Страница 2 из 2 · 50%

Elməddin doğramasının hamısını yemədi, qaşığı kasanın içinə qoyub kənara itələdi.

Bu, Səbihənin nəzərindən yayınmadı. Neçə vaxt idi ki, Elməddin nə naharını, nə şamını iştahayla yemirdi. Ən çox sevdiyi doğramanı da axıracan yemədiyini görən Səbihə özünü saxlaya bilmədi:

– Nə olub, bala, niyə yemirsən? Gözümə bikef dəyirsən?

– Heç... — Elməddin mızıldandı. Səbihə əl çəkmədi:

– Yox, düzünü de görüm nə olub? Xəstə-zad deyilsən ki? Bəlkə bir şey olub, bizdən gizləyirsən?

– Heç nə olmayıb. — Elməddin kənara çəkilib kürəyini iydənin gövdəsinə söykədi, qıçlarını irəli uzatdı. — Yorulmuşam.

– Heç qabaqlar belə yorulmazdın. Gecə də, gündüz də işləyəndə bu cür əznik — halsız olmazdın. İndi sənə nə olub ki, günü-gündən arıqlayıb geri gedirsən?! Nə vaxtlı-vaxtında əməllicə yeyirsən, nə də yatıb dincəlirsən. Onsuz da yönlü-başlı bir şey yemirik ha. Pendir-çörəkdi, ovduq-doğramadı, göy-göyərtidi. Qardaşın şəhərdən gələndə bir-iki pao ət gətirdi-gətirdi, gətirmədi də ki heç. Belə getsə, dilim-ağzım qurusun, səni naxoşluq tapar.

Elməddin anasının dediklərini eşitmir, gözlərini Ağ dağın qarlı başına zilləyib düşünürdü... Nə düşündüyünü soruşsaydın, bəlkə də düz-ağıllı izah eləyə, cavab verə bilməzdi. Ona bircə bu aydın idi ki, ürəyində anlaşılmaz, dərin bir boşluq əmələ gəlib. Bu, həyatda ən qiymətli, ən əziz adamını, ömrünün ən gözəl çağını bihudə yerə itirmiş bir adamın ürəyində yaranmış boşluğa çox oxşayırdı və onu heç nəylə doldurmaq, təəssüfün sız-sız sızıldatdığı ürəyi heç nəylə ovundurmaq olmazdı. Elməddinin son vaxtlar cib dəftərçəsinə yazdığı şerlər də, mənsur parçalar da ah-nalə ilə dolu idi. Orada yaxşı, ürəkdən gəlmiş elə beytlər, misralar, parçalar vardı ki, onlar səni düşündürər, hələ ağladardı da.

Yaxşı ki, o, qəryədar Qulamın yanında işləyirdi, yaxşı ki bu torpaq, xış, şum varmış. Ürəyindəki ağrıları, intəhasız dərdlərini ancaq işləməklə dağıdırdı.

– Qardaşın gəlsin, get şəhərə, iki-üç həftə qal, bəlkə havan dəyişdi. Şəhər nə qədər olsa səsli-küylüdür, qeyl-qallıdı, fikrin-zadın dağılar. Kənd kimi cansıxıcı olmaz, — deyə Səbihə qayğılı-qayğılı danışırdı. Səbihənin ana ürəyiyananlığı ilə dediyi sözlər Elməddinin ürəyindən idi. Evdən uzaq olsaydı, bəlkə bu qədər də qüssə çəkməz, üzülüb-incəlməzdi. Əfsanəni görməz, onun qəmli gözlərinin dilsiz hekayətlərini, şikayətlərini hiss etməz, dost-doğma qardaşına anlaşılmaz qısqanclıq, həsəd və bəlkə də paxıllıq duyğusu ilə qovrulaqovrula baxmazdı. Var qüvvəsi ilə bu çirkin hissləri ürəyindən qovmağa çalışırdı. Ancaq...

Elməddin tilsimə düşmüşdü. Ayağı yer tutduqca buradan qaçıb-uzaqlaşmaq istəyirdi. Ürəyinin dərinliyində oturmuş əsil qardaş gecə-gündüz qulağına pıçıldayırdı ki, get, Elməddin, ata yurdundan, evindən uzaq ol, uzaq yaşa. Burada sən əzabdan, qüssədən özgə bir rahatlıq, sevinc görməyəcəksən. Çünki Yusif sənin qardaşındı, qardaş namusu bacı namusu kimi toxunulmazdır. — Belə deyən iyirmi üç il yaşamış, ağlı-qaralı gün görmüş, Səbihənin, Yusif və Ədnan camaatının yaxşı tanıdığı, ağıllı, ağırtəbiətli, qardaşcanlı Elməddin idi.

İkinci səs isə dənizin qoynunda, dumanlar arasında yanıb-sönən mayak kimi batıb-çıxır, sözündən, hikkəsindən dönmürdü: «Sənin Əfsanədən həmişəlik əlin üzülsə də, onu görmədən necə yaşaya bilərsən? Çadra altında da olsa, kölgə kimi, dilsiz-ağızsız, xəyal təki qabağında gəzib dolanmasa, yaşaya bilərsənmi? Sənə ondan heç nə lazım deyil, təkcə... varlığı, nəfəsi lazımdır. Özünü xoşbəxt hiss etməyin üçün elə təkcə bu da bəsdi sənə!!» — Belə deyən heç kəsin tanımadığı, oğlanın özü üçün də sirli-sehrli müəmmaya çevrilmiş aşiq Elməddin idi. Onu kimsə görməmişdi, qüvvəsinə, inadına kimsə bələd deyildi. Həmin ikinci Elməddinin son vaxtlar yeganə arzusu bu olmuşdu ki, gözəlliyi, ağıllılığı, işgüzarlığı ilə bütün kənd cavanlarının şirin istəyi olan uzun hörüklü üst dodağı qara xallı Əfsanəni evlərində görsün. Əfsanə onun nəfəsini, nəvazişini duysun. O Əfsanə ki, indiyəcən heç kəsdən xoş söz eşitməmiş, gülər üz görməmişdi. O Əfsanə ki, dayısının xanimanında sübhün gözü açılmamışdan gecə yarıdan keçənəcən ayaq üstə olmuşdur. Elməddin arzulayırdı ki, bax, bu Əfsanəni öz evində görsün; o, bu evin gəlini olsun, çırağını yandırsın.

Elməddin Əfsanəni öz evlərində gördü — ancaq öz arvadı kimi yox. O, Elməddinin ata yurdunun çırağını da yandırdı. Ancaq onun üçün yox, qardaşı üçün!!!

Bu onun ömür ağacına, arzularına vurulmuş ilk ağır və rəhmsiz zərbə idi. Toy gecəsini Elməddin unuda bilmirdi. Evə gəlin gəlirdi, qardaş toyu idi. Necə sevinməmək olardı?! O biri yandan da, Elməddin necə sevinəydi? Bir gözü ağlayırdı, bir gözü gülürdü onun o toy gecəsi! Hələ qardaşının şad günündə bütün iradəsini, qüvvəsini toplayıb gülümsünə-gülümsünə oynadı da toyda... Səbihənin qolundan tutub meydana çəkdi; ana-bala əl-ələ tutub qabaq-qənşər oynadılar. Hər ikisinin gözü yaşarmışdı. Ana sevincindən ağlayırdı, Elməddin...

Ədnan kəndinin camaatı, Süleymanşəhrdən toya gəlmiş təzə bəyin dostları əlbəttə, bunu ayrı-yerə yozdular və əsil səbəbini başa düşmədilər; xeyir gündə atanın qabaqda olmaması ağır dərddi, buna ağlamaq olardı!

Elməddin olub keçənləri fikrinə gətirir, kimin günahkar olduğunu aydınlaşdırmaq istəyirdi. Əfsanə idimi günahkar? Onu vəfasızlıqda təqsirləndirmək olardımı? Əfsanə Elməddini sevirdi. Elməddin onu sevən kimi. Elməddin özü ağzına su alıb susduğu halda o, dilsiz-ağızsız, ixtiyarsız, yetim qız nə deyə bilərdi? «Mən Yusifə getmərəm, Elməddini sevirəm» — deməsi ən böyük qəbahət sayılardı. Həzrətgül onu əlləri ilə boğar, gecənin qaranlığında çayın coşğun sularına atardı. Həzrətgülün sözü Əfsanə üçün qanun idi: «öl-öl!», «qal-qal!».

Həm də Yusif əliboş irəli durmurdu. — Əlli min rupi ilə Həzrətgülün gözünü də, ağzını da asanlıqla bağlamaq mümkün idi.

Bəlkə günah Yusifdədi? Axı o, haradan biləydi ki, qardaşının gözü Ədnan kəndinin günüqara sonasındadır? Kim demişdi, kimdən eşitmişdi?! Elməddin bunu təklikdə belə dilinə gətirmişdimi? Yox.

Elməddin deyə bilməzdi ki, Yusif Əfsanəni sevib alıb? Xoşu gəlibmiş, pulu vardı — qabağa çıxıb onunla evləndi. Bəlkə... günah... Elməddinin özündə idi?

«Mən neyləyə bilərdim? Qabaqda Yusif vardı—onun üstündən necə adlayıb evlənə bilərdim? Gülünc çıxardı». Toydan sonra keçən ilk günlər dərdə dözə bilməyəcəyini güman eləyirdi. Elə bil, ürəyinin rişəsini qırmışdılar. Elə bil, ulduzlu-aylı göylərin altında həyatın sonu gəlib çatmışdı. Hava yox idi. Amma dözdü. Əzab çəkə-çəkə, xəlvətdə gözlərindən yaş axıda-axıda dörd aya yaxın idi ki, yaşayırdı.

İndi, bu, istisi ürək bişirən yay günündə Əfsanə onun yanında oturmuşdu, həzin və nisgilli səsini eşidirdi, nəfəsdən çox aha bənzəyən hənirtisini duyurdu. Bəli, o, Əfsanə ilə nə qədər yaxın idi — ilk sevgisi daşa dəymiş Elməddin üçün bu səadət deyildi, bəs nə idi? Eyni zamanda o, Əfsanədən nə qədər uzaq idi. Aman allah, nə qədər?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, on doqquzuncu fəsil

Elməddinin sürücüsü yaşı əllini adlamış, olduqca arıq, uzun boğazlı, iri hülqumlu bir kişi idi. Ancaq başı yamanca ağarmışdı, elə ağarmışdı ki, dərdə dərman üçün bir dənə də qara tük tapmazdın. Üzündə iri, uzun qırışlar vardı. Uzaqdan baxanda bıçaq şırımlarına oxşayırdı. Əynindəki rəngini itirmiş nimdaş kostyumu neçə il geydiyini təyin etmək mümkün deyildi.Dindirsən dinərdi, dindirməsən ağzına su alıb susardı. İlk baxışda adama elə gəlirdi ki, onun sürdüyü qara «Mersedes»dən və getdiyi yoldan başqa fikri-zikri yoxdu. Maşını özününkü imiş təki gündə üç dəfə yaxşıca silib təmizlərdi: səhər qarajdan çıxanda, günorta idarənin qabağında və axşam...

8 мин
Üçüncü hissə, iyirminci fəsil

Rəhgüzər «Pərçəm»in redaksiyasına gəlmiş məktubları nəzərdən keçirirdi. Kefi kök idi. Əli Tüğyana vaxtında və həm də tutarlı cavab vermişdi. «Tarixi, mədəniyyəti, ədəbiyyatı qədim olan, təmizliyi, mərdliyi ilə şöhrət tapmış vətənimizə, xalqımıza arxa çevirən, şərafətinə dodaq büzən, mənafeyinə xəyanət edən hər kəsə — hətta əlahəzrətin özünə də tutarlı zərbə endirməliyik. Qoy bilsinlər, hiss etsinlər ki, bu millətin oğulları yatmayıb», — deyə düşünən Rəhgüzər gələn oxucu məktublarını, şerləri, məqalələri seçib ayırır, bəzilərini gözucu nəzərdən keçirir, ciddi və mühüm məsələlərə toxunan məktubları seçib bir kənara qoyurdu. Elməddinin rəssam olması Rəhgüzəri xüsusilə sevindirmişdi. Qəzetə yaxşı bir rəssam lazım olduğunu elə onun birinci nömrəsi çıxanda dərk etmişdi — amma bir etibarlı, münasib adam tapmamışdı. Təkəm-seyrək çıxan şəkilləri o, tanış bir rəsm həvəskarına çəkdirirdi ki, bunların da keyfiyyəti onu təmin etmirdi. Bundan əlavə, o adamın bunlarla həmkarlıq etməyə heç həvəsi yox idi. Qorxurdu. Bir dəfə açıqca Rəhgüzərə demişdi: «Sizin ağzınızdan qan iyi gəlir, qardaş! Mən özümü, gözüm baxa-baxa odun-alovun içinə ata bilmərəm!»Rəhgüzər isə qəzetin hər nömrəsində şəkil, karikatura vermək və bununla da qəzetini oxunaqlı etmək istəyirdi. Elməddinin şəxsində, indi belə bir imkan tapmışdı.

8 мин
Üçüncü hissə, iyirmi birinci fəsil

Külək pəncərələri tərpədir, həyət-bacada fit çala-çala cövlan eləyirdi. Elməddin içəridə, mizin arxasında oturub yazı yazsa da, fikrinin gözü ilə görürdü ki, sərsəri külək artıq çılpaqlaşmaqda olan ağacların son yarpaqlarını necə də yoluşdurub qabağına qataraq aparır. Səhər həyətdə bir yığın xəzəl görəcəyinə heç şübhə etmirdi. Belə havalarda o həmişə darıxardı. Nəhayətsiz bir qəm ürəyini sarır, fikri bir yerdə qərar tutub qala bilmirdi. Gah qardaşının ölüm səhnəsi, gah kimsəsiz, dörd divar arasında qoyub gəldiyi və bir də heç vaxt üzünü görməyəcəyi anası, gah da əsrarəngiz bir halda yoxa çıxmış Əfsanə yadına düşürdü; şəhərə gəldiyi ilk günlər, çətinliklər, iş tapandan və yazılarını dərc etməyə imkan əldə edəndən sonra duyduğu sevinclər xəyalında canlanırdı. Və sevinclər kənd xatirələrinin üstünə kölgə salır, onun ürəyində inam və ötəri qürur hissi doğururdu. İndi o, əsl yola çıxmışdı. Bu yolda tək deyildi, Rəhgüzər kimi yoldaşı var idi. Bu yolu axıracan başa vurmaq, özü də şərəflə başa vurmaq onun özündən asılı idi. «Yox, tək özümdən asılı deyil, — deyə özü-özünə etiraz edirdi, — təəssüf ki, bizim mühitimizdə insan həyatı daha çox təsadüflərdən asılıdır. Yatıram, bilmirəm ki, sabah nə olacaq, başıma nələr gələcək?!»Fikrini telefonun cingiltisi qırdı. Tənbəl-tənbəl əlini uzadıb dəstəyi götürdü:

4 мин
Proloq

– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:

1 мин

Стихи других поэтов