Страница 2 из 2 · 50%

Qızıl o zamanlardan insanlar arasında yaşayır, gəzir-dolaşır, əldən-ələ keçir, bağlı qapılar açır, həlli müşkül məsələlərin düyününü açır. Doğrudan da hamının yanında əziz olur. Onu görəndə hamı ehtiramla ayağa durur, baş əyir, həyatı bahasına olsa belə onu əldə etməyə çalışır, onu qoruyur, canından, övladından belə çox istəyir, gecə-gündüz onun haqqında düşünür... O, hansı qapını açıb içəri girirsə, o evə sevinc, şadlıq gəlir, güc-qüdrət gəlir... Bütün bu ehtiramlar üçün o, öz yaradanına minnətdar olur. Bir gün ulu tanrı qızılı yanına çağırıb soruşur:

– Hə, Qızıl ağa, yer üzündə işlərin necə gedir?

– Ey əziz tanrı,—deyir qızıl, — sayeyi-mərhəmətindən işlərim əladır. Yer üzündə bütün əşrəfi-məxluqat mənə ehtiram bəsləyir.

– Heç elə olubmu ki, sözün keçməsin, sənə kəmetina olsunlar, ayaqlar altına düşəsən? Qızıl ah çəkib deyib:

– Olub, ulu tanrım.

– Danış, görüm?!

– Sahibimlə bir ölüm işini həll eləmək üçün bir hakimin yanına getmişdim. Sahibim oğlunun ölüm hökmünü əfv etdirmək istəyirdi. Gümanı təkcə mən idim. Məni atlas kisəya yığdı, apardı. Dərdini dedi, məni hakimin qabağına tökdü. Mən parıldadım, cilvələndim, gözünü qamaşdırmaq istədim. Ancaq hakim mənə gözünün ucuyla da baxmaq istəmədi. Yox, — dedi, — olmaz, — dedi. Bu zaman su sonası kimi bir cavan qadın içəri girdi. O qədər gözəl idi ki, o qədər zərif idi ki, elə bilirdin məlaikədi, göylərdən enib gəlib, hakim də, sahibim də heyrət içində donub qalmışdılar. Mən ayaqlar altında idim, üzümə baxan da yox idi, ulu tanrım.

Hakim özünü unutmuş halda:

– Buyurun, xanım. Mən sizi dinləyirəm. Əyləşin, — dedi, sonra üzünü bizə tutub dedi, — siz gedə bilərsiniz. Bu düzələn iş deyil.

Sahibim kor-peşman məni də götürüb çıxdı; qapı ağzında çaşqın dayanıb nə edəcəyimizi bilmirdik. Mənim qürurum sınmışdı, sahibimin isə beli. Ancaq biz qapı arxasında gələn qadının dediyi bu sözləri eşitdik:

– Möhtərəm hakim, o ölümə məhkum olmuş cavan mənim sevgilimdi, onu mənə bağışlamağınızı xahiş edirəm.

Və bir azdan sonra qadın hakimin otağından şad-xürrəm çıxanda biz başa düşdük ki, hakim məhkumu bağışlayıb.

Ulu tanrım, o vaxtdan mən harda qadın görürəm, qarşısında baş əyirəm, barmaqlarını, sinələrini, topuqlarını, qulaqlarını bəzəyirəm qadınların. Çünki ulu tanrım, sən qadını məndən də qüdrətli, hökmlü yaradıbsanmış!

Dünyanın bu söhbətini dinləyən Nəcməddin başını bulamışdı:

– Yox, düz deyil, Dünya. Bu, əfsanədi.

– Əfsanədi? — deyə Dünya razı olmadığını bildirmək üçün soruşmuşdu. — Düz deyil? Gözünlə görmək istəyirsən?

– Hə. Göstər, göstər körüm.

Dünya ağlına gələn fikirdən qorxsa da, bu qorxunu nazaqəmzəyə büküb eləmiş, onun başını əyib saçlarından öpmüş, sonra gülə-gülə demişdi:

– Buyur, bax! — O, xalçanın üstə oturub ayaqlarının xırda, qara tüklərini pişik tükləri kimi sığallayan Nəcməddinə və özünə baxışı ilə işarə eləmişdi — Dünyanın ən qüdrətli, ən varlı, ən qızıllı bir kişisi olan sən indi mənim ayaqlarım altındasan, ey mənim əzizim, ay mənim dilbilməzim. İndi inandın?

Nəcməddin bu sözdən sonra sıçrayıb ayağa qalxmaq istəmişdi, ancaq Dünyanın ağ dizlərini, dolu ayaqlarını görüb təzədən hər şeyi unudaraq onları öpməyə başlamış və sonra yorğun-yorğun demişdi:

– Ay şeytan, düz deyirsən, sən məndən qüdrətlisən, mənim Dünyam, mənim sevincim, mənim ürəyim, gözlərimin işığı.

O anda ürəyində ötəri, sarsıdıcı, qürurunu, mənliyimi tapdalayıb əzən, lakin Dünyanın şirin sözlərilə tez keçib-gedən bir hiss oyandırmış bu sözləri eşidəndə qız bu xanimana təzə gəlmişdi, necə deyərlər, şirin, dadlı vaxtları idi; onda Nəcməddin özünə söz vermişdi ki, bir də heç zaman onun ayaqları altına düşməyəcək, özünü kişi kimi aparacaq, alçaltmayacaq, hökmünü, ixtiyarını əlindən verməyəcək. Sonralar da bu əfsanə və onunla əlaqədar Dünyanın dediyi sözləri tez-tez xatırlayırdı Nəcməddin. Ancaq günlərin birində, — onunçun nə qədər ağır olsa da, — başa düşdü ki, dünyanın bütün gözəlliyini, şirinliyini, işvəsində, nazında, gözlərinin işığında, bədəninin ağlığında və doyulmazlığında gizlətmiş, bu ilahi qadının ayaqları altına düşmək, onun qədəmləri dəyən yerləri öpmək də bir səadətdir, kimsəyə nəsib olmayan bir xoşbəxtlikdir. Bunu da dərk elədi ki, ondan qaçmaq, yaxa qurtarmaq, doymaq, əl çəkmək mümkün deyil, əsla mümkün deyil. Yer göyə qovuşa bilər, aləm dağıla bilər, ancaq bu, ola bilməz. Çünki o, sehrdi, tilsimdi, əfsundu. Onu bu qadından ancaq və ancaq ölüm ayıra bilər, əgər ayıra bilsə? Ölmək? Yox, belə gözəl, belə şirin və doyulmaz qadını qoyub ölmək də olmaz. İlahi, özün Nəcməddinə belə bir dağ çəkdirmə. Onun üçün ən yaxşı ölüm hər ikisinin birgə ölümü ola bilər, bax bu cür ölümün özü də bir səadət olar! Nəcməddin bu həqiqəti dərk edəndən sonra, doğrudan da Dünyanın qabağında bir qula, bir əsirə döndü və onun nazı ilə oynamağı, özü ilə oturub-durmağı adət elədi.

Dünyanın hökmranlığı hamilə olandan sonra daha da artmışdı. Ərköyün böyümüş uşağa dönmüşdü Dünya. Nəcməddin onun qabağında bir dayə kimi dayanmışdı. Çayını verirdi, suyunu verirdi, soyundururdu, geyindirirdi. Kişi bəlkə də doğma qızının — çox istədiyi ciyərparası Zərrintacın qulluğunda bu cür canıyananlıqla durmazdı. Buna hövsələsi çatmazdı. Nəcməddin qayğısını, mehribanlığını artırdıqca Dünyada bir arxayınlıq, ərköyünlük əmələ gəlirdi və o, yeri gəldikcə Nəcməddinə təlqin eləməyə çalışırdı ki, onların gözəl günləri hələ qabaqdadır,

Oğlanları olandan sonra, — Dünyanın fikrincə mütləq oğlu olacaqdı, — onlar bundan da xoşbəxt olacaqlar. Nəcməddin «oğlan» sözünü eşidəndə uçunurdu, az qalırdı Dünyanın «oğlan» deyən dodaqlarını gəmirsin, onu sonsuz öpüşlərə qərq eləyirdi. Bu zaman Dünya onu ərklə kənara itələyirdi.

– Yavaş, ədə, adam kimi öpməyi də bilmirsən. Ağzının, burnunun suyu axıb adamı iyrəndirir. — Və bu sözdə Dünyanın içindəki gizli ikrah özünü büruzə verirdi, lakin gözləri tutulmuş, dərk etmək qabiliyyəti sanki əlindən alınmış Nəcməddin bu ikrahı duymurdu, başa düşmürdü. Son vaxtlar əlinə yaxşı bir bəhanə də düşmüşdü — şersiz gəlmə yanıma!—deyirdi. Şeri olmayanda Nəcməddini yanına buraxmır, naz eləyir, kiçicik bir şeyi bəhanə edir, «özümü pis hiss eləyirəm!» deyib üzünü divara çevirərək yatırdı. Nəcməddin onu çox sevdikcə, əzizlədikcə gözəgörünməz bir əl sanki Dünyanı çəkib uzaqlara aparırdı. Onun sanki hissləri, varlığı, ürəyi harasa qeyb olur, təkcə bədəni qalırdı Nəcməddinin gözləri qabağında. Və bədbəxtlik burasında idi ki, bunu Nəcməddin görə bilmirdi, hiss edə bilmirdi — bunu ancaq Dünya özü bilirdi; bilirdi ki, Nəcməddinin ona dediyi məhəbbət dolu sözlər əvvəllərdə olduğu təki indi ona ləzzət vermir, sönük, quru, boğazdan yuxarı deyilmiş sözlər kimi görünür, bəzən isə, iyrənc, bezdirici təsir bağışlayır! Halbuki həmin sözləri Nəcməddin ürəkdən, yana-yana, sevə-sevə deyirdi, deməyi bacarmadığı üçün söyləyirdi — onlarda bu qoca, bəlkə də həqiqətən miskin görünən bir məftunun ürəyi çırpınırdı.

Nəcməddin isə bütün bu şıltaqlığını Dünyanın hamiləliyi ilə izah edirdi, «qadın ikicanlı olanda bir az da uşaq xasiyyətli olur, bətnindəkinə arxayınlaşıb ərköyünləşir, eybi yoxdur, qoy eləsin, mənim balamın anası olacaq, dözərəm, hər nazına, hər şıltaqlığına, təki salamatlıq olsun» — deyir, ürəyinə hərdən yol tapan qara fikirlərə, şübhələrə qılınc çəkir, özünü arxayınlaşdırırdı.

Bütün müəssisələrinin gəlirini-çıxarını quruşuna-rupisinə qədər fikrinin gözü ilə görən Nəcməddin, ömrünü, gününü qurban elədiyi, dünyada hamıdan, hətta özündən də çox istədiyi Dünya xanımın gözü qabağında ikiləşdiyini, cismən burda, fikrən isə başqa yerdə olduğunu görə bilmirdi.

Və onun faciəsi məhz bunda idi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов