Страница 2 из 2 · 50%

Xatirəni görəndən sonra Bəhruzun butün fikirləri dağıldı. Aldığı kitabların sayı çox olsa da, oxuduqlarının sayı azaldı. Kitabı vərəqləyir, bir az ordan-burdan oxuyur, sonra aparıb Xatirəyə qaytarır, yenə ayrı kitab istəyirdi. Bir dəfə Xatirə zarafata salıb demişdi:

– Maşallah, yamanca sürətlə oxuyursunuz.

– Hə, – deyə Bəhruz ayrı söz tapa deyə bilməmiş və qızarmışdı.

Kitabxanada ən çox oturan Bəhruz idi. Axşamlar saat onda, kitabxana bağlananda oxu zalından axırıncı çıxan da o olurdu.

Xatirə Bəhruzu başa düşürdü. Dadlı, şirin bir duyğu, sehrkar bir hiss kitabxanada da, evə gedəndə də, gecələr yatanda da onun ürəyinə nəsə pıçıldayır, sinəsi atlana-atlana ciddi, özünü tox tutmağı bacaran, ancaq nəsə ürəyinin öhdəsindən gələ bilməyən, qəlbinin dediklərinə tabe olan Bəhruz haqqında düşünür və özü də hiss etmədən xəyala dalırdı. Ona elə gəlirdi ki, Bəhruzu çox yaxşı tanıyır, onun görünüşü, baxışı, hətta, yerişi belə Xatirəyə nəsə xoş bir təsir bağışlayırdı. Xatirə Bəhruzun evinin ünvanını da bilirdi. Özü də Xatirədən iki yaş böyük idi. Oxucu vərəqəsindən öyrənmişdi.

Bəhruz utancaq oğlan deyildi. Onun utanan adamlardan da bir o qədər xoşu gəlmirdi. Ancaq indi təəccüb və heyrət içində çaşıb qalmışdı. Nə üçün Xatirəni görəndə elə uçunurdu? Nə üçün dili söz tutmur, ən adi kəlməni deyəndə belə çaşırdı? Burada nə hikmət, nə sirr vardı? Bax, dünən o, özünə möhkəm söz vermişdi ki, axşam qız evə gedəndə ona yanaşacaq, ürəyini açacaq, sinəsini boşaldacaq. Getdi, qız qabaqda, o dalda. Ancaq yaxınlaşa bilmədi. Yol qısaldı, deyə bilmədi, qız darvazalarından içəri keçdi, yenə dili söz tutmadı. O, Xatirəni səssiz-səmirsiz ötürdü. Tək bir dəfə yox, nə qədər belə axşamlar oldu.

Bir gün gecə evə gələndə anasını bikef gördü. Keçib yanında əyləşdi. Səbəbini soruşdu. Arvad siyirtmənin gözündən göy bir kağız parçası gətirib:

– Pavısqa gəlib sənə, – dedi və ah çəkdi.

Ana bir dəfə əsgər yola salmışdı – neçə illər bundan qabaq. O zaman çəkdiyi ayrılıq əzablarının ağrısı-acısı hələ də unudulmamışdı. Unudulmazdı da.

İndi o, yaxşı bilirdi ki, bu əsgərlik o əsgərlikdən deyil. Amma necə də olsa ayrılıq-ayrılıqdır. Ana-bala ayrılığı. Həm də Bəhruzun hələ bir sənəti yox idi. Ana ən çox bunun nigarançılığını çəkirdi. Bəhruz isə...

Axı, o hələ ürəyini sevdiyi qıza açmamışdı. Bu onun halını pərişan elədi. Gedəcək, üç il Xatirəni görə bilməyəcək. Gələcək. Bəlkə onda... onda gec olmayacaqmı? Yox, getməmiş danışmaq, hər şeyi utanmadan, çəkinmədən demək lazım idi.

Ayın iyirmi beşində o yola düşür. Cəmi ikicə gün qalıb.

...Kitabxana bağlandı. Qızlar çıxdılar. Qapının ağzında ayrılıb hərəsi bir səmtə üz tutdu. Xatirə tələsmirdi. Aylı bir gecə idi. Yüngül meh əsirdi. O, arxayın addımlarla irəliləyirdi. Bəhruz ona həsrətlə baxırdı. Ürəyi elə şiddətlə döyünürdü ki, səsini aydın eşidirdi.

– «Bax, bu tini keçsin, çatacağam, sözümü deyəcəyəm. Yox, arxadan adam gəlir, yaxşı düşməz. Bu küçə həmişə tünlük olur».

Gedirlər. Xatirə xəbərsiz, o, həyəcanlı. «Bax, indicə...» Onunla qızın arasında üç addım yol var. Azaldı. İki addım yarım, iki addım. Ayaq səslərini yəqin ki, Xatirə də eşidir. «Bir qayıt bax geriyə Xatirə, gör kim gəlir dalınca» – deyə Bəhruz ürəyində söylənirdi. – «Yox, nəyinə gərək. Şəhərdə hər dalınca gələnin üzünə dönüb baxmayacaq ki».

Qız evlərinə çatdı. Xatirəgil iki küçənin kəsişdiyi yerdə – ikimərtəbəli binada yaşayırdı.

Bəhruz irəli yeridi. Özünü zorla ələ alıb qızı lap küçə qapısının ağzında haqladı.

– Xatirə.

Qəribə idi. Xatirə onun səsindən səksənmədi. Elə bil Bəhruzu görürmüş, dalınca gəldiyini bilirmiş.

Buyurun... – deyə o, azca gülümsündü.

Bəhruz, qızın belə arxayın və sakit halda «buyurun» deməsindən özünü itirdi, irəlicədən hazırladığı, əzbərlədiyi, ürəyində min dəfə təkrar etdiyi sözlərin hamısını unutdu.

– Mən əsgər gedirəm... – deyə elə bir namünasib yerdən başladı ki, qız heyrətlə oğlanın üzünə baxdı. Elə bu an evin küçəyə çıxan eyvanından bir qadın Xatirəni səslədi:

– Xatirə, orada neyləyirsən?

Qız dabanı üstə fırlanıb yuxarı baxdı:

– Gəlirəm, ana.. – sonra isə Bəhruza sarı dönüb,– sənə yaxşı yol, Bəhruz! – dedi və bir anda qaçıb həyətə girdi.

Bəhruz ürəyində qəribə çırpıntı duydu. O, qızın «yaxşı yol, Bəhruz!» sözlərində elə doğma, elə yaxın, elə sevimli bir adamın səmimiyyətini hiss elədi ki, sanki tərəddüdlə, qorxaqlıqla qalxmaq istədiyi dağın dibində Bəhruza yeni bir ürək bağışladılar. Ona elə gəldi ki, bu sözlər «Get, Bəhruz, darıxma, səni gözləyəcəyəm!» demək idi.

Bəhruz getdi.

Xatirə onu kitabxanada daha görə bilmədi.

Günlər keçdi...

Bir günortaçağı kitabxanaya, Xatirənin adına məktub gəldi. Bəhruz yazmışdı. Xatirə özünü nə qədər tox tutmağa çalışsa da, məktubu açanda əllərinin əsdiyini gördü. Məktub çox qısa idi. Bəhruz yazmışdı ki, Xatirə, xahiş edirəm məni kitabxananızın oxucuları siyahısından çıxarmayın. Mən ömrümün sonuna qədər sizin kitabxananın oxucusu olacağam, çünki axtardığımı orda tapmışam. Əgər mümkünsə... bir istəyimi də yerinə yetirin: mənə azərbaycanca bir kitab göndərin.

...Təkərlər yaş asfalt üzərində qıjıldayırdı. Dağın ətəyindən üzüaşağı sallanan yolla bir maşın sürətlə ötüb keçdi.

«– Hə, bax, bu şoferlik olmadı. Nə olub, nə haydı? Yanğın maşını-zadı sürmürsən ki!» deyə Bəhruz sürücünün qarasınca söyləndi.

O özü də bir vaxt dəli maşın sürən idi. Onun maşınının necə deyərlər, əl-ayağı yerə dəyməzdi. Ancaq əsgərlikdən qayıdıb gələndən və arzusuna çatıb sevdiyi Xatirə ilə nişanlanandan sonra bir az «aşağı» düşdü, evlənəndən sonra isə lap «quzuya» döndü. «Maşının hər addımında bir fəlakət ola bilər. Ölüm də, həbs də... Mənim yolumu gözləyən var, qardaş!» deyə o, dəlisovluğun daşını atdı. O vaxtdan tək bircə dəfə – üç ay bundan irəli şəhərin təzə prospektində təzə ev alanda Xatirəni, Toğrulu yanında oturdub yeni mənzilə baxmağa gətirəndə verdiyi sözü, hətta, qanun-qaydanı da bir kənara qoyub maşını çox bərk sürmüşdü. Sevincindən belə eləmişdi. Dar, nəm, yarıqaranlıq otaqdan canları qurtarmışdı. İkigözlü, mətbəxli, hamamlı ev, küçəyə baxan eyvan... Bəhruzun uçmağa qanadı yox idi. Keçidlərdə, döngələrdə o, sürəti azaltmır, çox səbirsizlik göstərirdi. Xatirə narahat olmağa başladı və əlini yavaşca onun dizinə toxundurub:

– Bir az yavaş, Bəhruz. Nə xəbərdir? – dedi.

– Heç nə olmaz.

– Yox, Bəhruz, qorxuram.

– Qorxursan? Ba, oğlum, gör anan nə deyir? Heç mən onu belə qorxaq bilməzdim. Hm, sən necə, sən də qorxursan?

– Qolxulam, – deyə anasının qucağında oturub irəli baxan Toğrul da təkrar elədi.

Bəhruz güldü. Maşın yavaşıdı.

O gündən sonra belə hadisə təkrar olunmamışdı. Hərdən tələsik iş düşəndə şofer sövqi-təbiisilə maşının sürətini artırsa da, Toğrulun şəklinə gözləri sataşan kimi onun «qorxuram» sözünü yada salar, ayağını qazdan çəkərdi.

...Yol ayrıcındakı balaca budkanın böyründə, istiqamət göstərən dirəyin dibində dayanmış yanı beşikli motosiklet uzaqdan Bəhruzun nəzərini cəlb etdi. Kök, gödəkboylu, qalife şalvar geymiş kişi motosikletdən aralanıb asfaltın ortasına gələndə Bəhruzun dalağı sancdı. Tosqun kişi amiranə bir əda ilə əlini havada yelləyərək maşına dayanmaq işarəsi verdi. Bəhruz ayağını qazdan çəkdi. Maşın sürətini azaldıb motosikletin yanında dayandı.

«Ziyadxandı ki, bu!» – Bəhruz bu adamı uzaqdan tanıyırdı, haqqında az-çox eşitmişdi, ancaq hələ onunla qarşılaşmamışdı. Deyirdilər ki, guya o, çox üzlü, sırtıq bir avtomüfəttişdir. Elə sürücü tapmaq çətin idi ki, Ziyadxan onun yolunu kəsib ikidən-üçdən almasın. Bəzilərini qorxuzmaqla, bəzilərindən də zarafatla.

«İndi də növbə mənimdir?» deyə fikrindən keçirən Bəhruz ağır addımlarla ona sarı gələn Ziyadxanın şişman qarnına, sallanıb köynəyinin yuxarı düyməsinin üstünü tamam örtmüş ətli buxağına, qırmızı sifətinə fikir verir, onun hardan başlayacağını, nə deyəcəyini maraqla gözləyirdi

Ziyadxan dabanlarını qaldırıb kuzova boylandı, xırda gözlərini dolandırıb Bəhruza zillədi:

– Hara aparırsan bunu?

– Tikintiyə.

– Kağızını görüm.

Bəhruz qəsdən ləng tərpəndi:

– Yoxumdur.

– Hm, belə de də. – O qımışdı. Yanaqlarının əti azca qabarıb şişdi, gözləri bir az da xırdalaşdı.

– Canım üçün, uzaqdan görən kimi bildim ki, xalturadır.

Bəhruzu gülmək tutdu:

– Elə şey olmaz, canım. Nədən bildin?

Ziyadxan qürrələndi:

– Əşi, gələk bunu da bilməyək? Başımızın tükünü bu yollarda tökməmişik?!

«Tək başınızın tükünü yox, üzünüzün suyunu da» – deyə Bəhruz ürəyindən keçirtdi.

– Yaxşı, görürəm mərifətli uşağa oxşayırsan, əlin cibində olsun, tələsirəm.

Bəhruz qulaqlarına inanmadı. Doğrudanmı bu sözləri o dedi? Özü də belə asan? Utanmadan, qızarmadan. Elə bil borcunu istəyirdi. «Yox, borcu da belə istəmək olmur. Mənə biri borclu olanda onunla tez-tez üz-üzə gəlməkdən də çəkinirəm. Deyirəm ürəyinə gətirər ki...»

Bəhruz Ziyadxanın ağayana geyiminə baxıb, onu başdan-ayağa süzdü və istədi ki, səsi gəldikcə çığırıb ona «dilənçi» desin, özünü güclə saxladı. Ancaq:

– Heç yaraşmır! – dedi.

Sürücünün geyim-keçiminə baxdığını görən Ziyadxan da üstdən aşağı özünə fikir verdi.

– Deyirsən bu paltar yaraşmır mənə?

Bəhruz dişlərini bir-birinə sıxıb qıcırdaraq:

– Hə, heç yaraşmır, – dedi. – Heç yaraşmır!

Ziyadxan əlini irəli çıxardıb aşağı sallanmış qarnının üstünə qoyub:

– Düz deyirsən, çox kökəlmişəm. Hazırlaşıram, putyovkadanzaddan tapıb gedəcəyəm o tərəflərə, arıxlamağa. Görək də, yığışıb dayınızı necə yola salacaqsınız, – dedi.

Bəhruz gülə-gülə köynəyinin döş cibinin düyməsini açırdı. Ziyadxanın gözləri onun əlinə zillənmişdi. Bəhruz isə cibindən pul yox, yol vərəqəsini çıxartdı.

– Bay, mənim yol vərəqəm burda imiş ki!

– Ə, özünü məzəliliyə qoyma, cəld ol.

– Canım üçün yol vərəqəmdir, inanmırsan bax. – Bəhruz bunu deyib, barmaqlarının ucunda tutduğu göy rəngli yol vərəqəsini Ziyadxanın gözlərinin qabağına tutdu. Ziyadxan elə bil yuxudan ayıldı. Döyükmüş halda ona baxıb bir an nə edəcəyini kəsdirə bilmədi. «Heç yaraşmır» sözlərinin mənasını da sanki indi başa düşdü. O, quyruğu tapdalanmış ilan kimi fısıldaya-fısıldaya:

– Bəs belə! Hm... Yaxşı!.. – dedi.

Bu ara bir daş maşını yanlarından vıyıltı ilə ötdü. Bəhruz maşının arxasınca baxdı: onunla bir briqadada işləyən Qulamın maşını idi.

Bəhruz Ziyadxana əlavə nəsə demək istədi. Ancaq fikrini dəyişib dinmədi. Ziyadxan yenə fıs-fıs fısıldadı:

– Get, səninlə bu yollarda çox görüşəcəyik, get!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, onuncu fəsil

Salman bu ikicə gündə, demək olar ki, qocalmışdı. O boyda kişi büzüşüb-bükülüb yumağa dönmüş, şən, gülərüz çöhrəsi solub ağarmışdı. Deyib-danışmır, həmişə fikirli-düşüncəli gəzib dolanır, başını qaldırıb adamların gözünün içinə dik baxmağa utanırdı. Nadirənin məqaləsi Salmanın ürəyində sağalmaz bir yara açmışdı. Əgər o, arvadının yazdığını çap olunmamışdan əvvəl, əlyazması şəklində stolun üstündən götürüb oxumasaydı, bəlkə də ürəyi bu qəfil zərbəyə dözməyib partlardı. Onda Salman məqaləni cırıb yandırmaq istəmişdi, ancaq sonra fikrini dəyişib «Lənət sənə kor şeytan!» — demişdi. Həm də özü ondan qabağa düşüb məqaləsini çap etdirdiyinə görə Nadirənin təzədən bu məqaləni dərc etdirəcəyinə, o cavanın da, üstəlik Salmanın özünün də yazdığını heç-puç edəcəyinə o qədər də inanmamışdı.Lakin Nadirə, görünür, heç vaxt öz elmi prinsipiallığından əl çəkmök fikrində olmayacaqdı.

6 мин
İkinci hissə, on birinci fəsil

Gülmirənin yanaqları pörtmüşdü, ürəyi şiddətlə döyünür, gözləri məst adamın gözlərinə oxşayırdı. Sifətinin qızartısı onu daha da qəşəngləşdirmişdi. O gördüyünə inanmaq istəməyənlər təki, hələ də mətbəə iyi verən boz cildli məcmuənin altmış beşinci səhifəsində iri, qara hərflərlə yazılmış adını, familiyasını təkrar-təkrar oxuyur, səhifələri dönə-dönə vərəqləyir və bundan indiyəcən heç vaxt, heç yerdə hiss eləmədiyi bir nəşə alırdı. Bu onun mətbuatda çap olunan ikinci məqaləsi idi. Birincisini hesaba almırdı; çünki göydəndüşmə bir şey kimi idi: necə yazıldığı, niyə yazıldığı, qəzetdə nə üçün Gülmirənin adına çap olunduğu ona yuxu kimi gəlirdi. Amma bu? Bunda onun az da olsa zəhməti vardı. O, əzab çəkə-çəkə günlər, aylarla həmin mövzu üzərində düşünmüşdü. Düzdür, Orxan onun «libasını» başdan-ayağa dəyişmişdi. Hər halda həmin məcmuədə akademiklərin, professorların, elmlər namizədlərinin adları ilə bir cərgədə onun da adı vardı. Məgər bu balaca işdi, kiçik müvəffəqiyyətdi? İndi ona «qabiliyyətsiz», «istedadsız» deyənlər öz sözlərini geri götürərlər. Biri bax, o Nadirə xanım, biri də elə əri Əqdəm...İnstitutda, şöbədə yoldaşları onu təbrik edir, əlini sıxırdılar. Gülmirə stolunun üstünə yığdığı müəllif nüsxələrinin üstünü yazır, dostlarına verirdi. Birini professora təqdim etmişdi. Nadirə xanımın payını aparıb stolunun üstünə qoydu və zəif səslə:

10 мин
İkinci hissə, on ikinci fəsil

Şəhərdə görünməmiş istilər başlanmışdı. Günəş dənizdən baş qaldırıb çıxandan ta uzaqlarda gözdən itənəcən yeri-göyü yandırıb-yaxırdı. Qır döşənmiş yollar, səkilər elə yumşalmışdı ki, yeriyəndə adamın ayağının izi qalırdı. Axşam çağları suçiləyən maşınlar küçələri dolaşıb isladanda yerdən buğ qalxırdı.Damların çardağı altında, navalçalarda, hündür ağaclarda yuva salmış boz sərçələr dalda yerə qonaraq ağızlarını taqətsiz-taqətsiz açıb yumurdular.

9 мин
İkinci hissə, on üçüncü fəsil

«Quş qanadla uçar; insan diləklə» deyiblər. Uzun müddət zəifliyin, inamsızlığın əzablı məngənəsində sıxılıb yumağa dönmüş Gülmirənin məqalə çıxandan sonra qırışığı açılmış, şax gəzməyə, şad görünməyə başlamışdı. O özündə olmazın güc-qüvvət hiss eləyir, arabir ürəyinin dərinliklərində oğrun-oğrun baş qaldıran mənfur qorxu, utancaqlıq, gücsüzlük duyğusunu boğur, həvəsə, inama sığınaraq onların qadir qanadlarında havalandıqca havalanırdı.Orxan da elə adam deyildi ki, elədiyi az-maz yaxşılığı hər dəqiqə xatırladıb baş qaxıncı eləsin. Orxan Gülmirənin qorxduğunu, əzab çəkdiyini duyurdu, nəinki yada salan bir şey demir, hətta son vaxtlar ona baxmağa, uzun-uzadı söhbət eləməyə belə çəkinirdi: «Qoy sıxılmasın, qoy o gözəl çiçək özünü şax tutsun, xırdalanıb balacalaşmasın!..» — deyən Orxan ürək çırpıntıları ilə onun gözəlliyini təkrar-təkrar yad edir, belə qəşəng bir qadını sevdiyinə görə özünü xoşbəxt sayırdı.

13 мин

Стихи других поэтов