Üçüncü hissə, beşinci fəsil
Страница 2 из 2 · 50%
– Siz tələsməyin, ağayi Rəhgüzər. Bu sözləri orda, lazımi yerində deyərsiniz. Mən bura sizinlə siyasi müzakirə aparmaq üçün gəlməmişəm. Sizin beyninizin içi bizə çoxdan məlumdur və əgər siz bu sözləri dilinizə gətirməsəydiniz belə, mən bilərdim ki, siz bunları deyə bilərsiniz, deməlisiniz. Mən bura iki şey üçün gəlmişəm.
– Buyurun, ağayi dikərval.
– Birincisi budur ki, sizin ruznamədə çap olunmuş «Nə etmək lazımdır?» məqaləsinin və nəxost-vəzirə çəkilmiş karikaturanın müəlliflərinin kim olduğunu sizdən öyrənim! Beləliklə, deyin görüm məqalənin müəllifi kimdir?
– Seyid Şəmsəddindir, ağayi-dikərval, — Bu ki məqalənin altında yazılıbdır.
– Görürəm. Kimdir bu Şəmsəddin?
– Oxucumuzdur.
– Nəçidir?
– Mən onu bilmirəm, ağayi dikərval. O müəllifin heç üzünü də görməmişəm, şəxsən tanımıram. Məqaləni məktub vasitəsilə göndərib, mən də oxumuşam, xoşuma gəlib çap etmişəm.
– Hm... — polkovnik barmaqları ilə stolun qırağını tıqqıldatdı və soruşdu: — Hanı məktub?
Şəfi arxa tərəfindəki şkafdan, köhnə qəzet nömrələrinin üstündən iki zərf götürüb polkovnikin qarşısına qoydu:
– Buyurun. Məqalə də, karikatura da bu zərflərdə gəlibdir. Lazımınız olsa, ünvanlarını götürüb həmin adamları tapa bilərsiniz.
Polkovnik zərfləri diqqətlə nəzərdən keçirtdi. Üstündə ünvan, ad yazılmış zərflər doğrudan da poçt vasitəsilə göndərilmişdi. Poçt idarəsinin möhürü, tarixi vardı.
– Belə çıxır ki, siz hər kəs yazı göndərirsə, çap edirsiniz?
– Əlbəttə. Yaxşılarını ancaq.
– Yox! Nə isə, düz demirsiniz, ağayi Rəhgüzər.
– Sübutunuz?
– Sübutum hələlik yoxdur, ancaq hissiyyatım mənə deyir ki, bu heç də siz deyən kimi deyil. Bəlkə də mənim yerimdə başqası olsaydı, sizin dediklərizə inanardı. Ancaq mən... mən bu işlərdə iyirmi beş il can çürütmüşəm. Məni aldatmaq olmaz, ağayi Rəhgüzər.
Bu zaman redaksiyanın qapısı açıldı, polis nəfərləri çevrildilər: içəri bir nəfər cavan zabit girdi, ayaqlarını cütləyib polkovnikə salam verdikdən sonra dedi:
– Elməddinin evini axtardıq...
Elməddinin adını eşidən kimi, Rəhgüzərin ürəyi şiddətlə çırpındı. Ani olaraq gözləri qaranlıq gətirdi, beyni uğuldadı, «heyf!» — dedi öz-özünə və yüngül ah çəkdi. Ancaq bu çaşqınlıq bir an oldu. Şəfi özünü ələ alıb zabitin üzünə baxdı. O deyirdi:
– Şerləri var, hekayələri var, bir də bax bu şəkli tapdım, qəzetdə çıxan şəkli. — O, iki qatlanmış vərəqi polkovnikə uzatdı. Rəhgüzər karikaturanı tanıdı. Qaralama variantı idi. Altında, kağızın aşağı qulağında o, öz adını da yazmışdı. Bunu görəndə Şəfi lap sarsıldı. Həyəcanını, təşvişini gizlətmək üçün siqaret yandırdı. Polkovnik qalib bir ədayla:
– Gördünüz, ağayi Rəhgüzər? Məni aldatmaq olmaz deyirdim sizə? Kimdir bu Elməddin?
– Mən onu tanımıram. Düzdür bir Elməddin var, onun şerlərini, hekayələrini çap etmişəm. Ancaq bu Elməddini tanımıram.
Polkovnik kinayə ilə gülümsündü:
– Siz elə bilirsiniz biz yatmışıq? Yox, ağa. Biz sizdən də ayıqıq, bu, bizim vəzifəmizdir. Baxın, karikatura şəhri-novdan 33 №-li evdən gəlib. Elə deyilmi? Bax belədir ünvan. Bəs — o, üzünü zabitə tutdu, — Elməddin harda yaşayır?
– Yadeyi-Madiriyyədə!
– Görürsünüz, ağayi Rəhgüzər? Demək, bu, yalan ünvandır. Bu sizin özünüzün uydurmanızdır. Mən yoxlamamışam hələ, ancaq əlimin içi kimi bilirəm ki, şəhri-novda otuz üç nömrəli evdə Elməddin adlı adam yaşamır və əgər yaşayırsa da, bu həmin Elməddin deyil. Eləcə də Şəmsəddin. Buna nə deyirsiniz?
Şəfi tüstünü havaya üfürüb qətiyyətlə dedi:
– Mən dediyimi yenə də deyirəm. Nə Şəmsəddini, nə də Elməddini şəxsən tanıyıram.
– Nahaq inad edirsiniz. Siz uşaq deyilsiniz. Bilirsiniz ki, biz istədiyimizi daşdan-divardan belə öyrənə bilərik.
– Öyrənin.
Polkovnik üzünü zabitə tutdu:
– Gedin Elməddini aparın.
– Baş üstə. Ancaq evdə yox idi.
– Yerin deşiyində olsa da, tapın, aparın. Bunları orda görüşdürərik.
– Baş üstə! — Zabit çevrilib çıxdı. Polkovnik ani sükutdan sonra Şəfiyə baxmadan söylədi:
– Bu biri. Qaldı ikinci məsələ... Şəfi yorğun-yorğun soruşdu:
– Nədir o ikinci məsələ?
Polkovnik tələsmədən ayağa durdu. Qapı ağzında dayanmış polis nəfərinə baxıb göz vurdu. Onlar irəli yeridilər: hərəsi bir tərəfdən.
– Götürün!—dedi polkovnik. Polislərdən biri arxasında tutduğu dəmir qandalı Şəfinin qoluna salmaq istəyəndə o, ayağa qalxıb:
– Bu nəyə lazımdır, mən özüm gedirəm, ağayi dikərval! — dedi.
Polkovnik iblisanə bir gülüşlə:
– Sizin mətbuatın öz qanunları olduğu kimi, bizim də öz qanunlarımız var, ağayi şair, — dedi. Onun bu sözündən sonra Şəfi müqavimət göstərməyin yersiz olduğunu anlayıb əllərini irəli uzatdı. Qandal-buxov cingildəyib bağlandı. Polkovnik soruşdu:
– Necə yazmısınız, ağayi şair? Hə, yadıma düşdü «Qırın zəncirləri, buxovları siz!»... Sonra baxışları ilə qandala işarə elədi: — Hə, indi qırın zəncirləri... görün, qıra biləcəksinizmi!?!
Şəfinin gözləri nifrətlə parıldadı.
Əvvəlcə polkovnik çıxdı. Dalınca Şəfi və polislər. Küçədə üstüörtülü göy maşın dayanmışdı. Şəfi başını aşağı salmışdı. Bu beşaddımlıq yolu əlləri qandallı getmək onun üçün çox ağır idi. Küçədən keçənlər görəcəkdi. Qapıdan çıxandan iki addım atmamışdı ki, bir qadın qışqırdı divarın dibindən:
– Şəfi, Şəfi can! — Şəfi başını qaldırdı — Məleykə idi, qaça-qaça ona sarı gəlirdi. Yanında da Bəbrək. Rəbiə, Jalə...
Bəbrək qabağa qaçıb özünü atasına yetirdi, qıçlarını qucaqladı, əllərinə baxıb ağladı:
– Qibləgahım...
– Ağlama, oğul. — Şəfinin gözləri doldu. Qızlar da sarmaşdılar, ağladılar. Şəfi əyilib onların üzündən öpdü. Sonra gözlərindən gildir-gildir yaş tökən Məleykəyə baxdı:
– Sən də ağlayırsan, Məleykə?
– Şəfi, sənə qurban olum...
– Darıxma, Məleykə. Ağlama. Uşaqlardan, özündən muğayat ol, Məleykə. Tez gələcəyəm.
Camaat artıq gurlaşmışdı. Küçədən keçənlər ayaq saxlayıb tamaşa edirdi. Şəfinin qıçlarından qopmayan körpələrin fəryadına, Məleykənin ağlamasına sükutla baxırdılar. Çalmalı bir kişi yanındakı cavan oğlana deyirdi:
– Şairi apardılar. Məleykənin səsi ürək qoparan idi.
– Şəfi, Şəfi can!!!
Nəcməddin dəstəyi yerə qoyaraq siqaret yandırdı. Kreslodan tərpənməyə mafarı olmadı. Qıçını qıçının üstünə aşırıb fikrə getdi... Məleykənin ağlar səsi qulaqlarından çəkilmirdi. Arvad hıçqırıq içində boğula-boğula Şəfinin İstexbarat işçiləri tərəfindən tutulub aparıldığını söyləyəndə Nəcməddin o qədər də təəccüblənmədi, çünki o, gec-tez belə bir işin olacağını bilirdi, yuxarılarda gedən söhbətləri eşitmişdi. Bununla belə, Şəfini bir şair kimi çox istədiyindən, bu xəbər onu təşvişə saldı, heyfsiləndi, Məleykəyə ürək-dirək verib üstündən də dedi:
– Mən ona tapşırmışdım axı, ehtiyatlı olsun.
Məleykə cavabında nəsə söylədi, ancaq Nəcməddin yaxşı başa düşmədi.
Dünya o biri otaqda Nəcməddinin kimləsə telefonla danışdığını eşidib çağanı asma beşiyə qoyaraq yanına gəldi. Kişini çox pərişan görüb soruşdu:
– Nə olub, Nəcmi? Kim idi danışan?
Nəcməddin siqaretin külünü külqabına çırpıb dedi:
– Məleykə idi, Şəfini tutublar!
Dünya xanım səksənmiş halda barmağını alt dodağının üstünə qoyub:
– Vay!.. — dedi, — kim tutub, Nəcmi?
– Sizmane-əmniyyə...
– Nə üstə görəsən, Nəcmi?
– Eh, nə üstə olacaq? Yəqin siyasi şeylər üstə... — o, siqaretinə bir dərin qullab vurub əlavə elədi: — su çanağı suda sınar. Neçə dəfə dedim ki, qarışma bu işlərə. Şair babasan, otur şerini yaz. Köhnə bazara təzə nırx qoymaq sənə qalmayıb. Dünya bineyi-qədimdən belə gəlib, belə də gedəcək. Başını bıçağa sürtmə dedim. Dedi yox. Bu da nəticəsi.
– O boyda şairi tutmaq olar, Nəcmi?
– Tutarlar, hələ canını alıb təpəsinə güllə də çaxarlar. İndi nə zəmanədi məgər? Padşahları öldürürlər, onda qalmış şair ola! — Bu zaman telefon səsləndi. Nəcməddin əlini uzadıb telefonun dəstəyini götürdü. Danışan Zərrintac idi.
– Necəsən, qızım? — Nəcməddin soruşduqda Zərrintac bikef-bikef cavab verdi:
– Elməddini apardılar, qibləgahım. Bir az əvvəl gəlib evi gəzdilər, kağız-kuğuzunu götürdülər, indi də Əhədulla xəbər gətirdi ki, özünü də dəftərdən maşına qoyub aparıblar.
– Hə? — dəstək Nəcməddinin əlindən düşdü.
– Elməddini də tutublar? — Dünya danışıqdan, ərinin vəziyyətindən hər şeyi anlayıb xəbər alanda Nəcməddin başını tərpətdi.
Dünya yenə barmağını alt dodağına qoydu:
– Vay!.. Bu nə müsibətdir biz düşdük?!
Nəcməddin ani düşüncədən sonra ayağa qalxdı və Dünyaya heç nə demədən başılovlu evdən çıxdı.
...Telefon cingildədi. Bəbir qələmi yerə qoyub dəstəyi götürdü:
– Mənəm.
Kim idisə azca sükutdan sonra səsi tanıyıb həyəcanla dedi:
– Mənəm! — Adını çəkmədi. Bəbir də səsindən danışanı tanıdı, — Hər ikisini apardılar!
– Elə şey olmaz?
– Oldu... apardılar!
Zəng edən artıq heç nə deməyib dəstəyi asdı. Bəbir də dəstəyi qara aparatın üstünə qoyub gözlərini yumaraq başını tüklü əlləri arasına aldı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-efsanesiz-iller-ucuncu-hisse-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əbdül dünən Dünya xanımın gizli və oğurluq vüsalından nə qədər xoşbəxt və məst idisə, üstündən cəmi bircə gün keçməmiş, bu gün, yarımca saat bundan əvvəl bir o qədər, bəlkə də ondan on qat çox bədbəxt və miskin olmuşdu. Elə bil, Dünya xanım bircə gecənin içində tamam dəyişmişdi, keçən günkü mehribançılığından, nəvazişindən, məhəbbətindən bir zərrə də qalmamışdı, şən, bəxtəvər o qadından əsər-əlamət qalmamışdı; sanki Əbdülün qabağında Dünya xanımın qiyafəsində, libasında olan, onu əsla tanımayan yad və şübhəli bir qadın dayanmışdı. Qaş-göz, saçlar, dodaqlar Dünya xanımın idi, amma ürək yox; Əbdül heyrət içində idi.Bu gün səhər ağayi Nəcməddini yola salıb darvazanı möhkəm bağlayan Əbdül, aranı xəlvət görüb dünənki səadəti bir də, təzədən yaşamaq, ləzzət almaq üçün yuxarı qalxmaq istəyəndə Dünya xanım pilləkən başında, gözlənilmədən əlinin işarəsi ilə onu saxlayıb üstünə çımxırmışdı:
Dördüncü hissə, birinci fəsilGecəyarıdan keçmişdi, günortadan sonra lapar-lapar yağmağa başlayan qar hələ də kəsməmişdi, həyət-bacalara, küçələrə, damların üstünə bir qarışdan çox yumşaq qar örtüyü çəkilmişdi, şəhəri hündür hasar kimi dövrəyə almış dağlar göydə uçuşan qar ləçəklərinin arxasında görünməz olmuş, bəyaz göylərə qarışmışdı. Külək yox idi, sakit, mülayim, qarlı qış gecəsi idi, şəhər axşamdan ölü sükutuna qərq olmuşdu və bu sükut getdikcə dərinləşir, vahiməli olurdu.Məhəmməd Şəfinin, pəncərəsi gündoğana baxan iş otağından işıq gəlirdi. Bu evin təmtərağını görən, Şəfili günlərinin şahidi olan adamlar ilk baxışda belə güman edə bilərdi ki, şair yenə arvad-uşağı, yatandan sonra öz otğına çəkilib yazıb-yaradır. Ancaq təəssüf ki, bu belə deyildi, Şəfi evdə yox idi, Şəfi o gedən getmişdi, haçan qayıdacaqdı və ümumiyyətlə qayıdacaqdımı — kimsəyə məlum deyildə. İndi qar naxışlı pəncərədən içəri boylanan olsaydı, Şəfinin stolunu Şəfisiz görərdi, ancaq bunu da görərdi ki, onun vəfalı ömür-gün yoldaşı Məleykə xanım əllərini qoynuna qoyaraq məlul-məlul oturub divanın üstündə, kədər dolu gözlərini Şəfinin sahibsiz stoluna zilləyərək qəm dəryasına qərq olub. Otağı Şəfi necə qoyub getmişdisə, eləcə idi. Polisin murdar nəfəsi dəyəndən sonra Məleykə otağı ağlaya-ağlaya yenə əvvəlki səliqə-sahmana salmış, silib təmizləmiş, onların eşib alt-üst elədiyi kağız-kuğuzu, kitabları yerbəyer eləmişdi. Neçə gün özünə gələ bilməyən Məleykə bu otağa ayaq basmağa cürət eləməmişdi, uşaqları da ora girməyə qoymamışdı. Ancaq özü neçə dəfə çaşmış, qeyri-iradi olaraq Şəfinin içməyə adət etdiyi kəkotu çayı dəmləmiş, çayniki, piyaləni, şəkəri güllü siniyə qoyaraq ərinin otağına gətirmiş, yalnız qapı ağzında onun yoxluğunu xatırlayıb ah çəkərək geri qayıtmışdı. Və bu hadisədən sonra saatlarla özünə gəlməmişdi, ürəyi hövl eləmiş, ancaq uşaqların yanında ağlayıb onların ürəyini qana döndərməkdən özünü saxlamış, içində sızlamışdı.
Dördüncü hissə, ikinci fəsilYaxşılıq itmirmiş — düz imiş. Elməddinin öz sürücüsü Əhədulla ilə xoş, mehriban münasibəti səkkiz-doqquz uşaq atası olan, kasıb güzəran keçirən, balalarını pendir-çörəklə güclə dolandıran Əhədullanın ürəyində, taleyində silinməz iz buraxmışdı və ona elə gəlmişdi ki, heç bir qohum-əqrəbası, yaxını-simsarı olmayan bu qatmaqarışıq şəhərdə özünə bir qardaş tapıb, arxa tapıb. Həyatda o qədər çətinliklər və pis adamlar görmüşdü ki, Elməddinə rast gələndə, onun insani rəftarını görəndə əvvəl inanmaq istəməmişdi, «yəqin bu da bir kələkdi» — deyə düşünmüşdü, çünki iyirmi il yaşadığı, dolaşdığı bir mühitdə böyükdən-kiçiyə hamının bir-birini aldatmaq, pulunu, son tikəsini əlindən almaq istədiyinin dəfələrlə şahidi olmuşdu. Varlı da, yoxsul da gözdən tük qapmağa, yumurtadan yun qırxmağa çalışırdı — varlı daha dövlətli olmaq üçün, yoxsul azca da olsa güzəranını yaxşılaşdırmaq üçün... Ancaq Elməddin belə deyildi: Əhədulla onun rəftarına, işinə, ürəyinə baxanda sanırdı ki, o bu şəhərə ya göydən gəlib, ya tamam başqa bir aləmdən. O, Əhədulla ilə bir insan kimi davranır, dərdləşir, məsləhətləşirdi, yeri gələndə öz sürücüsünün həyatı ilə maraqlanır, lazım olanda ona əl də tuturdu. Bu, Əhədullanın o qədər xoşuna gəlmişdi ki, indi özünü bu böyük şəhərdə tək, kimsəsiz hesab eləmirdi, arxalı sayırdı. Evdə arvadının, uşaqlarının yanında o qədər Elməddindən danışmışdı ki, hamısı onu əziz adamları sayırdı. Üzünü görmədikləri adamın adını «əmi» deyə yad edirdilər. Arvadı isə Elməddinin adını çəkəndə yanına bir «qardaş» kəlməsi də əlavə eləyirdi. O, demək olar ki, qiyabi surətdə hələ bircə dəfə də ayaq basmadığı bu evin, bu ailənin hörmətli bir üzvü olmuşdu. Qızlar Elməddinin alıb göndərdiyi parçadan paltar tikdirib geyəndə «Bunu mənə Elməddin əmi alıb!» — deyə öyünürdülər və Əhədulla uşaqlarının — indiyə qədər təzə parçadan paltar geyməmiş qızlarının sevincini görüb qəlbində ona dua eləyir, «dünyada yaxşı adamlar da varmış, —deyirdi. — Mən ömrüm boyu, son nəfəsimə qədər sənin bu yaxşılığını yadımdan çıxartmaram, ağa!».Ancaq Əhədullanın xoş günləri uzun sürmədi: Elməddini həbs elədilər. Bu xəbəri eişdəndə o, yamanca sarsıldı. Qulaqlarına inanmaq istəmədi, «ola bilməz!» — dedi. Həmin sözü Elməddinin arvadı — Zərrintac da söyləyəndə onun inanmaqdan özgə çarəsi qalmadı. Uşaqları, arvadı isə bu xəbəri lap matəm kimi qarşıladılar. Üstlərinə su çilənmiş kimi boyda-boyda bir-birinin yanına düzülüb məyus halda başlarını aşağı saldılar.
Dördüncü hissə, üçüncü fəsilBuxarı gurhagur yanırdı. Üst-üstə qalanmış daş kömür parçaları nazik, şəffaf alov dilləri altında qızıl külçəsi kimi par-par parıldayıb qızarırdı. Buxarının yanları da qızarmışdı. Əziz xan sol tərəfdə, Bəbir sağ tərəfdə yumşaq kresloda əyləşmişdi. Bayaqdan heç biri danışmırdı. Əziz xanın sur təsbehinin aramsız şıqqıltısından başqa otağın sakitliyini heç nə xələldar eləmirdi. Bəbir əlində tutduğu güllü piyalədən qurtum-qurtum çay içir, iri gözlərini qızarmış buxarıya zilləyib düşünürdü. Aradakı darıxdırıcı sükutu Əziz xan pozdu:– Nə yaman fikirlisən, oğul? Nə olub belə? Bəbir boş piyaləni böyründəki kətilin üstündə olan siniyə qoyub:
Стихи других поэтов
Şagird oldun qulluq eylə ustada,İblisdən dərsini alma hayıfsan.
Cəfərqulu xanın Mirzə Əbülqasım Qazini həcv etməsiƏla, ey munisi-dirinə qazi,Yetirdin sinnini sittinə, qazi.
CəmaətSəd heyf, əzizan, belə mərdanə cəmaət,Görməyibdilər eşqi-mey-ü-meyxanə, cəmaət.
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,