İkinci hissə, on üçüncü fəsil
Страница 1 из 2
«Quş qanadla uçar; insan diləklə» deyiblər. Uzun müddət zəifliyin, inamsızlığın əzablı məngənəsində sıxılıb yumağa dönmüş Gülmirənin məqalə çıxandan sonra qırışığı açılmış, şax gəzməyə, şad görünməyə başlamışdı. O özündə olmazın güc-qüvvət hiss eləyir, arabir ürəyinin dərinliklərində oğrun-oğrun baş qaldıran mənfur qorxu, utancaqlıq, gücsüzlük duyğusunu boğur, həvəsə, inama sığınaraq onların qadir qanadlarında havalandıqca havalanırdı.
Orxan da elə adam deyildi ki, elədiyi az-maz yaxşılığı hər dəqiqə xatırladıb baş qaxıncı eləsin. Orxan Gülmirənin qorxduğunu, əzab çəkdiyini duyurdu, nəinki yada salan bir şey demir, hətta son vaxtlar ona baxmağa, uzun-uzadı söhbət eləməyə belə çəkinirdi: «Qoy sıxılmasın, qoy o gözəl çiçək özünü şax tutsun, xırdalanıb balacalaşmasın!..» — deyən Orxan ürək çırpıntıları ilə onun gözəlliyini təkrar-təkrar yad edir, belə qəşəng bir qadını sevdiyinə görə özünü xoşbəxt sayırdı.
Gülmirə gecəli-gündüzlü öz gücsüz, aciz qələminə sarılıb işləyir, yazıb-pozur, tər tökürdü. Mövzusuna aid əsərləri, məqalələri, materialları dönə-dönə oxuyur, hər adi sözə, cümləyə, təsvirə başqa gözlə baxmağa çalışır, düşündüklərini ağ kağız üzərinə tökürdü. Cümlələri nahamvar çıxırdı, fikir qırıq olurdu, ardıcıllıq az idi. Ancaq bunları o, aydın görə bilmirdi, olsa-olsa tutqun şəkildə hiss eləyirdi. Bəzən yorulur, bezir, ağlamaq dərəcəsinə gəlirdi. Qələmi hirslə stolun üstünə çırpır, qaralmış səhifəni cırıb yerə atırdı. Stola, kağıza, qələmə nifrət eləyən vaxtları da az olmurdu. «Atacağam, yazmayacağam. Yaza bilmirəm, yaza bilmirəm!» — deyə öz-özünə söylənir, taqətsiz halda çarpayıya uzanıb ağlayırdı.
Elə bil, ona başı buludlara toxunan dağa dırmaşmağı əmr etmişdilər. Bu əmri verəndə onun yaxşı yeriyə bilmədiyini, gücsüz olduğunu — şikəstliyini nəzərə almamışdılar. Tək əmri verənlər yox, özü də. İndi isə artıq gec idi, o, yola çıxmışdı, bu ağır səfərə başlamışdı, bunu əri də, yoldaşları da bilirdi. Yarı yoldan geri qayıtmaq istəmirdi, dişi ilə, dırnağı ilə olsa da o dağın sehrli, cazibəli zirvəsinə dırmaşmalı, ölsə də orada, o zirvədə ölməli idi. Ona bu çətin səfərdə əl tutan bir nəfər vardı: Orxan! hardasa, lap yanında dayanmışdı. Gülmirə onun hərarətli hənirtisini duyur, məftun baxışlarını görürdü. Orxan tez-tez ona ürək-dirək verir: «Qorxma, qalx, qalxacaqsan!» — Deyirdi. Atasının dostu, Gülmirəni öz Ceyhunu kimi istəyən professorun da səsi arabir eşidilirdi. Ancaq o, uzaqda idi, zirvədə dayanıb çağırırdı. Çox zaman gözləri qaranlıq gətirən, ümidsizliyin girdabında çapalayan Gülmirə onu görmürdü, qulaqları guruldayır, professorun səsi eşidilməz olurdu.
Neçə gün bundan qabaq, işdən çıxıb evə gedəndə yolunu dəniz qırağından salan professor Gülmirə ilə xeyli söhbət etmiş, Əqdəmi xəbər almış, dolanışığı ilə maraqlanmışdı. Sonra söz-söhbət dolanıb Gülmirənin elmi işinin üstünə gəlmiş, professor onun məqaləsini təkrarən ağızdolusu tərifləmişdi:
– Çox ağıllı, sanballı məqalədir, qızım! Neçə-neçə yerdən mənə zəng eləyib soruşurlar ki, bəs, ay professor, bu Gülmirə xanım kimdir axı? Deyirlər, əsəri fövqəladə xoşumuza gəlib. Deyirəm, bu həmin qızdı ki, Füzulinin avtoqrafını tapıb nəşr elətdirib. Deyirlər əhsən, əhsən! O gün bölmənin iclasında akademik Aslanzadə də səni xeyli təriflədi. Ancaq bu yağlı sözlərdən qoltuğun qarpızlanmasın, başını sal aşağı, otur, işini yaz!
Gülmirə qızarıb susmaqdan savayı, ayrı çarə görməmişdi.
– Dissertasiyan nə vəziyyətdədir?
Gülmirə bir həftə bundan irəli sıxıla-sıxıla Orxana verdiyi kağız qovluğunu gözü önünə gətirib azca cəsarətlənmişdi:
– İki fəslini qaralamışam, professor.
– Bax, belə. «Qaralamışam». Əhsən! «Yazmışam» yox, məhz «Qaralamışam». Təvazökarlıq yaxşı şeydir.
– Bir də gərək əl gəzdirəm.
– Çox gözəl!.. — Professor sevinclə səslənmişdi. — Bax, varam buna. İndiki cavanlarda bu çox az tapılan keyfiyyətdir: bəziləri deyir ki, mən yazdım, daha onu gərək heç kəs dəyişməsin. Yox, bu, elmin yolu deyil. Gərək əsər dönə-dönə yazılsın, gərək əsər, necə deyərlər, mürəkkəbdə çimsin, yoxsa ayrı cür nə təhər əsər yazmaq olar? Alimin, yazıçının əlini qələm döyənək eləmədi, ondan bir şey çıxmaz. İndi əsrimiz sürət əsridir. Namizədlərə ehtiyacımız çoxdur. Bilirsən, institutumuz cavandır, kadr lazımdır bizə. Bəli, kadr!..
Axşam sərini düşmüşdü. Onlar bulvarın «Venetsiya» hissəsində ayrıldılar. Salman «İnturist»ə — Moskvadan gəlmiş alim dostunun yanına getdi. Gülmirə ağır addımlarla geri qayıtdı.
Alimlər evinin qabağındakı fəvvarə bu gün nədənsə daha gözəl və cazibədardı. Yuxarı qalxan ağ köpüklü su fəvvarəsinin arasında əzəmətlə ucalan Bəhram-gur öz qılıncını yuxarı qaldırıb əjdahanın başını əzmək istəyirdi. Azca yuxarıda funikulyor görünürdü. Yaşıl ağacların arası ilə Dağüstü parka qalxan yolda qırmızı vaqon lap qırmızı kibrit qutusuna oxşayırdı.
Alimlər evinin Xəzərə baxan pəncərələri açıqdı, balkonlara qoyulmuş gül dibçəkləri, limon ağacları binaya yaraşıq verirdi.
Fəvvarənin suyu güclü yağış şırıltısını xatırladırdı. Gülmirəyə bir anlığa elə gəldi ki, az sonra yalnız bu hovuza — Bəhram-gurun başına yağan «Yağış» artacaq, onu da isladacaq. O, qeyri-iradi yenə alimlər evinin pəncərələrinə nəzər yetirdi. Fəvvarənin yanından uzaqlaşdı. Bir-birinin ucuna bənd olub burula-burula yuxarı qalxan sürahili pillələr onu dördüncü mərtəbəyə qaldırdı. Hündür, ətrəngi qapının üstündə ağ lövhə üzərinə qara hərflərlə yazılmış iki söz —«Orxan Əlizadə» sözləri Gülmirənin bədəninə qəribə bir gizilti, üşütmə saldı. Onu qeyri-adi bir uçunma tutdu. Qılçaları əsməyə başladı. Gəldiyinə peşman oldu: «Mən bura niyə gəldim? Əqdəm bilsə... Yox, qayıdıram!» Ancaq durduğu yerdən tərpənməyə gücü çatmadı. Bu qapı arxasında nəsə sehrli bir qüvvə onu cəlb edir, içəri çağırırdı. Onda bu naməlum hissə, marağa qarşı dura biləcək müqabil qüvvə yox idi. Titrək əli ağır-ağır yuxarı qalxdı, şəhadət barmağını zəngin qara düyməsinin üstünə qoydu.
Qapı açıldı. Orxan, əlində qələm, qapı ağzında görünəndə Gülmirənin ürəyi çırpındı və sanki bədənindəki bütün qanı sifətinə çırpılıb onu qıpqırmızı qızartdı.
– Gülmirə?! — Gözlərinə inanmayan Orxan qızın adından başqa söz bilmirmiş kimi heyrətlə səslənib susdu. Onun gözləri sevinclə parlayırdı.
Orxan geri çəkildi, Gülmirə evə girdi. Qapı sakitcə örtüldü.
– Gözləmirdin, hə? — Gülmirə özünü ələ aldı.
– Düzü, yox... Elə bilirəm, yuxu görürəm.
– Həyatda bəzən möcüzələr olur.
– Ancaq yuxunun həqiqət olacağını mən heç vaxt görməmişdim, Gülmirə. Axşam yuxuda görmüşdüm ki, sən bizə gəlmisən.
Gülmirə dabanı üstə fırlanıb gülümsündü:
– Mən istədim ki, sənin yuxun yalan olmasın.
Həqiqətən, bu gəliş Orxana yuxu kimi görünürdü. Gah çoxlu kitab, kağız yığılmış stolun üstünü yığışdırmaq istəyir, gah Gülmirəyə oturmağı təklif edifdi. Bir sözlə, özünü yamanca itirmişdi. Gülmirə Orxanın mənzilini heç görmədiyindən hər şeyə diqqətlə baxır, otaqları gəzir, balkona çıxırdı.
– Bu balkon nəyə desən dəyər, Orxan.
– Hə, axşamlar xüsusilə gözəl olur. Dənizin hənirtisini burdan duyursan. Oturub düşünürsən. Ləzzəti var, Gülmirə. Mən həmişə işığı yandırmadan burada oturub düşünürəm, dənizin gecə gözəlliyinə tamaşa edirəm.
İçəri qayıtdılar.
– Otur, Gülmirə...
Gülmirə stolun böyründəki stulda əyləşdi. Külqabı papiros kötüyü ilə dolu idi. Azca o yanda, güldanda təravətini itirib solmuş qızılgül vardı. Ürəyində düşündü ki, Orxan gülü çox sevir, bəlkə ondakı təmizlik, xeyirxahlıq, gözəllik bu güllərdəndir.
– Sən işləyirdin, deyəsən, mən mane oldum. — Bunu deyib o, açıq kağızlara baxdı. — Oy, mənim işimi oxuyurdun?..
Orxan öz yerində rahatlanıb:
– Hə, — dedi.
– Belə tez?! Mən tələsdirmirəm səni. İşini-gücünü atıb onunla məşğul olma.
– İşimi qurtarmışam. — O, iri qovluğu Gülmirəyə göstərdi. — Budur, makinada yazdırmışam.
Gülmirə qovluğu götürüb dizinin üstünə qoydu. Bağını açdı.
– Mübarəkdi, Orxan.
– Sağ ol.
– Xeyli çıxıb, a!..
– Hə, on çap vərəqidir.
– Nə qədər vaxta yazmısan, Orxan?
– Düz iki ilə, Gülmirə, həvəsnən, ləzzətnən işləmişəm. Mirzə Cəlil qədər sevdiyim ikinci bir yazıçı yoxdur. Nəhəngdir. Onu dərd danışdırıb, o da tədqiqatçını danışdırır. Hər əsərini demirəm, hər cümləsinin altında neçə böyük mənalar gizlənib, Gülmirə!..
Oxuyursan, heyran olmaya bilmirsən. Deyirəm, bu yaradıcılıq işinin qəribə sehrləri-sirləri var. İnanırsan, mən bu yazını qurtaranda ürəyimi bir sevinc çulğadı ki, elə bildim, doğrudan da, xəzinə tapmışam? Nə qədər qəribə olsa, durdum, bu gen-bol otaqda qol qaldırıb oynadım.
Gülmirə Orxanın dediklərini heç vaxt yaşamamışdı. Bunlar ona maraqsız görünürdü. Ancaq Orxanın təkcə durub oynadığını, (özü də çalğısız-filansız), eşidəndə gülməkdən özünü saxlaya bilmədi.
Gülmirə gülməyinə ara verib:
– Gün o gün olsun ki, kitab şəklində çıxsın, — dedi.
– Görək də... — Orxan gözlərini xəyalpərvərliklə qıyıb, pəncərədən artıq tutqunlaşmaqda olan havaya baxdı. — Bu saat ən böyük arzum bunu çap elətdirməkdir. Sonra ölsəm də, ürəyimdə niskilim qalmaz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-teyyare-kolgesi-ikinci-hisse-on-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ayrılıq var — sonu şirin vüsaldı.Ayrılıq var — sonu yoxmuş, ay aman.
Birinci hissə, üçüncü fəsilŞəfi, həbsxanadan çıxandan sonra, xeyli müddət özünə gələ bilməsə də, dostlarının ürək-dirək verməsi, Məleykə xanımın fədakar qulluğu sayəsində, nəhayət, dirçəlmişdi, kökəlmişdi. Dişlərini düzəltdirmiş, zarafatla hərdən dediyi kimi, daha adam içinə çıxan olmuşdu. Onu tanıyanlar görürdülər ki, Şəfi zahirən əvvəlki Şəfi idi: ancaq tək o özü bilirdi ki, batində, içərisində nə isə qırılmışdı, onu sındırmışdılar — təkcə dişlərini yox, mənliyini də, şəxsiyyətini də sındırmışdılar. Qəlbində yıxmağa, uçurtmağa, məhv etməyə çalışdığı bu mənfur dünyaya qarşı bəslədiyi nifrət, qəzəb daha da çoxalırdı — yaşamaq, mübarizə aparmaq üçün bu nifrət bütün ömrü boyu bəsi idi. İndi, o, başa düşürdü ki, dünyada təkcə məhəbbətlə yaşamaq mümkün deyil — yaşamaq və qalib gəlmək üçün nifrət etməyi də bacarmaq gərəkdir. Məhəbbət kimi, nifrət də insanı güclü və qüdrətli eləyə bilər. Qəzetini yenə nəşr edirdi. Cəmiyyətdə, həyatda gördüyü qüsurları, yaramazlıqları qorxmadan, çəkinmədən qələmə alır, sözünü deyir, hezbin məramını oxucularına çatdırırdı. Doğrudur, o, indi bu işləri, qabaqlarda olan kimi, birbaşa, açıq-saçıq yazmırdı, düşünüb-daşınıb yeni formalar tapır, böyük mətləbləri az sözlə, kiçik işarələrlə bəyan eləyirdi. Bəbir, Ziyaülhəqq, Elməddin bu işdə onun ən yaxın köməkçiləri, məsləhətçiləri idi. Onlar bütün qüvvələrini qəzetin vaxtlı-vaxtında və sanballı çıxmasına sərf edir, gecə-gündüz işləyir, yoruldum demirdilər. Bəbir gizli iclaslarda, görüşlərində dönə-dönə tapşırırdı ki, son dərəcə ehtiyatlı olmaq lazımdır, nəyin bahasına olursa-olsun, ruznaməni yaşatmaq gərəkdir, çünki hələlik bizim yeganə silahımız odur. Onu itirmək, hər şeyi itirmək deməkdir, kütlələrlə əlaqəni kəsmək deməkdir. Bu isə bizim üçün ölümə bərabərdir.Buna görə də Şəfi bütün imkanlarını, bacarığını ancaq və ancaq qəzetin yaşamasına sərf edirdi və bundan xüsusi bir zövq alırdı. Yorğunluq, yuxusuzluq, işin çoxluğu onu əsla qorxuzmurdu. O, təkcə Elməddindən nigaran idi — çünki son vaxtlar Elməddin gözünə birtəhər görünürdü—fikirli, qayğılı, qanıqara. Evdə Məleykə ilə bu barədə dəfələrlə söhbət olmuşdu. Məleykə qadın həssaslığı ilə Elməddinin qanıqaralığını evlə, ailə ilə bağlamışdı.
Birinci hissə, dördüncü fəsilOğlu ilə barışandan sonra sanki qıvraqlaşıb cavanlaşmış Əziz xan «Pərçəm» qəzetinin darmadağın edildiyi, Rəhgüzərin, Elməddinin həbs olunduğu o ağır günlərdə, həftələrdə, aylarda Bəbirin necə sarsıldığını, canını qoymağa yer tapmadığını, gecəli-gündüzlü ora-bura qaçdığını, yeməyini-içməyini, hətta şirin yuxusunu belə özünə haram etdiyini görüb bir ata kimi çox nigaran olmuşdu. Əvvəllər guşənişin olub oturan, keçmiş illərin xatirələrini qələmə almaqla, günlərini keçirən və bazneşəstə olandan sonra həyatında yaranmış boşluğu bununla doldurmağa çalışan qoca general, son aylarda özü də hiss etmədən məmləkətin siyasi hadisələrinə maraq göstərməyə, şəhərdə çıxan və bir-biri ilə ideya mübarizəsi aparan qəzetləri mütaliə etməyə, asudə vaxtlarında Bəbirlə bnr çox siyasiitcimai məsələlər barəsində fikir mübadiləsi eləməyə başlamışdı. Bu söhbətlərdə məmləkətin ümumi iqtisadi-ictimai həyatının bir çox dumanlı, pərdəli məsələləri qoca generala aydın olmuş və mövcud quruluşu saxlayan möhkəm zəncirin hansı həlqələrinin sürtülüb incəldiyini, qırılmaq üzrə olduğunu anlamışdı. Qoca general bunu da başa düşmüşdü ki, onun gözünün ağı-qarası olan tək balası necə də həssas bir təbib məharəti ilə bu xəstə bədənin dərdini düzgün müəyyən edir, onun kəsilib atılması üçün heç nəyini əsirgəmirdi. Şəhərdə nəşr olunan qəzetləri hər gün böyük diqqətlə oxuyan Əziz xan görürdü ki, «Pərçəm» məsələlərə tam başqa nəzərlə—ayıq və kəskin bir mövqedən yanaşır və camaatı düşündürən nöqtələri işıqlandırmağa çalışır. Məhz buna görə idi ki, «Pərçəm»in tərəfdarları getdikcə artırdı və məhz buna görə idi ki, hökumət, baş nazirin göstərişi ilə, ilk növbədə «Pərçəm»i yaxalamış, onun baş mühərriri Məhəmməd Şəfi Rəhgüzəri və rəssamı Elməddini həbs etmiş, neçə ay davam edən sorğu-sualdan sonra, xalqın tüğyana gəlmiş qəzəbindən çəkinərək, nəhayət, azad eləmişdi. Əziz xan oğlu Bəbirin gücünü, nüfuzunu və onun başçılıq etdiyi təşkilatın qüdrətini ancaq bu zaman layiqincə anlayıb qiymətləndirmişdi. Şəfi və Elməddin həbs olunan günlərdə, Bəbir qolu-qanadı sınmış qartala dönmüşdü elə bil. Fikirli gəzib-dolanmış, üzü gülməmişdi. Rahatlıq nə olduğunu unutmuşdu. Çox vaxt gecələr də evə dönməmiş, vaxtını iclasda, gizli yığıncaqlarda keçirmiş, dara düşmüş yoldaşlarını xilas etmək üçün, azadlıqda qalan həmkarları ilə birlikdə əlindən gələni əsirgəməmişdi. Bu fədakarlıqlarını görəndə Əziz xan həm sevinmişdi, həm də nədənsə qəlbinin dərinliklərində bir gizli qorxu hiss eləmişdi. Ona görə sevinmişdi ki, Bəbirdə öz xasiyyətlərini, ürəyinin bir parçasını görmüşdü — dost, yoldaşcanlı idi Bəbir də onun kimi. Dostunu, yoldaşını darda qoymurdu, onların dadına çatmaq üçün canından belə keçməyə hazır idi. Əziz xanın fikrincə, bu, indiki zamanda böyük kişilik idi, mərdanəlik idi və həmin sifətə malik adamlar hər cür şərəfə, təhsinə layiq idi. Ona görə qorxurdu ki, yuxarıdan üzüaşağıkükrəyib gələn bu siyasi tufan Məhəmməd Şəfi Rəhgüzər kimi şöhrətli, adı-sanı dillərdə gəzən bir şairi qabağına qatıb həbsxana güncünə ata bilmişdisə, Bəbir kimi cavan və hələ sən deyən bərkiyib bişməmiş bir adamı da öz qoynuna alıb daşa-qayaya çırparaq məhv edə bilər: burada zirək olmaq, çeviklik lazımdır ki, ələ keçməyəsən və dostlarını xilas eləmək üçün çarpışa biləsən. Bu qorxu son vaxtlar Əziz xanın qəlbində lap güclənmiş, kişinin rahatlığını pozmuşdu. Oğlu ilə görüşəndə, dərdləşməyə imkan tapanda qoca general tez-tez bu sözləri təkrar etməyi unutmurdu:
Birinci hissə, beşinci fəsilÜzdə özünü tox tutsa da, sındırmasa da, içəridə, dərində bu hadisə Elməddini çox silkələmişdi. İyirmi beş illik ömründə az sarsıntılar keçirməmişdi, qəlbinə az zərbələr dəyməmişdi, hərəsi də bir cür göynətmişdi. İlk eşqi daşa dəyib parçalanmışdı — bu, həyatında daddığı ilk acı, göz yaşardan ağrı idi. Deyirdin daha yaşamağına dəyməz. Amma ağrılı canını dişinə tutub yaşamışdı. Sonra Yusif ölmüşdü — qardaş itkisi də onu yaman yandırmışdı. Sonra, Əfsanəsini itirmişdi — o vaxtdan özü də evdən-eşikdən didərgin düşmüş, tale onu bu böyük şəhərə gətirib çıxartmışdı. Daha sonra anası ölmüşdü — o, anasının ölümünü, dəfnini. görməmişdi deyə bu dərdə nisbətən asan dözmüşdü, daha doğrusu hardasa ürəyinin dərinliklərində bu ölümə inanmaq istəmirdi, tutqun bir ümid yaşayırdı varlığında — hərdən özü də bilirdi, dərk edirdi ki, özünü aldadır, anasının ölməyi həqiqətdir.İndiyə qədər görüb-yaşadığı əzabları unutmağa çalışdığı, nisbətən rahat yaşamağa başladığı vaxtda Zərrintac xanım da ona — çəkdikləri az imiş kimi — belə bir zərbə vurmuşdu, dostlarının və tanıyıb-bilənlərin yanında da onu yamanca pərt eləmişdi. «Zərrintac xanım—ağayi Nəcməddinin qızı Zərrintac xanım atası rəhmətə gedən kimi əri Elməddini evdən qovmuşdur!» — xəbəri ildırım sürəti ilə dostlar arasında yayıldı, istəyənləri məyus, istəməyənləri şad elədi. Elməddin döyülmüş, təhqir olunmuş kimi gəzib-dolanırdı. Şəfi, Məleykə, Ziyaülhəqq, Ətiqulla, Əhədulla ona təsəlli verirdilər, bu isə onu daha da sıxıb balacalaşdırırdı. Məleykə xanım zarafata salıb aradakı gərginliyi dağıtmaq, Elməddini yumşaltmaq istəyirdi. Söhbət ciddiləşdikdə isə, Şəfi də Elməddinin tərəfinə keçmişdi:
Стихи других поэтов
Qəm tutma, könül, eşqi ziyafətlü deyirlər,Xof ilə bu sərmənzili heybətlü deyirlər
BacılarQulaq verin, sizə var bir-iki sözüm, bacılar!Gedin, yazın, oxuyun, ey iki gözüm, bacılar!
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın