Dördüncü hissə, on yeddinci fəsil
Страница 1 из 2
Qışın çıxhaçıx vaxtı idi, qar çoxdan ərimişdi, yer-yurd palçıqdı, nəmdi, ayaq dəyməyən yerlərdə körpə otlar baş qaldırırdı. Havaların şaxı sınmışdı. Günortaya yaxın gün üç-dörd saatlığına üzünü göstərirdi, adamların, torpağın canını qızdırırdı. Həyətlərdə alça, ərik ağaclarının tumurcuqları çırtlamışdı. Yazın nəfəsi yavaş-yavaş duyulurdu, təbiət qış yuxusundan oyanırdı. Yaz nazla gəlirdi.
Belə xoş, ilıq nəfəsli günlərin birində, aylardan bəri rahat həyatı pozulmuş, şirin yuxusuna haram qatılmış, yeməkdən-içməkdən qalmış, dəli kimi öz-özünə danışan, ağlının-huşunun məntiqini itirən, gah qızmış aslan kimi heç nədən qəzəblənən, gah da körpə uşağa dönüb için-için ağlayan ağayi Nəcməddin Əbdül yanına gələndə zəif, taqətsiz səslə dedi:
– Mənim paltarlarımı gətir.
Nə vaxtdan bəri yerindən qalxmayan ağasının geyinmək, ayağa qalxmaq həvəsini başa düşən Əbdül sevinc içində:
– Bu dəqiqə, ağam! —deyib onun paltarlarını, ayaqqabısını, papağını gətirdi. Ağayi Nəcməddinin yorğanını üstündən kənara atdı, qıçlarını yerə salladı, köynəyini, şalvarını geyindirdi, kəmərini bağlamaq üçün qoluna girib qaldırdı. Nəcməddin əlilə Əbdülün çiyninə söykəndi. Geyindirib qurtarandan sonra ehtiyatla soruşdu:
– Ağa, inşallah, hara getmək istəyirsiz? Ağayi Nəcməddin onun sualını cavabsız qoyub çuxura düşmüş gözlərini otaqda gəzdirdi.
– Bəs uşağı neyləmisən?
– İndicə yatırmışam, ağa. Yedizdirdim, yatızdırdım.
– Hm... — O, addım atmaq istədi, səndirlədi, Əbdül tez qoluna girdi.
– Belə hara gedirsiz, ağa?
– Məni həyətə çıxart...
– Baş üstə. Ancaq soyuq olar sizə, ağa. Qoyun, balapuşunuzu geydirim.
– Hə, gətir. — O, ara qapının çərçivəsinə söykəndi. Əbdül boynu çal dərili paltosunu gətirib geyindirdi, təzədən qoluna girdi, addım-addım eyvana, ordan da həyətə çıxdılar. Ağayi Nəcməddin pilləkənin aşağı başında dayandı, çoxdan görmədiyi həyət-bacaya baxdı. Göyərçinlər dirəyin üstündəki qutuda quğuldaşırdılar. Toyuqlar hasarın dibində eşələnirdilər...
Nəcməddin üşüdü. Geri qayıtmaq istədi — sanki nə üçün həyətə çıxdığını unutmuşdu. Sonra xatırladı.
– O biçarəni harda basdırmısan, Əbdül?
– Orda. — Əbdül kişinin niyyətini anlayıb sağ əlini bağın o başına sarı uzatdı. — Ərik ağacının dibində. Özünüz buyurduğunuz yerdə, ağa.
– Məni... ora... apar...
Əbdül ağasının qolundan tuta-tuta, addım-addım Dünya basdırılan yerə sarı üz qoydu. İyirmi-iyirmi beş addımlıq məsafə vardı, ancaq bu yol hər ikisinə nədənsə çox uzun göründü. Gedirdilər, ancaq çata bilmirdilər. Danışmırdılar. Ancaq əslində hər ikisi ürəyində danışırdı. Nə zamansa hər ikisi üçün çox əziz olan, hər ikisinə dünya sevinci bəxş edən, bəxtəvərləşdirən, sonra isə hər ikisinin ömür aşına təcrübəsizliyi, ağılsızlığı ucundan zəhər qatan, onları mənən öldürən, özü isə bu günahı üzündən məhv olub indi torpaqlar altında çürüyən Dünya xanım xəyala, yuxuya dönmüşdü. O öldürüləndən sonra «azad» olmuşdu, qara-qorxudan çıxmışdı. Daha Nəcməddindən də qorxmurdu. Onun «gözünün qabağında» heç nədən çəkinmədən Əbdülün yanına gəlirdi, xəyalına gəlirdi, hələ deyəsən ikiləşmişdi də: eyni vaxtda hər ikisinin «yanına» gedə bilirdi, danışırdı, gülürdü. Heç biri onu daha qısqanmırdı. O öldürüləndən sonra hərəsinin xatirində bir cür yaşamışdı, əvvəl gözəl, şirin, doyulmaz bir məlaikə kimi hardansa, göylərin lap dərinliyindən qanad aça-aça gözlənilmədən gəlirdi, sevirdi, səadət bəxş edirdi, güldürürdü hər ikisini, beləcə uzun bir müddət keçirdi — Nəcməddin üçün daha uzun, Əbdül üçün daha qısa bir vaxtda əsrarlı dünya yaradırdı, hər şeyi unutdururdu; sonra isə... həmin dünyanı, səadəti eləcə, doyulmamış, o şərbət camını axıra qədər içməmiş vurub dağıdır, əvəzində zəhər tökülmüş cam verirdi onlara... Onlar isə, Dünyanı o qədər sevirdilər ki, o şərbətdən sonra zəhər camı verə biləcəyini ağıllarına belə gətirmirdilər, içirdilər, eyni həvəs və ləzzətlə içirdilər. Yalnız içəndən, zəhər qana işləyəndən sonra ağlayırdılar ki, ey dadi-bidad, bu zəhər imiş, xəyanət zəhəri imiş... Nəcməddin indi də bilmirdi və ömrünün axırına qədər də bilməyəcəkdi ki, onun çox sevdiyi, inandığı Dünyası ona iki dəfə zəhər içirdib. Birinci dəfə Əbdülə uyanda bu zəhəri içirtmişdi: onda Dünya xanıma Əbdül də az kömək eləməmişdi. Onda, hər şeydən xəbərsiz olan ağayi Nəcməddin rəhmsizcəsinə təhqir olunanda, çirkab donuna bürünəndə, namussuzluq, qeyrətsizlik paltarı geyəndə Dünya da, Əbdül də nəşənin, ləzzətin sehrli qucağında, gizli, oğrun, əlçatmaz bir aləmdə sevini-sevinə yaşamışdılar. Əbdülün o zaman ağlına da gəlməmişdi ki, Nəcməddin kimi qadir və qüdrətli bir kişiyə zəhər camı içirtməyə qabil olan Dünya xanım, gözəl günlərin birində ona da həmin camdan zəhər verə bilər. Bəli, heç ağlına gəlməzdi. Bu dəfə artıq harınlaşmış, zər-ziba içində üzüb süslənmiş və özünü hamıdan ağıllı hesab etmək dərəcəsinə qədər «yüksəlmiş» Dünya xanım ikisinə də birdən acı, öldürücü xəyanət zəhəri içirmək istəmişdi, istəmişdi, ancaq Əbdülün ayıqlığı, sayıqlığı nəticəsində məqsədinə çatmamış, yarı yolda tutulmuşdu, əlində də xəyanət camı... O camı Nəcməddin — qüruru, mənliyi, kişiliyi tapdalanan Nəcməddin eyni rəhmsizliklə onun özünə içir-mişdi — hələ o ağıya bir az da qızıl qan qatıb içirtmişdi. Əbdül mələk donlu bu qadının əllərini tutmuşdu, Nəcməddin içirtmişdi.
Hər ikisi ağacın altında dayanmışdı, düşünürdü; qəbir adlı şey yox idi, hamar torpaq idi. Dördkünc şəklində gül kolları əkilmişdi. Bunu Əbdül eləmişdi. Bir azdan bahar girəndə onlar gül açacaqdılar, bir-birinə qarışıb-sarmaşıb gül divarı əmələ gətirəcəkdilər, Dünya xanım bu gül divarının arasında «yaşayacaqdı». O, gülü çox sevirdi, onların ətrindən məst olardı, gözləri axardı, ruhu təzələnərdi. Bunu Nəcməddin də bilirdi, Əbdül də...
– Qoyma bu qəbir itsin, Əbdül... — hüzn içində Nəcməddin nəhayət dilləndi — Qoy elə-beləcə, baş daşısız, adsız-sansız yaşasın burda Dünya. Oğluna da deməzsən, səni and verirəm allaha, deməzsən. Qoy uşaq bilməsin, sınmasın.
– Baş üstə, ağam, — Əbdül də kədərli-kədərli cavab verdi, — demərəm.
– Qoy... o... beləcə yaşasın... Nə qədər ömrün var, həyətdəsən, bu qəbrə qulluq eləyərsən, qoymazsan itib-bata... Onun qəbir ömrü sənin ömrün qədər olsun, Əbdül. Sən öləndə o da ölər, təzədən ölər, tamam ölər... Məni isə... burda basdırmazsan, Əbdül. Qəbiristanlıqda basdırarsınız... Elə incimişəm, qəlbim elə sınıb ki, onunla gor qonşusu da olmaq istəmirəm. Başa düşürsən?
– Bəli, qurban...
Əbdül hansı bir sövqi-təbii iləsə hiss eləmişdi ki, kişi, son günlərini yaşayır və bura, Dünyanın qəbri üstə gəlməyi də əbəs deyil: o vidalaşmaq üçün gəlib... Bəlkə də, halallıq istəyəcək? Ancaq Nəcməddinin son sözləri onun bu fikrinin yanlış olduğunu anlatdı. Yox, halallıq istəmək qəsdi yoxdu kişinin. Əbdül bir az cəsarətləndi və dedi:
– Bağışla onu, ağam. Ürəyin rahat olar. Onsuz da o ölüb gedib!!
– Nə? Bağışlayım?
– Bəli, ağam. Bağışla o bədbəxti...
– Yox, Əbdül. Dünya dağıla bağışlamaram, Əbdül. Hətta ölüsünü belə bağışlaya bilmərəm. Eşidirsən, bağışlaya bilmərəm.
– …
– Mən bura onu bağışlamağa gəlməmişəm, mən... elə-belə... onun yatdığı torpağa baxmaq üçün gəlmişəm. Ona şer deməyə gəlmişəm. Sən bilirsən, o necə də şer sevən idi. Çox sevirdi şeri... — Susdu, dolmuş gözlərini taxtaya dönmüş əlinin arxası ilə sildi. Neçə an hərəkətsiz dayanıb sözsüz-sovsuz Dünyanın qəbrinə tamaşa elədi. Cansıxıcı, qəlb-üzücü sükut xeyli çəkdi, Əbdül darıxdı. Bu zaman Nəcməddin sanki qəbirdən zühur etmiş Dünya xanımla danışmağa başladı:
– Mən sənə şer gətirmişəm. Haçandır şersiz qalıbsan burda.
– …
– Bu misraları özüm yazmışam. İnanmırsan? Vallah, özüm yazmışam. Sənə aid yazmışam. Deyimmi?
– …
Vəfasızdan vəfa ummaq əbəsmiş,
Hicranında oda yanmaq əbəsmiş.
Vəfalıdan zəhər al iç, bal dadar.
Vəfasıza könül vermə, aldadar...
– dedi Nəcməddin və sözlərinin yaxşımı, pismi olduğunu eşitmək üçün azca dayanıb dinşədi: cavab gəlmədiyini görüncə ah çəkib dedi: — Sən belə vəfasız imişsən, sən belə qədirbilməz imişsən!.. Tanrı məhz buna görə sənə belə dəhşətli, ağır cəza verdi. — Bu sözləri deyə-deyə ağlına gəldi ki, daha o, hər sözünün, hər cümləsinin axırında əzizləyə-əzizləyə «Dünyam mənim», «Dünyam», «Dünya xanım» demir, dili gəlmir. Halbuki, sağlığında dili bu sözlərə elə öyrəşmişdi ki, heç lazım olmayanda da tutuquşu kimi bu sözləri təkrar eləməkdən yorulmurdu. İndi isə... dili gəlmirdi. Hətta çaşıb da demirdi.
...Balaca Nəcməddin oyanmışdı. Ağanın tapşırığı ilə Əbdül uşağı geyindirib onun yanına gətirmişdi. Kişi içəridə divanda oturmuşdu. Uşaq, ögey bacısının bir dəfə zarafatla dediyi kimi, daha adama oxşayırdı. «Atasını» tanıyırdı. Əbdülə daha çox isinişmişdi — çünki günün çoxunu onun qucağında olurdu. O da yorulmaq — usanmaq bilmədən, böyük həvəslə onu oynadır, yedirir, gəzdirirdi: totuqmotuq, qəşəng uşaq idi; qabaqdan ağ süd dişləri çıxmışdı. İpək kimi yumşaq saçları xınayı rəngə çalırdı, uzun kirpikləri vardı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-efsanesiz-iller-dorduncu-hisse-on-yeddinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu, dünən olmuşdu, dünən Nəzər ömrünün ən ağır gününü yaşamışdı; bu, təkcə ağır gün deyildi, həm də ağrılı gün idi. Müharibə vaxtı, Belorus meşələrində on üç gün ac qalanda, Berlin darvazasının ağzında düşmən mərmisi qıçını dağım-dağım edəndə belə ağrı duymamışdı canında. Can ağrısına dözmək asan imiş, ürək ağrısına dözmək olmurmuş!.....Gecəni səhərəcən yata bilməmişdi, dan yeri qızaranda azcana çimir eləmişdi, quş yuxusu alıb yenə, adəti üzrə, saat səkkizin yarısında ayılmış, geyinib-kecinmiş, yeməyini yeyib yola düşmüşdü
Birinci hissə, yeddinci fəsilBikə xanım günorta evə gəlmişdi.– Nə olub, ay kişi? Görürəm, çox bikefsən, pərişansan neçə gündü. Dünyada pensiyaya çıxan elə bir sənsən? İtiyi itmiş adam kimi ora-bura çovuyursan. Şakir kimdi ki, sən onun sözüynən ərizə verirdin ki? Dəvədən böyük fil var. Mənə desəydin, qoymazdım səni ərizə yazasan, kişi.
Birinci hissə, səkkizinci fəsilBikə xanım darvazanın qənşərinə çatanda Nəzərin kiminləsə ucadan danışdığını eşidib bir anlığa duruxmuşdu; ürəyi atlanmış arvad özünü yel kimi həyətə təpib ortalıqda, damağında siqaret, tək-tənha var-gəl eləyən ərindən hövlnak soruşmuşdu:⎯ Uşaqlar gəlib?
Birinci hissə, doqquzuncu fəsilGüldanə evin qabağında çömbəltmə oturub tezdən Tapdığın kəsdiyi toyuqların tükünü teştin içində yolurdu. Uzunlu-qısalı yaş tükləri səliqə ilə teştin bir qırağına yığır, dodaqaltı çox sevdiyi «Sağ ol, əzizim» mahnısını zümzümə eləyirdi. Birdən böyründə kimsə öskürüb dilləndi:⎯ Ay ev yiyəsi, qonaq istəmirsən ki?
Стихи других поэтов
Çıxanda göylərə şəhbali-e’tilayi-zəfər,Qanadlanır daha balalara səmayi-zəfər.
RübailərEy badi-səba, güzar qıl Təbrizə,Aləmdə qalıb ümidimiz bir sizə,
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə