Страница 4 из 4 · 75%

– Yox, içəcəyik, Dünya. Hər dəqiqə adamın belə dəmi gəlmir.

– Bəsdi dedim! — Dünya amiranə bir səslə söylədikdə Nəcməddin onun sözünə əhəmiyyət vermədi, əl atıb ikinci şüşənin dibində qalan viskini də piyaləyə süzdü və öz-özünə danışırmış kimi söylədi, — içəcəyik, Dünya, içəcəyik dünya beşgünlükdü, içəcəyik, Dünya.

Nəcməddinin Dünyanın sözünü saya salmaması Əbdülə ləzzət verdi və ürəyində düşündü ki, daha özünə çox da qürrələnmə, Dünya xanım, sənin ən böyük nöqsanın çox hökmlü olmağındadı. Elə bilirsən ki, sənin sözün həmişə qanun olmalıdı, beyninə nə batdısa, nə dedinsə, elə bilirsən düzdü-doğrudu? Heç kəsi eşitmək istəmirsən, haqq sözə də qulaq asmırsan. Sən nə qədər hökmlü olsan da, ağayi Nəcməddinin qabağında gücsüzsən, Dünya. Mənə baxma, mən qulam-nökərəm, sənin qulunam, ürəyimin quluyam, məni tapdaya bilərsən, ayaqlarının altına sala bilərsən, ancaq onu yox. Görürsən, daha o da sənə itaət eləmək istəmir, sən öz hökmranlığını yavaş-yavaş itirirsən, hələ çox itirəcəksən, Dünya. Hələ belə getsə, özünü də itirəcəksən, Dünya... — Və onun yadına düşdü ki, çox-çox qabaqlar, bu gizli sevdanın başladığı günlərin birində — Dünya xanım artıq evin xanımı yox, Əbdülün gizli məşuqəsi, Əbdül isə bu evin nökəri deyil, Dünya xanımın sevgilisi, özü də şirii sevgilisi olan vaxtların xoş saatında onların arasında belə bir söhbət olmuşdu:

Dünya xanım Əbdülün qolları arasında vüsal şərbətini içib məst olandan sonra soruşmuşdu:

– Məni çox sevirsən, Əbdül?

Əbdül onun gözlərini, dodaqlarını, buxağını isti, hərarətli öpüşlərə qərq edə-edə cavab vermişdi:

– Mənim sənə olan sevgim bəyana gəlməz, gülüm. Səni tapandan sonra mən ancaq sənə səcdə eləyirəm, mehribanım.

Sən mənim ulu tanrım olubsan, ay mənim doyulmazım. Sən mənim bütümsən, səcdəgahımsan. Ağam hərdən deyirdi, gəl səni evləndirim, düzü az qalmışdım razılıq verəm. Ancaq, indi yox... İstəmirəm, səndən başqa heç kəs lazım deyil mənə!

– Mənə də səndən başqa kimsə lazım deyil. Mən dünyanın ləzzətini, nəşəsini səndə görmüşəm, əzizim. Sən mənim üçün bu dünya malından da artıqsan, şirinsən. Mən qoymaram evlənəsən, öldürərəm səni, diri-diri boğaram, bax, öz əllərimlə. Buna da gücüm çatmasa qovaram səni buradan. Gedərsən, qalarsan mənsiz. Qala bilərsən?

– Yox, bir gün də qala bilmərəm. Sən məni burda elə həbs eləməyibsən ki, burdan bir də çıxmaq fikrinə düşəm...

– Elə deməyimə baxma, mən də qala bilmərəm sənsiz.

– Sənin hər cövrünə, hər əzabına dözərəm, şirinim. Hər acığına dözərəm, bircə dəfə də şikayət etmərəm, bezdim demərəm... Döy məni, söy məni, ətimi tikə-tikə doğra, sənin üçün ixtiyarsız yaş tökən mən indiyəcən bilmirdim ağlaya da bilərəm. Gözlərimi çıxart, incimərəm, uf demərəm... Ancaq...

– Ancaq nə?

– Heç...

– Yox deyəcəksən. Ancaq nə?

Əbdül haradansa ağlına gələn fikri udmaq istədi, ancaq Dünya əl çəkmədi, dirəndi.

– Deməsən, küsəcəyəm səndən.

– …

– Hə, ancaq nə?

Əbdül məcbur olub söylədi:

– Tək bircə... xəyanət eləsən mənə... Bax, onda... Dünya güldü:

– Bax onda... Onda nə olar?

– Onda səndən küsərəm, yox, küsmərəm, onda səni öldürərəm.

– Ürəyin gələr?

– …

– Xəbər alıram, məni öldürməyə ürəyin gələr?! Əbdül xeyli susub sonra cavab vermişdi:

– Eləsən, hə... Mən qulam, qulun intiqamı isə yaman olur... Ancaq, düzü, mən bunu elə-belə deyirəm, biləsən, məni tanıyasan... Əslində isə, heç ağlıma gətirmirəm ki, sənin kimi ağıllı bir qadın elə axmaq bir iş görə bilər nə vaxtsa. Yox, heç ağlıma gətirmirəm. Bu cür məhəbbətdən sonra, bu cür qaynayıb-qarışmaqdan sonra, iki canda bir ürək olandan sonra elə şey dünyasında ola bilməz... Elə deyil, qurban olum?

– Elədi, elədi. Mənə nə lazımdı? Mənə gözəl gün-güzəran lazımdı, varımdı. Mənə kişi lazımdı, varımdı.

– Kimdi o kişi?

– Sən!

– Bəs o? — deyə Əbdül ağayi Nəcməddinin divardan asılmış və onlara baxan iri şəklinə işarə eləmişdi— Bəs o?

– Eh, o elə-belə... Rəsmiyyət üçün... O kişi deyil ki... Onun adı kişidi, onun adı lazımdı bizə.

– Onu çox istəyirsən, məni?

– Səni. Üzdə onu, ürəyimdə səni... O qonaqdı bu evdə...

– Niyə? Kişi öz evində qonaqdı?

– Hə, qoca kişidi, bir il, iki il, uzaq başı beş il ömrü qalıb... Sonra... sonra, ölüb gedəcək... Qalacağıq biz üçümüz...

– Üçümüz?

– Hə də... Sən, mən, bir də o...

– O kimdi?

– Körpəmiz... Qorxusuz-ürküsüz yaşayacağıq...

Körpə sözünü eşidəndə Əbdül o qədər sevinmişdi ki, gözləri yaşarmışdı... Təzədən onun boyun-boğazını öpüşlərə qərq eləmişdi...

Vaxt keçib dolanmışdı, körpə «gəlmişdi», «qonaq» isə hələ getməmişdi. Üstəlik körpə dünyaya gələndən sonra, Dünya xanım dönüb dəyişmişdi, Əbdülə kəmiltifat olmuşdu. Bunun səbəbi, Əbdülün, fikrincə ancaq o kürən idi. İlk vaxtlar Əbdülün bu qısqanc fikirlər beyninə batanda neçə dəfə Dünyaya işarə eləmək istəmişdi, bu fikirdən daşındırmaq istəmişdi, ancaq ehtiyat eləmişdi, susmuşdu. Hətta bir dəfə... «Beynində ilan-qurbağa dolaşır!» — deyə işarə etmişdisə də, Dünya xanım heç nə başa düşməmişdi... Və ümumiyyətlə Dünya onun sözlərini dinləmək istəmirdi son vaxtlar, zəhərləyirdi onu..

İndisə belə bir gərgin vəziyyət yaranmışdı. Bunun axırı necə olacaqdı, hələ təyin eləmək çətindi.

Lakin bu içki məclisi kələfin ucunu bu günə qədər şad-xürrəm yaşayan, heç nədən şübhələnməyən, qocalıq məhəbbətinin şirin nemətləri ilə nəfəs alan Nəcməddinin əlinə verdi və o ayıldı... Ağlına gələn dəhşətli fikir onu silkələdi, titrətdi; o, bircə anın içində deyəsən qəflət yuxusunda olduğunu anlayıb ürəyində inildədi, məst-məst dönüb Dünyaya baxdı, üzündən-gözündən bir şey oxumağa çalışdı, ancaq görünür, Dünya daha usta tərpəndi, özünü tox tutdu, daha doğrusu, bu iki kişinin ürəyindən xəbəri olmayan Dünya adi vəziyyətində idi.

Sonuncu badəni Nəcməddin qaldırdı:

– Bunu da içək bizim Dünyamızın sağlığına, Əbdül. Əbdülün əli badəyə uzanmadı.

– Götür, içək, Əbdül.

Əbdül götürdü və ağasının piyaləsinə vurmadan başına çəkdi. Heç nə demədi. Yenə də...

Nəcməddin tədbirli adam idi, səbirli idi. «Olan olub, keçən keçib. Asta tərpənib usta iş görmək lazımdı...» — deyə qərara aldı və ayağa durdu. Əbdül də qalxanda səndirlədi, az qaldı yıxılsın, ancaq əlini atıb stolun qırağına söykəndi.

Dünya qəzəbli halda dedi:

– Sənə demədim bu qədər içmə?! Canın çıxar, indi bu süfrəni beləcə yıxıla-yıxıla yığışdırarsan... Bir dənə qabı sındırsan, başını sındıracağam — fırlanıb içəri keçdi.

Əbdül valaylaya-valaylaya süfrəyə baxdı, ağzını marçıldatdı, nə isə donquldandı. Nəcməddin:

– Əşi, qoy qalsın, səhər yığışdırarsan... İt yox, pişik yox. Get yat... Gedə biləcəksən?..

– Hara?

– Yatmağa...

– Elə burda yataram.

– Yox, dur səni aparım...

Nəcməddin qoluna girdi, pilləkənləri ehmalca bir-birindən tuta-tuta düşdülər... hücrəyə sarı yan aldılar...

– Sənə nə olub, Əbdül?

– Mənə heç nə, ağam. Nə olub, sənə olub!

– Necə? — xeyli sükutdan, özünü ələ alandan sonra Nəcməddin soruşdu və zənnində yanılmadığını anladı, bunu da anladı ki, bu nökərdən nə çəkə bilsə indi çəkə biləcək, çünki özündə deyil, özünü-sözünü bilmir, ürəyindəkini deyəcək...

– Axı necə, Əbdül? — təkrar, soyuqqanlıqla soruşdu... — Açıq de, qorxma.

– Mən... heç kəsdən... qorxmuram.

– Niyə də qorxasan... Biz ağa-nökər deyilik, biz dostuq qardaşıq...

– E...lə...di... Sən... yaxşı adamsan, ağa, ancaq yazıq adamsan...

– Niyə?

– Sənin işin olmasın... Mən özüm öldürəcəyəm...

– Kimi, Əbdül?..

– Kürəni də... Dünyanı da...

Nəcməddin susdu... Aydındı... hər şey aydındı... «Bəs bu kürən kimdi?» — beynində dolanan bu sual cavabsız qaldığından soruşdu:

– Kürən kimdi?

– O da, o köpək oğlu, — əlini qonşu tərəfə uzatdı... « — Əvvəl telefonu öldürəcəyəm, ağa... Çünki birinci telefon günahkardır...

Əbdülün elə bil ürəyi boşaldı, dərdini deyib yüngülləşdi və yerdə uzanmaq istəyəndə Nəcməddin onu tutub hücrəsinə sürüdü, leş kimi taxtın üstünə atdı...

Çıxıb bayırda heykəl kimi dayandı... Beynində hər şey qarışmış, dünyası alt-üst olmuşdu...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, on birinci fəsil

Hacı şəhərin sakit, bağ-bağatlı bir məhəlləsində, akademiyanın və təzə tikilməkdə olan metronun yanındakı binalardan birinin beşinci mərtəbəsindəki tək otaqlı mənzilin qapısının zəngini basdı. Qapının üstünə ağ dəmir lövhədə sarı xətlə «S.A.Hüseynov» yazılmışdı. «Saleh Əlişir oğlu Hüseynov… Bu oğlandan çox şey öyrənmək mümkündü. Ceyhunun dostu olub– Salman, Nadirə onu çox yaxşı tanıyır – atası da Salmanın yaxın adamlarındandı…»

15 мин
Birinci hissə, on ikinci fəsil

Şər qarışan vaxtıydı. Zərli pərdələri kənara çəkilmiş pəncərədən içəri qərib axşam qaranlığı axıb dolurdu. Otaq sükut içində mürgü vururdu. Elə sakitlik idi ki, sanki dörd otaqlı bu mənzildə heç kəs yox idi. Nurəddin yumşaq kresloda yarı uzanmış halda oturub qıçlarını xalça üstə uzatmışdı və nəfəsliyi açıq pəncərədən çölə baxa-baxa fikirləşirdi ki, görəsən arvad-uşaq hardadı. Samirdən səs-səmir yox idi, Mürşüdün evdə olub-olmadığı çox vaxt hiss edilmədiyindən o, təyin edə bilmirdi ki, oğlu burdadı ya yox. Ürəyi sıxılırdı, iri, kobud əliylə ürəyinin üstünü ovxalayırdı, ancaq küt ağrı azalmırdı, təngnəfəslik keçib getmirdi. İşığı yandırmaq lazım idi, ancaq Nurəddin qalxıb qapı ağzındakı düyməyə barmağını uzatmağa ərinirdi.İşdən gələndən sonra elə kresloda bir saatacan çimir eləmişdi, idarədə başını-beynini yorub şişirtmiş gərginlik bir az azalmışdı. Telefon zəngləri, ayrı-ayrı adamlarla söhbətlər, gah qan qaraldan, gah fərəh bəxş eləyən qayğılar hər gün bu və ya digər şəkildə təkrar olunduğundan bezdirici, usandırıcı görünürdü Nurəddinə. Ancaq son vaxtlar deyəsən buna adət eləmişdi. Bunlar olmayanda, xüsusən şənbə və bazar günləri darıxırdı. Səbəbini çox düşünüb tapmışdı; evdə hakimiyyət yox idi. Özünü çox zabitəli, hökmlü adam saysa da, bu kiçik ailə artıq onun idarəsi altından çıxmışdı. Böyük oğlu arvad-uşaq sahibi olandan sonra, demək olar ki, ayağını ata mülkündən çəkmişdi. Hərdən bir zəng eləməklə kifayətlənərdi. Samirə onun narahat, çılğın rəftarına uzun ilər dözə-dözə artıq biganələşmişdi – Nurəddinin xoş sözünün də, qəzəbinin də onun üçün heç bir təsiri və əhəmiyyəti yox idi. Bazar-dükan, biş-düş idi Samirənin işi. Xörəyi yaxşı çıxanda, duzu-tamı yerində olanda sevinirdi. Təzə, yağlı ət, ölüşgəməmiş göy-göyərti, içi puç olmamış turp alanda xoşhal olurdu. Ərinin kitabının, məqaləsinin, əsərinin çıxmasının elə bil zərrəcə ona dəxli yox idi. Sanki onlar tamam yad bir adamın kitabı – əsəri idi ki, Nurəddin evə gətirirdi, ilk vaxtlar yazı stolunun üstə saxlayıb bir neçə gün gedib-gəlib, oturub-durub baxırdı, gələn dostlarına fərəhlə üstünü yazıb bağışlayırdı. Onlar da onu ağız dolusu tərifləyirdi, «Sən bizim böyük alimimizsən, səninlə fəxr eləyirik!» - deyirdilər. Bəzən Samirə xörək gətirəndə, çay verəndə belə söhbətlərin istər-istəməz şahidi olurdu və nədənsə ona elə gəlirdi ki, bax bu adamlar yalandan, könlü xoş olsun deyə, uzaqgörənlik edib Nurəddini tərifləyirlər; ya ikiüzlüdülər onlar, ya da yaltaqdılar. Samirənin, evdar qadın olsa da, universiteti bitirəndən, Nurəddinə ərə gedəndən sonra, ictimai həyatdan, öz sənətindən ayrı düşüb bu dörd divar arasında yaşasa da, bir çox məsələlərdə olduğu kimi, əri barədə də öz fikri var idi. Düzdü, o, bunu indiyəcən dilinə belə gətirməmişdi. Ancaq ürəyindəydi bu fikri və ürəyində deməkdən heç kəsdən, hətta Nurəddinin özündən də qorxmurdu – çünki, - Samirə şükür eləyirdi – nə yaxşı ki, Nurəddinin telepatlığı yoxdu. Yoxsa onun yeganə «azadlığ»ı – qəlbində sərbəst, qorxusuz-ürküsüz fikir söyləmək, düşünmək «azadlığ»ı da əlindən alınardı və onda Samirəni heç nə bu evdə saxlaya bilməzdi. Baş götürüb gedərdi – çünki onda Nurəddin arvadının onun barəsindəki fikrini açıq-aydın oxuyardı və dözməzdi. Samirənin isə, Nurəddini dünyada hamıdan yaxşı tanıyan bir insan kimi, fikri çoxdan qətiləşmişdi: Nurəddinin özü nədi ki, yazdığı da nə ola! Hələ tələbəlik illərində, Heydər Hüseyn, Əli Sultan, Aslan Aslanzadə kimi məşhur alimlərin kəlamlarına qulaq asan Samirənin beynində belə bir qənaət yaranmışdı ki, yaxşı insan olmayan yaxşı kitab yaza bilməz. Kitab yazan adam gərək fövqəlbəşər olsun, təmiz olsun, müqəddəs olsun, lap gərək allah olsun. Alim də, şair də… Bax, gərək belə olsun. Kim deyə bilər, kim ağlına sığışdıra bilər ki, Nizami, Bəhmənyar, Nəsimi, Füzuli, Seyid, Sabir… pis adam olublar?.. Adamın dili quruyar belə desə, ürəyi yanıb parçalanar belə düşünsə!.. Olub – Samirə bilirdi – olub ki, pis adamlar da kitab yazıblar. Ancaq hanı onların kitabları?.. Özlərinin pislikləri oduna yanıb kül olublar o kitablar!

20 мин
Həsrət

ağların başına qar yağmışdı, ətəklərində isə hələ də göymeşə uzaqdan qara tala kimi görünürdü. Şaxta adamın üz-

23 мин
Meşədə

ar altında nəfəs alan şam meşəsində sakitlikdi. AğaclarınQ yana əyilmiş budaqlarından asılmış sırsıralar bu yerlərdə

14 мин

Стихи других поэтов