında olmazın işkəncələrə məruz qalan, lakin mərdanə susub heç kəsin adını çəkməyən şeyx Əhmədin dərdi, o biri yandan da bu Möhsünün öldürülməsi, onun başsız-sahibsiz qalan ailəsinin dərdi Məhəmməd Şəfinin ürəyini alt-üst eləmişdi. «Həyatın qanunları necə sərtdi, aman allah!— deyə gəzib-dolanır, hər şeyi ürəyinə salıb dərd eləyirdi. — Həyat nə qədər təzadlıdı; şirindi həyat, əzablıdı həyat eyni zamanda. Bir yanda süslü saraylar, xanimanlar, harınlar, o biri yanda isə bir tikə çörək üçün şərəfini satmağa, başını bıçaq altına qoymağa hazır olanlar, aclar, yalavaclar... Yox, mənim ürəyim bu ağrılara, əzablara dözə bilmir... Bu zəiflikdir, nədir, heç bilmirəm. Amma Bəbir möhkəm adamdır. Ziyaülhəqq sərt adamdır. Mən belə ola bilmirəm, bacarmıram. Lakin dərindən fikirləşəndə bəlkə onlar haqlıdırlar? Hamının, böyük əksəriyyətin əzabla yaşamasına son qoymaq üçün bəlkə beş-on nəfər satqını, alçağı əyan-əşrəfi aradan qaldırmaq ən doğru yoldur? Mən Bəbirə inanıram — onun ağlına, müdrikliyinə inanıram».Məleykə ərindən yaman nigaran idi. Şəfinin neçə gündü bulud kimi tutulub açılmaması, öz-özünə danışa-danışa gəzib-dolanması Məleykəni demək olar ki, lap qorxutmuşdu. Şəfi işdə, çöldə-bayırda olan söz-söhbətin hamısını evdə arvadına danışırdı, çox şeydə onunla məsləhətləşərdi; Məleykə ən ağır anlarda ərinin qılığına girir, təsəlli verir, deyib-gülür, kişinin kefinn açırdı. Ancaq bu dəfə nə illah eləyirdisə, Şəfinin qırışığı açılmırdı. Məleykə şeyx Əhmədin tutulduğunu bilirdi, Möhsün adlı xəfiyyənin də ələ keçdiyini Şəfi demişdi ona. Ancaq Möhsünün öldürüldüyünü gizləmişdi, onun dörd uşağının yetim qaldığını gizləmişdi. Məleykənin ürəyini bilirdi, desəydi, bu ona dərd olacaqdı. Məhz buna görə söyləməməyi lazım bilmişdi. İşə getmək vaxtı idi. Şəfi gecəni səhərəcən yatmasa da, tezdən durmuş, üzünü təraş etmiş, çay-çörəyini də yemişdi, ancaq getməyə tələsmirdi. Pəncərənin qabağında dayanıb payızın xına çəkdiyi ağaclara tamaşa edir, siqaretini siqaretin oduna yandırırdı.
Стихи других поэтов
Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
Şiələr, qanə batıb ol şəhi-lövlak bu günŞiələr, qanə batıb ol şəhi-lövlak bu gün,Fatimə başın açib, sinə elər çak bu gün.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.