Birinci hissə, on birinci fəsil
Страница 2 из 2 · 50%
− Niyə ayaq üstə durmusunuz? Əyləşin, xahiş edirəm. – dedi və sınayıcı baxışlarla Hacıya baxdı. Hacı əlindəki dəri qovluğu stolun üstə atıb oturdu və gülümsünərək:
− Yox, maşallah, pis yaşamırsan? – söylədi.
− İndi şükür, kim pis yaşayır ki, mən də pis yaşayım?.. Bir də mən akademik maaşı alıram.
− Necə yəni akademik maaşı.
− Paxan akademikliyinə ayda üç yüz əlli manat alır və üstündən bir qəpik götürmədən mənə verir. – deyə Saleh qımışdı.
− A… - Hacının qalın, pırpız qaşları yuxarı dartıldı. – Pis pul deyil. Bəs təqaüd almırsan?
− Əh, təqaüdü neynirəm. Onların qırx-əlli manatına qalmışam? Deyirəm, qoy imkanı olmayanlara versinlər.
− Alicənablıq eləyirsən, Saleh. – Hacının səsində yüngül bir istehza duyuldu, ancaq Saleh özünü o yerə qoymadı.
Salehin gözləri qızarmışdı. Araq iyi Hacını uzaqdan vururdu və hiss eləyirdi ki, siqareti siqaretin oduna calayan Saleh tüstü, tənbəki qoxusu ilə içdiyini gizləmək istəyir, arağın iyini ört-basdır eləməyə çalışır.
− Bağışlayın, mən kiminlə söhbət eləyirəm. Görürəm, siz məni tanıyırsınız… Amma mən sizi…
− Hə, mən özümü təqdim eləməyi unutdum. Mən müstəntiqəm. Mayor Hacı Əliyev…
Saleh yarıya qədər yanmış siqaretinə dərin bir qüllab vurub tüstünü havaya üfürəndən sonra:
− Müstəntiq? – deyə təəccüblə xəbər aldı. Ancaq özü də hiss elədi ki, bu təəccübü çox süni çıxdı. Hacı da bunu tutdu və yəqin etdi ki, Saleh onu tanıyır. Saleh bayaqdan ürəyində qəribə bir qorxu keçirirdi. Bu gəlişdən yaxşı heç nə gözləmirdi. Lakin maraqlı idi ki, indi o, nə deyəcək, nə soruşacaq. Görəsən nə bilir Hacı?..
Bu suallar daxili suallar idi və hələlik heç birinə cavab vermək mümkün deyildi. – Deməli, müstəntiq… Çox yaxşı. Mənə dair qulluğunuz, yoldaş mayor?
− Mən Ceyhunun işini aparıram, Saleh!
− A… indi başa düşdüm. – Ceyhun təzə siqaret yandırdı, fikrə getdi:
«Mənim yanıma niyə gəlib? Bəlkə…» – deyə fikrindən keçirtdi və öz-özünə, qəti bir əmr verdi: «Ehtiyatlı ol, Saleh. Bu boş-boşuna gəlməz bura… Soyuqqanlı ol, Saleh… Yoxsa korlaya bilərsən işləri!» – hələ də oğruları, qatilləri tapmamısınız?
Hacı günahkar kimi:
− Təəssüf ki, hələ də yox… - dedi.
− Mən isə elə bilirdim artıq qatillər tutulub, güllələnib də!
− Tutulsaydılar, siz eşitmiş olardınız.
− Mən hardan eşidə bilərdim?
− Bəs… daha Ceyhungilə gedib gəlmirsən?
− Yox, düzü, ürəyim gəlmir. Axırıncı dəfə qırxı günü gedənəm. Sonralar ha istəmişəm gedim, qocalara baş çəkim, ancaq ayaqlarım getməyib. Bizi – oğlunun yoldaşlarını görəndə… yazıqların əhvalı tamam dəyişir. Adamın ürəyinin başı soyulur… Mən şəxsən Salman əmimin də, Nadirə xalamın da gözünün içinə baxa bilmirəm, vallah. Bax, onu yadıma saldınız, bütün bədənim əsir… - Saleh susdu, qalxıb gəzişdi, sonra nə fikirləşdisə, mətbəxə gedib ağzı təzəcə açılmış «Stoliçnı» şüşəsini, iki piyalə, təzə xiyar-pomidor doğranmış qab, iki də çəngəl gətirdi. Süzdü, birini Hacının qarşısına qoydu, o biri piyaləni götürdü:
− Nuş edin, Hacı müəllim.
− Yox, mən içən deyiləm.
Saleh israr etmədi. Öz piyaləsini başına çəkdi. Üz-gözünü turşutmadı da: elə bil su içirdi, acı araq yox. Handan-hana çəngəllə bir xiyar qıçası atdı ağzına və xırıltı ilə yeyib: - Yazıq Ceyhunun adı gələndə bütün ovqatım təlx olur. – dedi və yenə siqaret yandırıb, - Yəni heç izinə də düşməmisiniz qatillərin? – deyə soruşdu.
− Düşmüşük… - Hacı soyuqqanlılıqla söylədi. Salehin ürəyi əsdi:
− Düşmüsünüz?
− Bəli. Ceyhunun ölümündə bir qadının əli var.
− Qadının?
− Hə. Sənə təəccüblü gəlir?
Saleh qadın söhbətini eşidəndə azca toxtadı. «Demək, məndən heç nə bilmir…» Mayorun sualı müqabilində o, çiyinlərini çəkməklə kifayətləndi.
− Bu qadın Ceyhunu tanıyırmış, sevirmiş… Gəlib gedirmiş yanına.
Saleh: «Reginadı. Reginadan şübhələnirlər!» – deyə tələsik qərar çıxartdı ürəyində. «Regina ələ keçsə… heç nə… İşin üstü açılacaq.»
− Bəs… nədən bilirsiniz ki, qadın əli var bu işdə? Görən olub, tanıyan var o qadını?
− Yox. Məsələ belədi ki, Nadirənin evindən aparılan şeylər içində, çox manşırlı, yadda qalan bir parça da olub – Yapon parçası… İndi həmin qadın o parçanı tikdirib, arın-arxayın bu şəhərdə gəzir özüyçün.
Parça söhbəti ortaya gələndə… Saleh lap arxayınlaşdı. Çünki o, evdən çıxanda – Ceyhunu vurandan sonra tələsik gedərkən pal-paltar adına heç nə götürməmişdi. Şkafı, çamadanları töküb-töküşdürəndə gözünə deyəsən qırmızı parça dəyməmişdi də. Kim bilir, bəlkə də varmış, həyəcanlı olduğundan görməyib? Ola bilərdi… «Yox, Regina deyil…»
− Bəs… Niyə o qadını tutub soruşmursunuz ki, bu parça sənin üçün hardandı?..
− Bir yoldaş görüb o qadını. Ancaq… itirib sonra. İndi bütün şəhəri axtarırıq…
− Hm… Demək belə…
− İndi… Sizin – Ceyhunun dostlarının köməyi lazımdı bizə. Heç ola bilməz ki, siz – mərhumun yoldaşları o qadını tanımayasınız. Heç olmasa görmüş olarsınız…
− Hm… Maraqlıdı… - dedi Saleh və çox incə bir mətləbin ortalığa gəldiyini dumanlı halda başa düşdü – Qadın… Bu, çox güman, Reginadı. Tutaq ki, belədi və mən dedim ki, yox tanımıram. Bəs… Samir? Reginanı o da tanıyır və deyəcək belə bir qadın var… Əgər Samir sadəcə şübhələnsə ki, bu işdə Reginanın əli var, mütləq satacaq… Reginanı üzə çıxartdılar, heç nə. Samirlə görəsən danışıb? Danışa bilməz… Samir yoxdu burda, Leninqraddadı… Amma bunların əlində oraya gedib Samirdən soruşmaq nə çətin işdi ki?.. Yox, meydan daralır… Qırmızı paltar… Axı… mən verməmişəm ona bu qırmızı paltarı. Verdiyim pulları da rəngli televizora xərclədi. Yəni o parça çox bahalı parçadı – Reginanın onu almağa gücü çatmaz… Yox, bu Regina deyil. Bəs onda kimdi? Bəlkə məndən sonra doğrudan da evə oğrular gəlib?.. Nə bilmək olar…» – Çox maraqlıdı – deyə Saleh ani olaraq beynində parlayıb sönən fikrini – dəhşətli fikrin təsiri altında, öz aləmində izi azdırmağı qərarlaşdırdı – Ceyhun və qadın? Mənim heç ağlım kəsmir, yoldaş mayor. Ceyhun ana uşağı idi, ağzından süd iyi gəlirdi hələ yazığın. Həm də qız kimi utancaq idi. Yox, bu variant ağlıma batmır mənim. Mən şəxsən… Ceyhunu tanıyan elə bir qadın görməmişəm, tanımıram da. Ceyhun özü də bir söz deməyib mənə. Olsaydı, deyərdi. Deyirsiniz… Ceyhungilə gəlib gedirmiş o qadın?
− Hə.
− Onda… Nadirə xala görməmiş olmaz!
− Təəssüf ki, görməyib. Heç ağlına da gəlmirmiş.
− Onda… - Saleh səksəkə içində soruşdu – Onda yəqin qonum-qonşulardan kimsə görüb, eləmi?
− Yox. Onlardan da kimsə görməyib…
− Bəs onda?.. – Salehin içini maraq, özü də qorxu qarışıq bir maraq yandırırdı. Hacının danışıqlarından, söhbətlərindən Saleh hiss eləyirdi ki, mayor ondan şübhələnmir. Sadəcə, özünün dediyi kimi, kömək üçün, məsələləri aydınlaşdırmaq üçün gəlib yanına. «Sən özünü çox pis aparırsan, Saleh» – deyə ürəyində kənar adama söyləyirmiş kimi, özünə təpindi… - «şübhələnə bilər». Ona görə vermək istədiyi sualı yarımçıq kəsib yenə öz fərziyyəsini doğrultmağa çalışdı. Çünki Hacıya məlum olan kartlardan onun xəbəri yox idi – nə lent yazısından, nə o qadının adının «Reyhan» olduğunu mayorun bildiyindən hali deyildi Saleh. Və yaxşı ki, Hacı bu məsələləri açıb demirdi ona. Salman, Nadirə bu uşaqları – Salehi, Samiri, onların valideynlərini o qədər tərifləmişdi ki, mayor ağlına da gətirmək istəmirdi ki, bayaqdan əsil qatillə üz-üzə oturub, danışır. Salehdə hiss elədiyi çaşqınlığı, həyəcanı da o, pis yerə yozmurdu, bir dost, tay-tuş, yoldaş itkisindən doğan hal hesab eləyirdi. Və bu, dəhşət idi, nə kimi pis nəticələr, bədbəxtliklər gizlənirdi bunun altında – hələ Hacıya məlum deyildi. Hacı sadəcə düşünürdü ki, Saleh yaxşı yoldaşı olub Ceyhunun. Onun ölümündən sarsılıb. Hələ də özünə gəlməyib. «Xarakterdi Saleh. Özü də yaşından çox bilir…» Hacı belə düşünərkən Saleh deyirdi:
− Tutaq mənə deməyib kimisə sevdiyini. Bəs Samirə? Ona mütləq deyərdi; amma ona da deməyib – Çünki Samirə demiş olsaydı, o da mənə söylərdi. Yox, mənə elə gəlir ki, Ceyhunu oğrular öldürüblər. Bu son amnistdən sonra şəhərdə bir neçə belə hadisə olub – hamı danışır. Siz də eşitmiş olarsınız. Məncə qatili amnistə düşüb həbsxanalardan çıxanların arasında axtarmaq lazımdı. Çıxıblar, pul yox, yemək-içmək yox. Yəqin də eşidiblər ki, Qurbanzadələrin hər ikisi alimdi, kalan alırlar. Özlərini toxuyublar. Ceyhun da yəqin müqavimət göstərib, vurublar. Qadın məsələsi olsaydı, evdən heç nə aparmazdılar. Halbuki, əllərinə nə keçib, aparıblar. Mən əvvəlcə çit-çülə apardıqlarını eşitməmişdim. İndi deyirsiniz, pal-paltar, parçapurça da aparıblar – bu, ancaq oğru işidi. Həmin o qadın ki, deyirsiniz, o parçanı onlardan alıb dəyər-dəyməzinə.
Hacı Salehin sözlərinə qulaq asırdı, məntiqinə, mühakimələrinə fikir verirdi, ancaq, əslində, bu dəqiqə o, Salehlə özünün bu yaşda olduğu çağları göz qabağına gətirib müqayisə eləyirdi. Hacı bu yaşda kənddə idi, atası müharibədən qayıtmamışdı deyə evin, o boyda ailənin (altı uşaq vardı Hacıdan başqa) dərdlərini tək çiyinlərində daşıyan anasına həyan olurdu, əl tuturdu. Mal-qaraya baxmaq, tövləni təmizləmək, otpəncər biçmək kimi işlər onun boynuna idi. Dərslər qurtaran kimi də, bütün yay tətilini kolxozda işlərdi. Min bir qayğısı vardı. Onuncunu bitirib anası ilə özündən kiçik bacı-qardaşları ilə xudahafizləşib Bakıya oxumağa gələndə cibində otuz manat pulu vardı. İnstituta girə bilmədi, mədənə fəhlə düzəldi, doxsan manat pul alırdı. Hər ay anasına otuz manat pul göndərirdi, yarı ac, yarı tox dolanırdı. Üç il sonra, ali məktəbə girənə qədər belə yaşamışdı Hacı. Elə tələbəlik illəri də fərəhsiz keçmişdi. Amma buna bax – deyə o, Saleh barədə düşünürdü – Gör özündən necə razıdı. Niyə də olmasın. Akademik oğludu. Evi-eşiyi. Özü demişkən, akademik maaşı… heç bir çətinlik görməyib. Hazırın naziri olub. Bunlar heç nəyin qədrini bilməzlər».
− Demək, belə – dedi Hacı fikirli-fikirli – Demək, sən mənə kömək eləmək istəmirsən, Saleh…
− Vallah, bir şey… bilsəydim, deyərdim… Ceyhun mənim ən yaxın dostum idi – Mən onun ölümünə atasından-anasından az yanmıram, yoldaşlarımdan…
Hacı ayağa qalxdı…
… O, gedəndən sonra, Saleh dalbadal iki piyalə araq içdi və divanda oturub dərin fikrə getdi… «İşlər şuluqdu, Saleh» – dedi öz-özünə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-olum-yoxdur-birinci-hisse-on-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həmin gün Elməddinin yeməyini vermədilər, havaya da çıxartmadılar. Evdən gələn xörəkdən soyuyub qaxaca dönmüş tikə kababdan, qurumuş təndir çörəyindən bir az yedi — candərdi yedi. İştahası yox idi. Qarın nayihəsini dolaşan sancı çəkilib getmirdi. Elə bil, içərisinə zəhər tökmüşdülər — yandırırdı, doğrayırdı. Ağrıdan bir yerdə qərar tutub dayana bilmirdi. Gah uzanırdı, gah gəzinirdi. Fikirləşməkdən başı şişmişdi. Yaranmış vəziyyəti götür-qoy edir, ancaq axırını bir yana çıxartmağa müvəffəq olmurdu. Həbs olunmağının səbəbi elə orda — məhkəmədə məlum olmuşdu — «Xurma çərdəyi»nin qurbanı idi, həbsxanada təkadamlıqda da elə buna görə yatırdırdılar. Bəs bu şer, ruznamə nə məsələ idi? — bununla neyləmək istəyirdilər? Bəlkə bu yolla onun həbs müddətini uzatmaq, onu illər uzunu dörd divar arasında saxlayıb çürütmək istəyirdilər? Bəlkə tək dustaqlardan deyil, şəhərdən, cəmiyyətdən, dostlarından, ailəsindən ayırmaq, uzaqlaşdırmaq istəyirdilər?!Bu qayğılar, cavabsız suallar saatlar keçdikcə onu yorub əldən salır, namüəyyən hisslər məngənəsində çırpınan ürəyi az qala partlamaq dərəcəsinə gəlirdi. Qəzəbdən dodağını çeynəyirdi. Ancaq çarəsizlik, gücsüzlük önündə aciz olduğunu dərk etdikdə süstəlir, dözmək, səbir etmək, bu oyunun axırının nə ilə bitəcəyini gözləməkdən başqa çıxış yolu olmadığını anlayıb taleyi ilə barışırdı.
Üçüncü hissə, altıncı fəsilAxşam saat on birdə Əbdül, görünür, təklikdən sıxıldığından, ya bəlkə çoxdan baş çəkmədiyini xatırladığından gözlənilmədən gəlmiş və ilk dəqiqələrdə onu da, Heyranı da həyacanlandırmış Zərrintac xanımı, oturub xeyli ordan-burdan söhbət eləyəndən, kiçik qardaşını doyunca oynadıb, öpüb-oxşayandan, Heyranla ətraflı tanış olandan, evləndiklərini biləndən, yeyib-içəndən sonra yola salırdı. Zərrintac xanım atası öləndən sonra birinci dəfə idi ki, burada bu qədər oturmuş, Əbdüllə içmişdi. Eyvandan həyətə düşəndə səndələyirdi. Əbdül yıxılacağından qorxub ehtiyatla onun qolundan tutmuş həyətdə dayanan maşının yanına gətirmişdi, qapısını açıb sükanının arxasında oturtmuşdu.– Arvad, yaxşı arvaddı, Əbdül. Dünyaya çox oxşayır. İçəri girəndə elə bildim odur, qayıdıb gəlib. O paltarı, o qızılları sən veribsən ona?
Üçüncü hissə, səkkizinci fəsilHava çoxdan qaralmışdı. Ay qaranlıqda tutqun şəkildə görünən dağın zirvəsindən iki adam boyu yuxarı qalxmışdı. Göydə irili-xırdalı ulduzlar sayrışır, yerdə zəif külək əsir, burula-burula dağların arasına doğru uzanan asfalt yolla irəliləyən qara maşının açıq pəncərəsindən içəri dolur, boğuq bir uğultu əmələ gəlirdi. Ziyaülhəqq sükan arxasında, Şəfi ilə Bəbir arxada oturmuşdular. Maşın Kabil-Bəhram yolu ilə şütüdükcə, hava daha da sərinləşirdi. Bu gəzinti Bəbirin istəyi ilə təşkil olunmuşdu. Ertədən Ziyaülhəqqə tapşırmışdı ki, saat doqquz üçün ustadı evdən çıxartsın, dörd divar arasında qalıb darıxır, həm görüşərik, söhbət edərik, həm də «dustağın» eyni bir az açılar. Demişdi ki, mən «Pamir» kinoteatrının aşağısında sizi gözləyəcəyəm.Ustad «gəzinti» xəbərini böyük sevinclə qarşılamışdı. Ayda bir dəfə, iki dəfə Bəbir belə atüstü görüşməyi lazım və faydalı hesab edirdi. Məleykə xanım da buna artıq adət eləmişdi. Ziyaülhəqqdən başqa kimsənin üzünə qapı açmırdı, kimsəyə inanmırdı. Şəfi onunla gedəndə arvad arxayın olurdu.
Üçüncü hissə, doqquzuncu fəsilGün günortadan keçəndə iyirmi bir nömrəli kameranın dəmir qapısı cinkilti ilə açıldı. Ortalıqda var-gəl eləyən; hövlündən ürəyi bir tikə olmuş Elməddin ayaq saxlayıb alaqaranlıqda gələnin kim olduğunu ayırd etmək istədi — bu qapı dünən beləcə açılmalı idi, onu çağırmalı, vaxtının qurtardığını deməli idilər. Ancaq onun gözü yolda qalmışdı, gələn olmamışdı, ötən gecə öz əzabları, acı xəyalları və tutqun, nagüman sevincləri ilə həbsxanada keçirdiyi bu bir ilin əzablarından, ağrılarından dəhşətli və uzun olmuşdu. Əvvəllər «bir gecə bir ildən uzun ola bilər» desəydilər, şübhəsiz, inanmazdı. Ancaq, indi inanmışdı buna.Gələn, əlitüfəngli nəzarətçi idi. Onun yoğun gövdəsini qapı ağzında görən kimi tanıdı. Burada növbə ilə keşik çəkən bütün nəzarətçilərin arasında, az-çox insaflısı, vicdanlısı bu ortayaşlı, qabaq dişlərinin ikisi çürüyüb tökülmüş, enlisifətli kişi idi — Elməddin adını da bilmirdi, amma on il sonra da görsəydi, tanıyardı. Bu həmin kişi idi ki, ay yarım bundan qabaq, onu hava gəzintisinə çıxaranda, həyətin ortasında arxadan yavaşca, demək olar ki, pıçıltı ilə demişdi:
Стихи других поэтов
Ah-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
QırmızıYanağı qırmızı, irəngi ağdı,Çırağban eyləyib ağı qırmızı.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.