Nadirə institutun qapısı ağzında dayanmış «Volqa»nın yanından ötüb keçmək istədi, ancaq bərk yorulduğundan və əsəbləşdiyindən maşının qapısını açdı, dal oturacaqda əyləşib, Salmanı gözləməyə başladı. İş vaxtı qurtarırdı, adamlar danışa-danışa iki-bir, üç-bir nəhəng binadan çıxır, bazara, dükana, evə gedirdilər.

Nadirə başını oturacağın söykənəcəyinə dayayıb fikrə getmişdi. Bir azca bundan irəli qurtarmış iclas onun gözləri qabağından çəkilmirdi. Orxanın əsərinin müzakirəsi Nadirəni bir daha Salman haqqında düşünməyə vadar eləyirdi. Orxan, insafən, yaxşı əsər yazmışdı. Onun haqqında Salmanın verdiyi qərar birtərəfli və yanlış idi. Orxana əsəri üzərində əl gəzdirmək üçün ay yox, onca gün vaxt lazım idi. Amma Salman «Böyük səxavətlə» ona üç aydan da çox vaxt verirdi. Orxan tələsir, kitabı Mirzə Cəlilin yubileyinə çatdıra bilməyəcəyindən qorxurdu. Bu yandan da Salman belə eləyirdi. «Yoxsa Salman Orxan barədə ayrı niyyətdədir? Yoxsa onun üzünə gülə-gülə zəhmətini yerə vurmaq istəyir? O, Orxan haqqında evdə də həmişə yaxşı söz-söhbət eləyirdi». Nadirə ondan Orxan barədə pis heç nə eşitməmişdi. Təkcə Orxanın məqaləsi çıxan günü əsib-coşmuşdu, vəssalam! Bəlkə Nadirədən ehtiyat eləyir, bəlkə ondan çəkinirdi?

Nadirə başını qaldırdı. Salman görünmürdü. Orxan yorğun-yorğun, döyülüb-əzilmiş adam kimi fikirli-düşüncəli halda ötüb keçəndə Nadirənin ona yazığı gəldi: «Salman onu tamam ruhdan sala bilər. Nə isə etmək, nə isə bir tədbir görmək lazımdır. Hər halda belə davam edə bilməz».

Nadirə Orxanı səslədi:

– Orxan!

Orxan eşitmədi. Nadirə başını maşının pəncərəsindən çıxardı:

– Orxan, ay Orxan!..

Orxan səsi eşidib ayaq saxladı, geri baxdı. Dalınca kimsənin gəlmədiyini görəndə yenə yoluna düzəldi. «Qulağım səsə düşüb, nədi?» — deyə düşünən Orxan bir də səs eşidəndə maşına sarı baxdı. Nadirə əl eləyib onu yanına çağırdı.

– Məyus olma, Orxan, — deyə Nadirə ona ürək-dirək verdi. — Yaxşı əsər yazmısan, heç nədən qorxma.

– Yox, Nadirə xanım, nədən qorxacağam. Bir az...

– Hə, bir az yox, lap çox haqsızlıq elədilər. Salman düz eləmədi. Mən kəsilə-kəsilə qaldım. Çünki mən onun iradəsi əleyhinə adam içində bir söz deyəndə düz bir həftə bizim evdə müharibə gedir. Belədir də xasiyyəti, neyləyəsən?

– Yox, sağ olun. Siz əlinizdən gələni elədiniz.

Orxan Nadirənin elminə, biliyinə, əsərlərinə pərəstiş eləyənlərdən idi. Onun özünün şəxsiyyəti Orxanı o qədər valeh eləmişdi ki, Nadirəni az qala müqəddəs bir adam bilirdi: «Necə də gözəl insan, necə də gözəl alimdir!..» Orxan çox az adam tanıyırdı ki, onda istedadla gözəl insaniyyət birləşsin. Qayğıkeşlik Nadirənin elminin də, özünün də bəzəyi idi.

– İndi hara gedirsən?

Orxan əlini ürəyinin başına qoydu:

– Həkimə gedirəm, Nadirə xanım.

– Ürəyin ağrıyır? — deyə Nadirə həyəcanla xəbər aldı.

– Bəli. Narahat olmayın, ayrı həkimə yox, Xəzər loğmanımın yanına gedirəm.

– Məni lap qorxutdun.

– O mənim ən yaxşı həkimimdir, Nadirə xanım.

Orxan xudahafizləşib getdi. Nadirə onun dalınca baxıb fikirləşdi: «Yaxşı alimdi, ancaq heyif... heyif ki, ürəyi...»

Bir az keçmiş Salman açarı fırlaya-fırlaya gələndə Nadirə darıxmış halda:

– Gəl çıx də... — Dedi.

Salmanın üzü gülürdü, kefi yuxarı idi. Nadirə onun halındakı dəyişikliyi görüb:

– Nə olub, Salman, deyəsən, kefin ala buluddadı? — deyə xəbər aldı.

—Əşi, neynəyəcəyik daha? Onun-bunun dərdini çəkməkdən yorulduq. Filankəs səndən incidi, bunun fikrini çək; filankəs tənqid elədi, bunun fikrini çək. Ömrümüzü çürütdü bu fikirlər.

– Yaxşıya pis deyəndə necə, onun fikrini çəkirsənmi?

İçəri keçib motoru işə salmış Salman qanrılıb geri baxdı:

– O necə olan şeydi yəni?

– Orxanın məsələsini deyirəm. Sən düz eləmədin, Salman.

– Niyə ki?

– Ona görə ki, Orxanın əsəri əvvələn yubiley üçün yazılmayıb, o, beş günə, on günə yazılmış kitab deyil. Yazıq iki il onun üstündə can qoyub. İkincisi də, onu çapa təsdiq etmək olardı, yüngül bir redaktə lazım idi, vəssalam!..

– Ay Nadirə, ay Nadirə, sən yenə çaldığını çalırsan. — Salman maşını tərpətdi və küçə aşağı axışanlara qoşuldu. — Sən bil ki, bu cavanların yazdığını urraynan keçirmək olmaz. Onları gərək həmişə bir balaca sıxasan. Niyə? Ona görə ki, səhər «Dahiyəm» deyib burunlarını yuxarı tutmasınlar. Sənin, mənim yazdığıma dodaq büzüb, üz turşutmasınlar.

– Qəribə fəlsəfədir. Sənin hər işin qəribədir.

– Zəmanə özü qəribədir, Nadirə.

– Eh, zəmanəlik burda bir şey yoxdur, səni inandırıram. Mən səni o qədər yaxşı tanıyıram ki, bu üzündən baxanda o tərəfini yaxşı görürəm. Sən öz qəribəliklərini nə zəmanənin, nə başqa bir şeyin boynuna yıxıb, özünə haqq qazandıra bilməzsən, Salman. Sənin öz təbiətin belədir.

– Ola bilər.

– Məsələn, bax, indi Orxan iclasdan çıxıb ürəyini tuta-tuta dəniz qırağına getdi.

– Ürəyini tuta-tuta?

– Bəli. Axı, onun ürəyi xəstədir.

– Doğrudan? — Professor ayağını qazdan çəkdi. Nadirəyə elə gəldi ki, bu xəbər onu sarsıtdı:

– Düz deyirsən?

– Vallah, hə! O gün fondda işlədiyi yerdə yıxılmışdı. Təcili yardım-filan gəlib iynə vurdu. Birtəhər özünə gəldi. O, çox istedadlıdır. Onu qorumaq lazımdır, Salman.

– Mən onu incitmirəm ki... Elmdir bu, Nadirə. O əsərin üstündə mənim şöbəmin adı var. Səhər çapdan çıxanda yaxşılığı müəllifin adına yazılacaq, pis olsa, arada mən danlanacağam. Bildin? Özün obyektivlikdən dəm vurursan, ancaq...

– Elə bu da obyektivlikdir, Salman. Pisə yaxşı demək vicdansızlıq olduğu kimi, yaxşıya pis demək də elə bir şeydir. Bu ondan da qat-qat artıq vicdansızlıqdır.

Salman maşını burub həyətə saldı:

– Ayə dədə vay, ay dədə vay!... Sən məni qocaltdın, Nadirə!

– deyə Salman köksünü ötürüb açarı burdu, motor söndü. — Vay o kişinin halına ki, arvadı ilə həmixtisasdı. Dəhşətdir, cəhənnəm dəhşəti!

– Düz deyirsən, Salman, lap dəhşətdir! Pillələri ağır-ağır qalxdılar. Salman qapının zəngini basdı. İçəridən səs-səmir eşidilmədi.

– Ceyhun hələ dərsdən gəlməz, — deyə Nadirə tövşüyə-tövşüyə dilləndi. Salman açarı çıxarıb qapını açdı.

– Ev tör-töküntü idi. Süpürgə, xəkəndaz girəcəkdə ayaq altında idi. Mətbəxdə bulaşıq qab-qacaq üst-üstə yığılmışdı. Səhər yumağa vaxt çatmadı.

Nadirənin ürəyi acından siyrilirdi. Neçə illərdi öyrənmişdilər ki, onlar işdən gələn kimi Sədəf süfrə açırdı, bişirdiyi ləziz, dadlı xörəkdən çəkib ortalığa gətirirdi. Sədəf daha onların evinə gəlmirdi. Bu evdə onun yeri hər gün, hər dəqiqə görünürdü. Nadirə odla su arasında qalmışdı. Evin işi ondan nə qədər vaxt istəyirdi. Bu isə dəhşət idi.

– Acından öldüm, — deyə Salman paltarını dəyişdi, yuyunandan sonra stol başına keçib əyləşdi. — Gör bir nə təşkil eləyirsən.

– Hələ heç nə. Gərək bazara gedib-gələm, sonra.

– Vay dədə, vay!..

– Hə, sənin kimi adama elə bu yaxşıdır.

Salman mətbəxə keçib, bir qırıq yavan çörək götürüb gəvələməyə başladı. Heç nə demədi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, doqquzuncu fəsil

Orxanın kitabının işıq üzü görməsi hamıdan çox Gülmirənin ürəyini işıqla doldurmuşdu. Neçə gün idi ki, o, yerə-göyə sığışmayan bir sevincin qanadları üstündə uçurdu, institutda, alimlər arasında, ədəbi mühitdə deyə-gülə gəzir, Orxan haqqında, kitabı haqqında minnətdarlıq sözləri eşidirdi. Adamların çoxu Gülmirənin əvəzsiz, xeyirxah bir iş gördüyünü, Orxanı təzədən bir şair kimi kəşf eləyib həyata qaytardığını söyləyirdi. Bundan isə onun ürəyi daxili bir qürur hissilə dolub qabarırdı. O, bir nakam şairi ölməyə qoymamışdı, bir dilsiz məhəbbətin həsrət dolu fəryadlarını sıralayıb solmuş dəftər vərəqlərindən götürüb işığa çıxartmış, sevib-sevildiyinə qovuşa bilməyənlərin (həyatda isə belələri çoxdu) ixtiyarına vermişdi. İndi hara gedirdi, oxucular, şer həvəskarları arasında ancaq Orxanın kitabından danışıldığını eşidirdi. Bu söhbətlərdə sevinc qarışıq bir nisgil də hiss eləyirdi Gülmirə. Bu nisgil ona çoxdan, lap çoxdan tanış idi – bu, Orxanın yoxluğu nisgili idi.Lakin bu gün Gülmirənin o böyük sevincinin üstünə su çiləmişdilər. Qızlar gətirib ona xəbər vermişdilər ki, İltifat orda-burda Orxanın kitabındakı şerlərin hamısını Gülmirəyə həsr etdiyini, Orxanla Gülmirənin arasında o vaxt bir məhəbbət macərası olduğunu söyləyib rişxəndlə gülürmüş… Gülmirə əvvəl bu sözü eşidəndə özünü itirmiş, rəng verib rəng almışdı. Çünki, Ümmügülsüm Gülmirəyə heyfi gələ-gələ:

6 мин
Birinci hissə, onuncu fəsil

− Sən gəl məni düzgün başa düş, Xəzan. Bax, bir aya yaxındı xəstəxanadasan. Maşallah, xeyli yaxşılaşıbsan – dilin, qulaqların, əllərin «dirilib» – doktor Kamilin təbirincə desəm. Sən hamıdan çox, özün-özünü qorumalısan, öz həkimin özün olmalısan, Xəzan. Axı sən… nə danışacaqsan mənə! Axı mən hər şeyi əlimin içi kimi bilirəm – məndən ayrılandan sonra keçən bütün həyatını bilirəm – onları indi təzədən mənə danışmaq, ürəyini yüngülləşdirmək, bir növ etiraf eləmək istəyirsən. Ancaq mən bilirəm ki, sən danışsan, istər-istəməz həyəcanlanacaqsan, əsəblərin gəriləcək, hisslər, xatirələr burulğanına düşəcəksən – bu isə, sənə hələ olmaz, Xəzan.− Mən onları danışmayacağam, Əsəd.

10 мин
Birinci hissə, on birinci fəsil

Hacı şəhərin sakit, bağ-bağatlı bir məhəlləsində, akademiyanın və təzə tikilməkdə olan metronun yanındakı binalardan birinin beşinci mərtəbəsindəki tək otaqlı mənzilin qapısının zəngini basdı. Qapının üstünə ağ dəmir lövhədə sarı xətlə «S.A.Hüseynov» yazılmışdı. «Saleh Əlişir oğlu Hüseynov… Bu oğlandan çox şey öyrənmək mümkündü. Ceyhunun dostu olub– Salman, Nadirə onu çox yaxşı tanıyır – atası da Salmanın yaxın adamlarındandı…»

15 мин
Birinci hissə, on ikinci fəsil

Şər qarışan vaxtıydı. Zərli pərdələri kənara çəkilmiş pəncərədən içəri qərib axşam qaranlığı axıb dolurdu. Otaq sükut içində mürgü vururdu. Elə sakitlik idi ki, sanki dörd otaqlı bu mənzildə heç kəs yox idi. Nurəddin yumşaq kresloda yarı uzanmış halda oturub qıçlarını xalça üstə uzatmışdı və nəfəsliyi açıq pəncərədən çölə baxa-baxa fikirləşirdi ki, görəsən arvad-uşaq hardadı. Samirdən səs-səmir yox idi, Mürşüdün evdə olub-olmadığı çox vaxt hiss edilmədiyindən o, təyin edə bilmirdi ki, oğlu burdadı ya yox. Ürəyi sıxılırdı, iri, kobud əliylə ürəyinin üstünü ovxalayırdı, ancaq küt ağrı azalmırdı, təngnəfəslik keçib getmirdi. İşığı yandırmaq lazım idi, ancaq Nurəddin qalxıb qapı ağzındakı düyməyə barmağını uzatmağa ərinirdi.İşdən gələndən sonra elə kresloda bir saatacan çimir eləmişdi, idarədə başını-beynini yorub şişirtmiş gərginlik bir az azalmışdı. Telefon zəngləri, ayrı-ayrı adamlarla söhbətlər, gah qan qaraldan, gah fərəh bəxş eləyən qayğılar hər gün bu və ya digər şəkildə təkrar olunduğundan bezdirici, usandırıcı görünürdü Nurəddinə. Ancaq son vaxtlar deyəsən buna adət eləmişdi. Bunlar olmayanda, xüsusən şənbə və bazar günləri darıxırdı. Səbəbini çox düşünüb tapmışdı; evdə hakimiyyət yox idi. Özünü çox zabitəli, hökmlü adam saysa da, bu kiçik ailə artıq onun idarəsi altından çıxmışdı. Böyük oğlu arvad-uşaq sahibi olandan sonra, demək olar ki, ayağını ata mülkündən çəkmişdi. Hərdən bir zəng eləməklə kifayətlənərdi. Samirə onun narahat, çılğın rəftarına uzun ilər dözə-dözə artıq biganələşmişdi – Nurəddinin xoş sözünün də, qəzəbinin də onun üçün heç bir təsiri və əhəmiyyəti yox idi. Bazar-dükan, biş-düş idi Samirənin işi. Xörəyi yaxşı çıxanda, duzu-tamı yerində olanda sevinirdi. Təzə, yağlı ət, ölüşgəməmiş göy-göyərti, içi puç olmamış turp alanda xoşhal olurdu. Ərinin kitabının, məqaləsinin, əsərinin çıxmasının elə bil zərrəcə ona dəxli yox idi. Sanki onlar tamam yad bir adamın kitabı – əsəri idi ki, Nurəddin evə gətirirdi, ilk vaxtlar yazı stolunun üstə saxlayıb bir neçə gün gedib-gəlib, oturub-durub baxırdı, gələn dostlarına fərəhlə üstünü yazıb bağışlayırdı. Onlar da onu ağız dolusu tərifləyirdi, «Sən bizim böyük alimimizsən, səninlə fəxr eləyirik!» - deyirdilər. Bəzən Samirə xörək gətirəndə, çay verəndə belə söhbətlərin istər-istəməz şahidi olurdu və nədənsə ona elə gəlirdi ki, bax bu adamlar yalandan, könlü xoş olsun deyə, uzaqgörənlik edib Nurəddini tərifləyirlər; ya ikiüzlüdülər onlar, ya da yaltaqdılar. Samirənin, evdar qadın olsa da, universiteti bitirəndən, Nurəddinə ərə gedəndən sonra, ictimai həyatdan, öz sənətindən ayrı düşüb bu dörd divar arasında yaşasa da, bir çox məsələlərdə olduğu kimi, əri barədə də öz fikri var idi. Düzdü, o, bunu indiyəcən dilinə belə gətirməmişdi. Ancaq ürəyindəydi bu fikri və ürəyində deməkdən heç kəsdən, hətta Nurəddinin özündən də qorxmurdu – çünki, - Samirə şükür eləyirdi – nə yaxşı ki, Nurəddinin telepatlığı yoxdu. Yoxsa onun yeganə «azadlığ»ı – qəlbində sərbəst, qorxusuz-ürküsüz fikir söyləmək, düşünmək «azadlığ»ı da əlindən alınardı və onda Samirəni heç nə bu evdə saxlaya bilməzdi. Baş götürüb gedərdi – çünki onda Nurəddin arvadının onun barəsindəki fikrini açıq-aydın oxuyardı və dözməzdi. Samirənin isə, Nurəddini dünyada hamıdan yaxşı tanıyan bir insan kimi, fikri çoxdan qətiləşmişdi: Nurəddinin özü nədi ki, yazdığı da nə ola! Hələ tələbəlik illərində, Heydər Hüseyn, Əli Sultan, Aslan Aslanzadə kimi məşhur alimlərin kəlamlarına qulaq asan Samirənin beynində belə bir qənaət yaranmışdı ki, yaxşı insan olmayan yaxşı kitab yaza bilməz. Kitab yazan adam gərək fövqəlbəşər olsun, təmiz olsun, müqəddəs olsun, lap gərək allah olsun. Alim də, şair də… Bax, gərək belə olsun. Kim deyə bilər, kim ağlına sığışdıra bilər ki, Nizami, Bəhmənyar, Nəsimi, Füzuli, Seyid, Sabir… pis adam olublar?.. Adamın dili quruyar belə desə, ürəyi yanıb parçalanar belə düşünsə!.. Olub – Samirə bilirdi – olub ki, pis adamlar da kitab yazıblar. Ancaq hanı onların kitabları?.. Özlərinin pislikləri oduna yanıb kül olublar o kitablar!

20 мин

Стихи других поэтов