Страница 2 из 2 · 50%

– Çətin ağlım kəsir, Nəcməddin kürəyini belə tək, kasıb bir adama söykəmək fikrinə düşsün, — demişdi. Məleykə ona etiraz eləmişdi.

– Elməddin ağıllı oğlandı. Nəcməddinə də var-dövlət nəyə lazımdı; yığıb-yığışdıra bilmir, hesabını-miqdarını da itirib. Ona elə adam lazımdı ki, artıq yetişib həddi-büluğa dolmuş qızına yiyə dursun və onu xoşbəxt eləsin. Hər şey qızdan asılıdır, Şəfi.

– Mən bu barədə nə deyə bilərəm? Özləri bilən məsləhətdir.

Məleykə gülümsünə-gülümsünə:

– Əgər oğlan onlara tez-tez gedib-gəlirsə, inanıram ki, axırı yaxşı olar. O qızın gözəlliyi qarşısında az kişi tapılar ki, biganə qala bilsin.

– Elməddin atasının qorxusundan ona əyri gözlə baxa bilməz.

– Məhəbbət belə şeylərdən qorxub çəkinmir, Şəfi!! Bu danışıqlardan Elməddin, əlbəttə, bixəbər idi. Amma hər halda Məleykənin söhbətindən anlayırdı ki, o, sarı simə vurur. Günlər-aylar keçdikcə Elməddin nədənsə Zərrintac haqqında daha çox və daha tez-tez fikirləşməli olurdu. Bu, sanki onun iradəsindən asılı deyildi. Qızla üzbəüz gələndə, danışanda tutqun bir həyəcan keçirir, çaşır və sonra dönüb özü-özünə təəccüb eləyirdi. Elməddin öz yerini, məqamını yaxşı bildiyinə görə, bacardığı qədər bu fikirləri başından çıxartmağa çalışır, ona sahibkarının qızı kimi baxmaq istəyirdi.

«Mən kiməm? Adicə bir qulluqçuyam. Əgər ağayi Nəcməddin mənim belə fikirlərə düşdüyümü bilsə, hətta hiss eləsə məni buradan dərhal qovar və deyər: «çörəyi dizinin üstündə olan adam, itil buradan, gözüm səni görməsin!» Onda mən ölsəm, bundan min dəfə yaxşıdı. Yox, Zərrintac nə qədər gözəl də olsa, mən ona layiq ola bilmərəm», — deyə dəfələrlə Elməddin özünə təskinlik verir, arxayınlaşdırmağa çalışırdı. Zərrintacın nə düşündüyü ona məlum deyildi, lakin ona qarşı həlim, mehriban rəftarını görməyə bilmirdi. Qız oğlanı görəndə açıq-aşkar sevinirdi və bu sevincini hətta atasından da gizlətmirdi. Elməddin onlara gələn kimi, o, atasından qabaq restorana yemək-içmək sifariş verir, şənlik məclisi düzəldirdi. Ağayi Nəcməddinin yanında:

– Bizə nə üçün gec-gec gəlirsən, ağayi Elməddin? — deyə ondan xəbər alırdı. Elməddii qızara-qızara cavab verirdi – İşim çoxdu, Zərrintac xanım. Gecə-gündüz çalışıram ki, ağayi Nəcməddinin etimadını doğruldam.

– Artıq doğrultmusan, Elməddin — deyə Nəcməddin şad halda dilləndi. — Mənim adamlarım xəbər gətiriblər ki, sən çox can-dildən işləyirsən. Mən fəxr eləyirəm ki, sənin kimi təmiz işçim var.

– Lütfünüz artıq olsun. Deyirsiniz, adamlarım... hansı adamlardı onlar, ağa? Zərrintac güldü:

– Atamın bütün müəssisələrində xüsusi adamları var, Elməddin. Onlar ayda bir dəfə atama müfəssəl məlumat verirlər.

– Bəli. Elədir, — Ağayi Nəcməddin təsdiq elədi. — Rusların bir yaxşı məsəli var: «Etibar elə, amma yoxlamağı da unutma».

Ağayi Nəcməddin həyətə düşəndə, ya o biri otağa keçəndə Zərrintac gülümsər gözlərilə Elməddinə baxıb deyirdi:

– Bizə tez-tez gəlin, Elməddin. Bilirsiniz, mən də təkəm, darıxıram.

– Çalışaram, xanım. Təkliyin nə demək olduğunu mən də azdan-çoxdan bilirəm.

– Sizin yenə işiniz var. Başınız qarışır. Mən isə... kinoya gedirəm, teatra gedirəm. Ancaq yenə darıxıram. Maşına minib şəhərin küçələrini belədən-belə dolaşıram. Yenə nə isə...

Elməddin ağac altında oturub aram-aram, tələsmədən hovuzda üzən balıqlara baxır, olub keçən hadisələri, söhbətləri bəzən tamam, bəzən də qırıq-qırıq xatırlayırdı. Addım səsləri eşidib darvazaya sarı baxdı. Gələn Rəhgüzər idi. Məhəmməd Şəfi onu görüb gülümsəməyə çalışdı.

Elməddin ayağa durub əl verdi.

– Necəsən, Elməddin?.

– Yaxşıyam, ustad. Siz necəsiniz?!

– Belə, nə yaxşı, nə pis...—deyib yorğun halda Elməddinin yanında oturdu. Ona diqqət yetirdi. Rəhgüzər həmişəki gülən adama oxşamırdı. Rəngi boğulmuş, qaralmışdı.

– Xəstə-zad deyilsiniz ki, ustad?

– Yox, — deyə tutqun cavab verdi. — Qanım bir az qaradı.

– Yoxsa, qəzeti bağlayıblar?

– Yox, təzə qəzet açıblar.

– Təzə qəzet?

– Hə. «Sülh» adlı təzə qəzetin birinci nömrəsi bugün çapdan çıxıb.

– Adı yaxşıdı.

– Adı yaxşıdı, amma məzmunu, mövqeyi pisdir, çox pisdir. Mümtaz adlı bir sərmayədar var — o, pul buraxır və mənə təsir eləyən budur ki, qəzetin redaktoru mənim vaxtilə yaxın olduğum, oturubdurduğum Əli Tüğyandır.

– Şair?

– Hə. Allah onun şairliyini də kəssin. Məsləksiz-əqidəsiz adam imiş.

– Mən görməmişəm.—Rəhgüzər papiros yandırıb sümürdü. Bu vaxt Məleykə gəldi.

– Durun keçin evə, — dedi.

– Bura yaxşıdır. — Rəhgüzər quru səslə dilləndi və Əli Tüğyanı Məleykənin də yaxşı tanıdığını fikirləşib üzünü ona tutdu, — Əli Tüğyan mənim karikaturamı qəzetində çap eləyib.

– Bəyəm, o, qəzet buraxır? — deyə Məleykə təəccüblə xəbər aldı.

– Hə. — Rəhgüzər cibindən dörd bükülmüş kiçik formatlı bir qəzet çıxarıb stolun üstünə atdı. Elməddin tez götürüb açdı. — «Sülh» həftəlik qəzeti. Tərəqqipərvər milli qəzet» — deyə oxudu.

– Bunlar hamısı gözdən pərdə asmaq üçündür, avam, savadsız, biçarə xalqı aldatmaq, mübarizədən yayındırmaq üçündür, — deyə Rəhgüzər papirosun tüstüsünü üfürə-üfürə izah elədi.

– Bəs hanı karikatura? — Məleykə xəbər aldı.

– İkinci səhifədə.

Elməddii açdı. İkinci səhifədə Rəhgüzərin yöndəmsiz şəkli çəkilmişdi. Bir yandan maşın bir yandan imarəti, o biri yandan da torpaq şəkli çəkilmişdi. Karikaturanın altında bu sözlər yazılmışdı: «Ağayi Rəhgüzər, daha nə istəyirsiniz?» — özü izah etdi, — demək istəyir ki, sənin özünün hər şeyin var, daha nə istəyirsən?

– O, elə bilir ki, sən ancaq özün üçün çalışırsan! — Elməddin söylədi.

– Çox təəssüf ki, elə bilir. Onun nə qədər əli aşağı idi, pulu, yaşamağa yeri yox idi, şerlərində «millət, vətən» deməkdən yorulmurdu. Gecə-gündüz ah-fəğan eləyirdi ki, xalq, vətən əldən getdi, məhv oldu. Elə ki əli çörəyə çatdı, hər şeyi unutdu. İndi onun şerlərində gözəl, təmtəraqlı həyatdan söhbət açılır. O indi aclığı, səfaləti, bir ovuc varlının əlində zəlil-xar olan insanları, acından məhv olan uşaqları görmür. Çünki özü toxdur.

– Toxun acdan xəbəri olmaz, — Məleykə söylədi.

– Marks yaxşı deyib ki, ictimai varlıq ictimai şüuru təyin edir!

– Bunu hardan oxumusan? — Rəhgüzər dərdinin ağrısını unudub tələsik xəbər aldı.

– Marksın kitabından. Ağayi Nəcməddinin kitabxanasından götürmüşəm.

– Oxu, oxu, qardaş, bunlar bizə lazım olacaq. Qələm kimi, silah kimi lazım olacaq. Əli Tüğyanlara, onları himayə edib qızışdıraraq ortalığa salanlara qarşı mübarizədə gərək olacaq.

– O bizə çox gəlib-gedib. Əvvəldən nəsə ona qanım qaynamadı, — deyə Məleykə həzin səslə dilləndi.—Yaltaq adama oxşayırdı. Şəfini bir tərifləyirdi ki, kişi utandığından puçur-puçur tər tökürdü, bəhanələrlə söhbəti dəyişirdi. Bu sözü indiki kimi yadımdadı: «millətimiz ölüb, yerdən götürəni yoxdur!».

– Əqidəsini pula satan adamlar mənim birinci düşmənimdir. Belələrindən nə desən gözləmək olar: hər cür alçaqlıq, hər cür xəyanət...

Məleykə ah çəkib:

– Darıxma, Şəfi, — dedi, — it hürər, karvan keçər. Durun, yeməyinizi hazırlamışam. Onlar ayağa durdular.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, üçüncü fəsil

Nadirə xanım maqnitafon lentində Ceyhunun Reyhan adlı bir qadınla danışığı həkk olunmuş parçanı axırıncı dəfə dinləyən kimi mayor Hacı Əliyevə zəng eləyəndən yarım saat keçməmiş, o, özünü yetirmişdi. Nadirə əzgin, kədərli vəziyyətdə Hacını qarşılamış, içəri, Ceyhunun otağına dəvət eləmiş, mayor da keçib xırda stulda oturmuş, dər-divarı Ceyhunun şəkilləri ilə bəzənmiş otağa göz gəzdirib Nadirənin - aman-zaman bir balasını itirmiş bu ananın halına yanmışdı, qəlbən yanmışdı. Və hardasa, ürəyinin dərinliklərində Ceyhunu qətlə yetirən o vicdansızı indiyə qədər tapa bilmədiyinə görə özündən narazı qalmışdı. Nadirənin kədərli gözlərinə baxmağa da utanırdı Hacı. Nadirə xanım isə ona sual dolu baxışlarını zilləmişdi, ondan nə isə yeni bir məlumat eşidəcəyi ümidini hələ itirməmişdi. Hacı isə divardakı şəkillərə tamaşa edirdi. Nadirə xanım axırı dözməyib soruşdu:− İşdən təzə nə xəbər var, Hacı qardaş?

5 мин
Birinci hissə, dördüncü fəsil

May günəşi ağ buludların arası ilə axıb günbatana doğru gedirdi. Havada yüngül meh vardı, balkonun qabağında əkilmiş hündür, artıq qocalmaq üzrə olan çinarların körpə yarpaqlarını yüngülcə titrədirdi.Şənbə günü olduğundan həyətdəki uşaq bağçasının qapıları bağlı idi, hay-küy yox idi. Ancaq üstü şiferlə örtülmüş «besedka»nın altında üç-dörd oğlan uşağı oturmuşdu, nə barədə isə danışıb gülürdülər. Hacı gedəndən sonra evdə qərar tuta bilməyən Nadirə bu səs-küyə balkona çıxmışdı, kədərli-kədərli onlara baxırdı. Neçə illər qabaq onun Ceyhunu da öz yoldaşları ilə tez-tez orada oturardı, onlardan biri gitara çalardı. Qəribə idi ki, Nadirə indi də o uşaqlara baxa-baxa gitaranın səsini eşidirdi və fikrən Ceyhunu da o sehirli gitara səsi qaytarıb bu uşaqların arasına gətirirdi. Nadirə bir neçə dəfə az qala ağzını doldurub «Ceyhun» deyə oğlunu evə çağırmaq istəmişdi. Ancaq beynində, xəyalında birdən o gitara susmuş, əvəzində yarımçıq lent yazıları səslənmiş və ananın əlini-ayağını soyutmuş, dilinə qıfıl vurmuşdu. Burda da duruş gətirə bilməyən Nadirə otağa keçmiş, itiyi itmiş adam kimi ora-bura vurnuxmuşdu. Səhər tezdən dolma büküb asmışdı. Yarpağın xoş ətri evi başına götürəndə mətbəxə gəlib qazı söndürmüş, ac olduğuna, artıq nahar vaxtının çoxdan ötdüyünə baxmayaraq, qazanın ağzını da açmamışdı.

9 мин
Birinci hissə, beşinci fəsil

Amma belə deyildi. Gülmirə indi özünü çox xoşbəxt sanırdı – əlbəttə, bu xoşbəxtlik nisbi xoşbəxtlik idi, gözü-könlü tox olan Gülmirəyə bəs eləyəcək xoşbəxtlik idi. Əvvələn, Orxanın evinə köçməyi onun qəlbini xeyli toxtatmışdı, qəribə bir nisgil içində olsa da, Gülmirənin Orxansız günləri sona çatmışdı– fikrən, qəlbən Orxanlı idi o indi. İkincisi, Orxanın o zaman açıb-ağartmadığı o böyük məhəbbət hələ də bitib-tükənmirdi, davam eləyirdi. Məsələ burasında idi ki, Gülmirə dəmir qapısına «Orxan Əlizadə» sözləri yazılmış bu otaqlara köçəndən xeyli sonra, növbəti yır-yığışların birində, arakəsmənin üstündə düzəldilmiş taxçadan bir ümumi dəftər tapmışdı. Dəftər Orxanın əliylə yazılmışdı – hamısı şer idi. Onu tapanda Gülmirə böyük bir xəzinə tapmış adamdan çox sevinmişdi. Qəribə idi ki, dəftəri ürəyi atlana-atlana vərəqləyib axıra çıxanda özü də gözləmədən belə bir qərara gəlmişdi ki, bu dəftəri birdən-birə oxumayacaq. Tez qurtarar və sonra Gülmirə neyləyər? Hər gün, ya həftədə bir şer oxuyacaq və elə biləcək ki, bu şeri Orxan bu gün yazıb! Və beləliklə, o, Orxanın hər gün isti səsini, doğma sözünü eşidib sevinəcək. Bu isə, böyük səadət idi onun üçün. Qəlbi təzədən Orxana qarşı dərin, şirin bir duyğu ilə dolmuşdu. Qəribə bir sövqi-təbii ilə duymuşdu ki, Orxan bu şerləri onun eşqilə, onun üçün yazıb və bu, onun qəlbini kədər qarışıq bir sevinclə doldurmuşdu. Birinci gün, dəftəri tapdığı anlarda, gəlib miz arxasında oturaraq, birinci şeri – cəmi dörd misradan ibarət şeri oxumuş və gözləri yaşarmışdı:

12 мин
Birinci hissə, altıncı fəsil

Əsəd yorğun-arğın xəstəxananın daş pillələrini aşağı düşüb arakəsməli, şüşəli qapıdan çölə çıxan kimi, ayaq saxlayıb bir siqaret yandırdı. Əhvali-ruhiyyəsi yaxşı idi. Xəzangülün səhhəti babatlaşdıqca Əsədin kefi durulurdu. Xəzangül yeyib-içir, rəngi-rufu açılır, üzünə həkk olunmuş əbədi kədər, əbədi bədbəxtlik ifadəsi dava-dərmanın, qayğının əlilə silinib yox olurdu. Sahilə də Əsədin gözünə yaxşı dəyirdi – qızın həyatı bir az nizama düşmüşdü. Daha az ora-bura qaçırdı, bütün günü dərsdə, evdə olurdu, axşamlar isə anasının yanına gəlib Əsədi azad edirdi. O, xəstəxanaya gələn kimi, palatada anasını çarpayısında uzanmış, Əsədi isə aşağı tərəfdə, kətilin üstə oturmuş görüb sevinc içində salam verirdi, yaxınlaşıb anasının üzündən öpürdü, Əsədin əhvalını xəbər alırdı. Yarım saat ordan-burdan, məktəbdən, xəstəxanadan söhbət eləyib, bir az deyib-güləndən sonra, Əsəd ayağa qalxır:− Bax, xəstəmizi sağ-salamat sənə təhvil verdim, yoldaş gecə növbətçisi! – deyir və xudahafizləşib gedirdi. Xəzangül neçə dəfə ikisi bir yerdə olanda, keçmiş xatirələrin üstünə qayıtmaq, illər uzunu qəlbini, həyatını didib parçalayan «günahları»nı dilə gətirib yüngülləşmək, o ağır yükü birdəfəlik yerə qoyub rahat nəfəs almaq istəmişdisə də, Əsəd buna imkan verməmişdi, açıq-aşkar etirazını bildirmişdi:

18 мин

Стихи других поэтов