Birinci hissə, on yeddinci fəsil
Страница 2 из 2 · 50%
– Gördün, ağa, mən deyən kimi oldu? — deyir.
Oba başçısı asta-asta başını tərpədir və təəccübünü gizləyə bilməyərək soruşur:
– Sənin dediyin düz çıxdı, kişi! Ancaq sən bunun hikmətini mənə başa sal. Başa sal görüm, sən nədən bildin ki, onun ürəyində iki xalı var, kişi? Deməsən, şərtimizi pozacağam!
Kişi ah çəkib söyləyir:
– Ağa, o dəvənin iki balası — köşəyi gözünün qabağında ölüb və sən inanmazsan — çünki mənim də sözümə inanmadın — inanmazsan ki, o yazıq, o balası ölmüş dəvə insan kimi, oğlu ölmüş ana kimi iri, qara, ağıllı gözlərindən neçə gildir-gildir yaş axıdıb zar-zar ağlayırdı... Dilsiz-ağızsız heyvan olasan, balan üçün belə ağlayasan... Mən onda bildim ki, onun hər balası öləndə ürəyinə bir xal düşdü, ağa. İki bala dağı görmüş maya dəvənin ürəyində iki də xal
– dağ olmalıydı, ağa.. Sən, eh, nə deyim, sən mənim sözümə inanmadın, yazıq heyvanı candan elədin...
Obabaşı fikrə gedir. Handan-hana:
– Ə, o dəvələrdən ən yaxşısını seçin verin bu kişiyə, aparsın — deyir. Kişi isə fikirli-fikirli:
– Yox, ağa, mənə sənin dəvən lazım deyil... — deyib yola düzəlir...
Maşa xala sözünü qurtarıb susduqda Gülmirə arvadın niyə ağladığını başa düşdü və təsəlli vermək üçün ağzını açıb nə isə demək istəyirdi ki, qarı köks ötürüb təzədən gözü yaşara-yaşara:
– Bu hekayəni oxudum, balalarım yadıma düşdü, Gülya. Faşistlərin gözümün qabağında güllələdiyi üç balam yadıma düşdü — deyirəm, mənim də ürəyimi kəsib sinəmdən çıxaran olsaydı, orda üç xal, üç dağ — üç bala dağı görərdi Gülya...—dedi.
Gülmirə sarsıldı. Bayaqdan qarının bu hekayəsini maraqla dinləyən, onu ağladan səbəbi fikrində araşdıran gəlinə indi hər şey aydın oldu, sən demə, hekayə Maşa xalanın yaralı yerinə toxunubmuş, illərin qaysaqladığı, göz bağlatdırdığı yarasının gözünü qoparıbmış! Gülmirə arvadın müsibətini çoxdan bilirdi, arvad hər şeyi ona danışmışdı. Əsəbləri pozulmuş, illərlə balaları üçün ağlamış Maşa arvadın son vaxtlar ağladığını görən olmamışdı, nə qonşular, nə Əqdəm, nə Gülmirə... Hamı deyirdi ki, daha arvad dərdini unudub, daha gözlərində yaş da qalmayıb... Sən demə, belə deyilmiş. Sən demə, bala dağı unudulmurmuş, sən demə, ürəkdən su içən gözün yaşı qurumazmış!!!
– Arlama, Maşa xala, sən uşaq deyilsən ki, Maşa xala. Hekayədir də, yazıb... Hər yazıdan ötrü adam ağlamaz, Maşa xala!— deyirdi Gülmirə.
Ancaq sözlərinin sinəsi çalın-çarpaz dağlanmış anaya təsəlli verəcək gücə-qüdrətə malik olmadığını da anlayır, özünə acığı tuturdu ki, niyə bu dərdli anaya layiq, onun könül fəryadlarını unutdura, heç olmasa yüngülləşdirə biləcək sözlər tapıb deyə bilmir, niyə?
– Ağlama! Maşa xala, ağlama — Maşa xalanın gümüşü tellərini əyilib tumarladı, ömründə övlad nəvazişi görməyən qarının sanki dərdi yüngülləşdi və o, yaşlı gözlərini dəsmalı ilə silib:
– Sağ ol, qızım. Kiçik qızım Lena sağ qalsaydı, indi sən boyda olardı, Gülya. Elə bildim odu, bir anlığa hardansa gəlib mənim saçlarıma əl çəkdi...— dedi.
– Mən də sənin qızın, Maşa xala.
– Çox sağ ol, bala. Allah bu kitabı yazana da bala dağı göstərməsin, ürəyimi boşaltdı — son illər taxtaya dönmüşdüm, qurumuşdum. Hisslərim də kütəlmişdi, elə bil ürəyim də ölmüşdü. Elə bilirdim, mən heç cavan olmamışam, elə bilirdim mən heç ana olmamışam, aman Allah. Sağ olsun ki, bu duyğuları, o analıq hissini mənə qaytardı o yazıçı... Sən şəxsən tanıyırsan bu yazıçını?
– Yox, Maşa xala.
– Tanısaydın, mənim təşəkkürümü yetirərdin ona, əvəzimdən «çox sağ ol» deyərdin ona, qızım.
Gülmirə güldü:
– Sənin xatirinə tanış olaram, sözlərini ona yetirərəm, Maşa xala!!!
– Hə, hə, tap, tanış ol, sözlərimi ona çatdır...
Bu sözlərdən sonra Maşa xala sanki toxtadı, həm də deyəsən dolmuş buluda oxşar ürəyi, gözləri boşalmışdı. O, ayağa qalxdı, mətbəxə gedə-gedə üzünü Gülmirəyə tutdu:
– Bir çay dəmləyim, içək! Sən də soyun, rahatlan.
– Hə, yaxşı olar. Bu gün lap yorulmuşam, Maşa xala...
Az sonra Gülmirə ipək xalatında idi, Maşa xala onun üçün armudu stəkanda, özü üçün daş stəkanda çay gətirmişdi. Gülmirə televizoru yandırmışdı, nə isə mənzərə filmi göstərirdilər — deyəsən, Göygölü göstərirdilər — zümrüd meşələr, zümrüd göl bir — birinə qarışmışdı elə bil. Gərginlik içində keçirdikləri günün ağrısını-acısını təbiətin gözəl, əvəzsiz göz oxşayan mənzərələri hər ikisinin canından, ürəyindən çıxarırdı yavaş-yavaş! Gülmirə evə gələrkən bugünkü göydəndüşmə kəşfinin cəmi yarımca saatın içində «doğulmuş» məqaləsinin haqqında Maşa xalaya danışacağını qət eləmişdi, ancaq gəlib gördüyü vəziyyət onu bu fikirdən daşındırmışdı. Lakin dəqiqələr keçdikcə, televizorda bir-birindən gözəl mənzərələr dəyişdikcə aradakı gərginlik azalırdı — çaydan qurtum-qurtum içə-içə Gülmirə bugünkü çalpaşıq, müəmmalı sevincini —«kəşfini» Maşa xalaya danışmaq istəyirdi ki, mənzərə filmi qurtardı, heç bir dəqiqə keçməmiş diktor qız ekranda göründü və aydın, məlih səslə elan elədi:
– Hörmətli tamaşaçılar, indi də «Oğru» bədii filminə tamaşa edə bilərsiniz!!!
Maşa xala deyəsən, filmin adını yaxşı eşitməmişdi.
– Nə dedi? Nə filmi?
Gülmirə o yaxşı eşitsin deyə bir az ucadan:
—«Oğru»— dedi. Dedi və sanki bu sözdən özü də ürkdü. Qeyri-iradi dönüb ətrafına baxdı, Maşa xaladan başqa kimsəni görməyib yerində qurcuxdu. Güzgüsüz də, sanki ürəyinin gözləri ilə sir-sifətinin qızardığını, yanaqlarının yandığını görər kimi oldu və sıxıldı. Elə bu anda, filmin proloqunda kadrlar dəyişir və tramvayda gedən eynəkli, şlyapalı bir kişinin portfelindən səliqəli geyinmiş, boynu qalstuklu, barmağında üzük olan bir cavan nə isə bir qovluq çıxarırdı... Bu zaman çeşməkli bir qadın haray salır, «Oğru, oğru! Oğrunu tutun!»— deyir və tramvaydakı adamlar bir-birinə dəyir —«oğru, oğru!»— deyə qışqırırlar... Bu səs ekrandan süzülür, evə dolur, divarlarla, pəncərə şüşələrinə dəyib qayıdır. Bu zaman Gülmirəyə elə gəldi ki, bu «oğru» sözünü ona deyirlər. Bütün bədənini bir süstlük bürüdü, divanda balacalaşıb yumağa döndü. Maşa xalaya bayaqdan danışmaq istədiyi əhvalat — Füzuli avtoqrafı məsələsi, professorla olan söhbət, onun Cəfər haqqında dedikləri birər-birər yadına düşdü, xatırında canlandı... Ona elə gəldi ki, o çeşməkli, portfelli kişi Cəfərdi, onun portfelindən qovluğu — qiymətli sənədləri çıxaran adam isə Salmandı, professor o kağızları, qovluqları gətirib ona verir və «bu sənindi!»— deyir...
Filmə baxmaq həvəsi söndü, kədərli-kədərli ah çəkib ayağa qalxdı və:
– Maşa xala, sən bax, mən özümü pis hiss edirəm, getdim yatmağa!— dedi.
– Bıy, Gülya, bu çox yaxşı filmdi, çox maraqlıdı, otur bax!
– Yox, nəsə bərk yorğunam... Yatmaq istəyirəm...— Deyib Gülmirə ekrana baxmağa belə qorxurmuş kimi əsnəyə-əsnəyə öz otağına keçdi, Maşa xala televizorun önündə tək qaldı — onun televizora baxmaqdan savayı, axşamlar başqa məşğuliyyəti olmazdı.
Yan otaqda çarpayı cırıldadı. Gülmirə işığı belə yandırmadan yatağına uzandı... Ancaq yata bilmədi. Yuxu gözlərindən qaçaq düşmüşdü. Otaqda elə bil kimsə vardı və elə hey «oğru» deyə-deyə qışqırırdı... Bu səs onu film qurtaranacan, Maşa xala televizoru keçirib yatanacan rahat buraxmadı. Sonra evə qəbiristanlıq sükutu çökdü. Divar saatının yeknəsəq çıqqıltısından başqa heç nə bu gecə sükutunu xələldar eləmirdi... Filmin ilk kadrlarında gördüyü adamlar da gözünün qabağından çəkilib getmişdi — onların yerində indi təkcə Salman Qurbanzadə peyda olmuşdu. Salman Qurbanzadə məharətlə hardansa çırpışdırdığı qovluğu Gülmirəyə gətirirdi — o isə geri itələyirdi. Və birdən-birə gəlinə elə gəldi ki, oğru — həqiqətən Salman Qurbanzadədir. O, tüklü, çirkli əllərini Gülmirənin təmiz ürəyinə sarı uzadır, onu qamarlamaq, öz çirkin, murdar əlləri ilə sıxmaq istəyir... Gülmirə «yox!»— deyir, o isə israr edir...
Sonra, hardansa xəyalına qını yaxşı naxışlanmış, sədəf və mirvari ilə bəzədilmiş bir qılınc gəlir — bu qılıncı o harda görüb?— Hə, yadına düşdü, dünən tarix muzeyinə getmişdi,orda belə bir qılınc var idi. Qılıncın qını elə yaraşıqlı, göz oxşayan idi ki, baxdıqca baxmaq istəyirdin, bütün eksponatların gözü idi. Ancaq içində yəqin vaxtilə iki ağzı da ovxarlı olan qılınc da vardı. Şirmayılı dəstəyindən bilmək olurdu. Və dünən Gülmirə istər-istəməz düşünmüşdü ki, bu qılıncla kim bilir neçə-neçə iyidin, mərdin yaxud, müxənnətin, namərdin başı kəsilib ha! Bu qılınc indi, qınında olduğu vaxt gözəl idi, baxmalı idi, bir muzeyin yaraşığı idi. Ancaq qınından çıxanda... üzünü görmə... Dəhşətli, soyuq, dalı da, qabağı da kəsən qorxulu silah idi... Salman hardasa, nədəsə bu qılınca oxşadı Gülmirənin nəzərində. Qında olanda gözəl idi, qayğıkeş idi, şəbənin yaraşığı idi, alim idi, insan idi, əmi idi, qınından çıxanda... qılınc idi, qan tökən idi, namərd idi...
Bəli, Salman Qurbanzadə— kimin üçünsə qınında olan qılınc idi, kimin üçünsə qınından çıxmış qılınc idi!
Gülmirə qaranlıq otaqda ağlına gələn bu fikirdən üşürgəndi, qorxdu...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-teyyare-kolgesi-birinci-hisse-on-yeddinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Havalar tez-tez dəyişir; gah istidən adamın nəfəsi qaralır, gah elə sərin düşürdü ki, istər-istəməz pencəyi geyinməli olurdun. Qızmar yay günəşinin altında bərq vurub gümüş kimi parlayan Xəzərin və bürküdən nəfəsi tıncıxan şəhərin başı üzərinə nəhəng, ucu-bucağı görünməyən bulud çətir tutdu, hər yeri tutqun bir kölgə bürüdü. Elə bil, hava da azca soyudu. Aralıq otaqda, üstündə qara telefon aparatı olan mizin arxasında oturan pırpız saçlı katibə qız kimin üçünsə yazıb hazırladığı ezamiyyə vərəqəsini qeyd dəftərçəsinin arasına qoyub pəncərədən qaralmış göylərə baxdı və qeyri-iradi düşündü: «Günortadan o qədər də çox keçməyib, amma elə bil axşamçağıdı hava...» Telefonun cingiltili səsi onun fikrini qırdı. O, uzun, manikürlü dırnaqları olan əlini könülsüz halda dəstəyə uzadıb cır səslə dilləndi:– Bəli, institutdu... Akademik Aslanzadə? Bəli, burdadı... «Bilik» cəmiyyətinin iclasına ?.. Haçandı?.. Yaxşı, çatdıraram. Sağ olun.
Birinci hissə, on beşinci fəsilGülmirə Orxandan ayrılandan sonra idarəyə getmədi. «Birdən əlimdə məqaləni görən olar, xətti tanıyar», — deyə düşünüb birbaş evə sarı yollandı. Küçələrdə adam azdı. Hava isti olsa da, o, canında bir yüngüllük və rahatlıq duyurdu...Məqaləni salıb itirəcəyindən qorxurmuş təki, qəzeti sol döşünə bərk-bərk sıxmışdı. Nədənsə qəflətən ona elə gəldi ki, Orxanın əli burda, qəzetin arasındadır, bir anlığa o əlin hərarətini hiss eləyən kimi oldu. Və səksənərək qəzeti sinəsindən ayırdı...
Birinci hissə, on altıncı fəsilBaşı dümağ ağarsa da, gümrahlığını, çevikliyini itirməmiş, gündən-günə artan bir həvəslə elmi işə girişən, kitabxanaların köhnə, toz basmış künclərini, əlyazmalarını araşdıran Cəfər sevincdən dili söz tuta bilmədiyi halda Salmanın otağına girəndə professor uzun illərin sövqi-təbiisi ilə anlamışdı ki, burada nəsə mühüm bir məsələ var. İkicə saniyə sonra zənninin doğru olduğunu görüb özünün indi də məəttəl qaldığı ustalıqla Cəfəri sakitləşdirib onu ətraflı danışmağa qoymamış, əlindəki fotosurəti, əlyazmasını alıb stolun üstünə atmış və demək olar ki, zorla Cəfəri də itələyib bayıra çıxarmış:– İndi çox təcili işim var, prezident çağırıb,— deyərək qapını qıfıllayıb mərtəbələri aşağı enmişdi. Əslində o özü də sevindiyindən nə edəcəyini bilmədiyi üçün və ələ düşən yağlı tikəni itirməmək məqsədi ilə yollar aramaq üçün belə eləmişdi.
Birinci hissə, on səkkizinci fəsilSəhəri günü özünü azca nasaz hiss elədiyi üçün Salman işə çıxmadı. Hıqqıldaya-hıqqıldaya, zarıya-zarıya telefona yaxınlaşıb Aslanzadəyə zəng çaldı, icazə alıb yerinə girərək əməlli-başlı uzandı. Ərini kefsiz görən, ümumən evdə xəstə görməkdənsə, özü xəstələnməyi üstün tutan Nadirə əl-ayağa düşüb doktor çağırmaq istəyəndə Salman qoymadı: «Əşi, yüngülvarı şeydi, keçib gedər»,— deyərək onu sakitləşdirdi; buna baxmayaraq Nadirə balaca ev aptekindən aspirin tapıb isti çayla ərinə içirtdikdən sonra nigaran-nigaran idarəyə getdi. Professor darıxacağını hiss eləyib əl ataraq çarpayısının baş tərəfindəki kitab rəfindən «Şərq ədəbiyyatında realizm» əsərini götürdü və mütaliəyə başladı. Ancaq sətirlər gözünün qabağından qaçdığına görə, cümlələr, fikirlər ona dolaşıq və anlaşılmaz görünürdü, buna görə oxuduğu bir cümləni qayıdıb ikinci dəfə də nəzərdən keçirməli olurdu. Çox keçməmiş belə mütaliənin heç bir fayda verməyəcəyini kəsdirib kitabı yorğanının üstünə atdı. Çünki onun diqqəti burada deyil, dünən müvəffəqiyyətlə keçirdiyi «əməliyyatın» yanında idi. Professorun diqtəsi ilə, Gülmirənin öz əlilə yazılan məqalə onun seyfində, köhnə kağızlar yığılmış qovluğun arasındaydı.Salman ehtiyatlı tərpənib Gülmirəyə bəzi başqa məsləhətlər də vermişdi. Bütün bunlara baxmayaraq, Salman gecəni səhərəcən yerində qurcuxmuş, ilan vuran yatmışdısa da, o, çimir belə eləyə bilməmişdi. Bir tərəfdən qurduğu, o biri yandan da belə mühüm məsələnin ümumən əldən çıxması onu yamanca dilxor eləmişdi. Burda şəxsən o heç nə qazanmırdı. Arada əzab-əziyyət çəkən Cəfər, «nə yoğurub, nə yapan, hazırca kökə tapan» isə Gülmirə olurdu. Paxıl adamlar, bərk ayaqda, bununla da təsəlli tapmağı bacarırlar; Salmanın da təsəllisi bu idi. Ötən gecə yerində çalıxıb-çapalayan təkcə Salman deyildi, Gülmirə daha böyük və daha anlaşılmaz bir təlatümə düşmüşdü. Elə bir təlatümə ki, o, bu qurğunun əsil mahiyyətini tam aydınlığı və dərinliyi ilə hələ də anlaya bilmirdi. Bu, nə idi? Professor ona köməklik etmək istəyirdi. Belə köməklik olar? Bəlkə bu, Cəfərə qurulmuş bir tələdir. Elə isə bəs Gülmirə nə üçün onun «çörəyinə» mane olmalıdır? Axı onlar yoldaşdılar, eyni şöbədə işləyirlər. Kimə bu dərdi-sirri açmalı, kimdən məsləhət almalı? Orxana? Yox, axı, o heç kəsə sirr açmayacağına söz verib.
Стихи других поэтов
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Bilin sizQohum-qardaş, dost-müsahib yanında,Günahkaram, günahkara bilin siz.
Ağrın alımSöz vermişdin canbir qəlb olmağa,Eyləmə bu qədər naz, ağrın alım.
GedirəmSeyr elədim İstambulun elini,Qədəm basıb İsfahana gedirəm.